Məhkəmə qərarları › İş №e-2-2(117)-1119/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1119/2024

30.09.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Daşınmaz əmlak üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1119/2024 30.09.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Dadaşov Bəşir Mustafa oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndələri və vəkilləri Vəkil2, Vəkil1, Cavabdeh, cavabdehin nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “Cavabdeh ilə İddiaçı arasında hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda mülkiyyət hüququ tam pay üzrə Cavabdeh adına rəsmiləşdirilmiş daşınmaz əşyalar: Qəbələ rayonu, Zarağan kəndində yerləşən 1.34 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş 1 ədəd aptek, 1 ədəd adı olmayan cehizlik mağazası, 4 boksdan ibarət avtomobil təmiri sexi, eyni cərgədə tikinti materialları satışı mərkəzi, 1 ədəd şərab evi, 1 ədəd avtomobil ehtiyat hissələri satışı mağazası, “Okean” şadlıq sarayı və “Yeni market” adlı mağazalar üzərində cavabdehə məxsus olan mülkiyyət hüququnun ½ hissəsinin cavabdeh tərəfindən iddiaçıya ötürülməsi öhdəliyini və həmin obyektlər fəaliyyətə başladıqları dövrdən etibarən əldə edilən qazancın ½ hissəsinin cavabdeh tərəfindən hər ay iddiaçıya təqdim edilməsi öhdəliyini müəyyən edən şifahi şəriklik müqaviləsinin bağlanmış hesab edilməsi; Qəbələ rayonu, Zarağan kəndində yerləşən 1.34 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş 1 ədəd aptekə, 1 ədəd adı olmayan cehizlik mağazasına, 4 boksdan ibarət avtomobil təmir sexinə, eyni cərgədə tikinti materialları satışı mərkəzinə, 1 ədəd şərab evinə, 1 ədəd avtomobil ehtiyat hissələri satışı mağazasına, “Okean” şadlıq sarayına iddiaçının daxil olmasına, onun sahiblik/istifadə hüququnun həyata keçirilməsinə cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılması” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq qətnamə qəbul etdi. Təsviri hissə: İddiaçı iddiasına görə onunla Cavabdeh arasında müştərək qaydada biznes qurmaq və hüquqi şəxs yaratmadan birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq birgə gəlir əldə etmək məqsədilə razılıq əldə olunmaqla şifahi qaydada "adi ortaqlıq" müqaviləsi bağlanmışdır. Bağlanmış həmin müqavilə Azərbaycan Respublıkası Mülki Məcəlləsində tənzimlənməyən atipik müqavilə olsa da, qanunvericiliyin imperativ tələblərinə uyğun olmaqla Mülki Məcəllənin 390.1-ci maddəsinin tələbi ilə (onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər) tam əhatə olunmuşdur. Məlum olduğu kimi müqavilə azadlığı prinsipi öz içərisində müqavilələrin forma sərbəstliyi prinsipini də əhatə etdiyinə görə və ortaqlıq müqaviləsi qanunvericiklə tənzimlənmədiyinə görə onun şifahi bağlanmasına yol verilir. Bu müddət ərzində sözügedən şifahi müqavilə əsasında, iddiaçı və cavabdeh bərabər sərmayə (pul) və əmək əsasında 1 ədəd aptek, 1 ədəd adı olmayan cehizlik mağazası, 4 boksdan ibarət avtomobil təmiri sexi, eyni cərgədə tikinti materialları satışı mərkəzi, 1 ədəd şərab evi, 1 ədəd avtomobil ehtiyat hissələri satışı mağazası, 1.34 ha torpaq sahəsi və “Okean” şadlıq sarayını əldə etmişdirlər. Bununla yanaşı ortaqlar (iddiaçı və cavabdeh) “Yeni market” adlı mağazanın əldə edilməsində hər biri 1/4 paya sahibdirlər. Sözügedən şifahi ortaqlıq müqaviləsinə əsasən həmin ortaqlığın əldə etdiyi bütün daşınan və daşınmaz əşyalar ortaqların bərabər paylı mülkiyyətində nəzərdə tutulmuş və ordan əldə edilən gəlir və xərclər onlar arasında bərabər bölünmüşdür. Ortaqlıq münasibətlərinin yarandığı vaxtdan 2021-ci ilin sonlarına kimi münasibətlər şifahi müqavilədə nəzərdə tutulan qaydada davam etsə də, 2021-ci ilin sonlarından cavabdeh rəsmi sənədlərin və VÖEN-nin iddiaçının adına olmamasından sui-istifadə edərək müqavilə üzrə öhdəliklərini pozaraq iddiaçının yuxarıda göstərilən ticari obyektlərdəki və onların gəliri-xərci üzərindəki ortaqlıq payını, sahiblikistifadə hüququnu təkzib edir. Buna görə də iddiaçı tərəflər arasında yuxarıda göstərilən şərtlərlə şifahi şəriklik müqaviləsinin bağlandığının müəyyən edilməsi məqsədilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmin ticarət obyektlərinin əldə edilməsi, tikilməsi, yenidən qurulması, idarə edilməsi zamanı 3-cü şəxslərlə münasibətlər həm iddiaçı, həm cavabdeh tərəfindən həyata keçirilmişdir. Belə ki, iddiaçı həmin daşınmazların əldə edilməsi zamanı onların idarə edilməsi və gəlir götürülməsi zamanı mülkiyyətçi hüququ ilə hərəkət etmiş 3-cü şəxslər də, cavabdeh də iddiaçını bu cür qəbul etmişlər. Cavabdeh iddiaçının onu öldürməklə hədələməsi əmlakının 50%-ni tələb etməsi, əks halda isə onu öldürəcəyi ilə hədələməsi barədə müraciəti əsasında qəbul edilmiş 24 oktyabr 2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar”dan aydın görünür ki, İddiaçı haqlı mövqeyi pozulmuşdur və bu hal həmin qərarda şahid ifadələri ilə də təsdiq olunur. Hazırda isə iddiaçı və cavabdeh arasında birgə ticarət fəaliyyəti vasitəsilə əldə edilmiş əmlak aktivlərinin kimin adına rəsmiləşdirilməsindən asılı olmayaraq bərabər paylı mülkiyyətdə, bərabər paylı istifadədə olduğunu, ticarət obyektlərindən əldə edilən gəlirin/xərcin həmin obyektlərin kimin VÖEN-ni əsasında fəaliyyət göstərməsindən asılı olmayaraq bərabər bölündüyünü şərtləndirən şifahi ortaqlıq müqaviləsinin bağlandığının müəyyən edilməsinə və iddiaçının yuxarıda göstərilən ticarət obyektlərinə daxil olmasına, onun sahiblik/istifadə hüququnun həyata keçirilməsinə cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılmasına zərurət yaranmışdır. Cavabdeh iddia tələbinə qarşı etirazla məhkəməyə müraciət edərək etirazını onunla əsaslandırmışdır ki, iddianı tam qəbul etmir, iddiaçı ilə onun arasında nə şifahi sadə ortaqlıq müqaviləsi, nə də şifahi şəriklik müqaviləsi mövcud deyildir. İddiaçı iddiasının əsaslandırıcı hissəsində onunla arasında şifahi qaydada adi ortaqlıq müqaviləsi olduğunu göstərmişdir. Bir halda söhbət təsərrüfat ortaqlığından gedir burda ortaqların ortaqlıq şərtləri, qoyduğu payların vəziyyəti, idarəçilik, qazancın bölgüsü və s. şərtlər nizamnamədə əksini tapmalıdır. İddiaçı bu məsələlərə düzgün hüquqi qiymət verilməmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərin siyahısından da məlum olur ki, iddiaçı onunla ortaq olduğunu sübut edən hər hansı sənəd, xüsusən pul, mal, sərmayə qoyduğunu təsdiq edən sənəd-sübut əlavə etməmişdir. Onun mülkiyyətində olan torpaq sahəsində və obyektdə iddiaçının payı yoxdur və qeyd edilməyib. İddiaçının onunla ortaq yaratdığı və girməsinə maneə törədildiyini göstərdiyi ticarət obyektinin yerləşdiyi torpağı, torpağın üstündə yerləşən ətkəsmə məntəqəsini o, xx.xx.2002-ci ildə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentində keçirilən auksionda müəssisənin əmək kollektivi ilə birlikdə 25329000 manata almışdır. İddiaçı həmin əmək kollektivinin üzvü olmamışdır. 611.1 kv.m sahəsi olan daşınmaz əmlak, yəni qeyri-yaşayış sahəsi olan daşınmaz əmlak, yəni qeyri-yaşayış torpaq sahəsinin onun mülkiyyətində olmasına dair Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-dən xx.xx.2006-cı ildə ********* nömrə ilə qeydə alınmış çıxarış almışdır. Həmin torpaq sahəsində Ticarət və xidmət obyekti tikmək üçün Qəbələ Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Qəbələ RİH başçısının xx.xx.2009-cu il tarixli Sərəncamı ilə ona hazırki obyektini tikməyə icazə verilmişdir. O, hazırki duruma çatmağa, pul qazanmaq üçün uzun çətinliklərdən, əziyyətlərdən keçmişdir. 2000-ci ilin əvvəllərindən yük avtomobilləri alıb icarəyə vermiş, onların alğı-satqısı ilə məşğul olmuşdur. Bu barədə DİN BDYPİ-nin Şəki Regional Qİ vəTB şöbəsinin xx.xx.2024-cü il tarixli arayışını məhkəməyə təqdim etmişdir. Göstərdiklərindən əlavə 1986-cı ildə Zarağan kəndində Qəbələ Məişət Xidməti Kombinatının 100 kv.m sahəsi olan bərbərxananı icarəyə götürmüş, oranı özəlləşdirmiş, yarıya bölərək 2 dükan açmışdır. Biri avtomobil ehtiyat hissələri dükanı, digəri tikinti materialları satışı mağazası olmuşdur. 2013-2014-cü illərdə X24 tikilərkən yolun üstündə olan həmin mağazaları dövlət alaraq ona 12400 manat kompensasiya ödəmişdir. O, həmin mağazaları hazırki ticarət mərkəzinə köçürmüş və hazırda da fəaliyyət göstərmişdir. O, Əfqanıstan müharibəsi veteranıdır, dövlət tərəfindən ona xüsusi imtiyazlar verilmişdir. İddiaçı ilə onun əsas ünsiyyəti həmin vaxtdan başlamışdır. Onun konteyner tipli Kamaz maşını olmuş, ona un və tikinti materialları daşımış, o da pulunu ödəmişdir. Zarağan kəndində olan hərbi hissənin həm çölündə, həm də içində onun yumşaq oyuncaqlar və suvenir mağazaları vardır. X12 İdarəsinin xx.xx.2024-cü il tarixli 145 nömrəli arayışından görünür ki, iddiaçı xx.xx.2005-ci ildən xx.xx.2022-ci il tarixə kimi həmin idarədə fəhlə və sürücü vəzifəsində işləmişdir. Belə bir əmək fəaliyyəti ilə məşğul olan şəxsin onun tərəfindən tikilmiş, yaradılmış əmlaklarda ½ payı olması hansı sərmayə hesabına yarandığını sübut etmək onun öhdəsinə düşmüşdür. DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Qəbələ rayonu, Zarağan kəndində yerləşən sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı ******* ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binası Cavabdeh xüsusi mülkiyyətindədir. Şahid qismində dindirilmiş X16 xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, iddiaçı onun dayısıdır. İddiaçı və cavabdehlə uşaqlıqdan tanışdır və onlarla yaxşı münasibəti olmuşdur. 2009-cu ildə iş öyrənmək məqsədi ilə onların yanında, mebel sexlərində işə başlamışdır. İlk öncə iş üçün İmaməddin müəllimə müraciət etmiç, o, ona heç nə deməmişdir. Sonra şəriyi ilə məsləhət edib bir söz deyəcəyini bildirmişdir. Bundan sonra o, işə başlamışdır. Əmək haqqını Şəhla xanım adlı şəxsdən almışdır. Onların şərik olmasını ona heç kim deməmiş, onlar şərik olduğunu özləri bilmişlər. O, təxminən 2009-2010-cu illərdə işləmişdir. İşlədiyi dövrdə əmək müqaviləsi olmamışdır. 70 manat əmək haqqı almışdır. Əmək haqqı almışdır. Onları da şərik kimi tanımışdır. Şahid qismində dindirilmiş X13 xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, 2004-cü ildə işsiz olmuşdur. Bəzi sürücü yoldaşlar bildirmişdi ki, tikinti materiallarının satışı ilə məşğul olan iki nəfər İmaməddin və Yunusun maşını vardır və onların maşınlarından biri boşdur. O, onlara yaxınlaşıb iş istəmişdir. Onların ikisi bir yerdə olmuşlar. Daha sonra İmaməddinə məxsus olan 222 nömrəli Kamaz markalı maşını sürmək üçün ona etibarnamə verilmiş və o, işə həmin gün başlamışdır. Sonrakı işlədiyi maşınlar Yunusun adına idi və etibarnaməni ona Yunus vermişdir. Hesabatını işdən qayıdanda hər ikisi ilə aparmışdır. Onların şərik olduğu ilə bağlı özləri ona heç nə deməmiş və o da soruşmamışdır. Sadəcə olaraq onları çox vaxt bir yerdə görmüşdür. O, İmaməddinlə qohum deyildir. Sadəcə olaraq İmaməddinin qardaşı İmranla ana bir qardaşdır. Yunus özü deyəndə o, İmaməddinlə hesabat aparmışdır. Sürücülər işdən cıxmaq istəməyi ilə bağlı məsələdən məlumatı yoxdur. O, orada olmamışdır. İmranla İmaməddin ata bir qardaşdırlar. İmranın qardaşı İmaməddini yəni qardaşımın qardaşını özümə qardaş bilirəm. Şahid qismində dindirilmiş X4 xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, o, İmaməddinin həyat yoldaşının əmisi qızıdır. 2003-2004-cü illərdə Zarağanda mebel mağazası açılandan orada işə girmişdir. İşə düzəlmək üçün İddiaçı müraciət etmiş, sonra onu işə götürmüşlər. Ona aylıq 50 manat əmək haqqı verilmişdir. O da həmin pulu kassadan götürmüşdür. Əmək haqqını bu formada götürməyini ona həm İmaməddin müəllim, həm də Yunus müəllim demişdir. Onların şərik olmaları ilə bağlı özləri heçnə deməmişdir. Aralarında olan münasibətlərdən xəbəri olmamışdır. Lakin hamı demişdir ki, onlar şərikdir. Pullar seyfə qoyulurdu. O, hesabatı çox vaxt Yunusla aparmışdır və qazancı Yunusa vermişdir. Lakin Yunus olmayanda İmaməddin müəllimə də vermişdir. Mebeli hər hər ikisi gətirirdi. Ən çoxda o özü sifariş verirdi. X16 onların yanında işləmiş və əmək haqqı almışdır. Gördüyü gündəlik işə görə əmək haqqı verirdilər. X9 iddiaçı ilə qohumluq münasibətinin olmağı barədə məlumatı vardır. X3 müəllimin bacısı oğludur. X16 onlarla işləmiş və ona əmək haqqı verirdilər. Bu barədə göstərişi onlara İmaməddin və Yunus birgə vermişdir. Şahid qismində dindirilmiş X7 xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, o, çilingər olmuşdur. İş görmüş və ona zəhmət haqqı vermişdilər. Pulu çox vaxt Yunus müəllimdən almışdır. Onların şərik olması ilə bağlı heç nə deməmişdir. Onlar həmişə mehriban olmuş, sadəcə olaraq ortalıqda danışırdılar ki, onlar şərikdir. O, Yunusla birgə maşın almağa Gürcüstana kimi getmişdir. Lakin İmaməddinlə getməmişdir. Şahid qismində dindirilmiş X6 xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, 2010-2011-ci illərdə həmin yerdə sürücü kimi işə başlamışdır. Onu işə Cavabdeh götürmüş, Hesabatını həm Yunusla həm də İmaməddinlə etmişdir. Şərik olmaları barədə heç biri ona heç nə deməmişdir. Ancaq bir yerdə mehriban işləyirdilər, hamı elə bilirdi ki, onlar şərikdir. Şahid qismində dindirilmiş X17 xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Zakirov İmamaəddin ata bir qardaşıdır. Təxminən 1993-1995ci illərdə onların yanında tikinti məhsulları mağazasında fəhlə və satıcı kimi işləmiş, ikisi də onun müdiri olmuş, İddiaçı həmişə demişdir ki, şərikdirlər, lakin Yunus şərik olmaları barədə heçnə deməmişdir. Onu işə kimin götürdüyü yadında deyil. Yəqin qardaşı İmaməddin götürər. Əmək haqqını isə kimdən aldığı da yadından çıxmışdır. O, Yunus taxıl kooperativi yaradandan orada işləmişdir. Şahid qismində dindirilmiş X8 xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Cavabdeh əmisi qızı onun qardaşının həyat yoldaşıdır. Təxminən 1993-cü illərin əvvəllərində İmaməddin, Yunus və o, şərikli un alverinə başlamışlar. Quba-Qusar bölgəsindən un alıb gətirib satırdılar. Qazancı da bərabər bölürdülər. Sonra yenə üçü bir yerdə taxıl təsərrüfatı yaratmışlar. Yunusun özünün 3 şəriyi olmuş, İmaməddinin isə 1 şəriyi. Biçilən taxılın onlara düşən hissəsini də onlar öz aralarında bölmüşdür. Sonra taxıl əkdiyi torpaq sahəsi islahata getmiş və təssərüfatları dağılmışdır. Yunusla İmaməddinin sonrakı fəaliyyəti ilə bağlı heç nə deyə bilmir. Onların heç biri ona deməmişdir ki, onlar şərikdirlər. Kənardan baxanda şərik kimi görsənirdilər, amma ona heç kim heç nə deməmişdir. Şahid qismində dindirilmiş X2 xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, o, tikinti materialları beton, çınqıl, qum və.s satan müəssisəsinin müdiri olmuşdur. Yunus və İmamməddinin hər ikisi ilə yaxın dost olmuşdur. Onlar birgə işləyəndə onlara çox köməyi dəymişdir. Onlar əvvəlcə kafe açmışdılar. Bir müddət sonra isə sexlər, mağaza və şadlıq sarayı tikmişdilər. Onların hər ikisi ona şərik olduqlarının demişdilər. Ondan Yunusda, İmaməddində mal almışdır. Amma ən çox Yunus almışdır, borcda çox vaxt Yunusa yazılmışdır. Həmin şərikliyə yəni obyektlərin tikintisinə və.s kimin nə qədər pul qoyduğunu və ya kimin nə qədər payının olduğunu bilmir. Kredit barədə məlumatı yoxdur. Ancaq maşınlara gələndə isə əvvəl İmaməddinin bir maşınının olduğunu bilir. Yunusun maşınlarından isə xəbərim yoxdur. O, elə bilirdim ki, onlar işləyəişləyə çoxlu maşınlar almışdır. Bəli o məclisdə oda olmuşdur. Yunus demişdir ki, o, idiyə kimi İmaməddinlə yarıya-yarıya qazancı bölmüşdür, ancaq indidən sonra bölməyəcəkdir. Yunus və İmaməddin necə, hansı bölgüdə şərik olmaları barədə məlumatı yoxdur. İmaməddinlə Yunusu tanığı müddət ərzində Yunus özünə ev, maşın almışdır. İddiaçı özünə heç nə almırdı, kasıbçılıqla yaşamışdır. İddiaçı məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, təxminən 1990-ci illərdə cavadehlə kooperativ yaratmışlar. Həmin kooperativə cavabdehi sədr təyin etmişlər. Bu qərarı digər yoldaşlarla birgə almışlar. 1996-1997-ci illərdə ona məxsus “kamaz” markalı maşın olmuşdur. Həmin maşında şəriyi şəriklikdən çıxmış, payını cavabdehə satmışdır. Bundan sonra o, cavabdehlə şərik işləmişdir. Qazancı yarı-yarıya bölmüşlər. 2009-cu ildə qərara gəlmişlər ki, şərikli iş qursunlar. Bu məqsədlə tikinti materiallarının satışı mağazası açmışdılar. Əvvəl kirayə götürmüşlər. Sonra mağazanı almışlar. Mağazadan əldə edilən qazanc cavabdehdə olmuşdur. Gəliri onunla bölməmişdir. Sonradan 1.34 ha torpaq sahəsi almışlar. Onun üzərində “Okean” şadlıq sarayını tikmişlər. Bu məqsədlə cavabdeh evini banka girov qoyub 150000 manat, sonradan isə 300000 manat kredit götürmüşdür. İşləyib krediti ödəmişlər. Sonradan gəlir hesabına digər qeyri-yaşayış sahələrini almış və orada işləmişlər. Təxminən 2022-ci ildə bir məclisdə cavabdeh onunla obyektləri yarı-yarıya bölməyəcəyini bildirmişdir. O, həmin məclisdə ona heç nə deməmişdir. Sonradan münasibətləri pozulmağa başlamışdı. Şərik olduqları müddətdə, cavabdeh qazancı heç vaxt bölməmişdir. O, sadəcə olaraq ehtiyacı olduqda 50, 100, 300 manat civarında pul götürmüşdür. Lakin cavabdeh bu müddət ərzində özünə altıdan çox maşın və evlər almışdır. O, bunun səbəbini soruşanda bildirmişdir ki, başqa yerdən gəliri vardır, onun hesabına almışdır. Cavabeh iki ildi ondan qaçmışdır. Onunla görüşüb söhbət edə bilməmişdir. Cavabdeh bu illər ərzində onu aldatmış, sadəlöhvlüyündən istifadə etmişdir. Əvvəldən məqsədi onunla heç nə bölməməkdə olmuşdur. Ötən məhkəmə iclasında tərəfindən gətirilmiş şahid izahatlarına münasibətdə bildirimək istəmişdir ki, onlara şərik oduqlarını deməli deyildirlər. Onlar cavabdehlə onu şərik gördüklərini demişdilər. İddiaçı məhkəmənin və tərflərin suallarına cavab olaraq bildirdi ki, onlar qazancı bölmüşlər. Şərikli olduqları müddətdə Bakıda ev almışdır. Oğluna toy etmiş və maşın almışdır. Sonra onu satıb başqa bir maşın almışdır. Qəbələ şəhərində bir ev tikmişdir. O, “Yeni Market adlı ticarət mərkəzində caabdehlə şərikdir və şəriklik hazırda da davam edir. Onlar qazancı bərabər paylarda bölmüşlər. İnidyə qədər şərikliklərinə ikisi tərəfindən 70 000 manat pul qoyulmuşdur. Daha sonra isə həmin qoyulan puldan əldə olunan qazanc hesabına şərikliklərini inkişaf etdirib, böyütmüşlər. Onlar arasında yazılı müqavilə yoxdur. O, həmin şərikliyə müxtəlif vaxtlarda pul qoymuşdur. Onlar arasında olan münasibətlər şifahi formada olmuşdur. Onlar öz aralarında bölgü aparmışlar. Hər hansı rəsmi sənəd yoxdur. O, dövlətə vergi ödəməmişdir. Şəriklidən əldə olunan əmlakların hamısının Yunusun adına rəsmiləşdirilməsini o, öz savadsızlığından və avamlığından etmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda Cavabdeh izahatında “Yeni Market adlı ticarət mərkəzində İmaməddinlə gəlirin bir hissəsini 1 il 6 ay müddətində ona göstərdiyi qeyri-rəsmi köməkliyə görə bölündüyünü, onun da öz şəriyi ilə böldüyünü bildirməsi yanlışdır. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, o, sovetlər dövründən alverlə məşğuldur. Rusiyanın şəhərlərindən ehtiyat hissələri gətirib satmışdır. Sonradan rayon İstehlak Cəmiyyətinin nəzdində ərzaq mağazası açmışdır. 1980-ci illərdə Kooperativi özü yaratmışdır. İddiaçı və Bəhlul adlı iki şəxs ona kömək etmişdilər. Kooperativ taxıl əkini ilə məşğul olmuşdur. Əldə olunan taxılı 4 yerə bölmüşdür. Onlarla şərik olmamışdır. İddiaçının dediyi “kamaz” maşınını o, iddiaçıya almışdır. Belə ki, o, onun işlədiyi idarəyə işə girmiş, maşını onun adına özəlləşdirmiş, lakin pulunu o, vermişdir. İddiaçı sonradan pulu ona qaytarmamışdır. Tikinti materialları satışı mağazasını o, qardaşı ilə birgə açmışdır. İddiaçı sürücü kimi mal daşıyıb zəhmət haqqı almışdır. Sonradan o, ət kombinatına müdir təyin olunmuşdur. Kombinatın binasını əmək kollektivi ilə bir yerdə özəlləşdirmişdilər. Lakin 1.34 ha torpaq sahəsi dövlət əmlakı olaraq qalmışdır. Özəlləşən müəssisəni əlindən rayonun rəhbər şəxsləri almağa çalışsalar da, lakin bacarmamışdılar. Sonradan o, torpağı da özəlləşdirmişdir. Həmin torpaqda “Okean” şadlıq sarayını yaratmış, iddiaçı ilə şərik olmamışdır. Hal-hazırda adına 28 ədəd “kamaz” markalı maşın var. Etibarnamə ilə olanlar da var. Əlavə olaraq bildirmişdir ki, iddiaçının vəkili cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda oğlu Asifin izahatına istinad etmişdir. Qeyd olunmuşdur ki, oğlu ona 12 000 manat və 20 000 manat pul vermişdir. Onun oğlu 1984-cü ilin dekabr ayında anadan olmuş, həmin vaxtı onun 16 yaşı olmuşdur. Bu pulu ona azyaşlı dövründə verməsi mümkünsüzdür. Oğlu Asif onun boksunu işlətməkdə ona icarə haqqı ödəməmişdir. O, onun oğludur, o, ondan pul almamışdır. Qərarda mövcud olan Tacəddin Həmidovun izahatına münasibətdə qeyd etmişdir ki, onun dediyinə görə şərik olduqlarını bilmişdir. Ancaq iddia edilən vaxtda o şəxsin 21 yaşı olmuşdur. O, hadisədən 10 il sonra onun yanına gəlmiş və o, onunla iş qurmağa başlamışdır. Bu da onu göstərir ki, qərarda qeyd olunanlar həqiqəti əks etdirməmişdir. Eyni zamanda bildirmişdir ki, qərardad göstərilən Yeni market adlı qeyri-yaşayış sahəsindən o, bu gün də öz payına düşən gəlirin bir hissəsini iddiaçıya vermişdir. Həmin marketi o, öz vəsaiti hesabına açmışdır. Heç kim ora pul qoymamışdır. X20 ora 16 000 manatlıq mal gətirmişdir. Çünki market saat 07:00də açılmış, saat 12:00-də bağlanmışdır. Bir nəfərin həmin marketdə səhərdən-axşama kimi dayanmaq iqtidarı olmamışdır. Ona görə o, iddiaçını ora nəzarət etsin deyə gətirmişdir. Bunun müqabilində isə öz payına düşən qazancdan bir miqdar ona vermişdir. O birisi şəriyi isə öz qardaşı ilə qazancı bölür. Cavabdeh məhkəmənin və tərflərin suallarına cavab olaraq bildirdi ki, o, pulu İmaməddinə şərik kimi yox, zəhmət haqqı kimi vermişdir. Çünki o, saat 07:00-dən saat 12:00-yə qədər marketdə ola bilmir. Mebel sexi qardaşının adına olub və bu doğrudur. Həmin obyektin sənədləri qardaşının adına olub və onunla şərik olmuşdur. Çünki o, onun qardaşımdır. X15 kooperativdə heç bir şərikliyi olmamışdır. Sadəcə olaraq onunla ortaq un alğı-satqısı etmişlər. Oda ən çox 3 dəfə baş vermişdir. Bundan sonra heç bir şəriklikləri olmamışdır. O vaxt iddiaçı kredit götürmək istəmiş və ondan köməklik istəmişdir. Onunla bağlı hər-hansı sənədə qol kəçmiş ola bilər. Məhkəməyə iddiaçı tərəfindən təqdim edilən sənədlərdə olan imza ona məxsus deyildir. O, iddiaçı ilə şərik olmamışdır. Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda oğlu Asif və Həmidov Tacəddin ifadələri qərəzli yazılmışdır. O, onların hər ikisindən bu məsələ ilə bağlı soruşanda orada elə şey demədiklərini bildirmişlər. 300 000 manat və 653 000 ABŞ dolları məbləğində kreditlər onun öz adına götürülmüşdür. Ancaq iddiaçı kreditin ödənilməsinə heç bir vəsait qoymamışdır. Krediti özü ödəmişdir. Həmin kredit hesabına maşınlar almış, iş qurmuş və qazac əldə etmiş, krediti qaytarmışdır. İddiaçının vəkili və nümayəndəsi Vəkil2 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, iddiaları əsaslıdır və təmin olunmalıdır. Belə ki, cavabdehin adına olan əmlakların yaranma həqiqiliyini mübahisələndirmirlər. Onlar sadəcə olaraq şərikliyin əldə olunması ilə bağlı iddia qaldırmışlar. Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda cavabdehin oğlu və Tacəddin adlı digər şəxs onların şərik olmasını təsdiq etmişdilər. Eyni zamanda şahid ifadələrinə münasibətdə onu bildirmişdir ki, şahidlər tərəflər arasında olan şərikli münasibətlə bağlı bir söz deməsələr də, lakin onları şərik kimi tanıdıqlarını bildirmişlər. Bu şahid ifadələrinə istinad etsələr, şahidlərin əksəriyyəti onları şərik kimi göründüyünü demişdilər. Bu ortada olan ümumi görüntü də bu şərikli münasibəti sübut edir. Bundan başqa cavabeh özü də etiraf etmişdir ki, bəzi əmlakların qardaşının adına olmasına baxmayaraq onunla şərik olmuşdur. Bu da ona dəlalət edir ki, əmlaklar başqasının adına olsa belə, şəriklik münasibəti qurmaq olar. Bundan başqa cavabdeh tərəfin vəkilinin Mülki Məcəllənin 64-cü maddəsinə istinad etməsi ilə razı deyildir. Müxtəlif ölkələrin qanunvericiliyndə də olduğu kimi tərəflər arasında hər-hansı bir rəsmiyyət olmasa da, onlar birgə şərikli fəaliyyətlə məşğul ola bilərlər. Onlar bu gün iddialarını bu yöndə müdafiə etmişlər. Cavabdehin nümayəndəsi və vəkili Vəkil3 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, hər-hansı bir mülki hüquq subyektləri arasında bir hüquqi münasibəti tənzimləyən müfaviq qanunlar vardır. Hazırki mübahisədə tərəflər arasında olan şərikli münasibətlə bağlıdır. Həmin münasibətin necə yaranmasını və hansı formada olmasını sübut etmək vəzifəsi iddiaçı tərəfin üzərinə düşür. Onlar müxtəlif vasitələrlə şahid ifadələri və s. ilə bunu sübut etməyə çalışsalar da, onlar bunu əssasız hesab edirlər. Şərikli münasibətə kim nə qədər sərmayə qoyması və xərc çəkməsinin bilinməsi üçün onların arasında olan şərikli münasibətlə bağlı hər hansı bir rəsmi sənəd olmalıdır. Məhz şəriklikdə elə bundan ibarət olmuşdur. Lakin iddiaçı tərəf bununla bağlı heç bir sübut təqdim edə bilməmişdir. Şahid ifadələrinə münasibətdə bildimişdir ki, şahidlərin heç biri tərəflər arasında olan şərikli münasibətlə bağlı bir söz deməmişdilər. Bu səbəbdən hesab etmişlər ki, iddia əsassızdır. İddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İddiaçını nümayəndəsi və vəkili Vəkil2 replika hüququndan istifadə edərək bildirdi ki, cavabdehin vəkili və nümayəndəsi sübutların ancaq yazılı olmalı olmasını bildirir. O, buna etiraz edir. Şifahi sübutlarında olması mümkündür. Bunlardan biridə etirafdır. Cavabdeh özü də Yeni market adlı obyektdə iddiaçı ilə şərik olduğunu etiraf etmişdir. Hesab edir ki, bu da sübut kimi qəbul edilə bilər. Onlar həmişə yazılı sübut axtarmalı deyillər. İşin faktiki halları tərəflər arasında şərikliyi müəyyən qədər göstərir. İddiaçı da buna əsasən cavadehdən şəriklikdən ona düşən əmlakı istəyir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil3 replika hüququndan istifadə edərək bildirdi ki, iddiaçının vəkili və nümayəndəsi bildirdi, ki Yeni market adlı yerdə onların şərik olduğunu cavabdeh etiraf etmişdir. O, buna etiraz edir. Cavabdeh elə bir ifadə işlətməmişdir. O, sadəcə bildirmişdir ki, iddiaçı həmin marketdə işlədiyinə görə o, ona öz gəlirinin bir hissəsini zəhmət haqqı kimi verir. O, şərik olmaları barədə etiraf etməmişdir. Bundan əlavə bildirmək istəyir ki, iddiaçının vəkili və nümayəndəsi qeyd edir ki, yazılı sübutlardan əlavə şifahi sübutlarda mövcuddur. Bəli o, bununla razıdır. Lakin iddiaçı tərəfdən təqdim edilən şahidlərin ifadələrində də tərəflərin şərikliyi ilə bağlı heç bir ifadə deyilməmişdir. Bu səbədən də iddiaçı tərəfindən verilən şifahi sübutlarda əsassızdır. Cavabdeh replika hüququndan istifadə edərək bildirdi ki, iddiaçının şahid kimi gətirdiyi şəxlər arasında ögey qardaşları da var idi. Onlar belə iddiaçı ilə qohum olduqların etiraf etməmişlər. O, soruşanda onlar yalan deyirdilər ki, qohum deyillər. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara, DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarış, Dəftərlər, Texniki pasport və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sübutları hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İlk növbədə məhkəmə onu qeyd edir ki, hazırkı iş üzrə tərəflər arasında yazılı müqavilə mövcud deyildir və tərəflər arasında yaranmış hüquq münasibətlərinin yaranması, bitməsi, şərtləri və öhdəliyin sair mühüm halları barədə məlumat əldə etmək mümkün deyildir. İddiaçı onunla cavabdeh arasında şifahi şəriklik müqaviləsinin bağlandığını idda edir ki, göründüyü kimi tərəflər arasında yazılı müqavilə mövcud deyildir. Halbuki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə iddia tələbinin Cavabdeh ilə İddiaçı arasında hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda mülkiyyət hüququ tam pay üzrə Cavabdeh adına rəsmiləşdirilmiş daşınmaz əşyalar: Qəbələ rayonu, Zarağan kəndində yerləşən 1.34 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş 1 ədəd aptek, 1 ədəd adı olmayan cehizlik mağazası, 4 boksdan ibarət avtomobil təmiri sexi, eyni cərgədə tikinti materialları satışı mərkəzi, 1 ədəd şərab evi, 1 ədəd avtomobil ehtiyat hissələri satışı mağazası, “Okean” şadlıq sarayı və “Yeni market” adlı mağazalar üzərində cavabdehə məxsus olan mülkiyyət hüququnun ½ hissəsinin cavabdeh tərəfindən iddiaçıya ötürülməsi öhdəliyini və həmin obyektlər fəaliyyətə başladıqları dövrdən etibarən əldə edilən qazancın ½ hissəsinin cavabdeh tərəfindən hər ay iddiaçıya təqdim edilməsi öhdəliyini müəyyən edən şifahi şəriklik müqaviləsinin bağlanmış hesab edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı onunla Cavabdeh arasında müştərək qaydada biznes qurmaq və hüquqi şəxs yaratmadan birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq birgə gəlir əldə etmək məqsədilə razılıq əldə olunmaqla şifahi qaydada "adi ortaqlıq" müqaviləsi bağlandığını iddia etsə də, cavabdeh tərəf bu halı təkzib etməklə aralarında belə bir razılaşma olmadığını bildirmişdir. İddiaçının dəlilləri sonuncunun öz sözləri və məhkəmə iclasına dəvət etdiyi şahidlərin izahatlarından ibarət olmuş, cavabdehlə hər hansı ortaqlıq və ya şəriklik münasibətlərinin mövcudluğu ilə bağlı sübutlar təqdim olunmamışdır. Belə ki, iş materiallarının araşdırılması zamanı iddiaçı ilə cavabdeh arasında şəriklik münasibətlərinin mövcudluğuna dair sübut aşkar olunmamış, təqdim edilmiş sənədlər iddiaçının özünə aid halları əks etdirmiş, cavabdehlə şərik olmaları, adı çəkilən qeyriyaşayış sahələrinin birgə şəriklik fəaliyyəti nəticəsində tikilməsi, ordan əldə edilən gəlirin onunla cavabdeh arasında şərik kimi paylarına münasibətdə bölünməsi hallarını təsdiq etməmişdir. Eyni zamanda cavabdeh də məhkəmə iclasında verdiyi izahatında iddiaçı ilə şərik olmadıqlarını, mülkiyyətində olan mübahisə predmeti olan obyektləri özü tikdiyini, iddiaçının köməklik etdiyini, iddiaçının onun işlədiyi idarəyə işə girdiyini, kamaz maşınını onun adına özəlləşdirdiyini, tikinti materialları satışı mağazasını o, qardaşı ilə birgə açdığını, iddiaçının sürücü kimi mal daşıyıb zəhmət haqqı aldığını və iddiaçı ilə şərik olmadığını bildirmişdir. Bundan başqa iddiaçı tələbinin sübutu qismində şahidlərini məhkəməyə təqdim etmişdir. Məhkəmə həmin şahid ifadələrinə münasibətdə qeyd edir ki, həmin ifadələr məhkəmə tərəfindən şəriklik faktını təsdiq edən sübut qismində qəbul edilmir. Belə ki, şahidlərin bir qismi iddiaçının qohumları olmaqla yanaşı işin nəticəsində maraqlıdırlar. Digər şahidlər isə məhkəmə iclasında dindirilməsi zamanı verdikləri izahatlarında tərəflərin şərik olmasını kənardan bildiklərini, tərəflərin özlərinin şərik olmaları barədə onlara heç nə demədiklərini bildirmişlər. Məhkəmə digər şahidin, yəni X1 ifadəsinə münasibətdə qeyd edir ki, sonuncu məhkəmə iclasında verdiyi izahatında iddiaçı ilə cavabdehin şərik olduqlarını ona dediklərini bildirmişdir. Göründüyü kimi sonuncu məhkəmə iclasında izahatında tərəflər arasında şəriklik münasibətinin olmasını bildirsə də, bu iş materialları ilə, eləcə də, hər hansı başqa vasitə ilə təsdiq olunmadığından məhkəmə bu ifadəni də faktı təsdiq edən sübut qismində qəbul etmir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən sübut qismində 2 ədəd dəftər, üzərlərində müxtəlif rəqəmlər olan vərəqlər, texniki pasport, çıxarış və s. materiallar təqdim edilmişdir. 2 ədəd dəftərə və vərəqlərə münasibətdə məhkəmə qeyd edir ki, həmin məlumatların kim tərəfindən, hansı qaydada, nəyə əsasən tərtib edildiyi, orda qeyd edilənlərin cavabdehlə mövcud münasibətlərə aidiyyətini müəyyən etmək mümkün deyildir. Eyni zamanda həmin dəflər və vərəqələr rəsmi və ya tərəflərin birgə tərtib etdikləri məlumatlar olmadığından, qeyd edilən dəftərlər sadəcə qeydlərdən ibarət olduğundan hazırki işin sənədi kimi tərəflər arasındakı mübahisəyə aidiyyətini müəyyən etmək mümkün olmadığından təqdim edilmiş 2 ədəd dəftər və vərəqlər sübut qismində məhkəmə tərəfindən qəbul edilməmişdir. Texniki pasport, çıxarış və s. materiallara münasibətdə məhkəmə qeyd edir ki, həmin sənədlərin araşdırılması zamanı orda hazırki cavabdehlə əlaqəsi olmayan başqa şəxsə aid məlumatlar qeyd edildiyi və həmin məlumatların hazırki iş üzrə tərəflər arasındakı münasibətləri əhatə etmədiyi müəyyən olunmuşdur. Həmin sənədlər iddiaçının əldə etdiyi əmlaklarlarla bağlıdır və sonuncunun cavabdehlə şərikliyini təsdiq etmir. Bu səbəbdən də həmin sənədlər də hazırki mübahisə üçün hüquqi əhəmiyyət kəsb etmədiyindən məhkəmə tərəfindən faktı təsdiq edən sübut qismində qəbul edilmir. Bunlardan başqa iddiaçı tərəfdən şərikliyin sübutu qismində Qəbələ RPŞ-nin xx.xx.2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı təqdim edilmiş və həmin qərarla izahatı alınmış şəxslərin izahatlarına sübut qismində istina edilir. Məhkəmə qeyd edir ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir (Mülki Prosessual Məcəllə maddə - 82.4). Göründüyü kimi, idddiaçı tərəfindən istinad olunan cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarda tərəflər arasında yaranmış mübahisəni həllinə təsir edəcək halın mövcudluğu yoxdur. Həmin qərarla cavabdehin iddiaçı tərəfindən ölümlə hədələndiyinə dair müraciət araşdırılmış və cinayət işinin başlanmasından imtina olunmuşdur ki, həmin qərar yalnız cavabdehin iddiaçı tərəfindən hədələnmədiyi və belə hadisənin mövcud olmadığını təsdiq edir. İddiaçı tərəfin cavabdehin oğlu Asif Həsənovun və Təcəddin Həmidovun iddiaçı və cavabdehin şərik olmalarına dair qərarda olan izahatları hazırki işə məcburilik xüsusiyyətlərinə malik deyildir. Eyni zamanda həmin şəxslər məhkəmə iclasına şahid qismində dəvət edilə və məhkəmə tərəfindən izahatları məhkəmə iclasında alına bilərdi ki, tərəflər arasında şərkli münasibətlərin formalaşmasına dair müqavilə mövcud olmadığından qeyd edilən şəxslərin izahatlarının faktı təsdiq edən sübuti əhəmiyyəti yoxdur. Bundan başqa iddiaçı “Yeni Market” adlı ticarət mağazasında cavadehlə şərik olduğunu və bu şərikliyin hazırda da davam etdiyini bildirsə də tərəflər arasında bununla da bağlı yazılı razılaşma mövcud olmamaqla yanaşı, cavabdeh tərəf bu halı inkar edir və iddiaçıya verilən pulun ona köməklik göstərdiyinə görə zəhmət haqqı kimi verildiyini bildirir. Cavabdehin bildirdiklərini isə inkar edəcək mötəbər sübutlar mövcud deyildir. Məhkəmə tərəflər arasında ortaqlıq və ya şəriklik münasibətlərinin mövcud olubolmamasına münasibətdə qeyd edir ki, birgə fəaliyyət tərəflərin onlara mülkiyyət və istifadə hüquqları ilə məxsus olan əmlaklarından istifadə etməklə gəlir götürmək məqsədi ilə öz fəaliyyətlərini birləşdirmələrindən ibarətdir. Bu zaman tərəflərin birgə fəaliyyətə qoyduqları mülkiyyət həmçinin birgə fəaliyyət nəticəsində alınmış məhsul və digər əmlak tərəflərin birgə mülkiyyəti sayılır. Tərəf birgə fəaliyyətdən çıxmaq istədikdə yalnız ümumi mülkiyyətdə olan əmlakın bölgüsü həyata keçirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 64.1-ci maddəsinə əsasən təsərrüfat ortaqlıqları və cəmiyyətləri təsisçilərinin (iştirakçılarının) paylarına bölünmüş nizamnamə (şərikli) kapitalı olan kommersiya təşkilatlarıdır. Təsisçilərin (iştirakçıların) maya qoyuluşları hesabına yaranmış əmlak, habelə təsərrüfat ortaqlığının və ya cəmiyyətinin öz fəaliyyəti prosesində istehsal və əldə etdiyi əmlak mülkiyyət hüququ ilə ona mənsubdur. Bu Məcəllədə nəzərdə tutulan hallarda təsərrüfat ortaqlığını bir şəxs yarada bilər. 64.2-ci maddəsinə əsasən təsərrüfat ortaqlıqları tam ortaqlıq və ya kommandit ortaqlığı formasında yaradıla bilər. 69.1-ci maddəsinə əsasən ortaqlıq o halda tam ortaqlıq sayılır ki, onun iştirakçıları (tam ortaqları) nizamnaməyə müvafiq surətdə ortaqlıq adından sahibkarlıq fəaliyyəti ilə məşğul olur və ortaqlığın öhdəlikləri üzrə onlara mənsub əmlakla məsuliyyət daşıyırlar. Göründüyü kimi tərəflər arasında şəriklik münasibətlərinin mövcud olması üçün tərəflər arasında yalnız müqavilə olmalıdır ki, hazırki iş materiallarından göründüyü kimi belə bir müqavilə məhkəməyə təqdim olunmamış, iddiaçı cavabdehlə şifahi qaydada ortaqlıq müqaviləsi bağladığını iddia edərək məhkəmə iclasında yazılı müqavilənin mövcud olmadığını etiraf etmişdir. Həmçinin mübahisə predmeti olan qeyri-yaşayış sahələri cavabdehin mülkiyyətindədir və iddiaçının öz iddia tələbinin əsası kimi istinad etdiyi, tərəflər arasında olan şifahi danışıq və razılaşmalar isə cavabdeh tərəfindən təkzib edillir. Bu isə tərəflər arasında iddia olunan şərikli (ortaq) fəaliyyətin əsl şərtləri, tərəflərin qarşılıqlı öhdəlikləri haqqında hər iki tərəfin də qəbul etdiyi real, həqiqi məlumatlar əldə etməyə imkan vermir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki iş üzrə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür. Bundan başqa məhkəmə iddia tələbinin “Qəbələ rayonu, Zarağan kəndində yerləşən 1.34 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş 1 ədəd aptekə, 1 ədəd adı olmayan cehizlik mağazasına, 4 boksdan ibarət avtomobil təmir sexinə, eyni cərgədə tikinti materialları satışı mərkəzinə, 1 ədəd şərab evinə, 1 ədəd avtomobil ehtiyat hissələri satışı mağazasına, “Okean” şadlıq sarayına iddiaçının daxil olmasına, onun sahiblik/istifadə hüququnun həyata keçirilməsinə cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılması” hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə də əsassızdır və rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Təqdim edilmiş DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışdan göründüyü kimi Qəbələ rayonu, Zarağan kəndində yerləşən sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı 1.23495 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış binası Cavabdeh xüsusi (tam) mülkiyyətindədir. Belə olduqda həmin topaq sahəsi üzərində inşa edilmiş 1 ədəd aptek, 1 ədəd adı olmayan cehizlik mağazasın, 4 boksdan ibarət avtomobil təmir sexin, eyni cərgədə tikinti materialları satışı mərkəzi, 1 ədəd şərab evi, 1 ədəd avtomobil ehtiyat hissələri satışı mağazası, “Okean” şadlıq sarayı cavabdehin mülkiyyətindədir ki, mülkiyyətçinin öz əmlakı üzərində qanunvericiliklə müəyyən olunmuş mülkiyyət hüquqları vardır. İddiaçı həmin əmlak üzərində yalnız onun mülkiyyətçisi olan cavabdehin yazılı razılığı alınmaqla istifadə və ya sahiblik hüquqlarını həyata keçirə bilər ki, hazırki vəziyyətdə cavabdehin mülkiyyətindən iddiaçının istifadəsini qanuni edən hər hansı hal və sübut mövcud deyildir. Eyni zamanda qanunvericilikdən də göründüyü kimi mülkiyyətçi üzərində mülkiyyət hüquqlarının mövcud olduğu əmlakla bağlı hərəkət etməkdə sərbəstdir ki, hazırki vəziyyətdə onun həmin əmlak üzərində mülkiyyət hüquqları (sahiblik, istifadə və ya sərəncam vermək) məhdudlaşdırıla bilməz və ya bununla bağlı mülkiyyətçinin üzərinə hər hansısa öhdəlik qoyulması yolverilməzdir. İddiaçı isə ona məxsus olmayan əmlak (mübahisə predmeti olan obyektlər) üzərində sahiblik və istifadə hüquqlarının həyata keçirilməsini və həmin əmlaka daxil olmağa yaradılmış maneənin aradan qaldırılmasını iddia edir ki, göründüyü kimi bunda da haqlı olmamışdır. Bu səbəbdən tələb bu hissədə də əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi rədd edildiyindən iddiaçı tərəfindən ödənilmiş 100,60 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: İddiaçı Cavabdeh qarşı “Cavabdeh ilə İddiaçı arasında hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda mülkiyyət hüququ tam pay üzrə Cavabdeh adına rəsmiləşdirilmiş daşınmaz əşyalar: Qəbələ rayonu, Zarağan kəndində yerləşən 1.34 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş 1 ədəd aptek, 1 ədəd adı olmayan cehizlik mağazası, 4 boksdan ibarət avtomobil təmiri sexi, eyni cərgədə tikinti materialları satışı mərkəzi, 1 ədəd şərab evi, 1 ədəd avtomobil ehtiyat hissələri satışı mağazası, “Okean” şadlıq sarayı və “Yeni market” adlı mağazalar üzərində cavabdehə məxsus olan mülkiyyət hüququnun ½ hissəsinin cavabdeh tərəfindən iddiaçıya ötürülməsi öhdəliyini və həmin obyektlər fəaliyyətə başladıqları dövrdən etibarən əldə edilən qazancın ½ hissəsinin cavabdeh tərəfindən hər ay iddiaçıya təqdim edilməsi öhdəliyini müəyyən edən şifahi şəriklik müqaviləsinin bağlanmış hesab edilməsi; Qəbələ rayonu, Zarağan kəndində yerləşən 1.34 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş 1 ədəd aptekə, 1 ədəd adı olmayan cehizlik mağazasına, 4 boksdan ibarət avtomobil təmir sexinə, eyni cərgədə tikinti materialları satışı mərkəzinə, 1 ədəd şərab evinə, 1 ədəd avtomobil ehtiyat hissələri satışı mağazasına, “Okean” şadlıq sarayına iddiaçının daxil olmasına, onun sahiblik/istifadə hüququnun həyata keçirilməsinə cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar