Məhkəmə qərarları › İş №e-2-2(115)-832/2024

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-832/2024

03.07.2024 · Hüquqi və fiziki şəxslərin ödəmə qabiliyyəti olmayan hesab edilməsi barədə mübahisələr (müflisləşmə (iflas)) - Hüquqi şəxsin müflis olması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-832/2024 03.07.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı hüquqi şəxsin iflas olunmuş hesab olunaraq ləğv edilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehn iflas olunmuş hesab olunaraq ləğv edilməsini və 100 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC Cavabdeh MMC-ə qarşı subroqasiya tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müaciət edərək, cavabdehdən “X5 Zavodu” MMC-ə dəymiş zərərin əvəzi miqdarında ödənilmiş 27567,4 manat məbləğində sığorta ödənişini və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-2(115)-13/2020 saylı qətnaməsi ilə iddia təmin edilərək, 27567,4 manat məbləğində sığorta ödənişinin və 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. Qeyd olunan qətnamə qanuni qüvvəsini aldığından icra edilməsi üçün Gəncə şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlir aşkar edilmədiyindən, icra sənədi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinə istinad edilməklə məhkəməyə qaytarılmışdır. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il 2-2(115)- 13/2020 saylı tarixli qərardadı ilə icra məmurunun sözügedən qərarı ləğv edilmiş, icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi qərara alınmışdır. Baş vermiş hadisədən və hadisə ilə bağlı Cavabdeh MMC-nin mülki öhdəliyi yaranandan sonra MMC-nin təsisçisi kreditorları itkilərdən qorumamışdır. Əksinə təsisçi X1 borclu Cavabdeh MMC-nin mülkiyyətində olan əmlakları özgəninkiləşdirmişdir. Bununla da mülki hüquqlarından sui-istifadə etmişlər. Göründüyü kimi, borclu Cavabdeh MMC-nin kreditor "xxxx" ASC-yə ümumilikdə 27597,4 manat məbləğində borcu var. “Müflisləşmə və iflas haqqında” qanunun 2-ci maddəsinin 3-cü bəndinə əsasən kreditorların ümumi tələblərinin məbləği borclu müəssisənin nizamnamə fondunun 10 faizindən az bir hissəsini təşkil etdiyi hallarda kreditorların borcluya qarşı əmlak iddiaları məhkəmədə əmlak mübahisələrinə baxılmasının ümumi qaydalarına uyğun həll edilir. Cavabdeh MMC–nin nizamnamə kapitalının məbləği 2 manat təşkil edir. Cavabdeh MMC-nin "xxxx" ASC-yə olan borc məbləği onun nizamnamə kapitalının 10%-dən çox hissəsini təşkil edir. Buna görə də, borclu Cavabdeh MMC borc öhdəliklərini ödəmə qabiliyyəti olmaması səbəbindən iflas olunmuş hesab edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdil. Məhkəmə hazırlıq iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək həmin məzmunda izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmənin hazırlıq iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 izahatında göstərdi ki, hadisə 2012-ci ildə baş vermişdir, qarşı tərəf isə 2020-ci ildə məhkəməyə müraciət etmişdir. 2020-ci ildən qabaq məhkəməyə müraciət etsə idi onlar borcu ödəyə bilərdi. Lakin pandemiya dövründən sonra şirkət işləməmişdir və hazırda şirkətin heç bir əmlakı yoxdur. Şirkətin fəaliyyəti hazırda tam olaraq dayandırılmışdır. Şirkətin 1 ədəd avtomobili qalmışdı, onu da iddiaçı istəməmişdir. Bugünki gündə şirkətin ödəmə qabiliyyəti yoxdur. İddia tələbinə etiraz edir, 20 illik şirkətin ləğv olunmasını istəmir. Cavabdeh MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndənin iştirakını təmin etməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2- 2(115)-13/2020 saylı qətnaməsindən görünür ki, iddiaçı “Azsığorta" ASC-nin Cavabdeh MMC-yə qarşı sığorta ödənişinə dair tələbi təmin edilmiş, 27567 manat 40 qəpik məbləğində sığorta ödənişi və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh MMC-dən iddiaçı “Azsığorta" ASC-nin xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2- 13/2020 saylı qərardadından görünür ki, Gəncə şəhəri üzrə İcra idarəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlir aşkar edilmədiyindən icra sənədi məhkəməyə qaytarılmışdır. Məhkəmənin qərardadı ilə “Azsığorta" ASC tərəfindən verilmiş şikayət təmin edilmiş, Gəncə şəhəri üzrə İcra idarəsinin xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmiş, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-2(115)-13/2020 saylı icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi qərara alınmışdır. İş materiallarında olan Kommersiya qurumlarının dövlət reyestri haqqında məlumatdan görünür ki, Cavabdeh MMC xx.xx.2005-cı il tarixdə ********** saylı VÖEN nömrəsi ilə qeydiyyata alınmışdır. Nizamnamə kapitalı 2.00 AZN göstərilmişdir. İş materiallarında olan “İqtisadiyyat” qəzetinin 9-15 may 2024-cü il tarixli buraxılışından görünür ki, iddiaçı “Azsığorta" ASC-nin Cavabdeh MMC-yə qarşı müflis elan olunması ilə bağlı məhkəmə iclasının olmasına dair elan verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 63.1-ci maddəsinə əgər hüquqi şəxs kreditorların tələblərini ödəməyə qadir deyildirsə, o, məhkəmənin qərarı ilə müflis sayıla bilər. Azərbaycan Respublikasının “Müflisləşmə və iflas” haqqında Qanununun 1-ci maddəsinə görə müflisləşmə – borclunun öz öhdəliklərini ödəmə qabiliyyətinin olmamasıdır. Həmin Qanunun 3-cü maddəsinə əsasən Borclu ödəmə qabiliyyəti olmadığı halda iflas prosesinə məruz qalır. Borclu o halda ödəmə qabiliyyəti olmayan sayılır ki, bunu özü təsdiq etsin, yaxud məhkəmə və ya kreditorlar müəyyən etsin ki: a) borclu həyata və ya sağlamlığa vurulmuş zərərin ödənilməsi, alimentin tutulması, əmək və onunla bağlı münasibətlərindən yaranan öhdəliklər üzrə, müəlliflik müqaviləsinə görə ödənilən haqlar ilə bağlı kreditorlar qarşısında öhdəliklərini icra müddəti başladığı andan etibarən ardıcıl 2 (iki) ay ərzində tam icra etməmişdir; b) borclu vergilər (faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları) və başqa dövlət ödənişlərini onların hesablandığı gündən etibarən ardıcıl 10 (on) ay ərzində tam icra etməmişdir; c) borclu digər kreditorlar qarşısında öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməmişdir. Həmin Qanunun 10-1-ci maddəsinə əsasən, iflas haqqında iş üzrə ərizəyə məhkəmə, daxil olduğu gündən 1 (bir) ay müddətində baxır və həmin işin həllinə dair müvafiq qərar çıxarır. Çıxarılan qərardan şikayət verildiyi halda, həmin şikayətə sonrakı instansiya məhkəmələrində ərizənin daxil olduğu gündən 1 (bir) ay müddətində baxılır və həmin işin həllinə dair müvafiq qərar çıxarılır. İşdə iştirak edən şəxslər məhkəmə iclası barədə həmin iclasa ən azı 5 (beş) iş günü qalmış xəbərdar edilməlidirlər. Ərizəçi eyni zamanda məhkəmə baxışının tarixinə 5 (beş) iş günü qalanadək həmin məhkəmə baxışı haqqında müvafiq icra hakimiyyəti orqanının rəsmi internet səhifəsində və rəsmi dövri mətbu nəşrdə elan dərc etdirməlidir. Göründüyü kimi qanunvericiliyin qeyd edilən normalarında borclunun hansı halda ödəmə qabiliyyətinin olmaması konkret olaraq sadalanmış, borclunun digər kreditorlar qarşısında öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsinin müəyyən edilməsi onun ödəmə qabiliyyətinin olmayan sayılması üçün əsas olan hallarından biri kimi nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, Cavabdeh MMC-nin ödəmə qabiliyyətinin olmaması ilə bağlı iddiaçı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Borclunun nümayəndəsi hüquqi şəxsin fəaliyyətinin dayandırıldığını, ödəmə qabiliyyətinin olmadığını bildirsə də bununla bağlı heç bir təsdiqedici sənədi məhkəməyə təqdim etməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, “Azsığorta" ASC ilə Cavabdeh MMC arasında sığorta ödənişinin tutulması tələbi barədə məhkəmə mübahisəsi mövcud olmuş, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-2(115)-13/2020 saylı qətnaməsi ilə 27567 manat 40 qəpik məbləğində sığorta ödənişinin və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh MMC-dən iddiaçı “Azsığorta" ASC-nin xeyrinə tutulması qət edilmişdir. Qətnamə icraya yönəldilmiş, icra məmurunun qərarı ilə məhkəmənin icra sənədi borclunun əmlakı müəyyən edilməməsi əsası ilə məhkəməyə qaytarılmışdır. İcra məmurunun qərarından tələbkar tərəfindən verilmiş şikayət əsasında işə baxan Gəncə Kommersiya Məhkəməsi xx.xx.2024cü il tarixli 2-2-13/2020 saylı qərardadı ilə icra məmurunun qərarının ləğv edilməsini, qətnamənin icrası ilə bağlı verilmiş icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsini qərara almışdır. İcra hərəkətləri isə icra idarəsi tərəfindən davam etdirilir. Kreditor həmin qətnamə üzrə əmələ gələn tələbin icra edilməsi üçün borclunun ödəmə qabiliyyətinin olmadığını və qətnamənin icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməməsini bildirərək müflis elan olunmasını xahiş edir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.2.4-cü maddəsindən görünür ki, məhkəmə qərarına əsasən əmələ gələn tələb otuz il keçdikdən sonra qüvvəsini itirir. Bu qayda tələbin daha qısa müddətlə bağlı olduğu halda da tətbiq edilir. Göründüyü kimi mülki qanunvericilik məhkəmə qərarına əsasən əmələ gələn tələbin otuz il müddətində qüvvədə olmasını nəzərdə tutur. Belə olan təqdirdə məhkəmə qeyd edir ki, sığorta ödənişi üzrə borcun ödənilməsi ilə bağlı öhdəliyini nəzərdə tutan 2020-cı il tarixli məhkəmə qətnaməsinin icrası müddəti bitməmişdir. Eyni zamanda məhkəmə iclasında həmin qətnamənin icra olunması ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsinin davam etdiyi müəyyən edilmişdir. “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanunun 11-ci maddəsinə görə iflas haqqında işə məhkəmə iclasında baxıldıqdan sonra məhkəmə qanunvericiliklə müəyyən edilmiş qaydada aşağıdakılar barədə müvafiq qərar çıxarır: a) borclunun müflis elan olunması və əmlak inzibatçısının təyin edilməsi barədə; b) müvəqqəti əmlak inzibatçısının təyin edilməsi və ya təyinatının uzadılması barədə; c) borclunu müflis elan etməkdən imtina barədə. Həmin maddənin 3-cü hissəsinə əsasən, məhkəmə qanunvericilikdə nəzərdə tutulmuş əsaslardan başqa aşağıdakı hallarda da borclunu müflis elan etməkdən imtina edə bilər: a) borclu bu Qanunda göstərilmiş müddəalara müvafiq surətdə ödəmə qabiliyyəti olmayan deyildirsə; b) ərizəçi bu Qanunun 2-ci maddəsində göstərilmiş şəxslərdən biri deyildirsə. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh MMC-nin ödəmə qabiliyyəti olmayan sayılması üçün “Müflişləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində nəzərdə tutulmuş əsaslar mövcud olmadığından onun müflis elan olunması ilə bağlı "xxxx" ASC-nin iddiası təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini əsasən QƏT ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı hüquqi şəxsin iflas olunmuş hesab olunaraq ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar