Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-840/2024 23.07.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi İddiaçı iştirakı ilə. İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında, baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə arasında xx.xx.2023-cü il tarixdə bağlanmış 12/04-001 saylı müqavilə əsasında göstərilən xidmətin dəyəri olan 39500 manat pulun, 7110 manat həcmində ƏDV-nin, 41532 manat cərimənin, cəmi 88142 manat pul vəsaitinin və 355 manat dövlət rüsumunun alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə onunla Cavabdeh MMC-nin adından baş direktoru X2 arasında 12/04-001 saylı xidmətlərin göstərilməsi haqqında müqavilə bağlanmışdır. Bağlanmış müqaviləyə əsasən o icraçı olaraq sifarişçi tərəfindən sifariş edilən malları icraçıya təqdim edilməklə xidmət göstərməli idi. Xidmətin (işlərin) təqdim edilməsi barədə xx.xx.2023-cü il tarixli 2 ədəd: seriya EBDM 667609 nömrəli 1-ci elektron qaimə-faktura, seriya EBDM 666653 nömrəli 2-ci elektron qaimə-faktura ilə xidmətin ümumi dəyəri olan 19750 x 2 = 39500 manatı, 3550 x 2 = 7110 m həcmində ƏDV hissəsi, cəmi 46610 manat miqdarında sifarişçi tərəfindən ödənilməli olan məbləğdir. Cavabdeh 2000 manat nəğd şəkildə, 8474 manat onun hesabına köçürmüş, 1525 manat isə ƏDV olaraq, cəmi 12000 manat ödəmişdir, amma 34610 manat ödənilməmiş qalıq qalmışdır. İddiaçı tərəfindən icraçı olaraq 29171 manat məbləğində xidmətin icrası əsasında mal sifarişçiyə təhvil verilmişdir. Qalan hissə isə 17438 manat qalıq mal istehsal olunub, amma sifarişçiyə pulu ödənilmədiyinə görə təhvil verilməyib. Təvil verilməmiş malın istehsalı üçün bütün xərclər isə çəkilmişdir. xx.xx.2023-cü il tarixdə axırıncı malın təhvil verildiyi tarixdir. Sifarişçi xx.xx.2023-cü ilədək ödəməni tam şəkildə yerinə yetirməli idi. 120 gün 34610 manat məbləğində xidmət haqqı ödənilmədiyi üçün 41532 manat cərimə tutulmalıdır. (34610 x 1%) = 346, 346 x 120 = 41.532) İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən aralarında bağlanmış xx.xx.2023-cü il tarixli 12/04-001 saylı müqavilə əsasında göstərilən xidmətin dəyəri olan 16534 manat pulun, 2790 manat istehsal üçün alınmış qəlblərin və bıçaqların pulun, 6000 manat isə əldən çıxmış faydanın (ƏDV ilə birgə), 30388 manat cərimənin, cəmi 55712 manat pul vəsaitinin və 355 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, müqaviləyə əsasən sifarişçiyə içki məhsullarının reklam işlərini görməyi öhdəsinə götürmüşdür. Sifarişçi ondan ƏDV daxil 46610 manat dəyərində məhsulun hazırlanması üçün sifariş vermişdir. Həmin məbləğdə malın hazırlanması üçün sifarişin verilməsi cavabdehə göndərilən qaimələr və cavabdehin əməkdaşı ilə danışıqlarla təsdiq edilir. O, sifarişi aldıqdan sonra işə başlamış, hazırladığı 29171 manat məbləğində malı cavabdehə təhvil vermişdir. Malın cavabdehə verilməsi malı cavabdehə təhvil verən şəxsin ifadəsi və cavabdehin əməkdaşı ilə onun telefon vasitəsilə yazışmaları təsdiq edir. Təhvil verilən 29171 manat məbləğində malın pulundan cavabdeh ona 12000 manat pul ödəmişdir. Cavabdehin təhvil verilən mallardan ona 16534 manat borcu qalmışdır. Sifariş verilən, lakin təhvil verilməyən 17438 manat dəyərində mallarla bağlı isə bildirir ki, həmin məbləğdə malın hazırlanması üçün hazırlıq görmüş, qəlib, bıçaq, kağız və s məhsullar almış, lakin məhsulu cavabdeh pul göndərmədiyindən hazırlamamışdır. Həmin alınmış xammal kimi kağızı başqa sifarişlər üzrə işlədə bilsə də, alınan qəlibi və bıçaqları başqa sifarişə işlədə bilməmişdir. Çünki həmin qəliblər və bıçaqlar məhz cavabdehlə arasında bağlanmış müqaviləyə uyğun sifariş edilən mallara görə hazırlanmışdır, şirkətin adı yazılmışdır deyə, istifadə edə bilməmiş, 2790 manat ziyana düşmüşdür. Həmin məbləğdə malın alınması üçün köçürmə etdiyinə dair məhkəməyə sənəd təqdim etmişdir. Bundan başqa 17438 manat dəyərində malları hazırlayıb təhvil versəydə onun 6000 manat qazancı olacaqdır ki, həmin qazancdan məhrum olunmuşdur. Müqavilədə ödənişin gecikdirilməsi üçün cərimənin ödənilməsi ilə bağlı müddəa var, ona görə də 30388 manat cərimə olmaqla 55712 manat pul vəsaitinin və 355 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi ilə bağlı qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh MMC-yə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Cavabdeh MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, Bakı şəhərində taksi sürücüsü kimi fəaliyyət göstərir. İddiaçı Bakıya göndərdiyi malları həmişə o aparıb təhvil verir. Bu iş üzrə də cavabdehə malları o aparıb təhvil vermişdir. Belə ki, təxminən 1 il bundan qabaq malları avtovağzaldan götürmüş, aparıb Keşlə qəsəbəsində cavabdehin əməkdaşına, anbara təhvil vermişdir. Malların dəyərini isə bilməmişdir. Malları təhvil alan şəxsin adı yadında qalmamışdır. Malları başqa-başqa vaxtda aparmış, cəmi 2 dəfə getmişdir. İş materiallarında olan 12 aprel 2023-cü il tarixli 12/04-001 saylı xidmətlərin göstərilməsi haqqında müqavilədən görünür ki, icraçı qismində İddiaçı, sifarişçi qismində Cavabdeh MMC-nin baş direktoru X2 qeyd edilməklə tərəflər arasında müqavilə bağlanmış, müqaviləyə əsasən icraçı sifarişçinin tapşırığı əsasında müqavilə müddəti ərzində sifarişçi ilə razılaşdırılmış şərtlər əsasında reklam işlərini təhvil-təslim aktı ilə sifarişçiyə təhvil verməsini üzərinə götürmüşdür. Xidmətə görə haqq, işin icrasına başlanan zaman məbləğin 30%-i əvvəlcədən ödənilir və qalan 70%-i isə xidmət yerinə yetirildikdən sonra 15 iş günü ərzində işin yerinə yetirilməsi faktına əsasən icraçıya ödənişin köçürmə yolu ilə sifarişçi tərəfindən həyata keçirilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan 23 avqust 2023-cü il tarixli 667609 saylı, 666653 saylı qaimələrdən görünür ki, 667609 saylı qaimə üzrə 23305 manat, 666653 saylı qaimə üzrə 23305 manat, cəmi ƏDV daxil 46610 manat dəyərində mallara dair qaimə İddiaçı tərəfindən Cavabdeh MMC-ə ötürülmüş və həmin qaimələr təsdiq edilmişdir. İş materiallarında olan köçürmə qəbzlərindən görünür ki, xx.xx.2023-cü il tarixdə 390 manat, xx.xx.2023-cü il tarixdə 600 manat, xx.xx.2023-cü il tarixdə 500 manat, xx.xx.2023-cü il tarixdə 1300 manat olmaqla 2700 manat pul köçürülmüşdür. İş materiallarında olan telefon vasitəsi ilə aparılan yazışmalardan çıxarışdan görünür ki, tərəflər içki reklamlarının hazırlanması və ödənişlərin aparılması ilə bağlı yazışmalar aparmışdır. Ödənişin 10474 manat olması, qalıq isə 14248 manat olması qeyd edilir. İş materiallarında olan pretenziya məktubundan görünür ki, borcluya borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə qeyd edir ki, 12 aprel 2023-cü il tarixdə icraçı İddiaçı ilə sifarişçi Cavabdeh MMC arasında 12/04-001 saylı xidmət müqaviləsi bağlanmışdır. Müqavilədən və icraçının izahatından görünür ki, icraçı sifarişçiyə içki məhsullarının reklam işlərini görməyi öhdəsinə götürmüşdür. Sifarişçi icraçıdan ƏDV daxil 46610 manat miqdarında məhsulun hazırlanması üçün sifariş vermişdir. Bununla bağlı icraçı sifarişçiyə 23 avqust 2023-cü il tarixdə iki ədəd elektron qaimə göndərmişdir. Verilən sifarişdən 29171 manat məbləğində mal hazırlanaraq cavabdehə təhvil verilmiş, cavabdeh isə 12000 manat ödəniş etmişdir. Təhvil verilmiş mallarla bağlı cavabdehin iddiaçıya 16534 manat borcu qalmışdır. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı həmin məbləğdə borcu cavabdehdən tələb etməkdə haqlıdır. Bundan başqa sifarişin qalan hissəsi ilə bağlı məhkəmə bildirir ki, iddiaçının izahatı və məhkəməyə təqdim etdiyi sənədlərlə müəyyən edilir ki, 17438 manat dəyərində malın hazırlanması üçün hazırlıq görülmüş, cavabdeh pul ödəmədiyindən mal hazırlanıb təhvil verilməmişdir. Lakin həmin işin icrası üçün hazırlıq görülmüş, müvafiq material alınmışdır. Həmin materiallardan 2790 manat qəliblərə və bıçaqlara görə ödəniş etmiş, həmin qəlibləri və bıçaqları isə işlədə bilməmiş ziyana düşmüşdür. Məhkəmə hesab edir ki, dəymiş ziyan olaraq 2790 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin 6000 manat əldən çıxmış fayda olaraq pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsinə də münasibət bildirərək qeyd edir ki, iddiaçı əldən çıxmış fayda ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Ona görə də həmin hissədə iddia təmin edilməməlidir. Məhkəmə, eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması icraçının əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, icraçı işi icra edərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 30388 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, cərimə azaldılaraq 300 manat məbləğində müəyyən edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, tərəflər arasında bağlanmış 12 aprel 2023-cü il tarixli xidmətlərin göstərilməsinə dair müqavilə üzrə 16534 manat borc, 2790 manat dəymiş ziyanın məbləği, 300 manat cərimə olmaqla cəmi 19624 manat pul cavabdehdən alınaraq iddiaçıya verilməli, iddianın qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 29132 nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 355 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 148 manat 87 qəpik dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 12 aprel 2023-cü il tarixli 12/04-001 saylı xidmətlərin göstərilməsinə dair müqavilə üzrə 16534 manat borc, 2790 manat dəymiş ziyanın məbləği, 300 manat cərimə olmaqla cəmi 19624 (on doqquz min altı yüz iyirmi dörd) manat pul və ödənilmiş 148 (bir yüz qırx səkkiz) manat 87 (səksən yeddi) qəpik dövlət rüsumu Cavabdehndən alınaraq İddiaçı verilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-840/2024
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-840/2024
23.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver