Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-463/2023 11.10.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı borc tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən 38,806,19 manat borcun, 200 manat mediasiya xərcinin və həmçinin iddia ərizəsinə görə ödənilmiş 206,42 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti ilə Cavabdeh arasında 13 sentyabr 2017-ci il tarixli, 414 saylı xidmət müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, cavabdeh Cəmiyyətə məxsus ödəmələrin qəbul məntəqəsindən vəsaitlərin yığılmasını həyata keçirməyi, yığılmış vəsaitin Cəmiyyətə təhvil verilməsini, Cəmiyyət isə bunun əvəzində müəyyənləşdirilmiş xidmət haqqını ödəməyi öz öhdəsinə götürmüşdür. Tərəflər arasında aparılmış 19 noyabr 2020-ci il tarixli borcun etiraf edilməsi barədə akta, qarşılıqlı üzləşmə aktına əsasən müəyyən edilmişdir ki, cavabdehin Cəmiyyətə 57,021.39 manat məbləğində borcu yaranmışdır. Cavabdeh borcu etiraf etmiş və həmin borcu 01 may 2022-ci il tarixinədək hissə-hissə ödəməyi öz öhdəsinə götürmüşdür. Bununla bağlı cavabdeh Cəmiyyətə 19 noyabr 2020-ci il tarixli şəxsi iltizam da təqdim etmişdir. Hazırda, müqavilə əsasında müəyyən edilmiş öhdəliklərini icra etməməsi və yığılmış vəsaitlərin Cəmiyyətə ödənilməməsi nəticəsində, Cavabdeh 19 dekabr 2022-ci il tarixə 38,806.19 manat borcu ödənilməmiş qalmışdır. Həmin tarixə cavabdeh tərəfindən 18,215.20 manat borc ödənilmişdir. Göründüyü kimi, cavabdeh borcu etiraf etmiş və onun ödənilməsini öhdəsinə götürmüş, lakin borcun tam olaraq ödənilməsi hazırki tarixədək həyata keçirilməmişdir. Bоrcun ödənilməsi tələbi ilə cavabdеhə dəfələrlə müraciət оlunmasına, məsələnin məhkəmədənkənar qaydada həll еdilməsi üçün mümkün оlan bütün tədbirlərin görülməsinə baхmayaraq, cavabdeh götürdüyü bоrcun qaytarılması üçün hеç bir təşəbbüs göstərməmişdir. Cavabdеhə göndərilmiş 16 mart 2022-ci il tarixli 122 saylı pretenziya (хəbərdarlıq) məktubu da cavabsız qalmışdır. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, onların cavabdeh tərəfindən çəkilən xərclərlə bağlı heç bir öhdəliyi olmamışdır. Cavabdehin nümayəndəsi Vəkil məhkəmə iclasında izahat verərək bildirdi ki, borc sübutlarla təsdiqini tapmadığından, həmçinin iddia müddəti ötdüyündən iddia tələbinin rədd edilməsini xahiş edir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh izahat verərək bildirmişdir ki, hazırkı borcu qəbul etmir. Belə ki, istifadəsində olan avtomobil üçün şirkətin işlərinə görə 2017-ci ildən 2021-ci ilə kimi həmin avtomobilə 11978 manat xərc çəkilib. Çəkilmiş xərclər və kassada olan pullar çıxıldıqdan sonra yerdə qalan pulu ödəyə bilər. Ona çəkilmiş xərclərin borcdan çıxılacağı bildirilmiş və ona görə həmin aktlara imza etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia tələbini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı MMC ilə Cavabdeh arasında 13 sentyabr 2017-ci il tarixli, 414 saylı müqavilədən görünür ki, cavabdeh cəmiyyətə məxsus ödəmələrin qəbul məntəqəsindən vəsaitlərin yığılmasını həyata keçirməyi, yığılmış vəsaitin cəmiyyətə təhvil verilməsini, cəmiyyət isə bunun əvəzində müəyyənləşdirilmiş xidmət haqqını ödəməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixli iltizamdan görünür ki, cavabdeh iddiaçıya 57021,39 manat məbləğində borcu olduğunu, həmin borcu 2021-ci ilin may ayının 1-dək hissə-hissə ödəyəcəyini, ay ərzində qazandığı bonusların borca silinməsinə etiraz etmədiyini bildirmiş və öz imzası ilə təsdiq etmişdir. xx.xx.2020-ci il tarixli borcun etiraf edilməsi barədə aktdan görünür ki, Cavabdeh şirkətə olan 57021,39 manat ödənilməmiş borcu etiraf edərək, həmin borc məbləğini hissə-hissə olmaq şərtilə 2021-ci ilin may ayının 1-dək ödəmək barədə öhdəlik götürmüşdür. xx.xx.2020-ci il tarixli qarşılıqlı üzləşmə aktından görünür ki, Cavabdeh xx.xx.2020ci il tarixə 57021,39 manat ödənilməmiş borcu qalmışdır. xx.xx.2021-ci il tarixli qarşılıqlı üzləşmə aktından görünür ki, Cavabdeh 69977,98 manat ödənilməmiş borcu qalmışdır. xx.xx.2021-ci il tarixli qarşılıqlı üzləşmə aktından görünür ki, Cavabdeh 38812,09 manat ödənilməmiş borcu qalmışdır. xx.xx.2022-ci il tarixli pretenziya məktubundan görünür ki, cavabdeh yaranmış borcla bağlı xəbərdar edilmişdir. xx.xx.2022-ci il tarixli MŞG/1-05801 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış iş materiallarına əlavə edilmiş, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, 200 manat mediasiya xərci ödənilmişdir. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasına dair xx.xx.2023-cü il tarixli, 9/5159 nömrəli “Məhkəmə Ekspertizası Mərkəzi” tərəfindən ekspert rəyində qeyd edilmişdir ki, təqdim edilmiş akt məlumatlarından göründüyü kimi xx.xx.2020-ci il tarixinə qalıq borc 56 337,52 manat təşkil etmiş, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddətdə Cavabdeh tərəfindən ümumilikdə 800926,42 manat məbləğində yığım sistemə daxil edilmiş, 7328,51 manat məbləğində komissiya məbləği agentin xeyrinə hesablanmış, 818844,1 manat məbləğində ödəniş aparılmış, nəticədə Cavabdeh "xxxx" MMC-nə olan qalıq borcu 38419,84 manat məbləğində olmuşdur. Cavabdehin nümayəndəsi Vəkil iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, hazırkı tələb üzrə iddia müddətinin ötürülməsi halı mövcud deyildir. Belə ki, xx.xx.2020-ci il tarixli borcun etiraf edilməsi barədə aktdan görünür ki, Cavabdeh şirkətə olan 57021,39 manat ödənilməmiş borcu olduğunu etiraf etmişdir. Bundan sonra ödənişlər etmişdir. xx.xx.2021-ci il tarixli qarşılıqlı üzləşmə aktına imza etməklə həmin tarixə 38812,09 manat ödənilməmiş borcu olduğunu təsdiq etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Həmin Məcəllənin 380.2-ci maddəsinə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (AR MM-in 386.1-ci maddəsi). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (AR MM-in 389.1-ci maddəsi). 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (AR MM-in 443.1-ci maddəsi). 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Dövlət Rüsumu haqqında Qanunun 9.1-1-ci maddəsinə əsasən “mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Beləliklə, işin faktiki hallarından görünür ki, İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 13 sentyabr 2017-ci il tarixli, 414 saylı müqavilədən görünür ki, cavabdeh cəmiyyətə məxsus ödəmələrin qəbul məntəqəsindən vəsaitlərin yığılmasını həyata keçirməyi, yığılmış vəsaitin cəmiyyətə təhvil verilməsini, cəmiyyət isə bunun əvəzində müəyyənləşdirilmiş xidmət haqqını ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin,cavabdeh öz üzərinə düşən öhdəliyi tam olaraq yerinə yetirməmişdir. Nəticədə 38419,84 (otuz səkkiz min dörd yüz on doqquz manat səksən dörd qəpik) manat borcu qalmışdır. Məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 38419,84 (otuz səkkiz min dörd yüz on doqquz manat səksən dörd qəpik) manat borc, 200 (iki yüz) manat mediasiya xərci və 5 (beş) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə cavabdehin avtomobilin təmirinə çəkmiş olduğu xərclərlə bağlı qeyd edir ki, bu məsələnin onun müqavilə üzrə üzərinə götürmüş olduğu öhdəliklərin icrasına təsiri yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində qeyd olunur ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 38419,84 (otuz səkkiz min dörd yüz on doqquz manat səksən dörd qəpik) manat borc, 200 (iki yüz) manat mediasiya xərci və 5(beş) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh 200 (iki yüz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə 150 (bir yüz əlli) manat ekspertiza xərci Cavabdeh tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN ********** müxbir hesab AZ 41 NABZ013601**********3944, SFİFT BİK CTREAZ 22 saylı hesaba ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayət verilə bilər. Sədrlik edən: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2-2(115)-463/2023
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-463/2023
11.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver