Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1297/2024 15.10.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “10038.9 manat müqavilə əsasında yaranmış borcun, 3784.66 manat dəbbə pulunun və 131.47 manat dövlət rüsumunun tutulması” tələbi üzrə mübahisəyə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “10038.9 manat müqavilə əsasında yaranmış borcun, 3784.66 manat dəbbə pulunun və 131.47 manat dövlət rüsumunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflər arasında xx.xx.2023-cü il tarixdə 01 nömrəli “xidmət müqaviləsi” bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən icraçı göstərilən işləri görməyi və görülmüş işlərin nəticələrini sifarişçiyə təhvil verməyi, sifarişçi isə işlərin nəticələrini təhvil alıb dəyərini müqavilə ilə müəyyən edilmiş məbləğdə və şərtlərlə icraçıya ödəməyi öhdəsinə götürür. Müqavilənin 3.2.1-ci bəndinə əsasən işləri lazımi keyfiyyətdə və hazırki müqavilə ilə müəyyən edilmiş qaydada və şərtlərlə göstərmək icraçının vəzifəsidir. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən icraçı işin nətcələrini əks etdirən təhviltəslim aktını sifarişçiyə təqdim edir. Müqavilənin 10.3-cü bəndinə əsasən sifarişçidən bilavasitə asılı olan səbəblərə görə baş vermiş gecikmə halları istisna olmaqla, icraçı tərəfindən xidmətlərin yerinə yetirilməsinin müqavilə ilə müəyyən olunmuş müddətdə başa çatdırılması gecikdirildikdə, icraçı hər gecikmə günü üçün bu müqavilənin ümumi dəyərinin 0.1%-i həcmində sifarişçiyə dəbbə pulu ödəməlidir. Müqavilənin 16.6-cı bəndinə əsasən bu müqavilə imzalandığı andan qüvvəyə minir və xx.xx.2023-cü il tarixinədək qüvvədədir. İş materialları kimi əlavə edilmiş 6 ədəd ASB bank qəbzindən görünür ki, iddiaçı tərəfindən 56550.45 manat məbləğində avans cavabdehə ödənilmişdir. Bundan başqa məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli elektron qaimələrdən görünür ki, cavabdeh tərəfindən 46511.55 manat dəyərində xidmət iddiaçıya təhvil verilmişdir. Eyni zamanda, iş materialları kimi işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli üzləşmə aktına əsasən müəyyən edilir ki, iddiaçı tərəfindən 56550.45 manat məbləğində avans verilmiş və cavabdeh yalnız 46511.55 manat dəyərində xidmət təhvil vermişdir. Bununla da, 10038.9 manat borcunun olduğunu öz imzası ilə təsdiq etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, tərəflər arasında xidmət müqaviləsi imzalanmışdır. Müqavilə əsasənda iddiaçı tərəfindən cavabdehə avans məbləği verilmişdir. Cavabdeh 46511.55 manat dəyərində xidməti iddiaçıya təhvil vermişdir. Öhdəlikləri tam yerinə yetirmədiyindən cavabdehin 10038.9 manat ödənilməmiş borcu qalmışdır. İddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə də məlumat verilmiş, lakin məhkəmə iclasında iştirak etməmişdir.Məhkəmə cavabdeh tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: xidmət müqaviləsi, üzləşmə aktı və elektron qaimələr daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, tərəflər arasında xx.xx.2023cü il tarixdə 01 nömrəli “xidmət müqaviləsi” bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən icraçı göstərilən işləri görməyi və görülmüş işlərin nəticələrini sifarişçiyə təhvil verməyi, sifarişçi isə işlərin nəticələrini təhvil alıb dəyərini müqavilə ilə müəyyən edilmiş məbləğdə və şərtlərlə icraçıya ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə iddia tələbinin “10038.9 manat müqavilə əsasında yaranmış borcun tutulması” hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə təmin olunmalıdır. Belə ki, məhkəməyə təqdim olunmuş qəbzlərdən, elektron qaimələrdən və üzləşmə aktından müəyyən olunur ki, cavabdeh tərəfindən 56550.45 manat məbləğində avans verilmiş və cavabdeh yalnız 46511.55 manat dəyərində xidmət təhvil vermişdir. Bununla da, 10038.9 manat borcunun olduğunu öz imzası ilə təsdiq etmişdir. Eyni zamanda cavabdeh tərəfindən həmin məbləğlə bağlı hər hansı bir etiraz məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən də 10038.9 manat əsas borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin “3784.66 manat dəbbə pulunun tutulması” hissəsinə münasibətdə hesab edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Tərəflər arasında bağlanmış müqavilənin 10.3-cü bəndinə əsasən sifarişçidən bilavasitə asılı olan səbəblərə görə baş vermiş gecikmə halları istisna olmaqla, icraçı tərəfindən xidmətlərin yerinə yetirilməsinin müqavilə ilə müəyyən olunmuş müddətdə başa çatdırılması gecikdirildikdə, icraçı hər gecikmə günü üçün bu müqavilənin ümumi dəyərinin 0.1%-i həcmində sifarişçiyə dəbbə pulu ödəməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə hesab edir ki, hazırkı müqavilə üzrə 400 manat cərimə borcunun tutulması daha əadlətli, ağlabatan və qanunidir. Məhkəmə işin hallarını nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki icraatda iddiaçının üzərinə iddia tələbini sübut etmək, qarşı tərəfin üzərinə isə etirazlarının əsaslarını sübut etmək vəzifəsi, məhkəmənin isə həmin hallara hüquqi qiymət vermək üçün müəyyən hədləri müəyyən etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, cavabdehdən 10038.90 manat əsas, 400 manat dəbbə pulu tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. İddia tələbi qismən təmin edilsə də, əsas borca münasibətdə təmin edildiyindən ödənilmiş 131.47 manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh X1 10038.9 manat əsas borc, 400 manat dəbbə pulu və 131.47 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-1297/2024
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1297/2024
15.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver