Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1379/2023 29.12.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Cavabdeh qarşı “282 manat abunə borcunun və 30 manat mediasiya xərcinin tutulması” tələbinə dair işə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə-iddiaçı) Cavabdeh (bundan sonra mətndə-cavabdeh) qarşı “282 manat abunə borcunun və 30 manat mediasiya xərcinin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Servis Texniki Xidmət Mərkəzinin direktoru Bağırov Şahin və “İstehlakçı” adlanacaq abonentin nümayəndəsi Cavabdeh servis texniki xidmət göstərmək məqsədi ilə xx.xx.2018-ci il tarixli 60600 nömrəli müqavilə bağlamışdır. Həmin Müqavilənin 1-ci bəndinə əsasən, “İstehlakçı” Merkuri-130 tipli zavod № 00213390 olan nəzarət kassa aparatına (NKA) istismar qaydalarına uyğun servis texniki xidmət göstərməyi tapşırmış, “STXM” isə həmin istismar qaydalarına uyğun tapşırığı öz üzərinə götürmüşdür. Həmin Müqavilənin 2-ci bəndinə əsasən, “STXM” tərəfindən göstərilən texniki xidmət istismar qaydalarında göstərilən müddət ərzində NKA-nın fasiləsiz işləməsinə şərait yaradır. Həmin Müqavilənin 3-cü bəndinə əsasən, “İstehlakçı”nın “STXM”-nin hüquqi və məsuliyyətləri Nazirlər Kabinetinin 266 saylı xx.xx.1995-ci il tarixli qərarının 9 və 10-cu bəndləri ilə tənzimlənir. Həmin Müqavilənin 5-ci bəndinə əsasən, mütəmadi və fasiləsiz xidmət göstərmək üçün “İstehlakçı” tərəfindən “STXM”-ə hər ay 6 manat məbləğində vəsait ödənilir və həmin müddətdə NKA-ya göstərilən texniki xidmət və təmirin dəyəri “STXM”-nin üzərinə düşür. Həmin Müqavilənin 6-cı bəndinə əsasən, yuxarıda göstərilən şərtlər pozulduqda müqavilə Nazirlər kabinetinin müvafiq qərarına uyğun olaraq ləğv edilir və bu barədə Vergilər Nazirliyinə məlumat verilir. İddia tələbi onunla əsaslandırılmışdır ki, müəssisə Nazirlər Kabinetinin xüsusi icazəsi ilə “merkuri 115 F-01, 150 F-01, 111 MF markalı nəzarət kassa aparatlarına xidmət edir. Həmin Qərar əsasında Cavabdehla xx.xx.2018-ci ildə 60600 nömrəli müqavilə imzalanmış və nəzarət kassa aparatı qeydiyyata alınaraq istifadəsinə icazə verilmişdir. Lakin, Cavabdeh 2019-cu ildən 2 ay, 2020-ci ildən 11 ay, 2022-ci ildən 12 ay, 2023-cü ildən 10 ay xidmət pulu ödəməmiş, toplamda 282 manat ödənilməmiş abunə haqqı qalmışdır. İddiaçı qalan borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, bildiriş xx.xx.2023-cü il tarixdə rəsmi qaydada təqdim edilmiş, cavabdeh xx.xx.2023-cü il tarixdə iddia tələbinə rəsmi etirazını məhkəməyə göndərmişdir. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, həmin kassa aparatı xx.xx.2021-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. Kassadan istifadə etdikləri müddətdə abunə haqqını ödəmişlər. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin təqdim etdiyi qəbzlərdən görünür ki, xx.xx.2016-cı, xx.xx.2018-ci, xx.xx.2018-ci, xx.xx.2018-ci, xx.xx.2018-ci, xx.xx.2019-cu, xx.xx.2019-cu ildə hər dəfə 4 manat ödəniş edilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Şəki Kommersiya Məhkəməsi tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixdə müraciət edilərək əlavə sənədlərin təqdim edilməsi xahiş edilmişdir. Sorğuya cavab olaraq iddiaçı tərəfindən təqdim edilmiş mülahizələrdə qeyd edilmişdir ki, hər il respublikada mövsüm ilə əlaqədar saat dəyişikliyi olur. Həmin saat vaxtı yerində onlar tərəfindən dəyişdirilir. Əgər dəyişdirilməzsə kassa aparatı normal fəaliyyət göstərmir. Digər tərəfdən, 2019-cu ildən NKA-nın prosessoru dəyişdirildi. Bu da yalnız onlar tərəfindən həyata keçirilə bilərdi ki, cavabdehə məxsus NKA-da da bu dəyişiklik qeyd edilmişdir. Həmçinin NKA-nın işləmədiyi dövrdə satışın qeyd olunması üçün surquçlanmış jurnal verilib. Bu jurnalda qeyd olunan əməliyyatlar sonradan STXM tərəfindən NKA-ya vurulurdu. Həmçinin, əgər müqavilə şərtləri pozularsa, tərəf müqavilənin pozulması barədə Vergilər Nazirliyinə məlumat verir. Bu barədə cavabdeh tərəfindən hər hansı etirazın edildiyi qeyd edilməmişdir. NKA-nın fasiləsiz işləməsi STXM-in öhdəliyindədir. Əgər onlar vergi ödəyicisinin rüblük hesabatlarına baxsalar görərlər ki, vergi ödəyicisi müntəzəm işləyib və hesabat verib. Bu dövrdə NKA-dan o dövr üçün çıxarılmış dövrü “Z” hesabatı ilə təsdiqlənir. İş materiallarına əlavə edilmiş **********360600/399 nömrəli aktdan görünür ki, Cavabdeh məxsus olan nəzarət kassa aparatı xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. 11 saylı Ərazi Vergilər Baş İdarəsinin məktubundan görünür ki, İ.Məmədova məxsus **********-27002 kodlu təsərrüfat subyektində quraşdırılmış Merkuri -130F-01 markalı 00213390 nömrəli nəzarət kassa aparatı xx.xx.2021-ci il tarixli ərizə əsasında qeydiyyatdan çıxarılmışdır. 11 saylı Ərazi Vergilər Baş İdarəsinin arayışından görünür ki, Cavabdeh məxsus sahibkarlıq fəaliyyəti xx.xx.2023-cü il tarixdə dayandırılmışdır. xx.xx.2021-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarda qeyd edilmişdir ki, Cavabdeh ona məxsus obyektin Gənclik kafesinə aid ********** VÖEN-li Merkuri 130-01 markalı 00213390 zavod nömrəli kassa aparatını naməlum şəraitdə itirmişdir. Cavabdeh izahatında bildirmişdir ki, həmin yeri o, 2018-ci ilin may ayında istifadə üçün götürmüşdür və kassa aparatı ona həmin tarixdə verilmişdir. Lakin, pandemiya ilə əlaqədar obyekt bağlı olmuşdur. Həmin NKA-nı qeydiyyatdan çıxarmaq üçün axtarmış, lakin tapa bilməmişdir.Naməlum şəraitdə həmin kassa aparatını itirmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara tərəflər arasında bağlanmış müqavilə, məktublar və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.
567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. MPM-in 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında podrat, xidmət və alqı-satqı münasibətlərindən əmələ gələn qarışıq müqavilə bağlanmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, Servis Texniki Xidmət Mərkəzinin direktoru Bağırov Şahin və “İstehlakçı” adlanacaq abonentin nümayəndəsi Cavabdeh servis texniki xidmət göstərmək məqsədi ilə xx.xx.2018-ci il tarixli 60600 nömrəli müqavilə bağlamışdır. Həmin Müqavilənin 1-ci bəndinə əsasən, “İstehlakçı” Merkuri-130 tipli zavod № 00213390 olan nəzarət kassa aparatına (NKA) istismar qaydalarına uyğun servis texniki xidmət göstərməyi tapşırmış, “STXM” isə həmin istismar qaydalarına uyğun tapşırığı öz üzərinə götürmüşdür. Həmin Müqavilənin 2-ci bəndinə əsasən, “STXM” tərəfindən göstərilən texniki xidmət istismar qaydalarında göstərilən müddət ərzində NKA-nın fasiləsiz işləməsinə şərait yaradır. Həmin Müqavilənin 3-cü bəndinə əsasən, “İstehlakçı”-nın “STXM”-nin hüquqi və məsuliyyətləri Nazirlər Kabinetinin 266 saylı xx.xx.1995-ci il tarixli qərarının 9 və 10-cu bəndləri ilə tənzimlənir. Həmin Müqavilənin 5-ci bəndinə əsasən, mütəmadi və fasiləsiz xidmət göstərmək üçün “İstehlakçı” tərəfindən “STXM”-ə hər ay 6 manat məbləğində vəsait ödənilir və həmin müddətdə NKA-ya göstərilən texniki xidmət və təmirin dəyəri “STXM”-nin üzərinə düşür. İş materiallarını nəzərdən keçirərkən məhkəmə müəyyən etmişdir ki, Cavabdeh məxsus obyektdə xx.xx.2018-ci il tarixdə müqavilə bağlandığı dövrdə Merkuri-130 tipli zavod № 00213390 olan nəzarət kassa aparatı quraşdırılmış və həmin NKA ən geci xx.xx.2021-ci tarixədək istifadə edilmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərar xx.xx.2021-ci tarixdə qəbul edilmiş və cavabdeh tərəfindən NKA-nın itməsi izahatında bildirilmişdir. Həmçinin, 11 saylı Ərazi Vergilər Baş İdarəsinin məktubundan görünür ki, Cavabdeh məxsus **********-27002 kodlu təsərrüfat subyektində quraşdırılmış Merkuri-130F-01 markalı 00213390 nömrəli nəzarət kassa aparatı xx.xx.2021-ci il tarixli ərizə əsasında qeydiyyatdan çıxarılmış və Cavabdeh məxsus sahibkarlıq fəaliyyəti xx.xx.2023-cü il tarixdə dayandırılmışdır. İddia ərizəsindən məlum olur ki, iddiaçı tərəfindən tələb edilən 282 manat abunə haqqı 2019-cu ildən 2 ay, 2020-ci ildən 11 ay, 2022-ci ildən 12 ay, 2023-cü ildən 10 ayı əhatə edir. Göründüyü kimi, cavabdehə məxsus obyektdə quraşdırılmış Merkuri-130F-01 markalı 00213390 nömrəli nəzarət kassa aparatı xx.xx.2021-ci il tarixli ərizə əsasında qeydiyyatdan çıxarılmışdır. Buna qədər yəni “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərar xx.xx.2021-ci tarixdə qəbul edildiyindən artıq həmin dövrdən qeyd edilən aparat artıq mövcud deyildir. Deməli, ən geci xx.xx.2021-ci il tarixdən iddiaçı tərəfindən xidmətin göstərilməsi dayandırılmışdır. Cavabdeh etirazında borcunun olmadığını bildirsə də, həmin dövrə qədər isə iddiaçı tərəfindən cavabdehə xidmət göstərilməsini təkzib edən hər hansı sübutlar məhkəməyə təqdim edilməmişdir. Odur ki, məhkəmə yuxarıda qeyd edilənləri təhlil edərək belə nəticəyə gəlir ki, iddiaçı 2019-cu ildən 2 ay (12 manat) və 2020-ci ildən 11 ayın (66 manat) pulunu, cəmi 78 manat pulu tələb etməkdə haqlıdır. Cavabdeh etiraz təqdim etsə də NK-nın qeydiyyatdan çıxarıldığı vaxtdan əvvəl ödəniş etməsinə dair hər hansı br sübut təqdim etmədiyindən məhkəmə hesab edir ki, cavabdehin etirazlı qismən əsaslı olmuşdur. Bundan əlavə tərəflər arasında bağlanmış müqavilə şərtlərində NKA-nın saz vəziyyətdə olması və işləməsinin özü NKA-nın qeydiyyatdan çıxarılan tarixədək iddiaçı tərəfindən texniki servis xidmətlərinin göstərilməsini sübut edir. İddiaçının 2022 və 2023-cü illər üçün xidmət haqqı tələb etməsi işdə olan sübutlarla təkzib olunur, çünki həmin vaxtlar qeyd edilən aparat mövcud olmamış və qeydiyyatdan çıxarılmışdır. İddiaçı 2021-ci il üçün isə xidmət haqqı tələb etməmişdir. İddia tələbi 78 manat məbləğində vəsaitin ödənilməsini tələb etməkdə haqlı olduğundan ddia həmin hissədə i təmin edilməli, qalan hissədəisə rədd edilməlidir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin hüquqi bazası kimi istinad olunan “Azərbaycan Respublikasının ərazisində nəzarət-kassa aparatlarının tətbiq olunması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 28 dekabr tarixli 266 nömrəli Qərarı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli 338 nömrəli Qərarı ilə ləğv edilsə də, qeyd edilən qərarla “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları” təsdiq edilmişdir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 30 manat olmalıdır ki, iddia tələbi qismən təmin edildiyindən 21,70 manat dövlət rüsumu iddiaçıdan, 8,30 manat dövlət rüsumu isə cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda iddiaçı tərəfindən 20 manat mediasiya xərci ödənildiyindən və iddiaçı mediasiya xərcini cavabdehdən tələb etdiyindən həmin mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 78 manat məbləğində pul və 20 manat mediasiya xərci tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh 8,30 manat, İddiaçındən dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada şikayət verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim : Mübariz Hüseynov