Məhkəmə qərarları › İş №e-2-2(117)-1187/2022

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1187/2022

06.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1187/2022 06.12.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin X8 Fondunun cavabdeh "xxxx" X7 Məsuliyyətli Cəmiyyətinə qarşı “14549,24 manat, 1454,92 manat cərimənin və 200 manat mediasiya haqqının tutulması” tələbinə dair iş materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin X8 Fondu cavabdeh "xxxx" X7 Məsuliyyətli Cəmiyyətinə qarşı “14549,24 manat, 1454,92 manat cərimənin və 200 manat mediasiya haqqının tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. "xxxx" Fermer Təsərrüfatı MMC Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin X1rşı qarşılıqlı iddia ərizəsi ilə müraciət etmiş, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır. Həmin qərardaddan şikayət verilmiş, Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(107)-91/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməmişdir. “İcraçı” X17 ilə "xxxx" Fermer Təsərrüfatı MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli DTF-XM-19 nömrəli xidmət müqaviləsinə əsasən, sifarişçi icraçıya Ağcabədi rayonunda yerləşən X13 100 ton toxum materialını həmin toxumların “İcraçı”ya verilən andan 4 gün ərzində (hər gün 25 ton olmaqla) emal etməyi, icraçı isə sifarişçiyə göstərdiyi xidmətin dəyəri 1 ton üçün 35 manat olmaqla, ümumilikdə isə 3500 manat məbləğində ödəniş etməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 3.3-cü bəndinə əsasən, sifarişçi bu müqavilənin 1.2-ci bəndində nəzərdə tutulmuş məbləğin 30%-ni qabaqcadan, qalan 70%-ni isə emal xidməti bitdiyi müddətə qədər icraçının hesabına köçürür. Həmin Müqavilənin 3.4-cü bəndinə əsasən, tərəflər öz öhdəliklərini vaxtında icra etmədikdə, qarşı tərəf icra edilməyən öhdəliklər üzrə gecikdirilmiş hər bir gün 0,1% həcmdə (müqavilə dəyərinin 10%-dən çox olmamaq şərti ilə) cərimə sanksiyası tətbiq edə bilər. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən, “Sifarişçi” “İcraçı” qarşısında “İcraçı”nın təqdim etdiyi müvafiq sənədlər əsasında xidmət haqqının vaxtında ödənilməsi məsuliyyətini daşıyır. xx.xx.2020-ci il tarixli 21 avqust 2020-ci il tarixli DTF-XM-19 nömrəli müqaviləyə Əlavə Sazişdən görünür ki, Sifarişçi xx.xx.2020-ci il tarixli DTF-XM-19 nömrəli Müqavilədə göstərilmiş həcmdən əlavə olaraq 42 ton toxum materialının Ağcabədi X13 emal edilməsini sifariş etmiş, “İcraçı” isə öz növbəsində əsas Müqavilənin şərtləri ilə emal prosesini həyata keçirməyi öhdəsinə götürmüşdür. Həmin Sazişin 2 -ci bəndinə əsasən, xidmətin dəyəri bir ton toxum emalı üçün 35 manat, ümumi məbləği isə 1470 manatdır. Həmin Sazişin 5-ci bəndinə əsasən, Müqaviləyə əlavə hər iki tərəf imzaladıqdan sonra qüvvəyə minir və xx.xx.2020-ci il tarixli DTF-XM-19 nömrəli Müqavilənin ayrılmaz hissəsidir. xx.xx.2020-ci il tarixli DTF-XM-25 nömrəli xidmət müqaviləsinə əsasən, 3.1-ci bəndinə əsasən, göstərilən xidməti dəyəri 1 ton toxum emalı üçün 33 manat, ümumilikdə isə 16500 manat məbləğində qiymətləndirilir. Emal ediləcək R2 reproduksiyalı “Qarabağ 22” arpa toxumunun həcmi 500 ton təşkil edir və tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilir. Həmin Müqavilənin 3.4-cü bəndinə əsasən, sifarişçi bu müqavilənin 1.2-ci bəndində nəzərdə tutulmuş məbləğin 30%-ni qabaqcadan, qalan 70%-ni isə emal xidməti bitdiyi müddətə qədər icraçının hesabına köçürür. Həmin Müqavilənin 3.5-ci bəndinə əsasən, tərəflər öz öhdəliklərini vaxtında icra etmədikdə, qarşı tərəf icra edilməyən öhdəliklər üzrə gecikdirilmiş hər bir gün 0,1% həcmdə (müqavilə dəyərinin 10%-dən çox olmamaq şərti ilə) cərimə sanksiyası tətbiq edə bilər. "xxxx" Fermer Təsərrüfatı MMC müqavilələr üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, iddiaçı bununla bağlı cavabdehə müraciət etmiş və ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmalarına baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 185-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmışdır. İddiaçının nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında verdiyi izahatında iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdehlə aralarında xidmət müqaviləsi bağlanmış, təhvil-təslim aktları tərtib edilmiş, qarşı tərəfə elektron qaimələr göndərmişlər. Həmçinin, cavabdhə borcun ödənilməsi barədə şifahi xəbərdarlıq da edilmiş, lakin heç bir nəticəsi olmamışdır. Həmçinin bildirmişdir ki, iddia ərizəsində texniki səhv olaraq mediasiya xərci 400 manat yazılmışdır. Mediasiya xərcini iki yüz manat məbləğində tələb edirlər.Həmçinin, tələb etdiyimiz cərimənin 10 faizinin tutulmasl müqavilənin şərtlərinə uyğundur. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan təhvil-təslim aktlarından görünür ki, xx.xx.2020-ci il tarixdə 18200 kq və 17600 kq, xx.xx.2020-ci il tarixdə 17320 kq, 20140 kq və 21740 kq, xx.xx.2020-ci il tarixdə 8780 kq, 142000 kq və 17480 kq, xx.xx.2020-ci il tarixdə 10120 kq, xx.xx.2020-ci il tarixdə 63080 kq buğdanı Ağcabədi və X18 Fabrikinin nümayəndələri X5 və X6, həmçinin "xxxx" MMC-nin nümayəndəsi X2 və X4 təhvil almış və hər iki tərəf aktı imzalamışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 868753 nömrəli və xx.xx.2020-ci il tarixli 446667 nömrəli elektron qaimələrdən görünür ki, müvafiq olaraq 4970 manat və 9579,24 manat məbləğində ümumilikdə 14 549,24 manat məbləğində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin X8 Fondu tərəfindən alıcı “X3” MMC-yə xidmət göstərilmiş, alıcıya həmin qaimələr təqdim edilmiş və həmin qaimələr ləğv edilməmiş, əksinə təsdiq edilmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara, tərəflər arasında bağlanmış xidmət müqaviləsi, əlavə saziş, elektron qaimələr və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. (Azərbaycan Respublikası Mülki Məcəlləsi (bundan sonra mətndə MM ) maddə - 406.1, 329.2, 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 449.1). Hazırkı mübahisə buğda məhsulunun emalı yəni onun toxum üçün yararlı vəziyyətdə gətirilməsi və təmizlənməsi ilə bağlı əmələ gəlmişdir və hüquqi mahiyyətinə görə podrat müqaviləsidir. MM-in 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. MM-in 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, xx.xx.2020-ci il tarixdə 18200 kq və 20740 kq, xx.xx.2020-ci il tarixdə 63080 kq, 17600 kq, 17320 kq, 20140 kq və 21740 kq, xx.xx.2020-ci il tarixdə 8780 kq, 142000 kq və 17480 kq, xx.xx.2020-ci il tarixdə 10120 kq, xx.xx.2020-ci il tarixdə 30080 kq buğdanı X15 Fabrikinin baş texnoloqu vəzifəsində çalışan X5 "xxxx" MMC-nin nümayəndəsi X4 təhvil almış və hər iki tərəf aktı imzalamışdır. Bu, iş materiallarına əlavə edilmiş elektron-qaimələrlə təsdiqlənir. Qeyd edilən elektron qaimələr elektron qaydada cavabdehə təqdim edilmiş və sonuncu tərəfindən ləğv edilməmiş, qəbul edilmişdir. Hazırki işin məhkəmə tərəfindən müəyyən olunmuş hallara əsasən iddiaçı qeyd edilən məbləğdə xidmətlərin göstərilməsini təmin etmiş, lakin cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2009-cu il tarixli, 156 nömrəli Qərarı ilə təsdiq olunmuş “Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydaları”na müvafiq olaraq təqdim olunmuş elektron vergi hesab-fakturalarını qəbul edərək, onların (onlarda) ləğv (düzəliş) olunmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Qərarında qeyd edilir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları özözlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinin tələblərinə əsasən vergi ödəyicisi tərəfindən aparılan əməliyyatlar zamanı əməliyyatın xarakterindən asılı olaraq malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-faktura verilir. Bu sənədlər işin və ya xidmətin göstərilməsi müddətindən konkret vaxt məhdudiyyətləri nəzərə almaqla verilir, həmin elektron qaimədən imtina və təsdiq edilməsi ilə bağlı qanunvericiliyin tələbləri vardır. Ona görə də elektron qaimə ciddi mühasibat sənədi olmaqla dövlət qeydiyyatına alınan sənəddir və sübut əhəmiyyəti olan sənəd olaraq ona istinad edilməsi qanunidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh qarşılıqlı iddia ərizəsində həmin xidmətlərin göstərilməsinə etiraz etsə də, bunun əksini sübut edən hər hansı bir sənəd məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh tərəf iddia tələbinə münasibətdə tələbi istisna edən hər hansı bir yazılı sübut və ya digər tutarlı dəlil təqdim edə bilməmiş, yalnız iddiaçı tərəfindən təqdim edilən sübutlara əks mövqe nümayiş etdirmişdir. Məhkəmə iddia tələbini 14549,24 manat borc hissəsində əsaslı hesab edir və həmin hissədə tələbin təmin edilməsi qənaətinə gəlir. İddia tələbinin “1454,92 manat məbləğində cərimənin tutulması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467). Tərəflər arasında bağlanmış müqavilənin 3.4-cü bəndinə əsasən, sifarişçi bu müqavilənin 1.2-ci bəndində nəzərdə tutulmuş məbləğin 30%-ni qabaqcadan, qalan 70%ni isə emal xidməti bitdiyi müddətə qədər icraçının hesabına köçürür. Öhdəlik icra edilmədikdə icra edilməyən öhdəliyə görə hər gecikdirilən gün üçün 0,1% həcmində cərimə sanksiyaları tətbiq olunacaqdır. Məhkəmə hesab edir ki, iddiaçı ödənişi gecikdirilmiş xidmət haqqına görə cərimə hesablamaqda və həmin məbləğin ödənilməsini tələb etməkdə haqlıdır. Lakin, məhkəmə belə qənaətə gəlir ki, cərimə məbləği həddindən artıq yüksək məbləğdə olduğundan tərəflərin əmlak mənafelərinin təmini baxımından, həmçinin real zərəri faktiki uyğunlaşdırılmalı olmasını nəzərə alınaraq həmin məbləği azaldaraq cavabdehdən 145 manat məbləğində cərimənin tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. MPM-in: 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. On görə də iddiaçının ödədiyi mediasiya xərci cavabdehdən tutulmalı, eyni zamanda cavabdehdən ödənilməli olan dövlət rüsumu tutulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" X7 Məsuliyyətli Cəmiyyətindən 14549,24 manat pul, 145 manat cərimə məbləği və 200 manat mediasiya haqqı tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin X8 Fonduna ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilməli olan 134,08 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar