Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1030/2024 04.09.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, iddiaçi X1 Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı “38600 manat debitor borc, 3045,69 manat əldən çıxmış fayda və 214,94 manat dövlət rüsumunun cavabdehdən tutulması” tələbinə dair iş materiallarına məhkəmə binasında açıq məhkəmə iclasında baxılaraq aşağıdakı qətnamə qəbul edildi. Təsviri hissə: İddiaçı QSC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə bağlanmış kommissiya müqaviləsinə əsasən iddiaçı özünün (komitent) mallarının öz hesabına lakin cavabdehin (komisyonçu) adından satılması barədə müqavilələrin bağlanmasını cavabdehə tapşırmağı və əvəzində razılaşdırılmış muzd ödəməyi, sonuncu isə bu müqavilədə nəzərdə tutulmuş qaydada muzd müqabilində tapşırığın yerinə yetirilməsini öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən komisyonçuya verilməli malların dəqiq adları, qiymətləri, ümumi siyahısı, çüşidi, təsviri, spesifikasiyaları, miqdarı və digər göstəriciləri bu müqavilənin əlavələrində göstərilir. 3.4-cü yarımbəndinə əsasən cavabdeh alıcılarla bağladığı müqavilələrin icrasına görə iddiaçı qarşısında zəmanət verir və məsuliyyət daşıyır. Müqavilənin 5.3-cü yarımbəndinə əsasən cavabdeh siyahının yoxlanması üçün qalıq kimi göstərdiyi malları iddiaçının tələbi ilə ona təqdim etməzsə, və ya yoxlama nəticəsində siyahıda qalıq kimi göstərilmiş malların cavabdehdə olmadığı müəyyən edilərsə, təqdim edilməmiş, və ya əskik gələn malların dəyəri cavabdehin borclarına yazılır və ondan tutulur. Tərəflərin imzaları əks olunmuş müqaviləyə 1, 2, 3 nömrəli Əlavələrdən görünür ki, iddiaçı tərəfindən Cavabdeh ümumi dəyəri 8180,21 manat mal verilmişdir. Qalıq borcun dəqiqləşdirilməsi məqsədilə tərəflər arasında onların imzaları ilə təsdiq edilmiş qarşılıqlı üzləşmə aktı tərtib edilmiş və həmin akta əsasən cavabdehin debitor borcunun 38600 manat olması təsdiqlənmişdir. Borcun ödənilməsi ilə bağlı cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmiş və iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçı ilə bağladığı xx.xx.2022 – ci il tarixli, 13 nömrəli komissiya müqaviləsinə əsasən ona verilmiş malları adları iddiaçıya məlum olmayan şəxslərə nisyə olaraq satmış, həmçinin pərakəndə satış zamanımalların dəyərini iddiaçıya ödəməmişdir. 14 dekabr 2022-ci il tarixli Üzləşmə aktına əsasən 38600 manat dəyərində təhvil verilmiş malın ödənişi cavabdeh tərəfindən iddiaçıya ödənilməmiş və debitor borcu qalmışdır. Öhdəliyini icra etməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə 30 aprel 2024-cü il tarixində cavabdehə pretenziya məktubu göndərilsə də, cavabdeh hərəkətsizlik göstərərək borcu ödəməmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, tərəflər arasında komisiya müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı şirkət idxal etdiyi gübrə məhsullarını şirkətin adından satılması üçün cavabdehə vermişdir. Cavabdeh də buna görə müəyyən olunmuş məbləğdə komissiya alacaqdı. Gübrə məhsulları cavabdehə verilsə də, cavabdeh həmin məhsulların dəyərini ödəməmişdir. Tərəflər arasında üzləşmə aktı tərtib edilmişdir. Cavabdeh həmin üzləşmə aktına görə 38600 manat debitor borcun olmasını etiraf etmişdir. Lakin ötən müddət ərzində borcdan ödəniş olmamışdır. Tələb edilən 3045,69 manat əldən cıxmış faydanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən tələb edirlər. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara : Tərəflər arasında bağlanmış müqavilə, Üzləşmə aktı, Müqaviləyə 1, 2, 3 nömrəli Əlavələr və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Məhkəmə tələbin 38600 manat borcun ödənilməsinə münasibətdə qeyd edir ki, məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi tərəflər arasında xx.xx.2022-ci il tarixdə bağlanmış kommissiya müqaviləsinə əsasən iddiaçı özünün (komitent) mallarının öz hesabına lakin cavabdehin (komisyonçu) adından satılması barədə müqavilələrin bağlanmasını cavabdehə tapşırmağı və əvəzində razılaşdırılmış muzd ödəməyi, sonuncu isə bu müqavilədə nəzərdə tutulmuş qaydada muzd müqabilində tapşırığın yerinə yetirilməsini öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə ilə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş və ödənilməmiş 38600 manat borcu qalmışdır. Qalıq borcun dəqiqləşdirilməsi məqsədilə tərəflər arasında onların imzaları ilə təsdiq edilmiş qarşılıqlı üzləşmə aktı tərtib edilmiş və həmin akta əsasən cavabdehin debitor borcunun 38600 manat olması təsdiqlənmişdir. Göründüyü kimi cavabdeh qalıq 38600 manat borcun mövcudluğuna dair tərtib edilmiş üzləşmə aktına imza etməklə həmin məbləğdə borcun olmasını etiraf etmişdir. Bu səbəbdən 38600 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Tələbin 3045,69 manat əldən çıxmış faydanın tutulmasına münasibətdə məhkəmə qeyd edir ki, iddia bu hissədə əsaslıdır və təmin edilməlidir. Belə ki, iddiaçının vəkili məhkəmə iclasında tələ edilən 3045,69 manat əldən cıxmış faydanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən tələb etdiklərini bildirdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən bu məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. İddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatında bildirdiyi halları, iddiaçının iddia ərizəsində istinad etdiyi müxtəlif qanunvericilik normalarını nəzərə alaraq, eləcə də tərəflər arasında bağlanmış müqavilədə faiz, cərimə məbləğləri nəzərdə tutulmadığından məhkəmə hesab edir ki, 3045,69 manat borc məbləği Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illik 5 % olaraq cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin konkret müddəti müəyyən olunmadığından qarşılıqlı üzləşmə aktının tərtib olunduğu xx.xx.2022-ci il tarixdən məhkəməyə müraciət edildiyi xx.xx.2024-cü il tarixə 19 ay üçün illik 5%-lə ödənilməli faiz məbləği 3055.83 manat təşkil edir. Məhkəmə tərəfindən adi hesablama aparıldıqda müəyyən olunduğu kimi qarşılıqlı üzləşmə aktının tərtib olunduğu xx.xx.2022-ci il tarixdən məhkəməyə müraciət edildiyi xx.xx.2024-cü il tarixə illik 5 %-lə hesablanmış faiz məbləği (38600 * 5% = 1930 manat – 1 il üçün, 1930 / 12 ay = 160.83 manat 1 aylıq faiz, 160.83 x 19 ay = 3055.83 manat) 3055.83 manat təşkil edir. İddiaçı isə 3045,69 manat tələb edir ki, məhkəmə tələbdən kənara çıxmağa haqlı olmadığından iddiaçının tələbi üzrə tələb olunan məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 214,94 manat təşkil edir ki, iddia tələbi təmin edildiyindən və iddiaçı onun tərəfindən ödənilmiş 214,94 manat dövlət rüsumunu cavabdehdən tələb etdiyindən 214,94 manat sonuncudan tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 38600 manat əsas, 3045,69 manat faiz borcu və 214,94 manat dövlət rüsumu tutularaq İddiaçı QSC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-1030/2024
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1030/2024
04.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver