Məhkəmə qərarları › İş №e-2-2(115)-435/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-435/2025

07.11.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Daşınmaz əmlak üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-435/2025 07.11.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qeyri-yaşayış və torpaq sahəsindən çıxarılma” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: qeyri-yaşayış və torpaq sahəsindən çıxarılma, subyektiv hüquq) Hakim Məmmədli Əbülfəz Namiq oğlunun sədrliyi, Kamalov İman Paşa oğlunun katibliyi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qeyri-yaşayış və torpaq sahəsindən çıxarılma” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. İ. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qeyri-yaşayış və torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Yevlax Şossesi, Nizami Gəncəvi prospekti 38 ünvanında yerləşən və onların mülkiyyətində və istifadələrində olan 60 kv. metr qeyri-yaşayış və torpaq sahəsindən Cavabdeh1 və atası Cavabdeh2 çıxarılması barədə qətnamə qəbul qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyətinin başcısının 27 avqust 2011-ci il tarixli Sərəncamına əsasən, Gəncə-Bakı avtomobil yolunda yerləşən Gəncə-Petrol yancaq doldurma məntəqəsinin arxa tərəfindəki 0.91 ha torpaq sahəsində atası X16 tərəfindən inşa ediləcək istehsal sahəsinin yerləşdirilməsinə icazə veirlmişdir. X3 yuxarıda göstərilən torpaq sahəsində, bir neçə istehsal xidməti obyekti tikmişdir. X3 2016-cı ildə vəfat etmişdir. Atası vəfat etdikdən sonra, Cavabdeh2 və oğlu Cavabdeh1 onların obyektini qanunsuz olaraq zəbt etmişdir. O, dəfələrlə Cavabdeh2 və oğluna obyektdən çıxmalarını bildrsə də, ona hədə-qorxu gələrək obyekti boşaltmamışlar. Atası vəfat etdikdən sonra, 2017-ci ildən vərəsəlik hüququnu o qəbul etmişdir. Vərəsəlik hüququna əsasən, başqa torpaq sahəsini də zəbt etmiş İsmayılov Dilqəm haqqında Ali Məhkəmənin qanuni qüvvəsinə minmiş qətnaməsi vardır.

İİ.Tərəflərin mövqeyi

3. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bu barədə məhkəməyə məlumat verməmiş, lakin cavabdehlər işə mahiyyəti üzrə baxılmasını tələb etdiklərindən məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

4. İddiaçı əvvəlki məhkəmə iclaslarında iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirmişdir ki, torpaq sahəsi ilə bağlı sərancamı vardır, lakin çıxarışı yoxdur. Həmçinin, həmin torpaq sahəsi ilə bağlı cavabdehin də heç bir sənədi yoxdur. Cavabdehlərin tikdikləri market onun ərazisinə düşür. Buna görə də qeyd olunanlara əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

5. Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirdi ki, mübahisəli torpaq sahəsində obyekt var. Həmin obyekt 2012-ci ildə inşa edilmişdir və onların istifadəsində olmuşdur. İddiaçının əlində olan Sərəncam da qüvvəsini itirmişdir. Ona məxsus və istifadəsində olan avtotəmir emalatxanası obyekti 15 ilə yaxın müddətdir ki, tərəflərindən inşa edilərək mövcuddur və istifadələrindədir. X8 və onun ailə üzvlərinin sözügedən obyektini inşa etdiyi ilk gündən ondan məlumatlarının olmasına baxmayaraq, onlar 15 il ərzində obyektinə və onun yerləşdiyi torpaq sahəsinə dair hər hansı bir tələb və ya iddia irəli sürməyiblər, çünki özləri də çox gözəl dərk edirdilər ki, bu əsassızdır. Sübut kimi iddiaçı tərədindən təqdim edilən bu sərəncamın tam məzmunu və müddəaları ilə diqqətlə tanış olduqdan sonra, anlamaq olur ki, bu sərəncamın heç bir hüquqi əsası və hüquqi qüvvəsi yoxdur. Həmin sərəncamın elə özündə 4-cü bənddə qeyd olunduğu kimi o, xx.xx.2012-ci ildə qüvvədən düşüb. Gəncə şəhəri, Kəpəz rayon İcra Hakimiyyətinin başçısı Eldəniz Xudiyevin xx.xx.2011-ci il tarixli, 261 nömrəli sərəncamının 1 bəndinə əsasən: Gəncə-Bakı avtomobil yolunda yerləşən Gəncə-Petrol yanacaqdoldurma məntəqəsinin arxa tərəfində yerləşən 0.91 ha torpaq sahəsində X15 tərəfindən inşa ediləcək istehsal obyektlərinin yerləşdirilməsinə icazə verilmişdir. İddiaçı sübut kimi təqdim etdiyi sərəncamın 3-cü bəndində isə onun hansı məqsədlə verildiyi qeyd olunub: “Sifarişçinin nəzərinə çatdırılsın ki, bu sərəncam inşaat pasportunun ərazisində yalnız layihələndirmə üçün əsasdır. Layihələndirmə başa çatdırıdıqdan sonra müvafiq qaydada razılaşdırılaraq təsdiq edildikdən və torpaq sahəsinin ayrılması rəsmiləşdirildikdən sonra tikintiyə icazə alınması üçün aidiyyatı üzrə müraciət olunmalıdır” sözləri qeyd olunmuşdur. xx.xx.2011-ci il tarixli, 261 nömrəli sərəncamın 4-cü bəndinə əsasən: “Bu sərəncam imzalandığı gündən qüvvədədir və bir il ərzində üzürlü səbəb olmadan tikinti quraşdırma işlərinə başlanmazsa qüvvədən düşmüş hesab edilsin” yazılmışdır." Sərəncamın 3-cü və 4-cü bəndlərində qeyd olunan tələblərin heç birisinə iddiaçı və ya onun atası tərəfindən əməl olunmayıb, bu səbəbdən də həmin sərəncam qüvvədən düşmüş hesab edilir. Əgər olunubsa buna dair sübut təqdim etməlidir. Əlavə olaraq AR FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi “Azərdövlətlayihə” Azərbaycan Dövlət Baş Lahiyə İnstitutu tərəfindən verilmiş Texniki rəydə ona məxsus obyektin ölçüləri göstərilməklə Gəncə şəhəri, Nizami prospektində yerləşməsi qeyd olunub. Avtoyanacaq doldurma məntəqəsinin arxasında yerləşməsi qeyd edilməyib. AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən ona təqdim olunmuş Yerquruluşu planında ona məxsus obyektin yerləşdiyi torpaq sahəsinin dəqiq yeri, ölçüləri və koordinatları qeyd olunub. Azərbaycan Respublikası Gəncə şəhər Çoxsahəli Lahiyə-Smeta Müəssisəsi tərəfindən verilmiş Memarlıq planlaşdırma bölməsində ona məxsus qeyri-yaşayış binasının ünvanı, ölçüləri, quruluşu və peykdən şəkli qeyd olunmuşdur. Gəncə Şəhər İcra Hakimiyyətinin xx.xx.2024cü il tarixli mənim müraciətinə cavabında bildirilmişdir ki: “Gəncə Şəhər İcra Hakimiyyətinin başçısının Aparatının Memarlıq və Tikinti şöbəsinin əməkdaşları tərəfindən qeyd olunan ünvana yerində baxış keçirilmişdir, qarşı tərəf olan X1, onun qardaşı övladları – X9, X5, İddiaçı tərəfindən iddia etdikləri avtomobil emalatxanasına aid mülkiyyət hüququnu təsdiq edən hər hansı sənəd təqdim edilməmişdir, həmçinin sözügedən avtomobil təmiri emalatxanasının Cavabdeh1 istifadəsində olduğu tərəflərindən müəyyən edilmişdir.” Gəncə şəhəri İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin xx.xx.2024-cü il tarıxli Rəyində bildirilmişdir ki, onun müraciətinə baxılıb və müəyyən edilib ki, qeyri-yaşayış binasına tərtib edilmiş X14 və Daşınmaz Əmlakın Dövlət Reyestrində mövcud məlumatlara dair Yerquruluşu planında qeyd edilən qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi hüquqi statusu barədə məlumat cədvəlində 0.0073 hektar torpaq sahəsi Dövlət mülkiyyəti olaraq qeyd edilib və həmin torpaq sahəsinin ƏMDX-dən mülkiyyətə alınması və ya icarəyə götürülməsi zəruridir. Ona məxsus qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2025-ci il tarixli 13 nömrəli sərəncamına əsasən müqavilə bağlanaraq onun istifadəsinə verilib və o, icarə haqqını ödəmişdir. AR FHN-nin “Qeyri-yaşayış təyinatlı tikinti obyektinin istismara hazır olması barədə” xx.xx.2024-cü il tarixli 03643 nömrəli rəydə sahibi Cavabdeh1 olduğu, Gəncə şəhəri, Nizami prospektində yerləşən, 1 mərtəbəli qeyri-yaşayış obyektinin istismara yararlı olduğu təsdiq edilmişdir. Onların qapıları da, pəncərləri də mübahisəli əraziyə açılır və ora bitişikdir. Əvvəl ora Xırdalan Vazın filialı olub. Atası da oranın direktoru olub. Ekspert rəyinə münasibətdə isə cavabdeh bildirdi ki, rəy yalnız iddiaçının "naturada göstərməyinə" əsaslandığından metodoloji cəhətdən natamamdır, belə ki, rəy yalnız iddiaçının naturada göstərdiyi kontura istinad edir. Dövlət reyestrində qeydiyyatı, kadastr planı və koordinatları yoxdur. İddia edilən kontur cavabdehin 73.31 m2 icarə sahəsindən tam fərqli ərazidədir. Yerli baxış keçiriləndə də müəyyən oldu ki onların obyekti deyilən yerdə deyil, onların obyektinin arxasında deyil, eyni zolaqda yol kənarında yerləşir. İcra Hakimiyyətindən yeni aldığı məktubda da qeyd edilir ki, nə iddiaçıya, nə də əmisinə tikinti üçün heç bir icazə və sənəd verilməyib. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etdi.

6. Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirdi ki, əvvəl onların obyektən başqa obyekt olmayıb. Sonradan gəlib tikili tikiblər. Yanacaqdoldurma məntəqəsi çox balaca olub. Həmin obyekti o, “VAZ” tərəfindən direktor olan zaman almışdır. İddiaçının iddiası əsassızdır və obyekt onlara məxsusdur. Sadəcə olaraq iddiaçı oranı onlardan almaq istəyib və onlar satmadıqları üçün belə bir işə əl atıb. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etdi.

III. Sübutların tədqiqi

7. Gəncə Şəhəri Kəpəz rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli Sərəncamından görünür ki, Gəncə-Bakı avtomobil yolunda yerləşən “Gəncə-Petrol” yanacaqdoldurma məntəqəsinin arxa tərəfindəki 0.91 ha torpaq sahəsində X15 tərəfindən inşa ediləcək istehsal obyektlərinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilmiş, Gəncə Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinə tapşırılsın ki, inşaat pasportunun hazırlanmasını təmin etsin, sifarişçinin nəzərinə çatdırılsın ki, bu sərəncam inşaat pasportu ilə birlikdə yalnız layihələndirmə üçün əsasdır. Layihələndirmə başa çatdırıldıqdan sonra, müvafiq qaydada razılaşdırılaraq təsdiq edildikdən və torpaq sahəsinin ayrılması rəsmiləşdirildikdən sonra tikintiyə icazə alınması üçün aidiyyəti üzrə müraciət olunmalıdır. Bu sərəncam imzalandığı gündən qüvvədədir və bir il ərzində üzürlü səbəb olmadan tikinti-quraşdırma işlərinə başlanmazsa qüvvədən düşmüş hesab edilsin.

8. xx.xx.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, İddiaçı X6 miras qalmış əmlakı qəbul etmişdir.

9. Çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixli pretenziya məktubu ilə İddiaçı tərəfindən Cavabdeh1 və Cavabdeh2 qeyri-yaşayış və torpaq sahəsindən çıxarılma barədə xəbərdarlıq edilmişdir.

10. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı, ******* №-li Çıxarışdan görünür ki, 0,0116 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 93.8 kv.m olan Gəncə şəhəri, Kəpəz rayonu, Nəriman Nərimanov prospekti, Yevlax şossesinin kənarı 4 saylı ehtiyat hissələri mağazası xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 məxsusdur.

11. Gəncə şəhər Çoxsahəli Layihə-Smeta Müəssisəsinin 2023-cü il tarixli sənədindən görünür ki, Cavabdeh1 tərəfindən Gəncə şəhəri, Yevlax yolu (Nizami pr) KTTK 4-ün qarşısında mövcud qeyri-yaşayış binasının layihə sənədi hazırlatdırılmışdır.

12. İcraçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərdövlətlayihə” DBLİ-nin direktoru Müsədin Namazov və sifarişçi Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 16233 nömrəli müqavilədən görünür ki, Sifarişçi inşa etdiyi: Gəncə səhəri Yevlax yolu (Nizami Gəncəvi prospekti) KTTK4-ün qarşısında yerləşən 1 mərtəbəli qeyri-yaşayış obyekti - layihəyə uyğunluğun yoxlanılması üçün tikinti obyektini və həmin obyektin memarlıq-planlaşdırma bölməsini “İcracı”ya təqdim edərək, onun layihəyə uyğunluğun yoxlanılması işlərini tapşırır, “İcraşı” isə aşağıdakı amillər baxımından layihəyə uyğunluğun yoxlanılmasını həyata keçirir: yükdaşıyan konstruksiyaların dayanıqlığı, möhkəmliyi və istismara yararlılığı; mühəndis-kommunikasya təminatı sistemlərinin istismara hazırlığı.

13. "xxxx" MMC və Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli xidmət müqaviləsindən görünür ki, Sifarişçi İcraçıya Sifarişçiyə məxsus Gəncə şəhəri, Yevlax yolu (Nizami Gəncəvi prospekti) KTTK 4-ün qarşısında yerləşən 1 (bir) mərtəbəli qeyri-yaşayış obyekti (63 kv.metr) yanğıxıxəbərverici siqnalizasiya sisteminin quraşdırılması xidmətini tapşırır, bundan əlavə yanğınsöndürmə balonlarının dolumu, satışı və texniki servisi və həmçinin yanğınsöndürmə və təhlükəsizlik işlərinə dair müvafiq texniki (servis) xidmətlərini həyata keçirir və göstərilən Xidmətlərin müqabilində İcraçıya bu Müqavilədə nəzərdə tutulmuş miqdarda və qaydada haqq ödəməyi, İcraçı isə Sifarişçiyə həmin Xidmətləri göstərməyi öz öhdəsinə götürür.

14. Azərbaycan Respublikası FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Azərdövlətlayihə Azərbaycan Dövlət Baş Layihə İnstitutunun 2024-cü il tarixli sənədindən görünür ki, Gəncə səhəri Yevlax yolu (Nizami Gəncəvi prospekti) KTTK4-ün qarşısında yerləşən qeyri-yaşayış obyektinin layihəyə uyğunluğu barədə texniki rəy verilmişdir.

15. Qeyri-yaşayış təyinatlı tikinti obyektinin istismara hazır olması barədə 03643 №-li 30 oktyabr 2024-cü il tarixli rəydən görünür ki, Gəncə şəhəri, Nizami Gəncəvi prospekti 1 mərtəbəli qeyri-yaşayış obyektinin sifarişçisi Cavabdeh1 olmuşdur.

16. Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən Cavabdeh1 ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Gəncə Şəhər icra Hakimiyyəti başçısı Aparatının Memarlıq və tikinti şöbəsinin əməkdaşları tərəfindən qeyd olunan ünvana yerində baxış keçirilmiş, qarşı tərəf olan X2, onun qardaşı övladları- X17, X10 və İddiaçı tərəfindən iddia etdikləri avtomobil təmiri emalatxanasına aid mülkiyyət hüququnu təsdiq edən hər hansı sənəd təqdim edilməmiş, həmçinin sözügedən avtomobil təmiri emalatxanası hal-hazırda Cavabdeh1 istifadəsində olduğu tərəflərindən müəyyən edilmişdir.

17. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin yerquruluşu planından görünür ki, Cavabdeh1 elektron müraciəti əsasında yerquruluşu planı verilmişdir.

18. Daşınmaz Əmlakın icbari sığortası şəhadətnaməsindən görünür ki, Cavabdeh1 sahəsi 73 kv. m olan Gəncə şəhəri, Yevlax yolu (Nizami pr) KTTK 4-ün qarşısını (avto təmir sexi) sığorta etdirmişdir.

19. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş texniki pasportdan görünür ki, Gəncə şəhəri, Nəriman Nərimanov prospekti, Yevlax şossesinin kənarı 4 saylı ehtiyat hissələri mağazasının hüquq subyekti Cavabdeh1dur.

20. “Ərazi Tikinti-Planlaşdırma Mərkəzi” publik hüquqi şəxsi ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, “Ərazi Tikinti-Planlaşdırma Mərkəzi” publik hüquqi şəxsi Gəncə səhəri Nizami Gəncəvi prospektində tikintisinə icazə tələb olunan qeyri-yaşayış obyektinin tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğunluğunun yoxlanılması xidmətini göstərməyi öhdəsinə götürür.

21. Gəncə Şəhər İcra Hakimiyyəti Memarlıq və tikinti şöbəsi tərəfindən Cavabdeh1 ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, qeyri-yaşayış binasına tərtib edilmiş X14 və Daşınmaz Əmlakın Dövlət Reyestrində mövcud məlumatlarına dair Yerquruluşu planında qeyd edilən qeyri-yaşayış obyektinin yerləşdiyi torpaq sahəsinin hüquqi statusu barədə məlumat cədvəlində 0.0073 hektar torpaq sahəsi Dövlət mülkiyyəti olaraq qeyd edilmişdir. Qeyd edilən 0.0073 hektar torpaq sahəsinin ƏMDX-dən mülkiyyətə alınması və ya icarəyə götürülməsi zəruri olduğu bildirilir. Yuxarıda qeyd olunanları nəzərə alaraq torpaq sahəsi üzərində hüquqlarınızı dövlət qeydiyyatına aldıqdan sonra müraciətinizə təkrar baxılacaqdır.

22. Gəncə Şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi polis leytenantı X12 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, İddiaçı 3-13-57/1-N-348xx/xx/2024 nömrəli ərizəsində qeyd olunmuşdur ki, Gəncə şəhər sakinləri Ramin və İbrahim adlı şəxslər tərəfindən Gəncə şəhəri Cavadxan qəsəbəsində yerləşən ona məxsus olan torpaq sahəsinin bir qismini zəbt edilərək orada qeyri yaşayış obyekti, avtomobil təmiri sexi inşa edib oranı istifadə etmişlər. Qeyd olunan qərarla faktla bağlı əməldə Azərbaycan Respublikası CPM-in 188-ci maddəsinin tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmiş, İddiaçı torpaq sahəsindən cavabdehin çıxarılması ilə bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada aidiyyət üzrə məhkəməyə müraciət edilməsi izah olunmuşdur.

23. Gəncə şəhər prokurorluğunun xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Gəncə şəhər BPİ-nin 4-cü PB-də toplanmış HK-1/834 saylı material üzrə cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli; qərar qanunsuz və əsassız olduğundan ləğv edilərək araşdırmanın davam etdirilməsi üçün Gəncə şəhər Baş polis idarəsinin İTİ-nə göndərilmişdir.

24. Gəncə şəhər prokuroru baş ədliyyə müşaviri X18 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Gəncə şəhər BPİ-nin 4-cü PB-nin təhqiqatçısı Nicat Məmmədov tərəfindən HK-1/834 nömrəli material üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar əsassız olduğundan ləğv edilmiş, material əlavə araşdırma aparılması üçün Gəncə şəhər BPİ-nin İTİ-nə göndərilmişdir.

25. Gəncə Şəhər Məhkəməsinin 6(125)-9/2025 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Cavabdeh1 şikayəti üzrə Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin baş müstəntiqi, polis kapitanı X7 23 dekabr 2024-cü il tarixli "cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından verdiyi şikayəti təmin edilmiş və həmin qərar qanunsuz və əsassız hesab edilərək ləğv edilmiş, Cavabdeh1 şikayətində və sözügedən qərarda göstərilən xüsusatlarla bağlı əlavə araşdırma aparılması, araşdırma zamanı göstərilənlərlə kifayətlənməməklə qarşıya çıxan digər hallar da hərtərəfli, tam və obyektiv yoxlanılaraq iş üzrə qanuni qərar qəbul edilməsinin təmin edilməsi, əlavə araşdırmanın aparılmasının Gəncə şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinə həvalə edilməsi üçün material prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır.

26. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Cavabdeh1 arasında bağlanmış “Hüquqi və fiziki şəxslərə torpaq sahəsinin icarəyə verilməsi barədə” xx.xx.2025-ci il tarixli, 11038 nömrəli müqavilədən görünür ki, icarəyəverənin icarəyə verdiyi Gəncə şəhəri, Nizami Gəncəvi prospekti ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 73.31 kv.m torpaq sahəsi icarəçi tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilir. Torpaq sahəsinin təyinatı, planı, ölçüləri və sərhədləri müqavilənin ayrılmaz hissəsi hesab edilən müvafiq sərəncam, baş plan, texniki pasport və ya inşaat pasportunda göstərilir. İcarəçi qeyd olunan sənədlərdə göstərilən torpaq sahəsinin sərhədlərini və ölçülərini özbaşına dəyişdirə bilməz. Torpaq sahəsinin icarəyə verilməsi onun üzərində mülkiyyət hüquqlarının verilməsinə əsas deyil (1.1, 1.2, 1.3). Bu müqavilə ilə icarə müddəti xx.xx.2025-ci il tarixdən xx.xx.2027-ci il tarixədək müəyyən edilir.

27. Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən Cavabdeh1 ünvanlanmış xx.xx.2025ci il tarixli məktubdan görünür ki, X15 tərəfindən tikinti işlərinin aparılması və torpaq sahəsinin ayrılmasına dair Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən hər hansı icazə sənədi verilməmişdir.

28. Gəncə şəhər prokuroru, baş ədliyyə müşaviri X18 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanması haqqında” qərardan görünür ki, Gəncə şəhəri, Aşıq Ələsgər küçəsi ev 63-də yaşayan Cavabdeh2 müraciəti əsasında şəhər prokurorluğunda araşdırma aparılır. İlkin araşdırma zamanı müəyyən edilmişdir ki, Göygöl rayonu Üçtəpə kəndində yaşayan X17 qardaşları Göygöl rayonu Üçtəpə kəndində yaşayan İddiaçı və X10 ilə birlikdə 05 oktyabr 2024-cü il, 22 fevral 2025-ci il, 27 fevral 2025-ci il və 03 mart 2025-ci il tarixdən 04 mart 2025-ci il tarixə keçən gecə olmaqla Gəncə şəhəri, Nizami Gəncəvi prospekti, Yevlax şossesinin kənarında yerləşən Cavabdeh1 məxsus avtotəmir sexinin mişar daşından tikilmiş arxa divarını traktor vasitəsilə vurub dağıtmaqla, sexin üstündə olan şiferləri, sexin metal materialdan olan ferma konstruksiyalarını, metal dirəyini və atma şivellerləri dəmir qaynaq vasitəsilə sökməklə, yanğın əleyhinə avtomatik xəbərvermə (siqnalizasiya) sistemini sındırmaqla işlək vəziyyətdə olan avtotəmir sexini yararsız vəziyyətə salaraq özgənin əmlakını qəsdən məhv etmiş, həmçinin qardaşları İddiaçı, X10, Xəyal və digər şəxslər ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında avtotəmir sexinin üzərindən sökdükləri şiferləri gecə saatlarında gizli olaraq Nəriman Novruzova məxsus «Qazel» markalı avtomobilə yükləyərək aparmaqla 3792,2 (üç min yeddi yüz doxsan iki) manat, sexin üstündə olan metal materialdan ferma konstruksiyaları, metal dirəkləri və metal atma şivellərləri gecə saatlarında gizli olaraq oğurlayıb aparmaqla 6840 (altı min səkkiz yüz qırz) manat dəyərində oğurluq, yəni özgənin əmlakını gizli olaraq təkrar talamışlar. Buna görə də Qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış 105-C-25 nömrəli material üzrə fakta görə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 186.1-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanılması, cinayət işi ibtidai istintaq aparılmasından ötrü aidiyyəti üzrə Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinə göndərillməsi qərara alınmışdır.

29. Gəncə şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi, polis baş leytenantı X13 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “zərərşəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, Cavabdeh1 zərərçəkmiş şəxs qismində tanınmışdır.

30. Azərbaycan Respublikası Dövlət X19 tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş xx.xx.2025-ci il tarixli məktuba əsasən Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli 261 №-li Sərəncamının təsdiqlənmiş surəti göndərilmişdir.

31. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin məhkəmənin qərardadına əsasən tərtib etdiyi xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı iddia edərək naturada təqdim etdiyi 73.33 ha (7333.0 kv.m) torpaq sahəsinin 73.31 kv.m hissəsi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2025-ci il tarixli, 13 nömrəli sərəncamı ilə. Hüquqi və fiziki şəxslərə torpaq sahəsinin icarəyə verilməsi barədə 31 yanvar 2025-ci il tarixli 11038 nömrəli müqaviləyə əsasən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tərəfindən Cavabdeh1 icarəsinə verilmiş. Gəncə şəhəri. Nizami Gəncəvi prospekti ünvanındakı qeyri yaşayış binasının yerləşdiyi 73.31 kv.m topaq sahəsilə üstüstə düşür.

32. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-33/2-7657/2025 saylı mütəxəssis rəyində aşağıdakılar göstərilmişdir. İddiaçı iddia edərək naturada təqdim etdiyi 73.33 ha (7333.0 kv.m) torpaq sahəsinin 73.31 kv.m hissəsi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2025-ci il tarixli, 13 nömrəli sərəncamı ilə. Hüquqi və fiziki şəxslərə torpaq sahəsinin icarəyə verilməsi barədə 31 yanvar 2025-ci il tarixli 11038 nömrəli müqaviləyə əsasən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tərəfindən Cavabdeh1 icarəsinə verilmiş. Gəncə şəhəri. Nizami Gəncəvi prospekti ünvanındakı qeyri yaşayış binasının yerləşdiyi 73.31 kv.m topaq sahəsilə üst-üstə düşdüyü müəyyən edilmişdir.

33. Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən Cavabdeh1 ünvanlanmış xx.xx.2025ci il tarixli məktubdan görünür ki, X2 və İddiaçı Cəmil oğlu tərəfindən tikinti işlərinin aparılması və torpaq sahəsinin ayrılmasına dair Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən hər hansı icazə sənədi verilməmişdir.

IV. Tətbiq edilən hüquq

34. Azərbaycan Respublikasının Konstitusiyası

Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

35. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

36. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi

Maddə 68. Torpaq sahələri üzərində hüquqların yaranma vaxtı Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiəsi və təminatı

1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106. İşdə iştirak edən şəxslərin izahatları 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarı

Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüquq; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə, bəzən yalnız qanunla müəyyən edilmiş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

39. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiyaya qarşı iş üzrə» 26 iyul 2007-ci il tarixli Qərarı

Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68).

40. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarı

Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

41. N.Hacıyevin şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 2020-ci il 14 iyul tarixli Qərarı

Sübutların düzgün qiymətləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Belə ki, məhkəmə qərarının əsaslı olması üçün o, məhkəmə iclasında mülki prosessual qanunvericiliyin prinsiplərinə və qaydalarına uyğun şəkildə hərtərəfli və tam araşdırılmış, iş üçün önəmli olan hallara əsaslanmalıdır. Bu səbəbdən məhkəmə qərarlarında sübutların qiymətləndirilməsinin nəticələri ətraflı və aydın şəkildə öz əksini tapmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının, hər hansı sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin səbəbləri və əsasları göstərilməli, yəni gəlinən nəticə və qənaət kifayət qədər əsaslandırılmalıdır.

42. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli Qərarı

Məhkəmə qətnaməsinin əsaslılığı ondan asılıdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılsın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin.

V. Məhkəmənin mövqeyi

a) qeyri-yaşayış və torpaq sahəsindən çıxarılma tələbi ilə bağlı

43. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

44. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

45. İşin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, Gəncə Şəhəri Kəpəz rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli Sərəncamına əsasən Gəncə-Bakı avtomobil yolunda yerləşən “Gəncə-Petrol” yanacaqdoldurma məntəqəsinin arxa tərəfindəki 0.91 ha torpaq sahəsində X15 tərəfindən inşa ediləcək istehsal obyektlərinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilmiş və Sərəncamda qeyd edilmişdir ki, bu sərəncam inşaat pasportu ilə birlikdə yalnız layihələndirmə üçün əsasdır. Layihələndirmə başa çatdırıldıqdan sonra, müvafiq qaydada razılaşdırılaraq təsdiq edildikdən və torpaq sahəsinin ayrılması rəsmiləşdirildikdən sonra tikintiyə icazə alınması üçün aidiyyəti üzrə müraciət olunmalıdır. Bu sərəncam imzalandığı gündən qüvvədədir və bir il ərzində üzürlü səbəb olmadan tikinti-quraşdırma işlərinə başlanmazsa qüvvədən düşmüş hesab edilməlidir. xx.xx.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən İddiaçı X6 miras qalmış əmlakı qəbul etmişdir.

46. Hazırda iddiaçı Gəncə şəhəri, Yevlax Şossesi, Nizami Gəncəvi prospekti 38 ünvanında yerləşən və onların mülkiyyətində və istifadələrində olan 60 kv. metr qeyriyaşayış və torpaq sahəsindən Cavabdeh1 və atası Cavabdeh2 çıxarılmasını xahiş edir və Kəpəz rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli, 261 saylı sərəncamını əsas tutaraq iddia tələbini əsaslı sayır. Həmin sərəncamın məzmunundan görünür ki, iddiaçının mərhum atasına «Gəncə-Petrol» yanacaq doldurma məntəqəsinin arxa tərəfindəki 0,91 hektar torpaq sahəsində istehsal obyektlərinin yerləşdirilməsinə icazə verilmişdir.

47. Məhkəmə qeyd edir ki, qeyd olunan sərəncam hüquqmüəyyənedici sənəd deyil. Yəni həmin sərəncam əsasında mülkiyyət hüquqlarının qeydə alınmasından söhbət gedə bilməz. Eyni zamanda sərəncamda torpaq sahəsində istehsal obyektlərinin yerləşdirilməsinə icazə verilməsi nəzərdə tutulmuşdur. Bu isə torpaq sahəsinin mülkiyyətə verilməsi demək deyildir. Göründüyü kimi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar içərisində sözügedən sərəncam qeyd olunmamışdır. Bu isə o anlama gəlməyə əsas verir ki, həmin sərəncam hüquqmüəyyənedici sənəd hesab edilə bilməz. Nə qədər ki, iddiaçının əsas tutduğu sərəncam hüquqmüəyyənedici sənəd hesab edilmir, bu zaman onun subyektiv hüququ olmasına nəticəsinə gəlinə bilməz.

48. Bundan əlavə, iddiaçı qeyd olunan Sərəncamdan başqa həmin torpaq sahəsinin ona ayrılması barədə digər təsdiqedici sənədləri məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən Cavabdeh1 tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, Gəncə şəhəri, Nəriman Nərimanov prospekti, Yevlax şossesinin kənarı 4 saylı ehtiyat hissələri mağazasının hüquq subyekti Cavabdeh1dur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı, ******* №-li Çıxarışa əsasən 0,0116 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 93.8 kv.m olan Gəncə şəhəri, Kəpəz rayonu, Nəriman Nərimanov prospekti, Yevlax şossesinin kənarı 4 saylı ehtiyat hissələri mağazası xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 məxsusdur. Təqdim edilmiş sənədlərdən görünür ki, Cavabdeh1 tərəfindən Gəncə şəhəri, Yevlax yolu (Nizami pr) KTTK 4-ün qarşısında mövcud qeyri-yaşayış binasının layihə sənədi hazırlatdırılmış, Gəncə səhəri Yevlax yolu (Nizami Gəncəvi prospekti) KTTK 4-ün qarşısında yerləşən qeyri-yaşayış obyektinin layihəyə uyğunluğu barədə texniki rəy verilmiş, Gəncə şəhəri, Nizami Gəncəvi prospekti 1 mərtəbəli qeyri-yaşayış obyektinin tikintisinə dair Cavabdeh1 tərəfindən sifariş verilmiş, Cavabdeh1 elektron müraciəti əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən yerquruluşu planı verilmiş, sahəsi 73 kv. m olan Gəncə şəhəri, Yevlax yolu (Nizami pr) KTTK 4-ün qarşısını (avto təmir sexi) Cavabdeh1 tərəfindən sığorta etdirilmişdir.

49. Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən Cavabdeh1 ünvanlanmış xx.xx.2024cü il tarixli məktubuna əsasən müəyyən olunmuşdur ki, qarşı tərəf olan X2, onun qardaşı övladları - X17, X10 və İddiaçı tərəfindən iddia etdikləri avtomobil təmiri emalatxanasına aid mülkiyyət hüququnu təsdiq edən hər hansı sənəd təqdim edilməmiş, həmçinin sözügedən avtomobil təmiri emalatxanası hal-hazırda Cavabdeh1 istifadəsində olduğu tərəflərindən müəyyən edilmişdir. Eyni zamanda, Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş məktubdan görünür ki, X15, X2 və İddiaçı Cəmil oğlu tərəfindən tərəfindən tikinti işlərinin aparılması və torpaq sahəsinin ayrılmasına dair Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən hər hansı icazə sənədi verilməmişdir.

50. Əksinə olaraq, Gəncə Şəhər İcra Hakimiyyəti Memarlıq və tikinti şöbəsinin iş materiallarında olan məktubuna əsasən müəyyən edilmişdir ki, qeyri-yaşayış binasına tərtib edilmiş X14 və Daşınmaz Əmlakın Dövlət Reyestrində mövcud məlumatlarına dair Yerquruluşu planında qeyd edilən qeyri-yaşayış obyektinin yerləşdiyi torpaq sahəsinin hüquqi statusu barədə məlumat cədvəlində 0.0073 hektar torpaq sahəsi Dövlət mülkiyyəti olaraq qeyd edilmiş və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Cavabdeh1 arasında bağlanmış “Hüquqi və fiziki şəxslərə torpaq sahəsinin icarəyə verilməsi barədə” xx.xx.2025-ci il tarixli, 11038 nömrəli müqaviləsinə əsasən icarəyəverənin icarəyə verdiyi Gəncə şəhəri, Nizami Gəncəvi prospekti ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 73.31 kv.m torpaq sahəsi icarəçi tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilir. Bu müqavilə ilə icarə müddəti xx.xx.2025-ci il tarixdən xx.xx.2027-ci il tarixədək müəyyən edilmişdir.

51. İş materiallarında olan sənədlərdən görünür ki, mübahisəli torpaq sahəsilə bağlı tərəflər arasında konflikt yaranmış və hətta cinayət işinin başlanması haqqında qərar qəbul edilərək, Cavabdeh1 zərərçəkmiş şəxs qismində tanınmışdır.

52. Mübahisəli torpaq sahəsilə bağlı iddiaçı tərəfindən Sərəncamdan başqa heç bir sənəd təqdim edilmədiyindən məhkəmə tərəfindən mütəxəssis rəyi alınaraq, iş üzrə ekspertiza keçirilmiş və ekspert rəyi nəticəsində müəyyən olunmuşdur ki, İddiaçı iddia edərək naturada təqdim etdiyi 73.33 ha (7333.0 kv.m) torpaq sahəsinin 73.31 kv.m hissəsi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2025-ci il tarixli, 13 nömrəli sərəncamı ilə Hüquqi və fiziki şəxslərə torpaq sahəsinin icarəyə verilməsi barədə 31 yanvar 2025-ci il tarixli 11038 nömrəli müqaviləyə əsasən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tərəfindən Cavabdeh1 icarəsinə verilmiş Gəncə şəhəri. Nizami Gəncəvi prospekti ünvanındakı qeyri yaşayış binasının yerləşdiyi 73.31 kv.m topaq sahəsilə üst-üstə düşür. Qeyd olunan hal məhkəmə tərəfindən keçirilmiş yerli baxış zamanı da vizual olaraq müəyyən edilmişdir. Belə ki, hər iki tərəf eyni ərazini naturada göstərərək, ona məxsus olduğunu bildirmişdir.

53. Məhkəmə qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.

54. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 139-1.1.1-ci maddəsinə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri kimi qanunla müəyyən edilmiş qaydada bələdiyyə orqanları tərəfindən bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul olunmuş aktlar nəzərdə tutulmuşdur.

55. Məhkəmə həmçinin qeyd edir ki, hazırkı iş üzrə isə iddiaçının mülkiyyətində olduğunu iddia etdiyi torpaq sahəsinin hər hansı hüquqla ona məxsus olduğu müəyyən edilməmiş, bununla da istinad olunan normanın ilkin dispozisiya şərti (tələb irəli sürən şəxsin mülkiyyətçi olması) yaranmamışdır. Bundan başqa, iş materiallarının tədqiqi zamanı məlum olmuşdur ki, mübahisəli torpaq sahəsi dövlət mülkiyyəti torpağıdır. Göründüyü kimi hazrki mülki işin predmeti olan torpaq sahəsi dövlət torpağıdır və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Cavabdeh1 icarəsinə verilmişdir.

56. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçı qeyd edilən torpaq sahəsinə mülkiyyət hüququ təsdiq edən hər hansı sənəd təqdim etmədiyindən iddiaçının göstərilən torpaq sahəsilə ilə bağlı hər hansı subyektiv hüququ yoxdur.

b) Məhkəmə xərcləri ilə bağlı

57. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzi ilə 100 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.

58. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

59. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.

60. İddia tələbi rədd edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

VI. Məhkəmənin gəldiyi nəticə

61. Beləliklə, məhkəmə hesab edir ki, iddia rədd edilməlidir.

62. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233 və 360-cı maddələrinə əsasən

QƏT ETDİ:

İddia rədd edilsin. İddia rədd edildiyi üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. İş üzrə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi ilə bağlı 100 (bir yüz) manat ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X4, kodu:210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN:**********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Gəncə Kommersiya Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Əbülfəz Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar