Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1407/2025 06.11.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Cavabdeh qarşı “cavabdehdən 153.56 manat borcun və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı “cavabdehdən 153.56 manat borcun və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı rəsmi dövlət qeydiyyatına alınmış ekassa operatorlarından biridir. İddiaçı vergi ödəyicilərinə elektron kassaların (hazırda istifadədə olan bütün kassalar “e-kassa” hesab olunur) satışını, proqram təminatının quraşdırılmasını, e-kassa aparatının funksionallığının təmin edilməsi üçün “token”-lərin (nəzarət mexanizm qurğusu) quraşdırılması, kassa aparatının zəruri qaydada işləməsi üçün texniki xidməti həyata keçirir. “Token” iddiaçının mülkiyyətidir və vergi ödəyicisi kassanın fəaliyyətini dayandırmaq və kassa aparatını qeydiyyatdan çıxarmaq istədikdə iddiaçının ünvanına yaxınlaşaraq bu işin icrasını iddiaçı vasitəsi ilə həyata keçirir və tokeni iddiaçıya qaytarır. Məhz bundan sonra kassa qeydiyyatdan çıxmış hesab olunur və iddiaçının xidməti dayanır. İddiaçı ilə cavabdeh arasında NBA-YRA-001 və NBA-YRA-002 saylı 13 iyul 2023-cü il tarixli alqı-satqı və xidmət müqavilələri imzalanmışdır. Həmin müqavilələrə uyğun olaraq iddiaçı tərəfindən cavabdehə müvafiq mallar satılmış, xidmətlər göstərilmişdir. İddiaçı tərəfindən satılan mallara, göstərilən xidmətlərə müvafiq olaraq cavabdehin iddiaçıya ümumilikdə 543.46 manat borcu mövcud olmuşdur. Cavahdeh həmin borc məbləğinin 389.90 manat hissəsini ödəmiş, lakin iddiaçı tərəfindən dəfələrlə edilən müraciətlərə baxmayaraq qalan xidmət haqqı məbləğini ödəməkdən imtina etmişdir. Odur ki, cavabdehin hazırkı tarixədək iddiaçıya ümumilikdə 153.56 manat borcu qalmışdır. Tərəflər arasında imzalanmış NBA-YRA-002 saylı 13 iyul 2023-cü il tarixli müqavilənin 5.4cü bəndində qeyd olunmuşdur ki, müqaviləyə yalnız online kassa cihazı qeydiyyatdan çıxarıldıqdan sonra xitam verilir. Tərəflər arasında bağlanan NBAYRA-002 saylı 13 iyul 2023-cü il tarixli müqavilənin 5.8-ci bəndinə əsasən onlayn kassa cihazının qeydiyyatdan çıxarılması üçün cavabdeh istifadəsində olan, iddiaçıya məxsus tokeni (nəzarət mexanizm qurğusunu) iddiaçıya təhvil verməli və 30 manat məbləğində xidmət haqqı ödəməlidir. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 442-ci, 443-cü, 448-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddələri göstərilmişdir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı (icraçı) ilə Cavabdeh (sifarişçi) arasında bağlanmış 13 iyul 2023-cü il tarixli NBA-YRA-001 nömrəli müqavilənin: 1.1-ci bəndinə əsasən, bu müqavilə ilə icraçı sifarişçinin sifarişinə müvafiq miqdarda, keyfiyyətdə, çeşiddə və müvafiq şərtlərlə sifarişçiyə POS terminallar, onlara aid olan ehtiyat hissələrini, proqram təminatını (bundan sonra birlikdə Mal adlandırılacaq) təqdim etməyini, təmir xidmətini (bundan sonra birlikdə xidmət adlandırılacaq) göstərməyini, sifarişçi isə icraçı tərəfindən onun sifarişinə əsasən təqdim olunmuş mallara (göstərilmiş xidmətlərə) görə bu müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada həmin malların, xidmətlərin dəyərinin ödənilməsini həyata keçirir. 2.1-ci bəndinə əsasən, bu müqavilənin ümumi məbləği onun tərkib hissəsi hesab edilən ayrı-ayrı malların və xidmətlərin təsnifatı ilə Razılaşma Protokollarının (bundan sonra protokol) ümumi qiymətindən ibarətdir. Hər bir protokola uyğun olaraq icraçı tərəfindən təqdim edilən malların və xidmətlərin dəyəri həmin protokolda göstərilən məbləğ miqdarında sifarişçi tərəfindən ödənilir. 13 iyul 2023-cü il tarixli NBA-YRA-001 nömrəli müqaviləyə 1 saylı Əlavədən (qiymətlərin razılaşdırılması protokolundan) göründüyü kimi iddiaçı NBA Technologies İnternational” MMC tərəfindən Cavabdeh satılacaq “PAX A620” adlı malın 389.99 manat məbləğində satılması razılaşdırılmışdır. 23 avqust 2023-cü il tarixli quraşdırılma aktından göründüyü kimi NBA-YRA-001 nömrəli müqaviləyə əsasən, PAX A620 model ********** seriya nömrəli smart kassa Cavabdeh obyektində quraşdırılaraq təhvil verilmiş və aktın doğruluğu cavabdeh tərəfin nümayəndəsi tərəfindən imzalanaraq təsdiqlənmişdir. İddiaçı (icraçı) ilə Cavabdeh (sifarişçi) arasında bağlanmış 13 iyul 2023-cü il tarixli NBA-YRA-002 nömrəli xidmət müqaviləsinin: 1.1.İcraçı onlayn kassa qeydiyyatı, quraşdırılması, uçotdan çıxarılması, proqram kassa sisteminə vaxtı-vaxtında texniki xidmət göstərilməsi, onlayn kassa təmiri və əvvəlki onlayn kassa yenidən istismara verildiyi ana qədər müvəqqəti onlayn kassa istifadə üçün təqdim olunması xidmətlərini göstərməyi, sifarişçi isə icraçı tərəfindən göstərilən xidmətlərin haqqını ödəməyi və onlayn kassa istifadəsini icraçının və Vergilər Nazirliyinin tələb etdiyi qaydada həyata keçirməyi öhdəsinə götürür. 2.1. Sifarişçi göstərilən servis xidməti üzrə icraçı tərəfindən göstərilən xidmətlərin ödənişini elektron qaimə faktura təqdim edildiyi gündən 5 iş günü müddətində pul vəsaitinin icraçının hesablaşma hesabına köçürülməsini həyata keçirir. 2.3. göstərilən hər bir xidmətin ödənişi xidmətin göstərilməsi barədə akt, qiymətlərin razılaşma protokolu, elektron qaimə fakturaya əsasən həyata keçirilir. Texniki xidmət müqaviləsi üçün 1 nömrəli qiymət razılaşdırılması protokolu (Əlavə № 1) ilə NKA göstərilən aylıq servis xidmətinə görə ödəniş 16.52 manat müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli EBDM seriyalı 806487 nömrəli (389.99 manat), xx.xx.2023-cü il tarixli EBDN seriyalı 191817 nömrəli (4.79 manat), xx.xx.2023-cü il tarixli EBDP seriyalı 362274 nömrəli (16.52 manat), xx.xx.2023-cü il tarixli EBDR seriyalı 544888 nömrəli (16.52 manat), xx.xx.2023-cü il tarixli EBDT seriyalı 841741 nömrəli (16.52 manat), xx.xx.2023-cü il tarixli EBDW seriyalı 027155 nömrəli (16.52 manat), xx.xx.2024-cü il tarixli EBDX seriyalı 682032 nömrəli (16.52 manat), xx.xx.2024-cü il tarixli EBDZ seriyalı 449048 nömrəli (16.52 manat), xx.xx.2024-cü il tarixli EBEA seriyalı 980188 nömrəli (16.52 manat), xx.xx.2024-cü il tarixli EBEC seriyalı 469885 nömrəli (16.52 manat) və xx.xx.2024-cü il tarixli EBED seriyalı 604728 nömrəli (16.52 manat) Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə fakturalardan göründüyü kimi İddiaçı MMC tərəfindən Cavabdeh malların verilməsi və xidmətlərin göstərilməsi ilə bağlı ümumilikdə yaranmış 543.46 manat borcla bağlı elektron qaimə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən məhkəmə bildirişi və sənədləri poçt vasitəsilə cavabdehin ünvanı üzrə göndərilmiş, lakin xx.xx.2025-ci il tarixdə “köçüb” qeydi ilə məhkəməyə qaytarılmış, bundan sonra xx.xx.2025-ci il tarixdə həmin sənədlər cavabdehə çatdırılması üçün rəsmi qaydada Mingəçevir şəhər İcra Hakimiyyətinə çatdırılmışdır. Buna baxmayaraq, cavabdeh iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara müqavilələr, qiymətlərin razılaşdırılması protokolları, akt, elektron qaimə-fakturalar və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında 13 iyul 2023cü il tarixli NBA-YRA-001 və NBA-YRA-002 saylı alqı-satqı və xidmət müqavilələri bağlanmışdır. İddiaçı tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilsə də, cavabdeh öhdəliklərini tam yerinə yetirməmiş və onun 153.56 manat ödənilməmiş əsas borcu qalmışdır. İş materiallarına əlavə edilmiş qiymətlərin razılaşdırılması protokollarından göründüyü kimi “PAX A620” adlı malın dəyəri 389.99 manat və NKA göstərilən aylıq servis xidmətinə görə ödəniş isə 16.52 manat müəyyən edilmişdir. Bundan əlavə olaraq 23 avqust 2023-cü il tarixli quraşdırılma aktı ilə PAX A620 model ********** seriya nömrəli smart kassanın Cavabdeh obyektində quraşdırılaraq təhvil verildiyi müəyyən edilir. Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə fakturalarla iddiaçı tərəfindən ümumilikdə 543.46 manat məbləğində malın verilməsi və xidmətlərin göstərilməsi ilə bağlı cavabdehin borcunun yarandığı öz əksini tapır. Həmin elektron qaimələr sadəcə özlüyündə malın verilməsini və xidmətlərin göstərilməsini birbaşa təsdiq etməsə də, quraşdırılma aktı və müqavilənin şərtləri ilə birlikdə təhlil edildikdə tərəflər arasında müqavilə əsasında nəzərdə tutlmuş münasibətlərin yarandığı, malın verildiyi və xidmətlərin göstərildiyi müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Qərarında qeyd edilir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Qeyd olunanlardan əlavə olaraq iddiaçı cavabdeh tərəfindən borcundan 389.90 manat ödəniş edildiyini bildirmişdir. Belə ki, göründüyü kimi cavabdehin qeyd edilən müqavilələr üzrə cəmi 153.56 manat (543.46 manat – 389.90 manat = 153.56 manat) məbləğində ödənilməmiş əsas borcunun qaldığı müəyyən edilir. Həmçinin, iş üzrə cavabdeh tərəfindən qeyd edilən borc məbləği ilə razılaşmamaları və ya artıq ödəniş etmələri, həmin borcun əsassızlığı ilə bağlı məhkəməyə vəsatət və ya müraciət ünvanlanmamış, məhkəmə tərəfindən iddiaçının tələbində olan məbləğlərin uyğunsuz və əsassızlığı ilə bağlı hallar müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə təqdim edilən sübutlar əsasında işə baxılaraq yekunlaşdırılması qərarına gəlmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Yuxarıda qeyd olunanlara, əsasən, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, qeyd olunanlara əsasən, yekun olaraq 153.56 manat məbləğində əsas borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən iddia tələbinə uyğun olaraq 30 manat dövlət rüsumu dövlət büdcəsinə ödənilmişdir. İddia təmin edildiyindən 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 153.56 manat əsas borc və 30 manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim : Mübariz Hüseynov