Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-139/2020 19.03.2020 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlu, X1 Cavabdeh ASC-yə qarşı müflis elan edilməsi barədə ərizə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: X2 Cavabdeh ASC-yə qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək müflis elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 1998-ci il tarixdən fərdi sahibkar kimi vergi orqanlarında qeydiyyatdan keçərək ********** VÖEN-lə fəaliyyət göstərir. 2005-ci ildə Ağdaş şəhərində İcra Hakimiyyəti tərəfindən iliin ən yaxşı iş adamı mükafatına layiq görülmüşdür. 2010-2011-ci illərdə öz biznesini genişləndirmək məqsədilə Cavabdeh ASCdən kredit götürmüş və kredit təminatı kimi öz mülkiyyətində və qohumlarının mülkiyyətində olan əmlaklar ipoteka kimi yüklü edilmişdir. Lakin 2015-2016-cı illərdə baş verən devalvasiya səbəbindən ağır və çətin vəziyyətə düşmüş və kredit borcunu ödəyə bilməmişdir. İpoteka ilə yüklü edilmiş əmlaklar satılsa belə borcun ödənilməsinə kifayət etməyəcəkdir. Həmin əmlakların satılması nəticəsində 3 ailə evsiz, yüklü edilmiş qeyriyaşayış sahələri satılarsa orada işləyən şəxslər işsiz qalacaqdır. Bu səbəbdən hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizə və ərizəyə əlavə olunmuş sənədləri araşdırıb hesab edir ki, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Müflisləşmə və iflas haqqında Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən borclunun iflas haqqında ərizəsi qanunvericilikdə müəyyən edilmiş formada tərtib edilməli və imzalanmalıdır. Borclunun nümayəndəsi tərəfindən verilən ərizəsinə etibarnamə və ya həmin nümayəndənin səlahiyyətini, yaxud onun qulluq mövqeyini təsdiq edən başqa sənəd əlavə edilməlidir. 4.2-ci maddəsinə əsasən, iflas haqqında məhkəməyə verilən ərizədə ərizənin verildiyi məhkəmənin adı, borclunun adı (fərdi borclunun və ya onun nümayəndəsinin adı, atasının adı, soyadı) və ünvanı, bütün məlum kreditorların (adları, atalarının adları, soyadları), poçt ünvanı və onların borcluya qarşı irəli sürdüyü tələblərin məbləğləri, borclu iflas haqqında məhkəməyə ərizə verdikdən sonra bir il ərzində onun vaxtı çatacaq borc öhdəliklərinə dair məlumat, bu Qanuna müvafiq surətdə borclunun ödəmə qabiliyyətsizliyinin özü tərəfindən təsdiq edilməsi və ya sübut olunması, borclunun fikrincə, iş üzrə məhkəmə baxışı üçün məhkəməyə lazım ola bilən hər hansı başqa məlumat, o cümlədən fərdi borcluya aid halda müəyyən aktivlərin borclunun əmlakından çıxarılmasına dair onun tələbini təsdiq edən müfəssəl məlumat, habelə qanunvericiliklə nəzərdə tutulmuş digər məlumatlar gsötərilməlidir. 5.1-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilmiş sənədlərdən başqa, borclunun iflas haqqında ərizəsinə iflas haqqında ərizədə borclunun məhkəmə xərclərinin ödənilməsinə möhlət verilməsini xahiş etdiyi hallar istisna olmaqla, qanunvericilikdə müəyyən edilmiş məhkəmə rüsumlarının ödənilməsini təsdiq edən sənəd, ödənilməli və alınmalı məbləğlər müfəssəl göstərilməklə, borclunun kreditorlarının və debitorlarının siyahısı, bu Qanunun müddəalarına uyğun olaraq tələblərin müəyyənləşdirilmiş məbləğini göstərən sənəd əlavə edilməlidir. 8-ci maddəsinə əsasən iflas haqqında məhkəməyə verilmiş ərizənin (iddia ərizəsinin) bu Qanunun tələblərinə uyğun gəlməməsi, o cümlədən ona əlavə olunmalı sənədlərin həmin ərizə ilə birlikdə təqdim edilməməsi qanunvericilikdə nəzərdə tutulan müvafiq prosessual nəticələrə (məhkəmənin ərizəsini qəbul etməkdən imtina etməsinə, onu baxmadan saxlamasına, hərəkətsiz saxlamasına, yaxud qaytarmasına) səbəb ola bilər. Göründüyü kimi borclu tərəfindən məhkəməyə verilən ərizənin forması və məzmunu, ərizəyə qoşulan sənədlərin dəqiq dairəsi və qanunvericiliyin tələblərinə riayət edilməməsinin nəticələri qanunveriliklə tənzimlənmişdir. Hazırki iş üzrə iddiaçı ərizəsində kreditorun adını göstərsə də, ərizəyə qanunvericliklə müəyyən edilmiş qaydada əlavə edilməli olan sənədləri əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2-ci maddəsinə əsasən, ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.1. ərizənin verildiyi məhkəmənin adı; 149.2.2. işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları; 149.2.3. iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 149.2.4. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; 149.2.5. ərizəyə əlavə edilən sənədlərin siyahısı. 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, iddiaçı ərizənin (iddia ərizəsinin) forma və məzmununa dair tələblərə riayət etmədiyindən ərizə və ona əlavə edilən sənədlər ona geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266 -268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : X1 Cavabdeh ASC-yə qarşı müflis elan edilməsi barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-139/2020
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-139/2020
19.03.2020 · Hüquqi və fiziki şəxslərin ödəmə qabiliyyəti olmayan hesab edilməsi barədə mübahisələr (müflisləşmə (iflas)) - Hüquqi şəxsin müflis olması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver