Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-689/2025 29.04.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X1 iclas katibliyi ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixli XMİ- 22/24 saylı xidmət müqaviləsi və MT**********74 saylı qaiməyə əsasən Cavabdeh MMC-yə ödənilmiş 10000 manat pul vəsaitinin, o cümlədən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 120 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh MMC arasında ünvan 1 ünvanında yerləşən 2 nömrəli ofisdə yenidən ümumi təmir işlərinin yerinə yetirilməsi və tələb olunan avadanlıqların icraçıya sifariş verilməsi bunun müqabilində razılaşdırılmış haqqın sifarşçi tərəfindən ödənilməsi üzrə xx.xx.2024-cü il tarixli, XMİ-22/24 nömrəli müqavilə bağlanmışdır. Belə ki, xx.xx.2024-cu il tarixli XMİ-22/24 saylı xidmət müqaviləsi və MT**********74 saylı qaiməyə əsasən 10000 manat pul vəsaiti "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixində Cavabdeh MMC-nin bank hesabına köçürülmüşdür. İddiaçı müqavilə üzrə öhdəliklərini tam icra etsə də, müqavilə şərtləri cavabdeh tərəfindən pozulmuş, ona dəfələrlə şifahi və yazılı qaydada xəbərdarlıq edilsə də o, bir aydan çox müddətə öz öhdəliklərini icra etməmişdir. Hazırkı məqamda müqavilədən irəli gələn öhdəliklər icra edilmir, müqavilə şərtləri kobud şəkildə pozulmaqla, öz öhdəliklərini tam icra etmiş vicdanlı tərəf "xxxx" ASC-yə zərər vurulur. İddiaçı xx.xx.2024-cü il tarixində qanunvericiliklə tələb edilən qaydada pretenziya məktubu ilə cavabdehə müraciət etmiş, öhdəliklərinin icrasından yayındığı üçün ona ödənilmiş 10000 (on min) manat vəsaitin 3 (üç) gün müddətində, yəni xx.xx.2024-cü il tarixindək geri qaytarılmasını tələb etmişdir. Qeyd edilənlərə baxmayaraq cavabdeh nə müqavilə üzrə öhdəliklərinin icrasına, nə də ona ödənilmiş vəsaitin geri qaytarılmasına dair hər hansı hərəkətlilik göstərməmişdir. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddiaçıya və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, iddiaçının nümayəndəsi elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.4-cü maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndələrinin iştirakı olmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: xidmət müqaviləsi, bank hesabına köçürmə və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, XMİ-22/24 nömrəli xidmət müqaviləsinə əsasən sifarişçi lahiyədə nəzərdə tutulan ünvan 1 ünvanında yerləşən 2 nömrəli ofisdə yenidən ümumi təmir işlərinin yerinə yetirilməsi xidmətini və tələb olunan avadanlıqları icraçıya sifariş verib, razılaşdırılmış xidmət haqqı ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada qeyd olunan xidmətləri göstərməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən xidmət haqqı, hər ay görülmüş iş üçün təhvil-təslim aktı imzalandıqdan sonra sifarişçi tərəfindən icraçıya 15 gün ərzində bank hesabına köçürmə yolu ilə həyata keçirilir. İş materiallarında olan 15 noyabr 2024-cü il tarixli, 010XOH********** nömrəli hesab əməliyyatı qəbzindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə 10000 manat məbləğində pul köçürmüşdür. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə müqavilədə nəzərdə tutulmuş xidmətin göstərilməsi üçün 10000 manat məbləğində pul köçürülmüşdür. Cavabdehin hesabına qeyd olunan məbləğdə pulun köçürülməsi 15 noyabr 2024-cü il tarixli, 010XOH********** nömrəli hesab əməliyyatı qəbzi ilə təsdiqini tapır. Odur ki, Cavabdehndən 10000 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılmaq üçün 120 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi tam təmin edildiyindən ödənilmiş 120 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdehndən 10000 manat məbləğində pul, o cümlədən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 120 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 10000 manat məbləğində pul, o cümlədən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 120 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə
Məhkəmə qərarları › İş №e-2-2(115)-689/2025
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-689/2025
29.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver