Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-834/2024 11.07.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X3 iclas katibliyi ilə. İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə yaranmış 2090,06 manat məbləğində borc, cərimə üzrə hesablanmış 3390,75 manat, dövlət rüsumu olaraq 74,81 manat, cəmi 5555,62 manat məbləğin Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında xx.xx.2022-ci il tarixli, İ02339 saylı xidmət müqaviləsi bağlanmışdır. Müqavilənin tərəfləri Cavabdeh MMC müqavilə üzrə“Partnyor” (VÖEN: **********), İddiaçı MMC-“Operator” olaraq müəyyən olunmuşdur. Müqavilənin predmetinə əsasən, “Partnyor” Proqrama Hesablayan/Hesablayan və İstifadə edən Partnyor qismində qoşulmuşdur. Sözügedən müqavilənin 3.1-ci bəndində qeyd edildiyi kimi, «Umico» istehlakçı loyallığı əməkdaşlıq proqramın müştərisi (bundan sonra «Müştəri» adlandırılacaq) tərəfindən Partnyorun ticarət məntəqəsində əməliyyatlar həyata keçirildikdə X4 manatlarının hesablanmasının maliyyələşdirməyi, Operator isə Bonus manatlarının Müştərinin hesabına hesablamağı, öz hesablaşma hesabına bonus manatlarının ekvivalentini qəbul etməyi, bonus manatlarının ucotunu təmin etməyi, eləcə də, Müştərinin gələcəkdə daxil ola bilən bonus manatlarının istifadəsi üzrə göstərişi yerinə yetirməti öhdəsinə götürür. Müqavilənin qeyd olunmuş bəndinə əsasən, X1 13-cü bölməsində göstərilən hesablaşma hesabına Bonus manatlarının Ekvivalentini köçürməyi öhdəsinə götürür. Müqavilənin 3.1.1-ci bəndinə əsasən, tərəflər razılığa gəlmişlər ki, Müqavilənin 3.1-ci bəndində göstərilən əməliyyatlar nəticəsində Bonus manatları Partnyorun malların alınması üzrə həyata keçirilən əməliyyatlarının məbləğindən faiz dərəcəsi Əlavə 1-də qeyd olunan kimi hesablanacaq. Müqavilənin 4.1-ci bəndinə əsasən, Partyor Operatora göstərdiyi xidmətlərə görə aylıq haqq ödəyir. Müqavilənin 4.1.1-ci bəndinə əsasən, Partyorun Operatorun xeyrinə ödədiyi haqqın məbləği Proqram çərçivəsində Müştərilərin Partyorun TMM ində həyata keçirdiyi və hesabat ayında Operatorun proqram-texniki kompleksində qeydə alınmış əməliyyatlar üzrə müqavilənin 3.1.1-ci bəndinə müvafiq olaraq 2.5% (bonus) və 1.5 (komissiya)%-ni təşkil edir. Müqavilənin 2.1-cü bəndinə əsasən, tərəflər Proqramın qaydaları ilə tanış olmuş və onun bütün şərtləri barədə razılığa gəlmişlər. Eləcə də, müqavilənin 11-ci bəndində müqavilənin şərtlərinin aydın və Tərəflərin real razılaşmasına uyğun olduğu, müqavilənin bağlanmasının Tərəflərin maraqlarına cavab verdiyi qeyd edilmişdir. Lakin, buna baxmayaraq Cavabdeh MMC müqavilə üzrə öhdəlikləri icra etməmiş və öhdəliklərin icrasından müxtəlif səbəblər ilə yayınmışdır. Belə ki, müqavilə bağlandığı tarixdən, müqavilənin 3.1.1 və 4.1.1-ci bəndlərində göstərilən bonus manatları və xidmət haqqı üzrə Cavabdeh MMC 2090.06 manat məbləğində borcu yaranmışdır. Cavabdeh MMC-nin 2090,06 manat məbləğində borc qalığının ödənilməsinə dair tərəflərindən dəfələrlə müraciət olunmasına baxmayaraq, müqavilə üzrə öhdəliklər icra edilməmişdir. Cavabdeh məhkəməyə etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, iddia ərizəsi tamamilə əsassızdır. İlkin olaraq qeyd edirlər ki, iddia ərizəsi və pretenziya məktubu Cavabdeh MMC-ə göndərilməmiş və ya çatdırılmamışdır. Bu isə mübahisənin məhkəməyəqədər həlli qaydalarının pozulmasıdır. Mülki Prosessual Məcəllənin 4.3-cü maddəsinə əgər qanunla müəyyən kateqoriya kommersiya mübahisələri üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa, mübahisə həmin qaydaya riayət edildikdən sonra kommersiya məhkəməsinin həllinə verilə bilər. Bundan başqa, iddiaçı hesablanmış bonus və komissiyaların necə formalaşması barədə sənəd təqdim etməmişdir. Əgər hər hansi xidmət göstərilirsə bu, təhvil-təslim aktları əsasında təsdiq edilməli idi. Bununla bağlı iddiaçı tərəfindən bizə hər hansı akt təqdim edilməmişdir. Əlavə olaraq qeyd edirlər ki, qeyd edilən xidmətlərin ödənişsiz olması ilə bağlı e-mail yazışmaları mövcuddur (əlavə olunur). İş üzrə iddia ərizəsinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: xidmət müqaviləsi, elektron qaimələr və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, İ02339 saylı xidmət müqaviləsindən görünür ki, müqavilənin tərəfləri Cavabdeh MMC müqavilə üzrə “Partnyor” (VÖEN: **********), İddiaçı MMC-“Operator” olaraq müəyyən olunmuşdur. Müqavilənin predmetinə əsasən, “Partnyor” Proqrama Hesablayan/Hesablayan və İstifadə edən Partnyor qismində qoşulmuşdur. Həmin müqavilənin 1.9-cu bəndinə əsasən hesabat (bonus manatlarının hesabatı, istifadə edilmiş Bonus manatlarının Hesabatı) - Müştərilərin həyata keçirdiyi əməliyyatların sayı və məbləği haqqında məlumat, belə əməliyyatların həyata keçirilməsi zamanı toplanmış və (və ya) istifadə edilmiş Bonus manatlarının məbləği, X2 və (və ya) Operatorun istifadə edən Partnyora hesablanacaq Bonus manatlarının Ekvivalentinin məbləği haqqında məlumat deməkdir. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən Bonus manatlarının Ekvivalentinin Operatorun hesablaşma hesabına köçürülməsi Operatorun hesabat ayının nəticələri əsasında hazırladığı toplanmış Bonus manatlarının Hesabatı əsasında Hesablayan Partnyor tərəfindən həyata keçirilir. Həmin müqavilənin 3.3.1-ci bəndinə əsasən hesabat operator tərəfindən partnyora hesabat ayından sonrakı ayın 10-dan gec olmayaraq göndərilməlidir. Həmin müqavilənin 3.3.2-ci bəndinə əsasən partnyor toplanmış bonus manatlarının ekivalentini hesablaşmanın təsdiq edildiyi (razılaşdırıldığı) andan etibarən 5 iş günü ərzində operatorun hesablaşma hesabına köçürməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən hesabatlar Operator tərəfindən kağız daşıyıcıda, elektron poçt göndərişlərinə qoşma formasında, Operatorun proqram-texniki kompleksində Partnyorun şəxsi kabineti vasitəsilə və ya Tərəflərin razılaşdırdığı digər vasitələrlə göndərilə bilər. Həmin müqavilənin 3.5-ci bəndinə əsasən partnyor Operatorun göndərdiyi müvafiq Hesabatdakı məlumatlarla razılaşmadıqda Operatora əsaslandırılmış yazılı etirazlarını göndərir. 5 iş günü ərzində Operator tərəfindən əsaslandırılmış yazılı etirazların alınmaması Hesabatın Partnyor tərəfindən təsdiq edilməsi (razılaşdırılması) hesab edilir. (Partnyor tərəfindən göndərilməməsi) Həmin müqavilənin 3.6-cı bəndinə əsasən partnyor hesabata etirazını bildirdiyi təqdirdə Operatorun təqdim edilmiş etiraza cavab vermə müddəti etirazın alındığı tarixdən etibarən 3 (üç) iş günü təşkil edir. Partnyorun müəyyən edilmiş müddətdə etirazlarına cavab almaması Operatorun həmin etirazlarla razılaşması deməkdir. Həmin müqavilənin 3.7-ci bəndinə əsasən hesabat təsdiq edildikdən (razılaşdırıldıqdan) sonra Partnyor onu imzalayaraq Operatorun ünvanına, eləcə də, müvafiq məlumat təkrarlanmaqla Operatorun Elektron ünvan elektron poçt ünvanına göndərməlidir. Həmin Müqavilənin 4.1.2-ci bəndinə əsasən operatora ediləcək ödənişlərin məbləği müvafiq Hesabat (Hesabatlar) əsasında Operator tərəfindən hazırlanan İnvoysda göstərilir. Həmin Müqavilənin 4.2-ci maddəsinə əsasən İnvoys Operator tərəfindən müvafiq Hesabatla birlikdə Müqavilənin 3.4-cü bəndində nəzərdə tutulmuş rabitə kanalları ilə Partnyora ünvanlanır. Müqavilənin 3.5-3.6-cı bəndlərinə uyğun olaraq Hesabata dəyişikliklər edildikdə Tərəflərin təsdiq etdiyi (razılaşdırdığı) yekun Hesabat əsasında hazırlanmış İnvoys ödənilməli İnvoys hesab edilir. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən Operator, yəni İddiaçı MMC tərəfindən Partnyora, yəni Cavabdeh MMC-yə hesabat ayının nəticələri əsasında hazırladığı toplanmış Bonus manatlarının Hesabatını təqdim etməli idi. Partnyor toplanmış bonus manatlarının ekivalentini hesablaşmanın təsdiq edildiyi (razılaşdırıldığı) andan etibarən 5 iş günü ərzində operatorun hesablaşma hesabına köçürməyi öhdəsinə götürmüşdür. Partnyor Operatorun göndərdiyi müvafiq Hesabatdakı məlumatlarla razılaşmadıqda Operatora əsaslandırılmış yazılı etirazlarını göndərir. Hesabat təsdiq edildikdən (razılaşdırıldıqdan) sonra Partnyor onu imzalayaraq Operatorun ünvanına, eləcə də, müvafiq məlumat təkrarlanmaqla Operatorun Elektron ünvan elektron poçt ünvanına göndərməlidir. Lakin hazırki iş üzrə iddiaçı (Operator) tərəfindən hər ay üzrə müvafiq hesabatların cavabdehə (Partnyora) göndərilməsi barədə məhkəməyə hər hansı sübut təqdim olunmamışdır. Eyni zamanda tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən hesabat Operator tərəfindən Partnyora hesabat ayından sonrakı ayın 10-dan gec olmayaraq göndərilməli idi. İş materiallarında hesabatların Müqavilənin 3.4-cü bəndində göstərilən hər hansı bir vasitə ilə Partnyora göndərilməsini təsdiq edən sübutlar mövcud deyil. Bundan başqa cavabdehin məhkəməyə təqdim etdiyi etiraz ərizəsinə əlavə olunmuş elektron poçt yazışmalarından görünür ki, cavabdeh tərəfindən xidmətin ödənişsiz olması səbəbindən əlavə ödənişi təsdiq olunmamışdır. Cavabdehin qeyd olunan məbləğdə borcunun olması iş materialları ilə öz təsdiqini tapmadığından məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Bundan başqa elektron qaimə-fakturalara münasibətdə məhkəmə onu qeyd edir ki Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2022-ci il tarixli qərarında qeyd edilir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. İddiaçı tərəfindən məhkəməyə borcun olmasını təsdiq edən sübut kimi yalnız elektron qaimə-fakturalar təqdim edilmişdir. Halbuki tərəflər arasında bağlanmış Müqaviləyə əsasən Operatora ediləcək ödənişlərin məbləği müvafiq Hesabat (Hesabatlar) əsasında Operator tərəfindən hazırlanan İnvoysda göstərilməli idi. Konstitusiya Məhkəməsinin Plenum Qərarından da göründüyü kimi elektron qaimə-fakturalar özözlüyündə malların təqdim olunmasını, işlərin görülməsini və xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir. İş materiallarına əlavə edilmiş elektron qaimə-fakturaların tərtib olunmasına əsas olan Hesabatlar təqdim olunmadığından həmin elektron qaimə-fakturalar iddianın təmin olunması üçün əsas ola bilməz. İddia tələbi rədd olunduğundan, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Bu halda, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair mötəbər sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə
Məhkəmə qərarları › İş №e-2-2(115)-834/2024
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-834/2024
11.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver