Məhkəmə qərarları › İş №e-2-2(115)-62/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-62/2025

09.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-62/2025 09.01.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı Salyan Qida X1 Şirkətinin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə kommersiya işinə Gəncə Kommersiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Salyan Qida X1 Şirkəti Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Salyan Qida X1 Şirkəti ilə Cavabdeh (VÖEN: **********) arasında bağlanmış QMS-01 saylı, xx.xx.2021-ci il tarixli "Diler müqaviləsi”nə əsasən cavabdehə satılmış pivə məhsullarına görə ödənilməmiş qalan 10764 manat 34 qəpik məbləğində əsas borc, müqavilənin 6.6-cı bəndinə əsasən hesablanmış 11363 manat 37 qəpik cərimə məbləği, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən əsas borca hesablanmış 1615 manat məbləğində gecikdirilmiş vaxta görə faiz borcu, müqaviləyə və təhvil-təslim aktına əsasən cavabdehə təhvil verilmiş, lakin bu günə qədər geri qaytarılmamış cəmi 19 adda inventar üzrə avadanlıqların iddiaçıya qaytarılması, həmin avadanlıqlar olmadıqda isə onların dəyərini təşkil edən 17065 manat, hüquqi yardım üçün ödənilmiş 320 manat məbləğində xidmət haqqı olmaqla, ümumilikdə 41127 manat 71 qəpik məbləğində pulun və 214 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Salyan Qida X1 Şirkəti ilə Cavabdeh (VÖEN: **********) arasında QMS-01 saylı, xx.xx.2021-ci il tarixli "Diler müqaviləsi” bağlanmışdır. Həmin müqavilə əsasında Salyan Qida X1 Şirkəti tərəfindən cavabdehə pivə məhsulları satılmış, həmçinin pivə məhsullarının satışının həyata keçirilməsi üçün inventar üzrə soyuducular, fujerlər, bakallar, çətirlər və sair avadanlıqlar Cavabdeh təhvil verilmişdir. Tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli “Avadanlığın təhvil-Təslim Aktı”-na əsasən 52 adda, 34845 manat 20 qəpik dəyərində avadanlıqlar Cavabdeh təhvil verilmişdir. Cavabdeh isə (VÖEN: **********) pivə məhsullarını təhvil almasına baxmayaraq, onların dəyərini tam şəkildə ödəməmiş, həmçinin təhvil aldığı avadanlıqları qaytarmamışdır. Belə ki, bu günə qədər satılmış pivə məhsullarının əvəzi olaraq 5 ədəd, ümumilikdə 30940 manat məbləğində elektron qaimələr göndərilmiş, həmin qaimələr üzrə cəmi 20175 manat 66 qəpik ödəniş edilmiş, 10764 manat 34 qəpik hissəsi isə bu günə qədər ödənilməmiş qalmışdır. Tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli üzləşdirmə aktına əsasən cavabdeh yuxarıda qeyd edilən müqavilə üzrə 10764 manat 34 qəpik məbləğində ödənilməmiş borcunun qaldığını yazılı surətdə etiraf etmişdir. Tərəflər arasında bağlanmış QMS-01 saylı, xx.xx.2021-ci il tarixli “Diler müqaviləsi”nin “Qiymətlər” adlanan 6.4-cü bəndinə əsasən diler tərəfindən yazılı qaydada sifariş verildikdən sonra İstehsalçı tərəfindən həmin mallara uyğun elektron qaimə Dilerə göndərilir. Elektron qaimə göndərildikdən sonra Diler malın dəyərini İstehsalçıya ödəyir və İstehsalçı tərəfindən qaimə üzrə məhsullar təhvil verilir. Həmin müqavilənin “Qiymətlər” adlanan 6.5-ci bəndinə məhsulların dəyəri ödənilmədikdə hər təqvim günü üçün gecikdirilmiş məbləğin 0.1 faizi dəyərində cərimə hesablanır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli 92 saylı maliyyə arayışına əsasən məlum olur ki, qaimələr üzrə gecikdirilmiş günlərə görə tətbiq ediən cərimənin məbləği 11363 manat 37 qəpik təşkil edir. Belə olduğu halda, malların 2021-ci ildə təhvil verilməsinə və müvafiq elektron qaimələrin vurulmasına baxmayaraq, artıq 3-cü ildir ki, cavabdeh pul məbləğinin ödənilməsini gecikdirdiyindən, əsas borca münasibətdə illik 5% olmaqla, ümumilikdə (10764.34 x 5% x 3 il) 1615 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli “Avadanlığın təhvil-Təslim Aktı”-na əsasən 52 adda, 34845 manat 20 qəpik dəyərində avadanlıqlar Cavabdeh təhvil verilmiş, lakin həmin avadanlıqlar tam şəkildə bu günə qədər qaytarılmamışdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli 93 saylı maliyyə arayışına əsasən məlum olur ki, cəmi 19 adda, 17065 manat dəyərində inventar üzrə avadanlıqlar bu günə qədər iddiaçıya qaytarılmamışdır. Sonuncu dəfə xx.xx.2024-cü il tarixində iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək, iddiaçı Salyan Qida X1 Şirkəti ilə Cavabdeh (VÖEN: **********) arasında bağlanmış QMS-01 saylı, xx.xx.2021-ci il tarixli "Diler müqaviləsi”-nə əsasən cavabdehə satılmış pivə məhsullarına görə ödənilməmiş qalan 8934 manat 30 qəpik məbləğində əsas borc, müqavilənin 6.6-cı bəndinə əsasən hesablanmış 11363 manat 37 qəpik cərimə borcu, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən əsas borca hesablanmış 1019 manat 33 qəpik məbləğində gecikdirilmiş vaxta görə faiz borcu, müqaviləyə və təhvil-təslim aktına əsasən cavabdehə təhvil verilmiş, lakin bu günə qədər geri qaytarılmamış hər birinin dəyəri 850 manat olmaqla ümumilikdə 11 ədəd Uğur soyuducu (inventar kodları: **********08, **********15, **********45, **********53, **********58, **********64, **********18, **********46, **********50, **********46, **********86), inventar kodu S.İn.0024, dəyəri 110 manat olan 1 ədəd Çəpər UBC2015, inventar kodu S.İn.0025, birinin dəyəri 425 manat olan 12 ədəd Çətir D3 UBC2015, inventar kodu S.İn.0096, birinin dəyəri 300 manat olan 3 ədəd Çətir UBC2020 4x4 loqotipom Sümbül göy, inventar kodu S.İn.0068, birinin dəyəri 220 manat olan 2 ədəd Kobra UBC2019 Terra TR188-2-SSS-NF 2 sorta, inventar kodu S.İn.0035, birinin dəyəri 65 manat olan 3 ədəd Lightbox, inventar kodu S.İn.0039, birinin dəyəri 550 manat olan 1 ədəd Oxladitel 2 çıxışlı, inventar kodu S.İn.0051, birinin dəyəri 100 manat olan 3 ədəd Reduktor, inventar kodu S.İn.0057 birinin dəyəri 120 manat olan 1 ədəd teleşka, olmadıqda, həmin inventarların dəyərini təşkil edən 17065 manat, hüquqi yardım üçün ödənilmiş 320 manat məbləğində xidmət haqqı olmaqla, ümumilikdə 38702 manat məbləğində pulun və 214 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, iddia ərizəsi verildikdən sonra cavabdeh tərəfindən ödənilmiş ödənişlər borcdan çıxılmışdır. Avadanlığın əvəzsiz istifadəsinə dair xx.xx.2021-ci il tarixində cavabdehə 34800 manatlıq avadanlıq verilmişdir. Həmin avadanlıqların bəziləri qaytarılmışdır, bəziləri isə qaytarılmamışdır. 34000 manatlıq malın böyük əksəriyyətini geri alanda cavabdehə bu barədə sənəd təqdim etməmişlər. Keyfiyyətlə bağlı məsələyə gəldikdə isə müqaviləyə əsasən təhvil-təslim olandan sonra keyfiyyətlə bağlı öhdəlik cavabdehin üzərinə düşür. Təhvil-təslim aktına əsasən götürülən avadanlıqların qeydiyyatı aparılmışdır.17 iyul 2024cü il tarixə 2448 manat borcla bağlı cavabdehə sms göndərilmişdir. 2448 manat ödənilmiş puldur. Ona görə də o mənfi kimi yazılmışdır. Şəxs şirkətdən həm şüşə, həm də çəllək pivələri alınmışdır. Hər qaimə gecikdirilmiş günlər üzrə hesablanıb. 31 iyul tarixli arayışda xx.xx.2021-ci il tarixli qaimə üzrə 1104 gün, xx.xx.2021-ci il tarixli qaimə üzrə 1059 gün, xx.xx.2021-ci il tarixli qaimə üzrə 1040 gün gecikdirlmə olub. Bu gecikdirilmiş günlərə görə də hər günə götə 0.1 faiz cərimə hesablanıb. Gecikdirməyə görə 5 faizi 3 illik müddətə görə hesablayıblar. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş iddiaçının digər nümayəndəsi X2 izahat verərək bildirmişdir ki, 500 manat çəllək pivəsindən qalan pul təkrarən şüşə pivəsindən qalan borcdan cavabdehin istəyi ilə silinib. 25 iyun tarixli mesajda 28329 manat, 30 avqustda isə 27429 manat fərq var. 500 manat borcdan silinib. Əvvəlki məhkəmə iclaslarında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, cərimə borcu çox yüksək hesablanıb, faiz borcunu qəbul etmir. Malların çatdırılmasını özü etmişdir. Ona dedilər ki, çatdırılma xərclərinin pulunu verəcəklər, ancaq vermədilər. Müqaviləyə aldanaraq imza çəkmişdir. O, müqaviləni oxumadan imzalamışdır. Ona müqavilənin borcla deyil, vergi ilə bağlı olduğunu demişlər. Pivə məhsullarının satışını həyata keçirmək üçün mallar götürmüşdür. 8934 manat borcu qalıb. Bu borc müxtəlif mağazalara payladığı pivə məhsullarına görə yaranıb. Borc onun deyil, müxtəlif mağazalarındır. O məhsulları götürəndə istifadə olunma vaxtı keçməmişdir. 4000 manatlıq vaxtı keçmiş malları iddiaçıya təhvil verməmişdir. O, xəstəxanada olanda avadanlıqların bir hissəsini götürüblər. Çəpər, 12 ədəd çətir yoxdur. Çətirləri restoranlara vermişdilər, külək çətirləri dağıdıb. Soyuducu ilə bağlı şahidlər var. Onda 6 ədəd soyuducu və sərinləşdirici qalmışdır. Qalanları yoxdur. 3 ədəd çətir əraziyə verilib, qəbul edib, ancaq yararsız vəziyyətə düşmüşdür. Keçən il sürücüləri soyuducunu götürəndə kobranı da götürmüşdür. 3 ədəd light box kafelərdədir. Light box işıqlı qutudur. Sərinləndirici ondadır. Reduktoru keçən il sürücüləri zavodun avtomobili ilə götürmüşdür. Əl arabasını dəqiq xatırlamır. 34 ədəd soyuducu vermişlər. 5 ədəd soyucudunu Qazaxın nümayəndəsi Elnura təhvil vermişdir. Həmin vaxt auditdən Ələkbər adlı şəxs var idi. 5 ədəd soyuducunu 2023cü ildə vermişdir. 2 ədəd kobranı ”Ateko” qara rəngli avtomobil ilə gələn yaşlı adama və cavan oğlana vermişdir. Reduktoru da həmin vaxt vermişdiir. 11 ədəd çəlləki götürüblər. Bütün bunların hamısında Elmar müəllim zəng etmiş, buna görə də təhvil vermişdir. Ələkbər adlı şəxsi və oradakı bəzi işçiləri şahid qismində məhkəməyə dəvət edə bilər. Ələkbər soyuducuların inventor kodunu dəftərinə qeyd edirdi. Elnur soyuducuları iddiaçıya qaytardığını bildirir. 5 ədəd soyuducu üçün zavoddan audit göndərilmiş və Qazaxa təhvil verilmişdir. Ələkbər adlı şəxsin şahid qismində dindirilməsini xahiş edir. O, 2022-ci və 2023-cü ildə ödənişləri malı şirkətdən götürəndə nağd şəkildə ödəmişdir. Üzləşmə aktından sonra 1830 manat ödəmişdir. Üzləşmə aktını Elman müəllimgil ona hədə ilə imzaladıblar. Sonra da deyiblər ki, ona aid bir problem yoxdur. O da şikayət etməmişdir. Ona 35 min manatlıq inventar verilib. İnventarın qaytarılması ilə bağlı heç bir sənəd yoxdur. Şirkət qaytarılanı qəbul edərək 17 minlik inventarı istəyir. 2023-cü ildə ödənilmiş 605 manatlıq qəbz var. Nə ödəniş varsa, o borcdan çıxılıb. Cavabdeh hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək səhhəti ilə əlaqədar hal-hazırda müalicə aldığı üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını və şahidin ifadəsini dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, şahid X3 məhkəmə iclasında bildirdi ki, Salyan Qida X1 Şirkətinin direktoru Elmar müəllim ondan xahiş etmişdir ki, rayonlarda olan soyuducuları yoxlasın. O da yoxlama aparmış və bu barədə məlumat vermişdir. O həmin müəsisənin işçisi deyildir, heç vaxt da orada işləməmişdir. Aralarında müqavilə olmayıbdır. Cavabdeh ilə aralarında ədavət, düşmənçilik yoxdur. Elmar müəllim ilə işgüzar münasibətləri var. Bu hadisə təxmini 2-3 il əvvəl, pandemiyadan sonra olub. Cavabdeh ilə danışmış və orada olan avadanlıqların işlək olub, olmamasını, sayını, yerləşdiyi yeri müəyyənləşdirmişdir. Bu proses gün yarım vaxtını almışdır. O, yoxlanış keçirən zaman Cavabdeh olan soyuducuların hamısı yerində və işlək vəziyyətdə idi. Şirkət tərəfindən ərazilərdə olan malların götürülməsi ilə bağlı göstəriş olmamışdır. Yerində inventar yoxlanış etmişdir. Cavabdeh yanında sadəcə bir dəfə inventar yoxlanış olmuşdur. Ondan və ya başqa şəxslərdən heç bir avadanlıq götürməmişdir. Onun buna səlahiyyəti olmamışdır. İş materiallarına əlavə olunmuş istehsalçı-Salyan Qida X1 Şirkəti ilə diler-Cavabdeh arasında bağlanmış 15 mart 2021-ci il tarixli QMS-01 nömrəli diler müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən istehsalçı özünün istehsal etdiyi pivə məhsullarını, şüşə qablaşdırmada yalnız dilerə satmağı, diler isə həmin məhsulları əldə edib, bu müqavilə şərtləri və çərçivəsində aylıq minimum satış həddindən aşağı olmamaq şərti ilə satışını həyata keçirməyi və dəyərini ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən hazırkı müqavilədə nəzərdə tutulan istehsalçı tərəfindən dilerə təhvil verilən inventarların(soyuducu, tara, çəllək və sair) təhviltəslimi, onların dəyəri, istifadəsi, istehsalçıya qaytarılması və sair münasibətlər tərəflər arasında bağlanan avadanlığın əvəzsiz istifadəsi müqaviləsinə uyğun tənzimlənir. Həmin müqavilənin 6.4-cü bəndinə əsasən diler tərəfindən yazılı qaydada sifariş verildikdən sonra istehsalçı tərəfindən həmin mallara uyğun elektron qaimə dilerə göndərilir. Elektron qaimə göndərildikdən sonra diler malların dəyərini istehsalçıya ödəyir və istehsalçı tərəfindən qaimə üzrə məhsullar təhvil verilir. Həmin müqavilənin 6.6-cı bəndinə əssən diler tərəfindən 6.5-ci bənddə göstərilən müddət ərzində məhsulların dəyəri ödənilmədikdə hər təqvim günü üçün gecikdirilmiş məbləğin 0,1 %-i dəyərində cərimə hesablanır. İş materiallarında olan kirayə verən- Salyan Qida X1 Şirkəti ilə kirayəçi-Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli QMS-01 nömrəli avadanlığın əvəzsiz istifadə müqaviləsindən görünür ki, bu müqavilə üzrə kirayəyə verən təhvil-təslim aktında müəyyən edilən avadanlığı öz mülkiyyətində saxlamaqla kirayəçinin müvəqqəti olaraq əvəzsiz istifadəsinə verir, kirayəçi isə həmin avadanlığı qəbul edib bu müqavilə ilə müəyyən edilən qaydada istifadə etməyi, istifadə müddəti başa çatdıqdan sonra isə kirayəyə verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “Avadanlığın təhvil-təslim aktı”-dan görünür ki, Salyan Qida X1 Şirkəti tərəfindən ərizədə sadlanan avadanlıqlar da daxil omaqla ümumilikdə 34845 manat 20 qəpik dəyərində avadanlıqlar Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli EBAY 716818 nömrəli elekton qaiməyə əsasən 12130 manat, xx.xx.2021-ci il tarixli EBBE 835911 nömrəli qaiməyə əsasən 6040 manat, xx.xx.2021-ci il tarixli EBBF 208429 nömrəli elektron qaiməyə əsasən 2910 manat, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 5820 manat, xx.xx.2021-ci il tarixli EBBB 088788 nömrəli elektron qaiməyə əsasən 4040 manat olmaqla, ümumilikdə 30940 manat məbləğində pivə Salyan Qida X1 Şirkəti tərəfindən Cavabdeh verilmişdir. İş materiallarında olan tərəflərin təsdiq etdiyi xx.xx.2023-cü il tarixli üzləşmə aktından görünür ki, Cavabdeh Salyan Qida X1 Şirkətinə xx.xx.2023-cü il tarixə 10764 manat 34 qəpik məbləğində borcu qalmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 92 nömrəli maliyyə arayışından görünür ki, 30940 manat məbləğində elektron qaimələr üzrə 20175 manat 66 qəpik məbləğində ödəniş edilmiş, 10764 manat 34 qəpik hissəsi isə bu günə qədər ödənilməmiş qalmışdır. Hesablanmış cərimə borcu isə 11363 manat 37 qəpik olmaqla, cəmi borc 22127 manat 71 qəpik təşkil edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 93 nömrəli maliyyə arayışından görünür ki, cavabdehə təhvil verilmiş, hazırki tarixədək geri qaytarılmamış hər birinin dəyəri 850 manat olmaqla ümumilikdə 11 ədəd Uğur soyuducu (inventar kodları: **********08, **********15, **********45, **********53, **********58, **********64, **********18, **********46, **********50, **********46, **********86), inventar kodu S.İn.0024, dəyəri 110 manat olan 1 ədəd Çəpər UBC2015, inventar kodu S.İn.0025, birinin dəyəri 425 manat olan 12 ədəd Çətir D3 UBC2015, inventar kodu S.İn.0096, birinin dəyəri 300 manat olan 3 ədəd Çətir UBC2020 4x4 loqotipom Sümbül göy, inventar kodu S.İn.0068, birinin dəyəri 220 manat olan 2 ədəd Kobra UBC2019 Terra TR188-2-SSS-NF 2 sorta, inventar kodu S.İn.0035, birinin dəyəri 65 manat olan 3 ədəd Lightbox, inventar kodu S.İn.0039, birinin dəyəri 550 manat olan 1 ədəd Oxladitel 2 çıxışlı, inventar kodu S.İn.0051, birinin dəyəri 100 manat olan 3 ədəd Reduktor, inventar kodu S.İn.0057 birinin dəyəri 120 manat olan 1 ədəd teleşka olmaqla, ümumilikdə 17065 manat məbləğində avadanlıqlar iddiaçıya qaytarılmamışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, xx.xx.2024-cü il tarixli “Hüquqi yardımın göstərilməsi haqqında” müqaviləyə əsasən Gəncə şəhəri 14 saylı Vəkil Bürosuna 320 manat məbləğində vəkil haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən bu məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 598-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın hissəhissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. Mülki Məcəllənin 600.1-ci maddəsinin tələbinə görə, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra emədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İşin faktiki hallarından göründüyü kimi, Cavabdeh iddiaçı Salyan Qida X1 Şirkətindən müqaviləyə əsasən aldığı 8934 manat 30 qəpik məbləğində əşyaların dəyərini iddiaçıya ödəməyərək, öhdəliyini tam icra etməmişdir. Eyni zamanda iş materiallarında olan avadanlığın əvəzsiz istifadə müqaviləsindən göründüyü kimi cavabdeh avadanlıqları qəbul edib istifadə müddəti qurtardıqdan sonra iddiaçıya qaytarmağı öz öhdəsinə götürmüşdür. Lakin xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından da görünür ki, iddiaçı Salyan Qida X1 Şirkəti tərəfindən ərizədə sadalanan avadanlıqlar da daxil omaqla ümumilikdə 34845 manat 20 qəpik dəyərində avadanlıqlar Cavabdeh oğluna təhvil verilmiş, lakin həmin avadanlıqlar tam şəkildə iddiaçıya qaytarılmamışdır. xx.xx.2024-cü il tarixli, 93 nömrəli maliyyə arayışından göründüyü kimi, ümumilikdə 17065 manat məbləğində avadanlıqlar cavabdeh tərəfindən iddiaçıya qaytarılmamış qalmışdır. Cavabdeh avadanlıqların bir qisminin iddiaçı tərəfindən geri götürüldüyünü, bir qisminin digər şəxsə verildiyini bildirsə də, bunu təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Pretenziya məktubundan görünür ki, Salyan Qida X1 Şirkəti cavabdehə öhdəliklər tam icra edilmədiyindən qalıq borc qaldığından və inventar üzrə təhvil alınmış avadanlıqlar geri qaytarılmadığından məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Ödəniş qəbzlərindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 214 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, xx.xx.2021ci il tarixli QMS-01 saylı diler müqaviləsi üzrə 8934 manat 30 qəpik əsas borc, 1019 manat 33 qəpik gecikdirilmiş vaxt üçün faiz borcu, 400 manat cərimə borcu olmaqla, cəmi 10353 manat 63 qəpik məbləğində borc və 1 ədədinin dəyəri 850 manat olan 11 ədəd Uğur soyuducusu, dəyəri 110 manat olan 1 ədəd çəpər UBC2015, 1 ədədinin dəyəri 425 manat olan 12 ədəd çətir D3 UBC2015, 1 ədədinin dəyəri 300 manat olan 3 ədəd çətir UBC2020 4x4 loqotipom sünbül, 1 ədədinin dəyəri 220 manat olan 2 ədəd kobra UBC2019 Terra TR188-2-SSS-NF 2 sorta, 1 ədədinin dəyəri 65 manat olan 3 ədəd Lightbox, dəyəri 550 manat olan 1 ədəd 2 çıxışlı sərinlədici, 1 ədədinin dəyəri 100 manat olan 3 ədəd reduktor, dəyəri 120 manat olan 1 ədəd əl arabası, həmin avadanlıqlar olmadıqda isə onların dəyəri, həmçinin hüquqi yardımla bağlı ödənilmiş 320 manat və 214 manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı Salyan Qida X1 Şirkətinə ödənilməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Belə ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 400 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, iddiaçının bütün əsaslı mənafeləri qorunmuş olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2021-ci il tarixli QMS-01 saylı diler müqaviləsi üzrə 8934 manat 30 qəpik əsas borc, 1019 manat 33 qəpik gecikdirilmiş vaxt üçün faiz borcu, 400 manat cərimə borcu olmaqla, cəmi 10353 manat 63 qəpik məbləğində borc və 1 ədədinin dəyəri 850 manat olan 11 ədəd Uğur soyuducusu, dəyəri 110 manat olan 1 ədəd çəpər UBC2015, 1 ədədinin dəyəri 425 manat olan 12 ədəd çətir D3 UBC2015, 1 ədədinin dəyəri 300 manat olan 3 ədəd çətir UBC2020 4x4 loqotipom sünbül, 1 ədədinin dəyəri 220 manat olan 2 ədəd kobra UBC2019 Terra TR188-2-SSS-NF 2 sorta, 1 ədədinin dəyəri 65 manat olan 3 ədəd Lightbox, dəyəri 550 manat olan 1 ədəd 2 çıxışlı sərinlədici, 1 ədədinin dəyəri 100 manat olan 3 ədəd reduktor, dəyəri 120 manat olan 1 ədəd əl arabası, həmin avadanlıqlar olmadıqda isə onların dəyəri, həmçinin hüquqi yardımla bağlı ödənilmiş 320 manat və 214 manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı Salyan Qida X1 Şirkətinə verilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar