Məhkəmə qərarları › İş №e-2-2(115)-63/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-63/2025

24.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-63/2025 24.02.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Məmmədova Türkan Dilavər qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə kommersiya işinə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən icra olunmamış müqavilənin icrası təmin edilərək 33 ay abunə borcu 198 manat və qeydiyyatdan çıxma aktı 35 manatı, cəmi borcu 233 manatı və məhkəmə xərclərinə görə ödənilmiş 30 manatı Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin xüsusi icazəsi ilə Merkuri 130 F-01 markalı nəzarət kassa aparatlarına xidmət edir. Cəmiyyətin fəaliyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 1995-ci il tarixli 266 saylı Qərarı ilə tənzimlənməkdədir. Həmin qərarın 10.9.1-ci bəndinə əsasən vergi ödəyicisi kassa aparatını qeydiyyata salan zaman xüsusi icazəsi olan STXM (servis texniki xidmət mərkəzi) ilə müqavilə bağlamalıdır. Bu qərara əsasən İddiaçı MMC ilə X2 (VÖEN **********) arasında da xx.xx.2018-ci ildə 07900 nömrəli aktla müqavilə imzalanmışdır və nəzarət kassa aparatı qeydiyyata alınaraq istifadəsinə icazə verilmişdir. Həmin müqaviləyə əsasən vergi ödəyiciləri hər ay üçün 6 manat xidmət pulu ödəməyi öhdəsinə götürür. Vergi ödəyici Cavabdeh həmin öhdəliyini xx.xx.2019-cu ilədək yerinə yetirmiş, ödənişləri etmiş, sonradan xx.xx.2019-cu ildən xx.xx.2023-ci ilədək olan öhdəliyi yerinə yetirməmişdir. Beləliklə Cavabdeh tərəfindən 2020-ci ildən 3 ay, 2021-ci ildən 6 ay, 2022-ci ildən 12 ay, 2023-cü ildən 12 ay ərzində xidmət pulu ödənilməmişdir. Toplamda cavabdehin 33 ay abunə borcu 198 manat və qeydiyyatdan çixma aktı 35 manat pul məbləği ödənilməmişdir. Həmçinin cavabdeh məhkəmə keçirilməsi ilə bağlı 30 manat məbləğində məhkəmə xərci ödənilmişdir. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək, iddia əsassız olduğundan onun rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, 20 Yanvar metrosunun yaxınlığında yerlışən “Velotrek” ticarət mərkəzində icarəyə mağaza götürərək ticarətlə məğul olur. İddiaçı MMC-dən 2018-ci ilin sonlarında öz vəsaiti hesabına, yəni nağd qaydada pulunu ödəməklə “merkuri 130 F-01” markalı, nəzarət kassa aparatı almışdır. Həmin aparat iddiaçı tərəfindən onun işlətdiyi mağazaya gətirilmiş və vergi orqanında qeydiyyata alındıqdan sonra istifadəsinə icazə verilmiş və bildirilmişdir ki, o hər ay 6 manat xidmət haqqı verməlidir. İddiaçı MMC tərəfindən ilkin vaxtlar nəzarət kassa aparatlarına arabir servis xidmətləri göstərilmiş və o 2020-ci ilin mart ayının sonunadək hər ay xidmət haqqını vaxtlı-vaxtında iş yerinə gələn iddiaçının nümayəndəsinə ödəmişdir. Lakin bununla bağlı ona hər hansı bir ödəniş qəbzi verilməmişdir. Ümumiyyətlə işlədiyi ticarət mərkəzində hamı qeyd olunan xidmət haqqı deyilən pulu İddiaçı MMC-nin nümayəndəsinə nağd qaydada hər hansı bir ödəniş qəbzi təqdim olunmadan vermişdir. Lakin onunla İddiaçı MMC arasında hər hansı bir müqavilə, o cümlədən 07900 nömrəli xidmət müqaviləsi imzalanmamışdır. İşdə olan xx.xx.2018-ci il tarixli 07900 nömrəli servis texniki xidmət müqaviləsindəki “istehlakçı” sözünün qarşısındakı imza ona məxsus deyildir. Həmin müqavilə yəqin ki, İddiaçı MMC tərəfindən ona nəzarət kassa aparatı satıldıqdan sonra həmin MMC-nin səlahiyyətli şəxsləri tərəfindən tərtib olunub və onun əvəzindən saxta imza olunmuşdur. 2020-ci ilin mart ayından 2021-ci ilin avqust ayının sonunadək koronavirus (Covid-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə ticarət mərkəzinin fəaliyyəti dövlət orqanlarının qərarı ilə dayandırılmışdır. Yəni, ticarət mərkəzinin bağlanması səbəbindən fəaliyyət göstərmədiyindən NKA işləmədiyindən ona texniki xidmət göstərilməmiş, bu səbəbdən də texniki xidmət haqqı ödənilməmişdir. 2021-ci ilin avqust ayında ticarət mərkəzinin fəaliyyət göstərməsinə icazə verilmiş, elə həmin ərəfədə dövlət orqanlarının qərarı ilə e-kassa sisteminə keçirilməsi ilə əlaqədar olaraq xx.xx.2021-ci il tarixdə işlətdiyi mağazada PAX A620” markalı smart tipli e-kassa aparatı quraşdırılmışdır. xx.xx.2021-ci il tarixdən “Merkuri 130 F-01” markalı NKA-nın fəaliyyəti dayandırılmış və qeyd olunan dövrdən sonra həmin NKA ilə heç bir əməliyyat aparılmamış və ona texniki xidmət göstərilməmişdir. Bu səbəbdən də onlara texniki xidmət haqqı ödənilməmişdir. İddiaçı MMC-nin ona satdığı “Merkuri 130F-01” markalı nəzarət kassa aparatı smart tipli aparat olmadığından e-kassa sisteminə inteqrasiya olunmadığı üçün dəyişdirilməsi tələb olunurdu. xx.xx.2021-ci il tarixdə həmin “Merkuri 130 F-01” markalı nəzarət kassa aparatı mülki dövriyyədən çıxarılaraq adi bir yararsız əşya kimi kənara atılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinini 2019-cu il 1 avqust tarixli 338 nömrli qərarı ilə təsdiq edilmiş nəzarət-kassa aparatlarının istismarının qaydalarna əsasən NKA operatoruna dair tələblər və onun qeydiyyatı NKA istehsalçısı tərəfindən həmin NKA-ya servis-texniki xidmət göstərmək bacarığını təsdiq edən sənəd verilmiş ən azı 12 nəfər əməkdaşı olmadığı “Merkuri 130 F- 01” marklalı nəzarət kassa aparatları müsair tələblərə cavab vermədiyi və sair çatışmazlıqlara görə İddiaçı MMC-nə Dövlət Vergi Xidməti tərəfindən kassa operatoru qismində faəliyyət göstərməsi üçün icazə verilməmişdir. Dövlət Vergi Xidməti tərəfindən ekassa operatoru kimi fəaliyyət göstərməsinə icazə verilmiş 8 hüquqi şəxs barəsində məlumatlar e-kassa.gov.az saytında göstərilmişdir. Orada İddiaçı MMC-nin adı yoxdur, ona belə bir səlahiyyət verilməmişdir. Bu barədə Dövlət Vergi Xidməti tərəfindən vergi ödəyicilərinə, o cümlədən ona xəbərdarlıq məktubu göndərilmişdir. Azərbaycan Republikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydalara əsasən vergi orqanları ondan və işlədiyi ticarət mərkəzində onun kimi fəaliyyət göstərən digər vergi ödəyicilərindən həmin NKA-nın dəyişdirilməsini tələb etdikləri üçün və eyni zamanda “X5” MMC-nə müvafiq dövlət qurumu trəfindən e-kassa operatoru səlahiyyət verilmədiyi üçün o e-kassa operatoru kimi qeydiyyatdan keçmiş "xxxx" MMC ilə xx.xx.2021-ci il tarixdə müqavilə bağlamış və həmin şirkət tərəfindən ünvan 1 ünvanında yerləşən mağazada “Pax A620” nömrəli smart kassa yəni, yeni nəsil nəzarət kassa aparatı quraşdırılmışdır. Həmin tarixdə "xxxx" MMC ilə aralarında “PAX A620” nömrəli NKA texniki xidmət göstərilməsi barədə müqavilə bağlanmış və müqavilənin şərtlərinə uyğun olaraq xidmət haqqı həmn MMC-yə ödənilir. “Merkuri 130 F-01” markalı nəzarət kassa aparatı formal olaraq xx.xx.2022-ci ildə dövlət orqanı tərəfindən qeydiyyatdan çıxarılmasına baxmayaraq 2020-ci ilin mart ayından yuxarda qeyd etdiyi səbəblərdən faktiki olaraq həmin NKA-ı istifadə olunmamış, onunla hər hansı əməliyyat aparılmamış, həmin tarixdən kassa mülki dövriyyədən faktiki olaraq çıxarılmışdır. Ona görə də həmin NKA-na 2020-ci ilin mart ayından hər hansı texniki xidmət göstərilməmişdir. Həmin “Merkuri 130 F-01” markalı nəzarət kassa aparatını o öz vəsaiti hesabına almışdır və onun mülkiyyəti hesab olunur. Dövlət Vergi Xidməti orqanlarında xx.xx.2021-ci il tarixdə “PAX A620” markalı smart tipli nəzarət kassa aparatl qeydiyyata alındıqdan sonra vergi orqanlarına hesabat e-kassa sistemi vasitəsi ilə verilmişdir. İki kassanın eyni vaxtda işlədilməsi yolverilməzdir. “PAX A620” markalı smart tipli nəzarət kassa aparatı ilə “Merkuri 130 F-01” markalı nəzarət kassa aparatının hansı tarixdən hansı tarixədək əməliyyatlar aparılmasını müəyyən etmək üçün Dövlət Vergi Xidmətinə sorğu göndərilməsi xahiş edir.(bununla “Merkuri 130 F-01” markalı nəzarət kassa aparatı NKA-a faktiki olaraq hansı vaxtdan işləməməsi öz təsdiqini tapmış olar). Qeyd olunan faktları “park 20 Şopping” ticarət mərkəzinin müvafiq səlahiyyətli şəxsləri də təsdiq edə bilərlər. İddiaçı MMC tərəfindən 2020-ci ilin mart ayından bu günüdək onun işlətdiyi mağazada NKA heç bir texniki xidmət göstərilmədiyi üçün ona xidmət haqqı ödənilməmişdir. İddiada göstərilən qeydiyyatdan çıxma aktına görə 35 manat pul tələbi də əsassızdır. Belə ki, “Merkuri 130 F-01” markalı nəzarət kassa aparatı itdiyi üçün onu iddiaçı yox, vergi orqanı tərəfindən qeydiyyatdan çıxarılmışdır. Dövlət Vergi Xidmətinin elektron informasiya bazasından ünvan 1 ünvanında yerləşən mağazada olan “PAX A620” markalı yeni nəsil nəzarət kassa aparatının qeydiyyat vərəqələrini, həmçinin “Merkuri 130 F-01” markalı, 00223295 zavod nömrəli NKA-nın itməsi və onun xx.xx.2022-ci il tarixdə vergi orqanı tərəfindən qeydiyyatdan çıxarılması barədə əlavə etdiyi sənədləri hazırkı etiraz ərizəsinə əlavə edir. Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-1572/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, əgər aralarında müqavilə olmasa onlar tərəfindən kassa aparatı necə blomplana bilərdi. Vergilər Nazirliyinin özünün xüsusi cədvəli var, Vergilər Nazirliyi vergi ödəyicisinin dövri hesabatının növbəyi ayın son gününə kimi təqdim edilməsi ilə bağlı hər il məktub ünvanlayır. Onlar da xidmət göstərilməsi ilə bağlı hər 3 aydan bir vergi ödəyicisinə qaimə vurullar. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmənin hazırlıq iclasında iştirak edən Cavabdeh izahat verərək bildirmişdir ki, müqaviləni o imzalamamışdır. O, yeni nəsil kassa aparatı ilə işləyir. Ona heç bir qəbz verilməyib. Aparatları gətirib bazarda paylayıblar. Müqaviləyə də onun soyadına uyğun imza çəkiblər. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan STXM-İddiaçı MMC ilə Cavabdeh arasında servis texniki xidmət göstərmək məqsədi ilə bağlandığı iddia edilən xx.xx.2018-ci il tarixli 07900 nömrəli müqavilənin surətindən görünür ki, istehlakçı Veyisov X1-130F-01 tipli zavod 00223285 nəzarət kassa aparatına istismar qaydalarına uyğun servis texniki xidmət göstərməyi tapşırır, STXM isə həmin istisamar qaydalarına uyğun tapşırığı öz üzərinə götürür. İş materiallarında olan nəzarət kassa aparatının qeydiyyata alınması haqqında xx.xx.2018-ci il tarixli **********019000 nömrəli aktdan görünür ki, Cavabdeh işlətdiyi ünvan 1də yerləşən mağazada Merkuri 130-F-01 markalı 00223285 nömrəli nəzarət kassa aparatı qeydiyyata alınmış, NKA-nın sahibinə NKA-nın möhürlərinin qorunub saxlanılmasına cavabdehlik daşıması haqqında xəbərdarlıq olunmuşdur. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixli 07900 nömrəli müqaviləyə əsasən hesablanan abunə üzrə xidmət haqqı 198 manat və qeydiyyatdan çıxma aktı 35 manat olmaqla, cəmi borc 233 manat təşkil edir. İş materiallarında olan cavabdeh tərəfindən etiraz ərizəsinə əlavə edilmiş Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinin bildirişindən də görünür ki, Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Dövlət Vergi Xidmətinin elektron informasiya sisteminə real vaxt rejimind qoşulmalı olan “Nəzarət-kassa aparatlarının tətbiqi Qrafiki”nin təsdiq edilməsi haqqında” 14 fevral 2019-cu il tarixli 52 nömrəli Qərarına əsasən Bakı şəhərində iri ticarət mərkəzləri(“Mall” tipli), şəbəkə sistemli marketlər, yanacaqdoldurma məntəqələri 2019-cu ilin 1 iyul tarixinədək (İ mərhələ) ixtisaslaşmış qaydada avtomobil satışını həyata keçirən vergi ödəyiciləri, şadlıq evləri 2019-cu il 1 iyul tarixədək, mebel satışı üzrə ixtisaslaşmış müəssisələr 2019-cu ilin 1 oktyabr tarixədək(İİ mərhələ), X7 ödəyicilərinin pərəkandə ticarət və(və ya) ictimai iaşə fəaliyyəti üzrə təsərrüfat subyektləri(obyektləri) 2020-ci il 1 yanvar tarixdək(İİİ mərhələ) və digər pərakəndə ticarət və(və ya) ictimai iaşə fəaliyyəti üzrə təsərrüfat subyektləri(obyektləri) 2021-ci il 1 aprel tarixədək(İV mərhələ) yeni nəsil kasa aparatları qurşadırılmalı olduğu qeyd edilmişdir. İş materiallarında olan cavabdeh tərəfindən etiraz ərizəsinə əlavə edilmiş PKS-in qeydiyyata alınması barədə xx.xx.2021-ci il tarixli aktdan görünür ki, "xxxx" MMC tərəfindən ünvan 1 ünvanında yerləşən mağazada “Pax A620” nömrəli smart kassa aparatı quraşdırılmışdır. İş materiallarında olan cavabdeh tərəfindən etiraz ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi 20-ci Polis Bölməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh tərəfindən ərizə ilə müraciət edilərək bildirmişdir ki, bir neçə ay bundan öncə Nəsimi rayonu, Moskva prospekti, ev 3007-ci məhəllədə yerləşən Veletrak ticarət Mərkəzinə məxsus olan “Merkuri-130 F-01 markalı” 00223285 zavod nömrəli və **********- 14002 VÖEN-li kassa aparatı orada təmir işləri gedən zaman fəhlələrin etdiyi məsuliyyətsizlikdən lazımsız əşya kimi zibil qutusuna atılmışdır. İş materiallarında olan cavabdeh tərəfindən etiraz ərizəsinə əlavə edilmiş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsi tərəfindən Cavabdeh ünvanlanan nəzarət-kassa aparatının qeydiyyatdan çıxarılması barədə məktubdan görünür ki, **********-14002 kodlu təsərrüfat subyektində quraşdırılmış Merkuri 130-F-01 markalı 00223285 nömrəli nəzarət kassa aparatı qeydiyyatdan çıxarılmışdır. İş materiallarında olan malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə xx.xx.2024-cü il tarixli MT2408 nömrəli elektron qaimə-fakturada Cavabdeh İddiaçı MMCyə 198 manat abone borcunun olması göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı iddianın əsası kimi Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə istinad etmişdir. Məhkəmədə dindirilən Cavabdeh qeyd olunan müqaviləni imzalamadığını bildirərək, iddia tələbinin əsası kimi çıxış edən sübutları mübahisələndirmişdir. Bundan sonra məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixdə iddiaçıya məktub göndərilərək, xx.xx.2018-ci il tarixli 07900 nömrəli müqavilənin əslinin məhkəməyə təqdim edilməsi təklif edilsə də, müqavilənin əsli məhkəməyə təqdim edilməmişdir. Məhkəmə tərəfindən işin qeyd olunan halına aydınlıq gətirilməsi, işə obyektiv baxılması, sübutlara müvafiq hüquqi qiymət verilməsi məqsədi ilə iş üzrə məhkəməxətşünaslıq ekspertizası təyin edilmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən təyin edilərək alınmış Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-4/1820 nömrəli rəyindən görünür ki, xx.xx.2018-ci il tarixli 07900 nömrəli müqavilədə tədqiq olunan imzanı Cavabdeh imza nümunələri ilə müqayisə etdikdə məlum oldu ki, tədqiq olunan sənədin kserosurət olması ilə əlaqədar hərf və cizgilərin zəif əks olunması, qrafik materialların azlığı, cizgilərin sadəliyi, imzalarda həm uyğunlaşdırıcı həm də fərqləndirici əlamətlərin olması səbəbindən imzanın Cavabdeh tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmamışdır. Tədqiqatın dəyəri 127 manat təşkil etmişdir. Məhkəmə ekspert rəyini iş üzrə əhəmiyyət kəsb edən mötəbər hal kimi nəzərə alaraq, hesab edir ki, öhdəlik yaradan müqavilənin cavabdeh tərəfindən imza olunması təsdiqini tapmır. Eyni zamanda iddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında da sübut kimi cavabdehə göndərilən elektron qaiməyə istinad etmişdir. Lakin həmin elektron vergi-hesab fakturasıı özü-özlüyündə işlərin görülməsini və ya xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir. Belə ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergihesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Beləliklə, iddiaçının təqdim etdiyi sübutlara əsasən cavabdehin borcu təsdiqini tapmadığına görə iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. İddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu və ekspertiza xərci iddiaçıya aid edilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməməli, Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. 127 manat ekspertiza xərci İddiaçındən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. 127 manat ekspertiza xərci İddiaçındən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar