Məhkəmə qərarları › İş №e-2-2(115)-928/2024

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-928/2024

22.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-928/2024 22.08.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X1 iclas katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı sənədlərin təqdim edilməsi tələbinə dair iddia ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı sənədlərin təqdim edilməsi tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 1997-ci il tarixdən 2023-cü il tarixədək cəmiyyətin illik maliyyə hesabatları cəmiyyətin bu günədək fəaliyyəti, cəmiyyət tərəfindən aidiyyəti şəxslərlə bağlanılmış və xüsusi əhəmiyyətli əqdlər, gəlir və xərcləri, hesabat dövrü üzrə maliyyə göstəriciləri, cəlb edilmiş maliyyə vəsaitləri, idarəetmə orqanları və vəzifəli şəxslər, onların əsas və əlavə iş yerləri, idarəetmə strukturu, idarəetmə orqanlarının hər bir üzvünə verilən ödənişlər, cəmiyyətin qiymətli kağızlarının dövriyyəsi və gəlirliyi, cəmiyyətə məxsus səhmlərin hərəkəti, 1997-ci il tarixdən 2023-cü il tarixədək ona hesablanan dividentlərin (ayrı-ayrı illər üzrə və məbləğdə göstərilməklə) məbləği, 1997-ci il tarixdən 2023-cü il tarixədək ona divident ödənilməməsinin səbəblərinə dair sənədlərin və Cəmiyyətin nizamnaməsinin surətinin ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, vətəndaş İddiaçı 1997-ci il tarixdən etibarən "xxxx" ASC-nin səhmdarlarından biridir. Lakin bu günədək cəmiyyətin fəaliyyəti ilə bağlı heç bir yığıncağa çağrılmamış və cəmiyyətin illik hesabatını almamışdır. Həmçinin cəmiyyətin bu günədək fəaliyyəti, cəmiyyət tərəfindən aidiyyəti şəxslərlə bağlanılmış və xüsusi əhəmiyyətli əqdlər, gəlir və xərcləri, hesabat dövrü üzrə maliyyə göstəriciləri, cəlb edilmiş maliyyə vəsaitləri, idarəetmə orqanları və vəzifəli şəxslər, onların əsas və əlavə iş yerləri, idarəetmə strukturu, idarəetmə orqanlarının hər bir üzvünə verilən ödənişlər, cəmiyyətin qiymətli kağızlarının dövriyyəsi və gəlirliyi, cəmiyyətə məxsus səhmlərin harakəti və.s barədə məsələlərla bağlı məlumatsız olmuşdur. 1997-ci ildən bu günədək müəssisədə aparılan illik auditor yoxlamalarının nəticələri ona məlum deyil. Dəfələrlə müraciət etməsinə baxmayaraq cəmiyyətin qüvvədə olan nizamnamısini əldə edə bilməmişdir. Bu da onu deməyə əsas verir ki, cəmiyyətdə fəaliyyət şəffaflıq əsasında aparılmır, gəlir və xərclər düzgün bölünmür, idarəetmə orqanının seçilməsində, cəmiyyətə məxsus səhmlərin hərəkəti və.s aşkar formada deyilcəmiyyətin idarəetmə orqanları və vəzifəli şəxslər qanunvericiliyin nə nizamnamənin tələblərini pozmuşlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli, 97 nömrəli “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi” Qaydaları haqqında qərarına uyğun olaraq İllik maliyyə hesabatlarının tərkibinə aşağıdakılar daxildir: 2.1. Kommersiya təşkilatları üzrə illik maliyyə hesabatlarının tərkibi aşağıdakılardan ibarətdir: 2.1.1. maliyyə vəziyyəti haqqında hesabat; 2.1.2. mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabat; 2.1.3. kapitalda dəyişikliklər haqqında hesabat; 2.1.4. pul vəsaitlərinin hərəkəti haqqında hesabat; 2.1.5. əhəmiyyətli uçot siyasətləri və izahedici qeydlər. Qanunvericiliyin tələbinə uyğun olaraq yuxarıda qeyd edilən sualların hər biri nəzərə alınmaqla müfəssəl olaraq rəsmi cavab verilməsi barədə sorğularına da bu günədək cavab ala bilməmişdirlər. Cəmiyyətə ünvaladığı məktuba verilən cavabdanda göründüyü ki, 1997-ci ildən 2003 və 2004-cü ilə kimi gəlir ilə işləmişvə səhmdarlara dividentlər müvafiq qaydada hehsblanmışdır. 2003-cü ildə səhmdara 3.73 manat, 2004-cü ildə 4.42 manat ümumilikrə 8.15 manat pay düşmüşdür. Qalan illər üzrə isə maliyyə-təssərüfat göstəriciləri qənaətbəxş olmamışdır. Bütün bu göstərilənlər onu deməyə əsas verir ki,cəmiyyət fəaliyyəti ilə bağlı məlumatlar,eləcə də gəlir və xərc məsələsi barədə məlumatları düzgün göstərmir. Belə ki, cəmiyyət yarandığı gündən fəaliyyətini davam etdirmişdir, bu isə cəmiyyətin gəlirli fəaliyyətlə məşğul olduğunu deməyə əsas verir. Cavabdehin nümayəndəsi X2 məhkəməyə etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina barədə müvafiq qərardadın qəbul edilməlidir. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahatında bildirdi ki, iddia tələbi konkretlik olmadan qeyri-müəyyən qoyulub. Dividentlərin ödənilməsi, ödənilməməsinin səbəbləri barədə sənədlər və nizamnamənin surətinin alınması tələbi qeyri-müəyyəndir. Eyni tərəflər arasında eyni tələb üzrə iş 2023-cü ildə Gəncə Kommersiya Məhkəməsində baxılaraq hakim Kənan Vəliyev tərəfindən 30 may 2023-cü il tarixli qərardad çıxarılmışdır. Qərardadın surəti elektron sistemdə var və o, qərardadın surətini təqdim edə bilər. İşin 2023-cü ildə baxılmamış saxlanılmasının səbəbi ondan irəli gəlirdi ki, bu məsələ ilə bağlı tərəflər ilkin olaraq öz aralarında pretenziya qaydasında mübahisəni həll etməyə çalışmalıdırlar. Bununla bağlı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 12 iyun 2017-ci il tarixli M.Muradov və digərlərinin şikayəti əsasında qərarı vardır. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyinə əsasən mənfəətin və zərərin bölüşdürülməsi ümumi yığıncağın səlahiyyətinə aid olduğundan tərəf ümumi yığıncağın cavabını aldıqdan sonra məhkəməyə müraciət etməlidir. Mülki Məcəllənin 106-1 maddəsində səhmdarların bütün hüquq və vəzifələri qeyd olunub. Qarşı tərəf hansı sənəd təqdim edə bilər ki, onlardan nizamnamə tələb olunmasına baxmayaraq iddiaçıya nizamnamənin surəti göndərilməyib. Bundan başqa, hər maliyə ili bitdikdən altı ay sonra səhmdarların ümumi yığıncağı olur. İddiaçı olan səhmdara mütəmadi olaraq bildirişlər gedib. Səhmdarlarla olan problem ondan irəli gəlir ki, şirkət hal-hazırda avadanlığın köhnəlməsi və yeni standartlara uyğun məhsul təqdim edə bilmədiyindən fəaliyyət göstərə bilmir. Səhmdarlar bilmir ki, hər bir səhmdar öz səhmlərinə mütənasib şəkildə mənfəət əldə edirlər və həmin səhm sayına mütənasib zərərə görə məsuliyyət daşıyırlar. Dediklərini nəzərə alaraq iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, iddiaçının nümayəndəsi elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.4-cü maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmışdır. İddiaçı və cavabdeh tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: sorğular, ümumi yığıncağın protokolu, nizamnamə və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2009-cu il tarixli ********* nömrəli milli depozit mərkəzinin depo hesabından çıxarışdan görünür ki, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətində 1 səhmin nominal dəyəri 2 manat olmaqla 820 ədəd səhmə sahibdir. İş materiallarında olan ********** nömrəli 05 avqust 2013-cü il tarixli "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nizamnaməsinin 4.1-ci bəndinə əsasən cəmiyyətin nizamnamə kapitalı ******* manata bərabər tutulan ******* ədəd səhmdir. İş materiallarında olan Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsindən ünvan ünvanlanmış 30 noyabr 2022-ci il tarixli **********245900 nömrəli müraciətə baxılması haqqında məlumatdan görünür ki, vergi orqanı kommersiya və vergi sirrini təşkil edən məlumatları yalnız Vergi Məcəlləsinin 30.6-cı maddəsində qeyd olunan digər orqanlara verə bilər. İş materiallarında olan İddiaçı tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ünvanlanmış ərizədən görünür ki, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl hazırki məsələ ilə bağlı sözügedən hüquqi şəxsə müraciət ünvanlamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 99.1-ci maddəsinə əsasən səhmdar cəmiyyətinin iştirakçıları onlara mənsub səhmləri digər səhmdarların razılığı olmadan özgəninkiləşdirə bildikdə, o, açıq səhmdar cəmiyyəti sayılır. Bu cür səhmdar cəmiyyəti buraxdığı səhmlərə açıq abunə yazılışını və onların sərbəst satışını həyata keçirə bilər. 102.3-cü maddəsinə əsasən səhmdar cəmiyyətin nizamnaməsinə riayət edilməsi cəmiyyətin bütün orqanları, vəzifəli şəxsləri və səhmdarları üçün məcburidir. 102.4-cü maddəsinə əsasən səhmdar cəmiyyəti öz səhmdarlarına nizamnamə, ona edilən əlavə və dəyişikliklər ilə tanış olmaq imkanmı yaratmalıdır. Səhmdarın tələbi ilə nizamnamənin surəti ona verilməlidir. 106-1.1-ci maddəsinə əsasən səhmdar cəmiyyətinin səhmdarı cəmiyyətin bir və ya daha çox sayda səhmlərinin bu Məcəllə ilə müəyyən edilmiş qaydada mülkiyyətçisi olan fiziki və (və ya) hüquqi şəxsdir. 106-1.3 və 106-1.3.2-ci maddələrinə əsasən səhmdar cəmiyyətinin adi səhminin mülkiyyətçisinin qanunvericiliklə müəyyən edilmiş qaydada, cəmiyyətin fəaliyyətinə dair məlumatlar almaq, ildə bir dəfə onun illik hesabatı və maliyyə hesabatları ilə tanış olmaq hüquqları vardır. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçı müvafiq olaraq cavabdehə tələb etməyə hüququ olan sənədləri almaq barədə sorğular ünvanlamış, lakin hər hansı cavab ala bilməmişdir. Məhkəmə hesab edir ki, hazırki mübahisənin maddi hüquqi əsası kimi Mülki Məcəllənin 106-1.3.2-ci maddəsidir. Belə ki, həmin maddədə qeyd olunan “cəmiyyətin fəaliyyətinə dair məlumatlar almaq” və “maliyyə hesabatları ilə tanış olmaq ” ifadələri təkcə dar mənada məlumatlarla və sənədlərlə yerində tanış olmaq kimi başa düşülməməli, həm də geniş mənada təfsir olunaraq, məlumatlar və sənədlərlə tanış olmaq üçün bütün şəraitin yaradılmasını, o cümlədən aktiv hərəkətlərin edilməsini, yəni məlumatlar və sənədlərin verilməsini tələb etmək kimi də qəbul olunmalıdır. Bununla bağlı əks yanaşma cəmiyyətin səhmdarlarının hüquqlarının əsassız şəkildə məhdudlaşdırılması ilə nəticələnə bilər. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının bu hüququ məhdudlaşdırılmamalı, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 1997-ci il tarixdən 2023-cü il tarixədək illik maliyyə hesabatlarının, cəmiyyət tərəfindən aidiyyəti şəxslərlə bağlanılmış və xüsusi əhəmiyyətli əqdlərin, gəlir, xərcləri və cəlb edilmiş maliyyə vəsaitlərini təsdiq edən sənədlərin surətləri, idarəetmə orqanları və vəzifəli şəxslərlə, onların əsas və əlavə iş yerləri ilə, idarəetmə orqanlarının hər bir üzvünə verilən ödənişlərlə, 1997-ci il tarixdən 2023-cü il tarixədək dividendlərin ödənilib-ödənilməməsi ilə bağlı sənədlərin surətləri ona təqdim olunmalıdır. İddia tələbinin cavabdeh tərəfindən cəmiyyətin Nizamnaməsinin surətinin iddiaçıya təqdim edilməsi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən Cəmiyyətin Nizamnaməsi elektron kabinetə vasitəsilə göndərildiyindən artıq həmin Nizamnamənin surətinin iddiaçıya təqdim olunmasına zərurət aradan qalxmışdır. Ona görə də iddia tələbi həmin hissədə rədd olunmalıdır. Məhkəmə iddia tələbinin digər hissələri ilə bağlı qeyd edir ki, tələb həmin hissələrdə qeyri-müəyyən olduğundan rədd edilməlidir. xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan göründüyü kimi "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilkin mediasiya sesissiyasında iştirak etməmiş, İddiaçı və onun nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat mediasiya xərcini ödəmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat mediasiya xərcini ödədiyi üçün dövlət rüsumunun ödənilməsindən azad edildiyinə görə iddia tələbinin təmin olunan hissəsinə mütənasib olaraq ödənilməli olan 60 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 1997-ci il tarixdən 2023-cü il tarixədək illik maliyyə hesabatlarının, cəmiyyət tərəfindən aidiyyəti şəxslərlə bağlanılmış və xüsusi əhəmiyyətli əqdlərin, gəlir, xərcləri və cəlb edilmiş maliyyə vəsaitlərini təsdiq edən sənədlərin surətləri, idarəetmə orqanları və vəzifəli şəxslərlə, onların əsas və əlavə iş yerləri ilə, idarəetmə orqanlarının hər bir üzvünə verilən ödənişlərlə, 1997-ci il tarixdən 2023-cü il tarixədək dividendlərin ödənilib-ödənilməməsi ilə bağlı sənədlərin surətləri cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən alınaraq İddiaçı təqdim edilməli, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 60 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməli,iddia qalan hissədə rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 1997-ci il tarixdən 2023-cü il tarixədək illik maliyyə hesabatlarının, cəmiyyət tərəfindən aidiyyəti şəxslərlə bağlanılmış və xüsusi əhəmiyyətli əqdlərin, gəlir, xərcləri və cəlb edilmiş maliyyə vəsaitlərini təsdiq edən sənədlərin surətləri, idarəetmə orqanları və vəzifəli şəxslərlə, onların əsas və əlavə iş yerləri ilə, idarəetmə orqanlarının hər bir üzvünə verilən ödənişlərlə, 1997-ci il tarixdən 2023-cü il tarixədək dividendlərin ödənilib-ödənilməməsi ilə bağlı sənədlərin surətləri cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən alınaraq İddiaçı təqdim edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 60 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə rədd edilməlidir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar