Məhkəmə qərarları › İş №e-2-2(115)-79/2024

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-79/2024

27.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-79/2024 27.05.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X4 iclas katibliyi ilə, İddiaçının vəkili və nümayəndəsi Vəkil1, Cavabdehin vəkili və nümayəndəsi Vəkil2 Mürşid oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh Kəndli (Fermer) X2 Cəmiyyətinə qarşı pul tələbinə dair iddia ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh Kəndli (Fermer) X2 Cəmiyyətinə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Kəndli (Fermer) Təsərrüfatı MMC-dən ona vurulmuş real zərərə görə 197851 manat və əldən çıxmış fayda olaraq 217500 manat, 400 manat mediasiya xərci, 305,35 manat dövlət rüsumu olmaqla cəmi 416055.85 manat pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, fərdi sahibkar olaraq (VÖEN **********) fermer təsərrüfatı ilə məşğuldur. Uzun illərdir ki, əkin üçün yararlı olan torpaq sahələrinin sahibləri ilə müqavilələr bağlayaraq kənd təsərrüfatı sahəsində sahibkarlıq fəaliyyəti həyata keçirir. xx.xx.2022-ci il tarixdə Cavabdeh Kəndli (Fermer) Təsərrüfatı MMC-nin direktoru X6 ilə onun arasında Balakən rayonunda yerləşən ASAN xidmətdə “birgə fəaliyyətə dair müqavilə” bağlanmışdır. Bu müqavilənin şərtlərinə əsasən Cavabdeh Kəndli (Fermer) Təsərrüfatı MMC-nə icarə hüququ əsasında ona məxsus olan 203 ha torpaq sahəsinin 100 ha torpaq sahəsində qarğıdalı və soya məhsulları əkilib becərilməli idi. Müqavilə şərtinə əsasən məhsul yığımından sonra əldə etdiyi gəlirin 13 faizini cavabdehə verməli idi. Lakin müqavilə bağlandıqdan sonra razılaşdırılmış 13 faizin əvəzi olaraq cavabdeh ondan əvvəlcədən 97000 (doxsan yeddi min) manat tələb etdi və o da bu məbləğin ödənilməsini təmin etmişdir. 2022-ci ilin sentyabr ayından etibarən 100 hektar torpaq sahəsini səpinə yararlı hala salınması üçün yüksək məbləğdə xərclər çəkməyə başlamışdır. Müqavilə üzrə 100 ha əraziyə ilkin olaraq 75000 (yetmiş beş min) manat xərcləyib ərazini 6 ay müddətində (torpağı hazırlamaq və kübrəsini verməklə) tam səpin halına gətirmiş olmuşdur. Eyni anda da əlavə olaraq cavabdehə məxsus 49 ha ərazini səpin halına gətirmişdir. Lakin 2023-cü ilin mart ayından başlayaraq cavabdeh heç bir əsas olmadan işləri saxlamağı tələb etmişdir. Ondan işi dayandırmağının səbəbi barədə soruşanda o izahdan boyun qaçırmış və ona “sən bilməyən işlər var” deməklə əsassız fikirlər bildirmişdir. Sonradan ona məlum olmuşdur ki, cavabdeh qarğıdalı səpini üçün hazırladığı 100 ha ərazidə pambıq əkməyi planlaşdırır və bu məqsədlə o pambıq zavodu ilə müqavilə bağlayıb. Bununla bağlı araşdırma apararkən ona aydın olmuşdur ki, cavabdeh artıq 2022-ci ilin dekabr ayında pambıq zavodu ilə müqavilə bağlayıbmış. Halbuki, o, həmin müddətlərdə torpağı əkin-səpin halına gətirməyi üçün banklardan kredit vəsaiti cəlb edərək, işlərin görülməsi üçün külli miqdarda xərclər çəkmişdir. Ərazidə səpin üçün işləri görmək istəsə də cavabdeh təşkilatın direktoru X6 və özünü cavabdehin işçisi kimi təqdim edən X7 və digər şəxslər tərəfindən yaradılmış ciddi maneələr nəticəsində mümkün olmamışdır. Nəticə olaraq cavabdehin hüquqazidd hərəkətləri ilə müqavilənin icrasına maneçilik yaratmışdır və bu hal nəticəsində onların arasında mübahisə yaranmışdır. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona küllü miqdarda maddi zərər dəymişdir və əlavə olaraq xeyli zaman itirmişdir. Beləki, xx.xx.2022-ci il tarixli “birgə fəaliyyətə dair müqavilə”nin icrası məqsədi ilə şəxsi vəsaitini və bankdan 300000 manat kredit vəsaiti götürərək aşağıdakı xərclərin icrasına sərf etmişdir: 1. Cavabdehə ödənilən vəsait – 97000 manat; 2. Torpaq sahəsinə xərclənən – 67 880 manat; 3. Kredit faizlərinin ödənilməsi üçün – 55168 manat; 4. Kredit komissiyası üçün – 1000 manat; 5. Kredit faizlərinin ödənilməsi üçün – 11643 manat; 6. Kredit komissiyası üçün – 500 manat; 7. Səpiləmədiyi üçün anbarda qalan 90 kisə qarğıdalı toxumu (gələn ilə istifadəsi yararsiz hala düşə bilər) – 20 250 manat; 8. Nəqliyyat xərcləri olaraq – 11500 manat; Ümumilikdə cavabdehə 97 000 manat müqavilə şərtinə əsasən ödənilmiş və 67 880 manat sahə üçün xərclənmiş, digər xərclərin icrası nəticəsində isə 100061.99 manat olmaqla 264941.99 manat zərər dəymişdir. Cavabdeh müəsissənin direktoru X3 xx.xx.2023-cü il tarixdə imzaladığı iltizamda xərclərin bir çoxunu etiraf etmiş və xx.xx.2023-cü il tarixədək geri qaytaracağına dair öhdəlik götürmüşdür və müqavilə imzalanan zaman aldığı 97 000 manat məbləğindən 67091 manatını qaytarmışdır. İddiaçının vəkili və nümayəndəsi Vəkil1 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, iddiaçının tələb etdiyi zərər cədvəl formasında işlər və iltizamla təsdiq olunur. Qaytarılan pul çıxıldıqdan sonrada mövcud zərər qalmaqdadır. İddiaçı tərəf əkin aparılması üçün bütün hazırlıq işlərini görmüş və zəruri xərcləri çəkmişdir. Səpin mərhələsində cavabdeh tərəfindən iddiaçıya maneə göstərilmiş və nəticədə iddiaçıya zərər dəymişdir. Cavabdehin vəkili və nümayəndəsi Vəkil2 Mürşid oğlu məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, 17 sentyabr 2022-ci ildə tərəflər arasında həqiqətən müqavilə bağlanıb. Ancaq 2023-cü ilin aprel ayında iddiaçı tərəfindən razılaşmaya uyğun olaraq torpaq sahəsindən istifadə olunmamasına görə tərəflər arasında fikir ayrılığı yaranmışdır. Hətta ötən ilin may ayında Bərdə Rayon Məhkəməsində müqavilənin ləğv edilməsinə dair iddia qaldırılmışdır, lakin iş aidiyyatı üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. Balakən Rayon Polis Şöbəsində iddiaçı tərəf öz izahatında 71900 manatın ödənilməsini bildirmişdir. Ötən iclasda dediyim kimi 10000 dollar şahidin iştirakı ilə verilib. Hazırda iddiaçı tərəfə 8100 manat borcumuz qalıb. İltizama gəldikdə isə, biz iltizamda olan imzanın təmsil etdiyim şəxsə məxsus olmadığını bildiririk və qeyd etmək istərdim ki, Şəki Kommersiya Məhkəməsində iltizamın etibarsızlığı ilə bağlı iddia qaldırılıb, lakin hal-hazırki vaxtadək icraata qəbul edilməyib. Biz 97000 manat məbləği almışıq, amma qalan işlərin görülməsi barədə sübut yoxdur və biz bunu qəbul etmirik. Biz iddianı qismən qəbul edirik və bildiririk ki, bizim ancaq 8100 manat borcumuz var. Məhkəmədən iddianın qismən təmin edilməsini xahiş etdi. İddiaçı və cavabdeh tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: birgə fəaliyyətə dair müqavilə, iltizam, elektron qaimələr və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş tərəflər arasında bağlanılmış 17 sentyabr 2022-ci il tarixli birgə fəaliyyətə dair müqavilədən görünür ki, bu müqaviləyə əsasən tərəflər arasında birinci tərəfin mülkiyyətində və ya istifadəsində olan Bərdə rayonu ərazisində yerləşən 203 hektar torpaq sahəsindən kənd təsərrüfatına yararlı hissəsindən 100 hektar torpaq sahəsində icraçı tərəfindən birgə kənd təsərrüfatı məhsullarının (qarğıdalı və soya istehsalı üçün) əkilib becərilməsi üçün lazım olan bütün işlərin görülməsi məqsədi daşıyır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən tərəflərin razılaşmasına əsaəsn əkin sahələrinin biçilməsi hər iki tərəfin iştirakı və biçinə dair aktların rəsmiləşdirilməsi yolu ilə həyata keçirilir. İcraçı tərəf sahələrdən biçilmiş məhsul üzərində (13 faiz birinci tərəfə təqdim etməklə) tam səlahiyyətə malikdir və bu məhsul heç bir səbəblə üçüncü tərəfə onun icazəsi olmadan satıla və ya təqdim oluna bilməz. Torpaq sahəsinin icraçı tərəfindən əkilməsi müqabilində biçin zamanı əldə olunan məhsulun 13 faizini birinci tərəfə təhvil verir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən torpaq sahələrinin kefiyyətinin qorunmasına və mühafizə olunmasına, torpaq sahəsi ilə əlaqədar vergilərin, icarə haqlarının, suvarılma xərclərinin və digər zəruri ödənişlərin vaxtında ödənilməsinə, sahələrin suvarılmasının təmin edilməsinə, müvafiq icazələrin alınmasına, o cümlədən torpaq sahələrinin əkilib-becərilməsi ilə əlaqədar bəyannəmələri, məlumatları aiddiyəti orqanlara təqdim edilməsinə birinci tərəf cavabdehlik daşıyır. İş materiallarında olan Bərdə rayon sakini X3 Balakən rayon sakini İddiaçı vermiş olduğu iltizamdan görünür ki, İddiaçı 100 hektar əraziyə 67880 manat məbləğində xərc çəkmişdir. Qeyd edilən məbləğlərdən başqa o, İddiaçı torpağın icarə haqqı üçün ümumilikdə 97000 manat pulun 30000 manatını nağd olaraq Bərdə rayonunda, daha sonra 67000 manatını isə nağd olaraq Balakən rayonunda almışdır. Hal hazırda söz veririr ki, 05 may 2023-cü il tarixinə kimi 97000 manat pulu Balakən rayonu Mahamalar kənd sakini İddiaçı qaytaracaqdır. Qalan 67880 manat pulu isə 31 iyul 2023-cü il tarxinə kimi olan müddətədək tam olaraq ödəməyi öhdəsinə götürmüşdür. Qeyd edilən məbləğlərə zəhmət haqqı daxil olunmamışdır. İş materiallarında olan elektron qaimələrdən görünür ki, İddiaçı tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 41665 manat dəyərində toxum alınmışdır. İş materiallarında olan e-2-2(115)-79/2024 nömrəli 25 aprel 2024-cü il tarixli sorğudan görünür ki, məhkəmə tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə sorğu ünvanlanaraq məktuba qoşma olaraq əlavə edilmiş EBDA seriyalı 876685 nömrəli, EBDD seriyalı 723776 nömrəli, EBDB seriyalı 917703 nömrəli elektron qaimələrdə göstərilən qarğıdalı toxumlarının İddiaçı təhvil verilib-verilməməsi, təhvil verildiyi halda isə həmin toxumların dəyərinin ödənilib-ödənilməməsi, təhvil verilmiş toxumların hər hansı bir səbəbdən alıcı tərəfindən sonradan müəssisəyə geri qaytarılıb-qaytarılmaması, əgər geri qaytarıldığı təqdirdə qaytarılmış toxumun dəyərinin İddiaçı ödənilib-ödənilməməsi barədə məlumatların qısa müddətdə məhkəməyə təqdim olunması xahiş olunmuşdur. İş materiallarında olan 14 may 2024-cü il tarixli məktubdan görünür ki, qarğıdalı toxumunun dəyəri fərdi sahibkar İddiaçı tərəfindən tam olaraq ödənilmişdir, toxumun istifadə və satış sezonu keçdiyi üçün qaytarılmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 11 mart 2024-cü il tarixli 4/316 nömrəli məhkəmə xəttşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, X3 adından olan xx.xx.2023-cü il tarixli iltizamda “Abbasov.E.H” sözləri və “İmza” qrafasındakı imza- X6 tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.[16] 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.[17] 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 443.7-ci maddəsinə əsasən əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. 448.1-ci maddəsinə əsassən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. İşin məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında 17 sentyabr 2022-ci il tarixli birgə fəaliyyətə dair müqavilənin məqsədi Cavabdeh Kəndli (Fermer) X2 Cəmiyyəti mülkiyyətində və ya istifadəsində olan Bərdə rayonu ərazisində yerləşən 203 hektar torpaq sahəsinin kənd təsərrüfatına yararlı hissəsindən 100 hektar torpaq sahəsində İddiaçı tərəfindən birgə kənd təsərrüfatı məhsullarının (qarğıdalı və soya istehsalı üçün) əkilib becərilməsi üçün lazım olan bütün işlərin görülməsidir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən tərəflərin razılaşmasına əsaəsn əkin sahələrinin biçilməsi hər iki tərəfin iştirakı və biçinə dair aktların rəsmiləşdirilməsi yolu ilə həyata keçirilir. İcraçı tərəf sahələrdən biçilmiş məhsul üzərində (13 faiz birinci tərəfə təqdim etməklə) tam səlahiyyətə malikdir və bu məhsul heç bir səbəblə üçüncü tərəfə onun icazəsi olmadan satıla və ya təqdim oluna bilməz. Torpaq sahəsinin icraçı tərəfindən əkilməsi müqabilində biçin zamanı əldə olunan məhsulun 13 faizini birinci tərəfə təhvil verir. İddiaçı müqavilə üzrə öz öhdəliyini yerinə yetirərək 97000 manat pulu cavabdehə vermişdir. Həmin miqdarda pulun verilməsini cavabdehin nümayəndəsi X6 xx.xx.2024-cü il tarixli məhkəmə iclasında verdiyi izahatda da etiraf etmişdir. Tərəflər arasında müqavilə bağlandıqdan sonra İddiaçı müqavilə üzrə öz öhdəliyini yerinə yetirərək torpaq sahəsini səpinə yararlı hala salmaq üçün torpaq sahəsində aqrotexniki işlər görmüş və nəticədə 67880 manat xərc çəkmişdir. Eyni zamanda həmin torpaq sahəsində qarğıdalı əkinini həyata keçirmək üçün "xxxx" MMC-dən qarğıdalı toxumu alınmışdır. Torpaq sahəsi iddiaçı tərəfindən səpin üçün tam yararlı vəziyyətə gətirildikdən sonra cavabdeh müqavilə üzrə icra etməli olduğu öhdəliyi yerinə yetirməyərək iddiaçıdan torpaq sahəsində bütün işlərin dayandırılmasını və torpaq sahəsindən çıxmasını tələb etmişdir. Bundan sonra iddiaçı səpinə yararlı hala gətirdiyi torpaq sahəsindən çıxmaq məcburiyyətində qalmışdır. Nəticədə iddiaçıya zərər vurulmuşdur. Eyni zamanda həm iddia ərizəsindən, həm də xx.xx.2023-cü il tarixli məhkəmə hazırlıq iclasında iddiaçının nümayəndəsi Vəkil1 izahatından göründüyü kimi iddiaçı tərəf cavabdehin nümayəndəsinə müqaviləyə əsasən verilmiş 97000 manat pulun 67091 manatının cavabdehin nümayəndəsi tərəfindən iddiaçıya qaytarılmışdır. Cavabdehin nümayəndəsi isə xx.xx.2024-cü il tarixli məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, 97000 manat pulu alıb, lakin həmin pulun 78000 manatı geri qaytarılıb. Hazırda onun cavabdehə 19000 manat borcu qalmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Sarıyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 fevral 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2019-cu il tarixli Qərarında qeyd olunur ki, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq, mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən normanın məzmunundan da göründüyü kimi, qanunverici sübutetmə vəzifəsini iddiaçı və cavabdeh üçün bərabər şəkildə müəyyən etmişdir. Hazırki iş üzrə iddiaçı tərəfindən təqdim olunan sübutlardan və eyni zamanda cavabdehin nümayəndəsinin izahatından göründüyü kimi iddiaçı tərəfindən cavabdehə 97000 manat pul verilmişdir. Cavabdehin nümayəndəsi öz izahatında aldığı 97000 manat pulun 78000 manatını qaytardığını bildirsə də, bununla bağlı hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. İş materialları ilə müəyyən olunur ki, həqiqətən 97000 manat pul cavabdehin nümayəndəsinə verilmişdir. Cavabdehin nümayəndəsi həmin pulun 67091 manatını iddiaçıya qaytarmış və onun iddiaçıya 29909 manat borcu qalmışdır. Məhkəməyə təqdim edilən və düzgünlüyü ekspert rəyi ilə təsdiqini tapan iltizamdan göründüyü kimi X1 Qüdrət Həmid oğlunun 100 hektar əraziyə 67880 manat məbləğində xərc çəkdiyini və ondan 97000 manat pul aldığını etiraf etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya qaytarılmamış 29909 manat, torpaq sahəsinin səpinə yararlı vəziyyətə gətirilməsi üçün xərclənən 67880 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin səpilmədiyi üçün anbarda qalan qarğıdalı toxumunun alınması üçün ödənilmiş 20250 manat məbləğində pulun tutulması hissəsi ilə bağlı qeyd edir ki, həmin hissədə iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş elektron-qaimələrdən görünür ki, iddiaçı tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən qaröıdalı toxumları alınmışdır. Bununla bağlı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə sorğu ünvanlanmış və sorğunun nəticəsindən göründüyü kimi həqiqətən iddiaçı tərəfindən elektron-qaimələrdə göstərilən miqdarda qarğıdalı toxumları alınmışdır. İddiaçı tərəfindən alınmış həmin toxumun hazırki mübahisə edilən torpaq sahəsində əkilməsi üçün alınması işin mübahisəsiz halıdır. Çünki tərəflər arasında bağlanmış birgə fəaliyyətə dair müqavilədən göründüyü kimi həmin torpaq sahəsində qarğıdalı məhsulun əkilməsi nəzərdə tutulmuşdur. Lakin cavabdehin yaratdığı maneə nəticəsində qarğıdalı toxumu səpilə bilmədiyindən iddiaçıya 20250 manat zərər dəymişdir. Ona görə də həmin məbləğdə pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin kredit faizləri, kredit komissiyası və nəqliyyat xərclərinin cavabdehdən tutularaq ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı tərəfindən mötəbər sübutlar təqdim edilmədiyindən iddia tələbi həmin hissələrdə təmin edilə bilməz. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli ödəniş planından və kreditin verilməsi ilə bağlı köçürmədən görünür ki, həqiqətən İddiaçı tərəfindən 200000 manat kredit götürülmüşdür. Lakin həmin məbləğin hamısının məhz həmin torpaq sahəsi ilə xərclərə sərf olunduğunu müəyyən etmək mümkün deyildir. Eyni zamanda iddiaçı öz iddia ərizəsində bankdan 300000 manat kredit götürdüyünü bildirsə də, təqdim olunmuş sənədlərdən yalnız 200000 manat kredit götürdüyü məlum olur. Nəqliyyat xərcləri ilə bağlı da iddiaçı tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim edilmədiyindən iddia bu hissədə də təmin edilə bilməz. Məhkəmə iddia tələbinin 217500 manat əldən çıxmış faydanın ödənilməsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli qərarında göstərilmişdir ki, “hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir”. Baxılan iş üzrə MPM-in 77-ci maddəsinin tələbləri baxımından, sözügedən torpaq sahəsində əkin aparıla bilmədiyi üçün iddia olunan miqdarda əldən çıxmış fayda şəklində ziyanın vurulduğunu sübutetmə yükü, həmin ziyanın vurulduğunu iddia edən iddiaçının üzərinə düşür. Lakin iddiaçı tərəfindən belə sübutlar, o cümlədən analoji dövrlərdə, eyni ölçülü torpaq sahəsində əldə etdiyi gəlirlərə, əldə edəcəyi məhsulun satılması üçün apardığı hazırlıq işlərinə dair hər hansı sübutlar təqdim edilməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçının 217500 manat məbləğində əldən çıxmış fayda qismində zərərin ödənilməsi tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 27 oktyabr 2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan göründüyü kimi Cavabdeh Kəndli (Fermer) X2 Cəmiyyətinin nümayəndəsi ilkin mediasiya sesissiyasında iştirak etməmiş, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 410 manat mediasiya xərcini ödəmişdir. İş materiallarında olan ********* nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılmaq üçün 306 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Eyni zamanda 400 manat mediasiya xərci, 305,35 manat dövlət rüsumu iddiaçı tərəfindən tələb edildiyindən həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat mediasiya xərcini ödədiyi üçün dövlət rüsumunun ödənilməsindən azad edildiyinə görə ödənilmiş 306 manat məbləğində dövlət rüsumu nəzərə alınaraq iddia tələbinin təmin olunan hissəsinə mütənasib olaraq ödənilməli olan 102,04 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 118039 manat məbləğində dəymiş maddi ziyan, 400 manat mediasiya xərci, 305,35 manat dövlət rüsumu Cavabdeh Kəndli (Fermer) X2 Cəmiyyətindən tutularaq İddiaçı ödənilməli, Cavabdeh Kəndli (Fermer) X2 Cəmiyyətindən 102,04 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 118039 manat məbləğində dəymiş maddi ziyan, 400 manat mediasiya xərci, 305,35 manat dövlət rüsumu Cavabdeh Kəndli (Fermer) X2 Cəmiyyətindən tutularaq İddiaçı ödənilsin. Cavabdeh Kəndli (Fermer) X2 Cəmiyyətindən 102,04 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar