Məhkəmə qərarları › İş №e-2-2(117)-1527/2022

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-1527/2022

06.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-1527/2022 06.10.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı MMC-nin cavabdeh "xxxx" QSC-yə qarşı “əsas 6000 manat ümumi borc və 13869,60 manat olmaqla ümumilikdə 19869,60 manat pulun cavabdehdən tutulması” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı MMC cavabdeh "xxxx" QSC-yə qarşı “əsas 6000 manat ümumi borc və 13869,60 manat olmaqla ümumilikdə 19869,60 manat pulun cavabdehdən tutulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İlk öncə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş iddia ərizəsinin formasına və məzmununa dair tələblərə iddiaçı tərəfindən riayət edilməmiş, yəni iddia ərizəsində cavabdehə qarşı yönəlmiş tələb aydın ifadə edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2-ci maddəsinə əsasən, iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı, işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları, iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu, nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına riayət edilməsinə dair məlumat və ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilir. Göründüyü kimi iddia ərizəsində iddiaçının tələbi dedikdə, cavabdehə qarşı aydın və dəqiq ifadə edilmiş tələbdən söhbət gedir ki, iddiaçının hazırki tələbi MPM-in 149-cu maddəsinin tələblərinə cavab vermir. Belə ki, iddiaçı tələbini “əsasn 6000 manat ümumi borc, 13869,60 manat, ümumilikdə 19869,60 manat məbləğində pulun cavabdehdən tutulması” şəklində göstərmiş, 13869,60 manat məbləğin hansı əsasla və nə kimi (borc, faiz, cərimə və s.) tələb edildiyini aydın şəkildə göstərməmidir. Halbuki, iddiaçı tələbini dəqiq və aydın şəkildə ifadə etməlidir. İddiaçı hazırki aydın olmayan iddia tələbi ilə əvvəl də məhkəməyə müraciət etmiş, məhkəmənin xx.xx.2022-ci il tarixli e-2-2(117)-1466/2022 nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmaqla yuxarıda sadalanan qanunvericiliyin tələbi iddiaçıya izah edilmiş, lakin qeyd olunan nöqsanlar aradan qaldırılmadan iddiaçı tərəfindən təkrar hazırki iddia tələbi ilə məhkəməyə müraciət olunmuşdur. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. 150.1.6cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilir. 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 363-VİQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 22 yanvar tarixli 265 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 1403 nömrəli Fərmanına əsasən Mülki Prosessual Məcəllənin 150.2-ci maddəsində “orqanın (qurumun) informasiya sistemi” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemi nəzərdə tutulur. Hazırki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisınin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd xx.xx.2021-ci il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.2-ci maddəsinin tələblərinə uyğun cavabdehə təqdim edilməmişdir. Belə ki, “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumata əsasən cavabdehin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabineti mövcuddur. İddiaçı Mülki Prosessual Məcəllənin 150.2-ci maddəsinə əməl etməli olduğu halda bunu etməmişdir ki, qanunvericiliyin tələbinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 152.1.4 və 152.1.6-cı maddəslərinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut və müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Sonda məhkəmə onu da qeyd edir ki, iş materiallarından pretenziya məktubunun cavabdehə kağız daşıyıcıda poçt vasitəsilə göndərilməsi müəyyən olunur. Lakin bu hal xx.xx.2021-ci il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.6-ci maddəsinin tələblərinə zidd olduğundan məhkəmə tərəfindən faktı təsdiq edən sübut qismində qəbul edilmir. Məhkəmə tərəfindən iddiaçının diqqətinə çatdırılır ki, yuxarıda göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət edə bilər. Eyni zamanda iddiaçının diqqətinə çatdırılır ki, müvəqqəti təminat tədbirləri haqqında əsaslandırılmış ərizəyə mübahisəni həll edən hakim tərəfindən, daxil olduğu gündən sonra təxirə salınmadan ayrıca icraatda baxılır (MPM 159.1). Bu səbəbdən də müvəqqəti təminat tədbirinin görülməsi barədə ərizə iş materialları ilə bir yerdə deyil, ayrıca icraatda məhkəməyə təqdim olunmalı və Dövlət rüsumu haqqında Qanunla müəyyən edilmiş miqdarda dövlət rüsumu ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı MMC-nin cavabdeh "xxxx" QSC-yə qarşı “əsas 6000 manat ümumi borc və 13869,60 manat olmaqla ümumilikdə 19869,60 manat pulun cavabdehdən tutulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar