Məhkəmə qərarları › İş №e-2-2(117)-1374/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1374/2024

19.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1374/2024 19.11.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “Cavabdeh müvəqqəti istifadə üçün verilmiş 50AD398 dövlət nömrə nişanlı Mersedenz Benz 308D-yük markalı avtonəqliyyat vasitəsinin geri qaytarılması və 135 manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı MMC ilə Cavabdeh arasında MMC-nin istehsal etdiyi süd məhsullarının Şəki şəhərində satışı ilə əlaqədar razılaşma əldə olunmuş və bununla əlaqədar tərəflər arasında xx.xx.2017-ci il tarixli 01-0/2017 nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı (İddiaçı MMC) istehsal etdiyi malı müvafiq sənədlərə əsasən alıcıya (Cavabdeh) təhvil verməyi, sonuncu isə xüsusi avtonəqliyyat vasitəsilə malın ilkin yerindən təyinat yerinə daşınmasını satıcının adından həyata keçirir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən satışa göndərilən malları uyğunluq sertifikatına uyğun olaraq qaimə faktura əsasında alıcıya təhvil vermək, satılmış malın dəyərini alıcıdan tələb etmək kimi hüquq və vəzifələr nəzərdə tutulmuşdur. 4.3-cü bəndinə əsasən alıcı satıcıya məxsus əmlaklara : soyuducular, ** AD *** markalı yük daşıma avtomobilinə və maddi sərvətlərə tam maddi məsuliyyət daşıyır. 5.1-ci bəndinə əsasən bu müqavilə xx.xx.2018-ci il tarixədək müddətə bağlanılır. Müqavilənin tərəflərdən hər hansı biri imtina etmədikdə müddəti uzadılmış hesab olunur. İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə bağlanmış tam maddi məsuliyyət barədə müqaviləyə əsasən sonuncu iddiaçı tərəfindən ona etibar edilərək verilən maddi sərvətlərin təhlükəsizliyinin təmin olunmamasına görə maddi məsuliyyət daşıyır və bu müqavilədə göstərilmiş müqavilənin 1.1 - 1.5-ci bəndləri aralığında göstərilmiş şərtlərin yerinə yerinə yetirilməsini öz öhdəsinə götürür. Təqdim edilmiş mübahisə predmeti olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 50AD398 dövlət nömrə nişanlı, 1999-cu il istehsallı, Mersedenz Benz 308D-yük markalı, WDB6023161P105805 şassi nömrəli avtonəqliyyat vasitəsinin sahibi iddiaçı olan İddiaçı MMC-dir (AER Firması). Eyni zamanda Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsindən daxil olmuş məlumatdan da müəyyən olunmuşdur ki, ərizəçi tərəfindən qeyd edilən nəqliyyat vasitəsinin saxlanılmasına köməkli göstərilməsi barədə Baş Dövlət Yol Polis İdarəsinə müraciət olunmuş və hazırki mübahisə ilə əlaqədar nəqliyyat vasitəsinin axtarışı (həbs) və ya saxlanılmasının məhkəmə orqanalarının müvafiq qərarı (qərardadı) əsasında həyata keçirilməsi nəzərə alınaraq hazırki məsələ ilə bağlı aidiyyəti məhkəməyə müraciət olunması bildirilmişdir. İddiaçı müqavilənin icrasından imtina etmiş və avtomombilin qaytarılması və ya dəyərinin ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş, əks təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, Lakin tərəflər arasında münasibətlər baş tutmamış, müqavilənin icrası mümkün olmamışdır. Bu səbəbdən də dəfələrlə cavabdehlə əlaqə saxlanmış və 50AD398 dövlət nömrə nişanlı Mersedenz Benz 308D-yük markalı avtonəqliyyat vasitəsinin geri qaytarılması tələb olunmuşdur. Buna baxmayaraq cavabdeh hər dəfə yalan vədlər verərək avtonəqliyyat vasitəsini geri qaytaracağını bildirsə də, geri qaytarmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə müraciət olunaraq 50AD398 dövlət nömrə nişanlı Mersedenz Benz 308D-yük markalı avtonəqliyyat vasitəsinin qanunsuz olaraq cavabdeh tərəfindən idarə olunduğu bildirilmiş, saxlanılması və mülkiyyətçiyə təhvil verilməsi xahiş edilmişdir. Lakin AR DİN BDYPİ-nin 3- 13-16/2-120418/24 saylı xx.xx.2024-cü il tarixli məktubu ilə müraciətilərinə mənfi cavab verilmiş, məsələnin mülki mübahisə olması qeyd olunmuş və məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Hal-hazırda isə Cavabdeh müvəqqəti istifadə üçün verilmiş 50AD398 dövlət nömrə nişanlı Mersedenz Benz 308D-yük markalı avtonəqliyyat vasitəsinin geri qaytarılması tələbinə dair iddia qaldırmaq məcburiyyətində qalmışlar. Bundan əlavə Cavabdeh xx.xx.2024-cü il tarixli pretenziya məktubu göndərilərək müəssisəyə məxsus **-AD-*** dövlət qeydiyyat nişanlı Mersedenz Benz 308D-yük markalı avtonəqliyyat vasitəsinin, bu mümkün olmadıqda isə əmlakın ümumi dəyərini təşkil edən 15000 (on beş min) manat pulun 1 gün müddətində qaytarılması tələb edilmişdir. Lakin cavabdeh göstərilən müddətdə tələbi icra etməmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, iddiaçının nümayəndəsi elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək işin məhkəmə baxışında iştirak edə bilməyəcəklərini, bu səbəbdən məhkəmə baxışının təxirə salınmasını xahiş etmiş, cavabdeh bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işin məhkəmə baxışının təxirə salınmasına zərurət olmadığını nəzərə alaraq işə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxmışdır. Elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: tərəflər arasında bağlanmış müqavilələr, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsindən daxil olmuş məlumat və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İşin məhkəmə tərəfindən araşdırılması zamanı müəyyən olunduğu kimi tərəflər arasında iddiaçının istehsal etdiyi süd məhsullarının Şəki şəhərində satışı ilə əlaqədar razılaşma əldə olunmuş və bununla əlaqədar tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli 01-0/2017 nömrəli müqaviləyə əsasən süd məhsullarının satışının həyata keçirilməsinin təmin edilməsi məqsədilə müəssisəyə məxsus 50AD398 dövlət qeydiyyat nişanlı, Mersedenz Benz 308D-yük markalı avtonəqliyyat vasitəsi müvəqqəti olaraq Cavabdeh istifadəsinə verilmişdir. Eyni zamanda tərəflər arasında xx.xx.2017-ci il tarixli tam maddi məsuliyyət barədə müqavilə üzrə cavabdeh iddiaçı tərəfindən ona etibar edilərək verilən maddi sərvətlərin təhlükəsizliyinin təmin olunmamasına görə tam maddi məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Buna baxmayaraq iddiaçının ərizəsində bildirdiyinə görə tərəflər arasında münasibətlər baş tutmamış və bu səbəbdən iddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixdə pretenziya vasitəsilə iddiaçı müəssisəyə məxsus **-AD-*** dövlət qeydiyyat nişanlı Mersedenz Benz 308D-yük markalı avtonəqliyyat vasitəsinin, bu mümkün olmadıqda isə əmlakın ümumi dəyərini təşkil edən 15000 (on beş min) manat pulun 1 gün müddətində qaytarılması tələb edilmiş, əks təqdirdə qanunvericiliklə müvafiq tədbirlərin görülməsi barədə xəbərdarlıq edilmişdir ki, cavabdeh nəqliyyat vasitəsini qayatrmadığından iddiaçı hazırki iddia tələbini məhkəmədə mübahisələndirir. Məhkəmə tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli 01-0/2017 nömrəli müqaviləyə münasibətdə qeyd edir ki, hazırki iş üzrə tərəflər arasında bağlanmış 01- 0/2017 nömrəli müqavilənin 5.1-ci bəndinə əsasən bu müqavilə xx.xx.2018-ci il tarixədək müddətə bağlanılmışdır. Müqavilənin tərəflərdən hər hansı biri imtina etmədikdə müddəti uzadılmış hesab olunur ki, bu səbəbdən müqavilənin müddəti xx.xx.2024-cü il tarixədək davam etmişdir. Bundan sonra iddiaçı tərəfindən xx.xx.2017-ci il tarixli 01-0/2017 nömrəli müqavilənin icrasından birtərəfli imtina edilmiş, bunun əsası kimi xx.xx.2024-cü il tarixli pretenziya sənədini cavabdehə göndərmişdir ki, belə olan halda tərəflər arasında xx.xx.2017-ci il tarixli 01-0/2017 nömrəli müqavilə ləğv edilmiş hesab edilir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Plenum qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Göründüyü kimi iddiaçı tərəfindən iradə ifadəsi qarşı tərəfə xx.xx.2024-cü il tarixdə bildirilmiş və həmin vaxtdan müqavilə ləğv edilmiş hesab edilmişdir ki, hazırki vəziyyətdə iddiaçı ona məxsus avtomobili başqasının qanunsuz istifadəsindən geri tələb edir ki, göründüyü kimi bunda da haqlı olmuşdur. Belə ki, təqdim edilmiş mübahisə predmeti olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən göründüyü kimi 50AD398 dövlət nömrə nişanlı, 1999-cu il istehsallı, Mersedenz Benz 308D-yük markalı, WDB6023161P105805 şassi nömrəli avtonəqliyyat vasitəsinin sahibi iddiaçı olan İddiaçı MMC-dir (AER Firması). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göründüyü kimi mübahisə predmeti olan nəqliyyat vasitəsinin mülkiyyətçisi iddiaçıdır və onun həmin əmlak üzərində mülkiyyət hüquqları qanunla qorunur ki, iddiaçı əmlakını başqasının qanunsuz sahibliyindən tələb edə bilər. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının iddiası əsaslıdır və iddia tələbi təmin edilərək Cavabdeh müvəqqəti istifadə üçün verilmiş 50AD398 dövlət nömrə nişanlı Mersedenz Benz 308D-yük markalı avtonəqliyyat vasitəsi sonuncudan alınaraq İddiaçı MMC-yə geri qaytarılmalıdır. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilir ki, iddiaçı 135 manat dövlət rüsumu ödəsə və həmin məbləği cavbabdehdən tələb etsə də, 100 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, artıq ödənilmiş 35 manat iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh müvəqqəti istifadə üçün verilmiş 50AD398 dövlət nömrə nişanlı Mersedenz Benz 308D-yük markalı avtonəqliyyat vasitəsi İddiaçı MMC-yə geri qaytarılsın. Ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar