Məhkəmə qərarları › İş №e-2-2(117)-1124/2022

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1124/2022

12.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1124/2022 12.09.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı ASC-nin Cavabdeh qarşı “xx.xx.2021-ci il tarixli 02/00812 nömrəli operativ lizinq müqaviləsinə əsasən 800 manat borcun və 40 manat mediasiya xərcinin cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair mübahisəyə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 02/00812 nömrəli kənd təsərrüfatı texnikasının operativ lizinqə verilməsi barədə müqaviləyə əsasən, 1 ədəd Sampo Rosenlew SR-2045 markalı taxılyığan kombayn cavabdehin istifadəsinə verilmiş, cavabdeh 2 ay müddətinə 4500 manat ödəməyi öhdəsinə götürmüş, lakin 3700 manat ödəniş etmiş, nəticədə 800 manat borcu qalmışdır. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 02/00812 nömrəli kənd təsərrüfatı texnikasının operativ lizinqə verilməsi barədə müqaviləyə əsasən cavabdeh 2 ay müddətinə 4500 manat ödəməyi öhdəsinə götürmüş, cavabdeh üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmiş, nəicədə ödənilməmiş 800 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, sonuncu xx.xx.2022-ci il tarixdə bildirişin təqdim olunmasına baxmayaraq, iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddələrinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Müqavilə, Aktlar, Maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 02/00812 nömrəli kənd təsərrüfatı texnikasının operativ lizinqə verilməsi barədə müqaviləyə əsasən cavabdeh 2 ay müddətinə 4500 manat ödəməyi öhdəsinə götürmüş, lakin 3700 manat ödəniş etmiş, nəticədə 800 manat borcu qalmışdır. Bu səbəbdən 800 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. İddia tələbi təmin edildiyindən cavabdehdən 30 manat dövlət rüsumu dövlət gəlirinə tutulmalıdır. Eyni zamanda iddiaçı tərəfindən 40 manat mediasiya xərci ödənildiyindən və iddiaçı həmin məbləği cavabdehdən tələb etdiyindən 40 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli 02/00812 nömrəli operativ lizinq müqaviləsinə əsasən 800 manat borc və 40 manat mediasiya xərci tutularaq İddiaçı ASC-yə ödənilsin. Cavabdeh 30 manat dövlət rüsumu dövlət gəlirinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar