Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-73/2025 23.01.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehndən xx.xx.2016-cı il tarixli abunə müqaviləsinə əsasən 2599,16 manat pulun və ödənilmiş 46 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış xx.xx.2016-cı il tarixli abunə müqaviləsinə əsasən iddiaçı müqaviləyə əlavə edilmiş əlavədə müəyyən edilən nömrələr ilə cavabdehi təmin edir, açıq rabitə xətti ayırır və xidmətlərin göstərilməsini təmin edir, cavadeh isə öz növbəsində bu müqavilədə və müvafiq tarif planı üzrə nəzərdə tutulmuş qaydada təqdim olunan xidmətlərdən istifadə edib müvafiq ödənişləri həyata keçirməyi öz üzərinə götürmüşdür. Abunə müqavilələrinin 4.3-cü maddəsinə görə abunəçi müntəzəm olaraq balansını yoxlamalı və müsbət olmasını təmin etməli, müqavilənin şərtlərinə uyğun olaraq vaxtlı-vaxtında xidmətlərdən istifadəyə görə və İddiaçı tərəfindən ayrılmış kredit limiti üzrə yaranmış borcların ödənişini həyata keçirməlidir. Lakin cavabdeh tərəfindən müqavilə üzrə öhdəlikər pozulmuş, göstərilmiş xidmətlərin haqqı vaxtında ödənilməmişdir. Nəticədə, hazırki vaxta cavabdehin iddiaçıya 2599,16 manat borcu qalmışdır. İş üzrə Cavabdeh MMC ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbi üzrə iddia müddəti keçdiyindən iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, hal-hazıra kimi İddiaçı MMC ilə Cavabdeh MMC arasında son hesablaşma üzrə qarşılıqlı üzləşmə aktı tərtib olunmamışdır və heç bir vaxt borcun tələbinə dair Cavabdeh MMC-nin hesablaşma hesabına bildiriş və sərəncam qoyulmamış, borc barədə xəbərdarlıq göndərilməmişdir. Hal-hazırda isə Cavabdeh MMCnin fəaliyyəti maliyə çatışmazlığı səbəbindən dayandırılmışdır. İddiaçı isə iddia tələbi üzrə iddia müddətini ötürmüşdür. Belə ki, 2013-cü il tarixdə təsdiq olunmayan borc iddiasının müddəti bitdiyindən 3 il ərzində, yəni 2017-ci ildə məhkəməyə iddia qaldıra bilərdi ancaq, iddiaçı 2024-cü ilin noyabr ayında iddia qaldırmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə2 izahat verərək bildirdi ki, əvvəlcə bu borca görə icra qeydi əsasında ondan pul tutulurdu, daha sonra bu barədə Bərdə Rayon Məhkəməsinə müraciət etmiş və icra qeydi ləğv olunmuşdur. Sırf hazırkı iş üzrə borcu ondan tələb edilirdi. İcra qeydi ləğv edilmiş, onun pensiyasından tutulan pul da ona geri qaytarılmışdır. Qeyd edilən borc məbləği ilə razı deyildir. Ona tarif planı, qiymət cədvəli verilməmişdir. Aldığı nömrələrin sayı yadında deyildir. Nömrələrin hamısını satmamış, satdıqlarının pulunu vermiş, satmadıqlarını qaytarmaq istəsə də ona bildirmişlər ki, həmin nömrələr dövriyyədən çıxarılmışdır. Nömrələri qaytarmaq istəsə də cavabdeh buna ehtiyac olmadığını bildirmişdir. Satılmayan nömrələr hələ də ondadır. Onun borcu iddia ərizəsindəki qədər olmamışdır. İddiaçı həmçinin iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə2 izahatında həmçinin göstərdi ki, nömrələr müqavilə bağlanandan 1 gün sonra ona təqdim edilmişdir. Nömrələr təxminən 500 ədəd olmuşdur. Həmin nömrələri o satmalı idi, satışdan əldə etdiyi pulları da iddiaçıya qaytarmalı idi. İddiaçıya 2-3 dəfə pul göndərmişdir. Daha sonra iddiaçıya demişdir ki, nömrələr satılmır, geri qaytarmaq istəyir, onlar isə bildirmişlər ki, həmin nömrələr ləğv edilmişdir, geri qaytarmağa zərurət yoxdur. Təxminən 200-300 ədəd nömrə qalmışdır. Nömrələri onları əldə etdikdən 2-3 ay sonra qaytarmaq istədiyini bildirmişdir. Ona hər hansı hesab-faktura və ya qaimə təqdim edilməmişdir. Müqavilə bağlandıqdan 3-4 il sonra ona zəng edib borcunun olduğunu bildirmişlər. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasını onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 11 yanvar 2016-ci il tarixli abunə müqaviləsindən görünür ki, hazırki müqaviləyə əsasən İddiaçı siyahısı bu müqaviləyə əlavə olan 1 saylı əlavədə müəyyən edilən nömrəni təmin edir, açıq rabitə xətti ayırır və xidmətlərin göstərilməsini abunəçiyə təmin etməyi, abunəçi isə öz növbəsində bu müqavilədə və müvafiq tarif planı üzrə nəzərdə tutulmuş qaydada təqdim olunan xidmətlərdən istifadə etməyi və xidmətlərdən istifadəyə görə müvafiq ödənişləri həyata keçirməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.1.1-ci bəndinə əsasən İddiaçı abunəçi tərəfindən hazırki müqavilə imzalanan tarixə qüvvədə olan tariflər, abunəçinin seçdiyi tarif planı üzrə nəzərdə tutulmuş ilkin ödəniş məbləğinin ödənişi həyata keçirildikdən sonra rabitə xəttini aktivləşdirir, yoxlayır və abunəçini nömrə və SİM kart ilə təmin etmək, müqavilənin 4.4.3-cü bəndinə əsasən isə “Azərfon” tərəfindən təqdim olunan seçim çərçivəsində tarif planını seçmək, müvafiq şərtlər və qaydalara uyğun olaraq onu digəri ilə əvəz etmək İddiaçı un öhdəliklərindən biri olaraq nəzərdə tutulmuşdur. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən abunəçiyə tarif planına uyğun istifadəsində olan xidmətlərə görə hesab-faktura təqdim olunur. Hesab-faktura aldıqda abunəçi ödənişi hesab-fakturada göstərilən son ödəmə tarixindən əvvəl həyata keçirməyə borcludur. Hesabfakturada göstərilən məbləğin tam olaraq vaxtında ödənilməməsi bu müqavilənin şərtlərinin kobud şəkildə pozulması kimi hesab edilir. Həmiçinin müqavilənin 9.2-ci bəndinə əsasən abunəçi “yazılı şəkildə rəsmi müraciət əsasında” “Azərfon” a təqdim etməklə bu müqavilə əsasında göstərilən xidmətləri istənilən zaman müvəqqəti olaraq 90 təqvim gündən artıq olmayan müddətdə dayandıra bilər. Eyni zamanda abunəçi bu prosedura uyğun olaraq müqaviləyə xitam vermək hüququna da malikdir. Müqavilə üzrə xidmətlərin dayandırılması və eləcə də müqaviləyə xitam verilməsi heç bir halda abunəçini müvafiq rabitə xəttinin bağlanılma anına qədər nömrədən istifadə nəticəsində yaranmış borclarını ödəmək öhdəliyindən azad etmir. Abunəçinin müraciəti əsasında müvəqqəti dayandırılmış xidmətlər abunəçinin həmin qaydada rəsmi müraciəti əsasında istənilən zaman bərpa oluna bilər. Əgər bu müqavilə əsasında xidmətlərin müvəqqəti dayandırılması müddəti keçdikdən dərhal sonra abunəçi həmin xidmətlərin bərpa olunması məqsədi ilə bu maddədə nəzərdə tutulmuş qaydada İddiaçı a müraciət etməzsə, bu halda müqavilə tərəflərin qarşılıqlı razılığı əsasında xitam verilmiş hesab ediləcək və İddiaçı nömrəni istənilən üçüncü şəxslərin istifadəsinə vermək və ya nömrədən qanunvericiliyə zidd olmayan digər məqsədlər üçün istifadə etmək, eləcə də rabitə xəttini bağlamaq hüququna malikdir. Əgər abunəçi nömrə aktivləşdirildikdən sonra 3 təqvim ili ərzində xidmətlərdən rəsmi şəkildə imtina edərsə, bu halda abunəçi hər bir imtina edilmiş nömrəyə görə 30 manat məbləğində İddiaçı a imtina haqqı ödəməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli hesab fakturadan görünür ki, nömrələrin siyahısı göstərilmiş, hər bir nömrə üzrə istifadə haqları və borc məbləğinin 2599,16 manat olması qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 379.4-cü maddəsinə əsasən müddətin dayandırılmasına əsas vermiş halın sona çatdığı gündən müddətin axımı davam edir. Müddətin qalan hissəsi altı aya qədər uzadılır, iddia müddəti altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddətinə qədər uzadılır. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Məhkəmə qeyd edir ki, iddia tələbində iddiaçı xx.xx.2016-cı il tarixli abunə müqaviləsinə əsasən yaranmış 2599,16 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. Məhkəmə ilk öncə onu qeyd edir ki, iddiaçı xx.xx.2016-cı il tarixli abunə müqaviləsini məhkəməyə təqdim etsə də nömrələr barəsində məlumatları əks etdirən 1 saylı əlavəni, qiymətləri əks etdirən tarif planını, xx.xx.2016-cı il tarixdən sonra ödənişin edilməsi ilə bağlı cavabdehə hesab-faktura təqdim etdiyinə dair sənəd təqdim etməmişdir. İddiaçı məhkəməyə cavabdehə nömrələr təqdim etməsi, hansı sayda və hansı vaxtda təqdim etməsi, tərəflərin abunə haqları ilə bağlı qiymət razılaşmasını əks etdirən hər hansı sübut təqdim etməmişdir. Bununla yanaşı cavabdehin nümayəndəsi izahatında iddiaçıdan müqavilə bağlandıqdan bir gün sonra nömrələr aldığını, onların bir qismini satdığını, bir qismini sata bilmədiyini, sata bilmədiyi nömrələrin hələ də onda qaldığını, geri qaytarmaq istəsə də iddiaçının nömrələri götürmədiyini bildirdi. İddiaçı tərəfindən saylı dəqiq müəyyən edilməsə də cavabdeh təşkilata abunə müqaviləsinə əsasən nömrələr verilməsi və cavabdeh təşkilatın iddiaçıya məbləği müəyyən edilməsə də borcunun olması cavabdehin izahatı ilə təsdiq olunur. Bununla belə məhkəmə qeyd edir ki, abunə müqaviləsi bağlandıqdan uzun bir müddət ərzində, yəni xx.xx.2016-cı il tarixdən xx.xx.2024-cü il tarixdək cavabdehə borcun ödənilməsi ilə bağlı hesab-faktura təqdim etməsi, borcla bağlı hər hansı bildiriş göndərməsi müəyyən edilmir. Müqavilədə tərəflər hesab-faktura təqdim etməklə borcun ödənilməsinin tələb ediləcəyi və hesab-fakturada göstərilən son ödəmə tarixindən əvvəl borcun həyata keçirilməsi ilə bağlı razılaşmışlar. İddiaçı məhkəməyə xx.xx.2024-cü il tarixli hesab faktura təqdim edərək cavabdehin 2599,16 manat borcu olmasını qeyd etsə də həmin fakturanın da cavabdehə göndərməsi iş materialları ilə təsdiq edilmir. Yalnız həmin sənəd məhkəməyə təqdim edilmişdir. Göründüyü kimi iddiaçı xx.xx.2016-cı il tarixdən səkkiz ildən artıq müddət keçdikdən sonra müqavilə üzrə borc məbləğini cavabdehdən tələb etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi üzrə iddia müddəti ötürülmüşdür. İddiaçı ilə cavabdeh arasında abunə müqaviləsi dən xx.xx.2016-cı il tarixdə bağlanmış, iddiaçı cavabdehə borcun ödənilməsi ilə bağlı hər hansı sənəd təqdim etməmiş, səkkiz ildən artıq müddət keçdikdən sonra xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, 3 illik iddia müddətini üzürsüz səbəbdən ötürmüşdür. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı qanunvericiliklə nəzərdə tutulan iddia müddəti ərzində iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, 3 illik iddia müddətini üzürsüz səbəbdən ötürmüşdür. Cavabdeh tərəfindən iddia müddətinin tətbiqi ilə bağlı ərizə verildiyindən iddia tələbi təmin edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən dövlət rüsumu da iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini əsasən QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-73/2025
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-73/2025
23.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver