Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-971/2025 23.06.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: lizinq müqaviləsi) Hakim Məmmədli Əbülfəz Namiq oğlunun sədrliyi, Kamalov İman Paşa oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra mətndə "xxxx" ASC) Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. I.Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2024-cü il 2 avqust tarixli 03/02469 və 03/02470 nömrəli operativ lizinq müqavilələrinə əsasən 3980,00 (üç min doqquz yüz səksən) manat borcun və 59,80 (əlli doqquz manat səksən qəpik) manat dövlət rüsumunun, cəmi 4039,80 (dörd min otuz doqquz manat səksən qəpik) manat pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 2024-cü il 2 avqust tarixli 03/02469 və 03/02470 nömrəli operativ lizinq müqavilələrinə (bundan sonra - müqavilə) əsasən, 1 ədəd TC-5050 markalı taxılyığan kombayn və 1 ədəd EMT-5 markalı qarğıdalı xeyder ona istifadəyə verilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətlə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən 6480,00 (altı min dörd yüz səksən) manat məbləği ödəməli olduğu halda, həmin texnikaların istifadəsinə görə 2500,00 (iki min beş yüz) manat ödəniş edilmişdir. Cavabdehin Cəmiyyətə hazırda 3980,00 (üç min doqquz yüz səksən) manat borcu vardır. Lakin cavabdeh vaxtında iddiaçıya olan borcunu qaytarmadığından iddiaçı dəfələrlə ondan yaranmış borcun ödənilməsini tələb etsə də, cavabdeh bu günə kimi müxtəlif bəhanələrlə kreditora olan borcunu ödəməkdən yayınmışdır. Buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Belə ki, bağlanmış müqavilələrin 2.2.2-ci bəndinə əsasən cavabdeh lizinq ödənişlərini müqavilə (istifadə) müddəti ərzində bu müqavilənin 1.1-ci bəndinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. Bununla da cavabdeh İddiaçı ASC ilə bağladığı müqavilələrin həmin bəndi ilə nəzərdə tutulmuş lizinq ödənişlərinin vaxtında və tam ödənilməsinə dair üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Cavabdehlə bağlanmış müqavilələrin 2.2.3-cü maddəsinə görə texnikanın istifadəsinə görə ödəniş həyata keçirilmədikdə, texnikanı qeyd-şərtsiz geri qaytarmaqla borc məbləğinin ödənilməsinə dair cavabdeh öhdəlik daşıyır.
İİ. Tərəflərin mövqeyi
3. İddiaçının nümayəndəsi X1 xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə ərizə təqdim edərək, işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
4. Cavabdeh bildirdi ki, əslində onun bu hadisə ilə heç bir əlaqəsi yoxdur. O, sadəcə olaraq sürücülük vəsiqəsi olduğu üçün bu işə daxil olmuşdur. Əslində pulun hamısı iddiaçı şirkətə tam ödənilib, lakin pul alış-verişi onun vasitəsilə olduğu üçün cavabdeh o göstərilib. Pulun verildiyi adam pulun hamısının verilidiyini inkar edir. Bununla bağlı o, polisə müraciət edəcəkdir. Buna görə də qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etdi.
II. Sübutların tədqiqi
5. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 02 avqust 2024-cü il tarixli 03/02469 nömrəli kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə müqavilədən görünür ki, buraxılış ili 2014-cü il, ** AB *** dövlət qeydiyyat nömrəli, TC-5050 markalı bir ədəd taxılyığan kombayn xx.xx.2024-xx.xx.2024-cü il tarix ərzində 1680 manat məbləğində mülkiyyət hüququnun istifadəçiyə keçməməsi şərti ilə Cavabdeh istifadəyə verilmişdir.
6. Həmin müqavilələrin 2.2.2-ci bəndinə əsasən cavabdeh lizinq ödənişlərini müqavilə (istifadə) müddəti ərzində bu müqavilənin 1.4-cü bəndinə uyğun olaraq (100% olaraq) ödəməyi öhdəsinə götürmüşdür.
7. Həmin müqavilənin 2.2.8-ci bəndinə əsasən istifadəçi bu müqavilənin müddəti başa çatdıqdan sonra texnikanı saz və dəst halda istifadəyə verənə geri qaytarmağı qeyrişərtsiz üzərinə götürür.
8. 05 avqust 2024-cü il tarixli iltizamdan görünür ki, Cavabdeh 02 avqust 2024-cü il tarixli 03/02469 nömrəli müqavilə əsasında istifadəyə götürdüyü 2014-cü il, ** AB *** dövlət qeydiyyat nömrəli, TC-5050 markalı bir ədəd taxılyığan kombaynı iltizamda nəzərdə tutulan öhdəliklərə əməl etmək şərti ilə müvəqqəti istifadəyə götürmüş, istifadə müddəti bitdikdən sonra texnikanı saz və dəst halda təhvil verməyi öhdəsinə götürmüşdür.
9. 05 avqust 2024-cü il tarixli 03/02469 saylı aktdan görünür ki, buraxılış ili 2014-cü il, ** AB *** dövlət qeydiyyat nömrəli, TC-5050 markalı bir ədəd taxılyığan kombayn Cavabdeh ümumi saz vəziyyətdə təhvil verilmişdir.
10. 02 aprel 2025-ci il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh 02 avqust 2024-cü il tarixli 03/02469 saylı lizinq müqaviləsi üzrə 1180 manat qalıq borcu vardır. Müqavilə barədə məlumat: müqavilə məbləği 1680 manat, ödənilib 500 manat. Qalıq borc: 1180 manat.
11. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 02 avqust 2024-cü il tarixli 03/02470 nömrəli kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə müqavilədən görünür ki, buraxılış ili 2019-cu il, EMT-5 markalı bir ədəd xeyder qarğıdalı xx.xx.2024-xx.xx.2024-cü il tarix ərzində 4800 manat məbləğində mülkiyyət hüququnun istifadəçiyə keçməməsi şərti ilə ona istifadəyə verilmişdir.
12. Həmin müqavilələrin 2.2.2-ci bəndinə əsasən cavabdeh lizinq ödənişlərini müqavilə (istifadə) müddəti ərzində bu müqavilənin 1.4-cü bəndinə uyğun olaraq (100% olaraq) ödəməyi öhdəsinə götürmüşdür.
13. Həmin müqavilənin 2.2.8-ci bəndinə əsasən istifadəçi bu müqavilənin müddəti başa çatdıqdan sonra texnikanı saz və dəst halda istifadəyə verənə geri qaytarmağı qeyrişərtsiz üzərinə götürür.
14. 05 avqust 2024-cü il tarixli iltizamdan görünür ki, Cavabdeh 02 avqust 2024-cü il tarixli 03/02470 nömrəli müqavilə əsasında istifadəyə götürdüyü texnikanın (buraxılış ili 2019-cu il, EMT-5 markalı bir ədəd qarğıdalı xeyderi) iltizamda nəzərdə tutulan öhdəliklərə əməl etmək şərti ilə müvəqqəti istifadəyə götürmüş, istifadə müddəti bitdikdən sonra texnikanı saz və dəst halda təhvil verməyi öhdəsinə götürmüşdür.
15. 05 avqust 2024-cü il tarixli 03/02470 saylı aktdan görünür ki, buraxılış ili 2019-cu il, EMT-5 markalı qarğıdalı xeyder Cavabdeh ümumi saz vəziyyətdə təhvil verilmişdir.
16. 02 aprel 2025-ci il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh 02 avqust 2024-cü il tarixli 03/02470 saylı lizinq müqaviləsi üzrə 2800 manat qalıq borcu vardır. Müqavilə barədə məlumat: müqavilə məbləği 4800 manat, ödənilib 2000 manat. Qalıq borc: 2800 manat.
17. 01 aprel 2025-ci il tarixli pretenziyadan görünür ki, 3980 manat gecikdirilmiş borc məbləğinin qısa zaman ərzində ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.
III. Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 747. Lizinq müqaviləsi 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Maddə 747-5. Lizinq əməliyyatlarının hüquqi forması 747-5.2. Lizinqlə əlaqədar bağlanılan alqı-satqı müqaviləsində, bu Məcəllə ilə nəzərdə tutulmuş şərtlərlə yanaşı, aşağıdakılar da göstərilməlidir: 747-5.2.1. Lizinq obyekti lizinq verən tərəfindən xüsusi olaraq lizinqə verilmək üçün əldə edilir; 747-5.2.2. Lizinq müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektinin satıcısı ilə lizinq verən arasında bağlanılan alqı-satqı müqaviləsindən irəli gələn alıcı hüquqlarına malikdir. Maddə 748-1. Lizinq müqaviləsi iştirakçılarının hüquq və vəzifələri 748-1.12. Lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: 748-1.12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə. Maddə 748-7. Lizinq müqaviləsinin tərəfləri arasında risklərin bölüşdürülməsi 748-7.1. Lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Maddə 748-10. Lizinq ödənişləri 748-10.1. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. 748-10.2. Lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Maddə 751. Lizinqə tətbiq edilən digər qaydalar Lizinq barəsində əmlak kirayəsi müqaviləsinin bu Məcəllənin 747-750-ci maddələrinə zidd olmayan qaydaları tətbiq edilir. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 447. İkitərəfli müqavilələrdə öhdəliklərin icra edilməməsi 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. 447.2. Aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: 447.2.1. bunun heç bir nəticə verməyəcəyi aydın olduqda; 447.2.2. öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda; 447.2.3. xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 747-1.3 və 747-2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2020-ci il tarixli Qərarı
“... lizinq müqaviləsinin bağlandığı an əşyanın lizinq alanın mülkiyyətinə keçməsi və bununla da, mülkiyyətçinin dəyişməsi baş vermir. Satın alma şərtləşdirildiyi halda (bir qayda olaraq lizinqin cəlbediciliyi bu şərtə görə mövcud olur) həmin əşya sonda lizinq alana satılır. Lizinq müqaviləsi lizinq verənin öz əmlakından daha yüksək dəyər əldə etməsinə, lizinq alanın isə aylıq haqq ödənişi müqabilində həmin əmlakdan faydalanmasına (gəlir götürməsinə, yaxud götürmədən istifadə etməsinə) imkan yaradır. Beləliklə, lizinq daha çox mülkiyyətçinin öz əmlakını nisyə alğı-satqı yolu ilə hissəvi ödəniş əsasında satılmasına yönələn hərəkəti kimi xarakterizə edilir. Lizinq alan ödənişi geri tələb etmir və lizinq alan müqavilənin hər hansı şərtini icra etmədiyinə görə lizinq verənin tələbi ilə lizinq obyekti üzərində sahiblik və istifadə hüquqlarından əvəzsiz olaraq məhrum edilə bilər”.
IV. Məhkəmənin mövqeyi
a) Lizinq müqaviləsi üzrə əsas borcun tutulması tələbi ilə bağlı
20. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
21. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
22. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanılmış 02 avqust 2024-cü il tarixli 03/02469 nömrəli kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə müqaviləyə əsasən buraxılış ili 2014-cü il, ** AB *** dövlət qeydiyyat nömrəli, TC-5050 markalı bir ədəd taxılyığan kombayn xx.xx.2024-xx.xx.2024-cü il tarix ərzində 1680 manat məbləğində və 02 avqust 2024-cü il tarixli 03/02470 nömrəli kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə müqaviləyə əsasən isə buraxılış ili 2019-cu il, EMT-5 markalı bir ədəd xeyder qarğıdalı xx.xx.2024-xx.xx.2024-cü il tarix ərzində 4800 manat məbləğində mülkiyyət hüququnun istifadəçiyə keçməməsi şərti ilə lizinqə verilmişdir. Lizinq verən öz öhdəliyini yerinə yetirmiş, lizinq obyektlərini lizinq alanın sahiblik və istifadəsinə vermiş, lakin lizinq alan üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməmiş, lizinq ödənişini tam ödəməmişdir.
23. Hazırda iddiaçı 02 avqust 2024-cü il tarixli 03/02469 nömrəli lizinq müqaviləsi üzrə 1180 manat, 02 avqust 2024-cü il tarixli 03/02470 nömrəli lizinq müqaviləsi üzrə isə 2800 məbləğində qalıq borcun ödənilməsini tələb edir.
24. Məhkəmə kommersiya mübahisəsinin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
25. Mülki Məcəllənin lizinq haqqında ümumi müddəalarının tələblərinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
26. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə lizinq müqaviləsi olub, iddiaçının tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 748-1.12.4-cü maddəsi təşkil edir.
27. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn tələb etmək hüququnu realizə edir.
28. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
29. 02 aprel 2025-ci il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh 02 avqust 2024-cü il tarixli 03/02469 lizinq müqaviləsi üzrə 1180 manat, 02 avqust 2024-cü il tarixli 03/02470 lizinq müqaviləsi üzrə 2800 manat qalıq borcu vardır.
30. Beləliklə, məhkəmə hesab edir ki, lizinq müqaviləsi üzrə öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.
b) Məhkəmə xərcləri ilə bağlı
31. İddiaçı, elecədə 59,80 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.
32. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzi ilə 59,80 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
34. İddia tələbi təmin edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 59,80 manat pul Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməlidir.
V. Məhkəmənin gəldiyi nəticə
35. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, 02 avqust 2024-cü il tarixli 03/02469 nömrəli nömrəli müqavilə üzrə 1180 manat borc, 02 avqust 2024-cü il tarixli 03/02470 nömrəli müqavilə üzrə 2800 manat borc olmaqla, cəmi 3980 manat pul Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməlidir.
36. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233 və 360-cı maddələrinə əsasən
QƏT ETDİ:
İddia təmin edilsin. 02 avqust 2024-cü il tarixli 03/02469 nömrəli müqavilə üzrə 1180 manat borc, 02 avqust 2024-cü il tarixli 03/02470 nömrəli müqavilə üzrə 2800 manat borc olmaqla, cəmi 3980 (üç min doqquz yüz səksən) manat pul Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 59,80 (əlli doqquz manat səksən qəpik) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Gəncə Kommersiya Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Əbülfəz Məmmədli