Məhkəmə qərarları › İş №e-2-2(115)-95/2023

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-95/2023

26.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-95/2023 26.09.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1 iyun 2019-cu il tarixli 01/00024100 nömrəli operativ lizinq müqaviləsinə əsasən 6000 manat borcun və ödənilmiş 100 manat mediasiya xərcinin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ("xxxx" ASC) ilə Cavabdeh arasında bağlanmış 01 iyun 2019-cu il tarixli 01/00024100 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd Sampo Rosenlew SR-2045 markalı taxılyığan kombayn ona istifadəyə verilmişdir. Müqaviləyə əsasən 6000 manat öhdəlik cavabdeh tərəfindən icra edilməmiş, ondan dəfələrlə yaranmış borcun ödənilməsi tələb edilsə də müxtəlif bəhanələrlə kreditora olan borcunu ödəməkdən yayınmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X3 iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdehlə iddiaçı arasında 01 iyun 2019-cu il tarixdə müqavilə bağlanmış və kənd təsərrüfat texnikası cavabdehə verilmişdir. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. Cavabdeh müqaviləni və iş materillarında olan aktı imzalamadığını bildirsə də ekspert rəyində bu fakt öz təsdiqini tapmamışdır. İş materillarında müqavilə və texnikanın təhvil verilməsi barədə akt vardır. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmənin hazırlıq iclaslarında iştirak edən Cavabdeh izahat verərək bildirdi ki, iddiaçı ilə onun arasında şifahi qaydada danışıq aparılmışdır ki, texnikanın istifadəyə verilməsi ilə bağlı müqavilə balasınlar. Lakin o, ilkin ödənişi ödəyə bilmədiyi üçün texnika ona təhvil verilməmişdir. Müqavilədəki və təhvil-təslim aktlarındaki imzlar ona aid deyildir. O, iddiaçı ilə müqavilə bağlamamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində iştirak edən Şahid ifadə verərək bildirdi ki, əvvəllər iddiaçı təşkilatın işçisi olmuşdur. Cavabdeh ilə "xxxx" ASC arasında müqavilə bağlanmış, təhvil-təslim aktına da Cavabdeh özü imza etmişdir. Lakin müqavilə onun özündə göstərilən tarixdən on gün qabaq tərtib olunmuş və imzalanmışdır. Ona görə müqavilənin tarixi 01 iyun 2019-cu il olaraq qeyd edilmişdir. Sonradan may ayının 27-də Cavabdeh kombaynı istəmədiyini bildirmiş və akt 2 tərtib edilərək texnika Cavabdeh verilməmişdir. İş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 01 iyun 2019-cu il tarixli 01/00024100 nömrəli kənd təsərrüfatı texnikasının qısa müddətli lizinqə (istifadəyə) verilməsi barədə müqavilədən görünür ki, buraxılış ili 2014-cü il, 05 T 738 dövlət qeydiyyat nömrəli, mühərrikinin və şassinin nömrəsi Z28967, 561317, Sampo Rosenlew SR-2045 Classic 4 silindirli modelli bir ədəd taxılyığan kombayn 2 ay müddətinə 6000 manat məbləğində mülkiyyət hüququnun istifadəçiyə keçməməsi şərti ilə ona istifadəyə verilmişdir. İş materillarında olan xx.xx.2019-cu il tarixli F00024100 nömrəli texniki vəziyyət haqqında aktdan görünür ki, Sampo Rosenlew SR-2045 Classic 4 silindirli modelli, bir ədəd taxılyığan kombayn "xxxx" ASC-nin Şəmkir RN-nin Ağstafa rayon bölməsi tərəfindən Cavabdeh saz vəziyyətdə təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, 01 iyun 2019-cu il tarixli 01/00024100 nömrəli kənd təsərrüfatı texnikasının qısa müddətli lizinqə (istifadəyə) verilməsi barədə müqavilə üzrə Cavabdeh İddiaçıASC-yə 6000 manat məbləğində borcu var. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 aprel 2023-cü il tarxli 4/143 nömrəli və 31 iyul 2023-cü il tarixli 3- 16-16/2-4/1115 nömrəli rəylərindən görünür ki, ekspertizaya təqdim olunmuş, 01 iyun 2019cu il tarixli 01/00024100 nömrəli müqavilədə « İstifadəçi » qrafasındakı imzanın və 01 iyun 2019-cu il tarixli F00024100 nömrəli texniki vəziyyət haqqında aktda « Təhvil aldı » qrafasındakı imzanın –Cavabdeh tərəfindən icra olunub-olunmamasının tədqiqat prosesinin təsviri hissəsində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan xx.xx.2022-cü il tarixli MİHO/1-2-4-2-2022-3122 nömrəli pretenziya məktubunun surətindən görünür ki, borcluya yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Həmin Məcəllənin 748-10.2-ci maddəsinə əsasən, lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Məhkəmə qeyd edir ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 01 iyun 2019-cu il tarixli müqaviləyə əsasən bir ədəd taxılyığan kombaynın 2 ay müddətinə 6000 manat haqq ödənilməsi və mülkiyyət hüququnun istifadəçiyə keçməməsi şərti ilə ona istifadəyə verilməsi nəzərdə tutulmuşdur. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən lizinq verən öz öhdəliyini yerinə yetirmiş, kombaynı lizinq alanın sahiblik və istifadəsinə vermiş, lakin lizinq alan üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməmiş, lizinq ödənişini ödəməmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, cavabdeh iddiaçı ilə hər hansı bir müqavilə bağlamadığını, iddiaçı təşkilatdan istifadə üçün texnika götürmədiyini bildirmişdir. Məhkəmə iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş lizinq müqaviləsində və texniki vəziyyət haqqında aktda olan imzanın cavabdehə məxsus olub-olmaması ilə bağlı ekspertiza təyin etmiş, lakin həmin imzaların cavabdehə məxsus olub-olmaması müəyyən edilə bilməmişdir. Məhkəmə baxış iclasında tərəflər arasında müqavilə bağlanarkən və təhvil-təslim aktı imzalanarkən iştirak etmiş və əvvəllər iddiaçı təşkilatın əməkdaşı olan, iş üzrə şahid qismində dindirilmiş Şahid ifadəsində müqavilənin məhz Cavabdeh tərəfindən bağlandığını, eləcə də akta da imza etdiyini, lakin texnikanın cavabdehə verilmədiyini bildirmişdir. Məhkəmə hesab edir ki, ekspertiza rəyi ilə müəyyən edilməsə də şahid ifadəsi ilə istər müqavilənin, istərsə də təhvil-təslim aktının məhz Cavabdeh tərəfindən imzalandığı təsdiq olunur. Texnikanın cavabdehə təhvil verilməməsi ilə bağlı isə cavabdeh tərəf məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, lizinq verən müqavilə üzrə yaranmış borc məbləğini tələb etməkdə haqlıdır. İddia tələbi təmin edilməli, tərəflər arasında bağlanmış lizinq müqaviləsi üzrə yaranmış 6000 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan Gəncə 1 saylı mediasiya təşkilatı tərəfindən mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmiş, 21 oktyabr 2022-ci il tarixli OD16 nömrəli ödəniş tapşırığına əsasən iddiaçı tərəfindən 100 manat məbləğində mediasiya xərci ödənildiyi qeyd edilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 100 manat mediasiya xərci də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı mediasiyaya dair xərci ödədiyindən dövlət rüsumu ödəməkdən azad edilmiş, ona görə də iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 80 manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Bundan başqa məhkəmə-xətşünaslıq ekspertizalarının keçirilməsi ilə bağlı 240 manat ekspertiza xərci cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 01 iyun 2019-ci il tarixli 01/00024100 nömrəli lizinq müqaviləsi üzrə 6000 (altı min) manat borc və 100 (bir yüz) manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İş üzrə məhkəmə-xətşünaslıq ekspertizalarının keçirilməsi ilə bağlı 240 (iki yüz qırx) manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X1, kodu:210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN:**********, hesab AZ34CTRE********************) ödənilsin. Cavabdeh 80 (səksən) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar