Məhkəmə qərarları › İş №e-2-2(117)-1601/2022

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1601/2022

25.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1601/2022 25.11.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Cavabdeh İB-nə qarşı “xx.xx.2021-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış 5425,50 manat borcun **********00000 abonent hesabından silinməsi və mediasiya üçün ödənilmiş 100 manat pulun tutulması” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh İB-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xx.xx.2021-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış 5425,50 manat borcun **********00000 abonent hesabından silinməsi və mediasiya üçün ödənilmiş 100 manat pulun tutulması” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh nümayəndələri tərəfindən fiziki şəxs (fərdi sahibkar) İddiaçı istifadəsində olan, ünvan 1 küçəsində yerləşən qeyri-yaşayış sahəsində quraşdırılmış uçot dəstində yoxlama aparılmış, bununla bağlı xx.xx.2021-ci il tarixdə ******* nömrəli akt tərtib edilmişdir. Bundan sonra itirilmiş qaz 21702 m3 olmaqla dəyəri 5425,50 manat məbləğində müəyyən edilərək abonent İddiaçı dəymiş ziyanın bərpasına dair xx.xx.2021-ci il tarixli tələbnamə göndərilmişdir. “Qeyri-Əhali qaz sayğacının yoxlanılması haqqında” SSN29/1640-02485-1 nömrəli xx.xx.2021-ci il tarixli Aktdan görünür ki, ilkin baxış zamanı sayğacın daxilinin çirkli olması müəyyən edilmiş, göstəricilər arasında fərq var. Sayğaca hava vurulmuş, hesablayıcı mexanizm işləyir. Sayğac yuyuldu, təmizləndi, hava vuruldu, mexaniki hissə işləkdir. Yoxlamanın nəticəsi olaraq xətaların normaya uyğun olması, batareya və implus ötürücüsü tələb olunur. Tərəflər arasında olan mübahisə məhkəmədən kənar qaydada həllini tapmadığından iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş və iddia tələbi onunla əsaslandırmışdır ki, ünvan 1 küçəsində yerləşən qeyri-yaşayış sahəsinə quraşdırılmış sayğacda xx.xx.2021-ci il tarixdə X1 əməkdaşları tərəfindən yoxlama aparılmış və təbii X2 pozulması haqda Akt tərtib edilmişdir və əsassız olaraq 5425,50 manat borc hesablanmışdır. İddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq xx.xx.2021-ci il tarixli akt əsasında hesablanmış 5425,50 manat pulun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixdə cavabdehin elektron kabinetində məhkəmə bildirişi rəsmi qaydada yerləşdirilmişdir, lakin o iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara aktlar, tələbnamə, qazın alqı-satqı müqaviləsi, abonentin saldosu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə ilkin olaraq hazırkı mübahisəyə baxmaq səlahiyyəti Şəki Kommersiya Məhkəməsində olmasına baxmayaraq mediasiya prosessinin CavabdehİB-nin yerləşdiyi Bakı şəhərində aparılması, həmçinin mediasiyanın iddiaçının təşəbbüsü ilə aparıldığından məhkəmə tərəfindən həmin prosesi qanuni olaraq qəbul edir. Belə ki, bu hal “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 28.3-cü maddəsində nəzərdə tutulan tərəflərin razılığı olaraq qəbul edilməlidir. Belə ki, cavabdeh Bakı şəhərində yerləşsə də, iddiaçının, yəni Göyçay şəhərində yerləşən sahibkarın mediasiyanın Bakı şəhərində keçirmə təşəbbüsü ilə çıxış etməsi iddiaçının hüquqlarına aid olduğundan və cavabdehin hər hansı hüquqlarına mane törətmədiyindən mediasiyanın hazırkı iş üzrə Bakı şəhərində keçirilməsi tərəflərin razılığı olaraq qəbul edilir. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1.2-ci maddəsində deyilir ki, sahibkar - əsas məqsədi müstəqil surətdə əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlərin görülməsindən və ya xidmətlərin göstərilməsindən mənfəət götürülməsi olan hüquqi və fiziki şəxslərdir. 2.1-ci maddəsinə görə, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Qeyd olunan Qanununun 3.1-ci, 3.2-ci, 13.2-ci, 13.3-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələrinin tələblərinə əsasən, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. Qanunun 20.1-ci maddəsində göstərilən sənədlər təqdim edilmədikdə və ya yoxlamanın aparılması haqqında qərarda və yoxlamaların vahid məlumat reyestrindən çıxarışda göstərilən yoxlama müddətlərinə riayət edilmədikdə, sahibkar yoxlayıcını yoxlamaya buraxmaqdan imtina edə bilər. Yoxlama aparılarkən yoxlayıcı orqanların (yoxlayıcıların) qərarları və hərəkətləri (hərəkətsizliyi) nəticəsində yoxlanılan sahibkarın hüquqları və qanuni mənafeləri pozulduqda, habelə yoxlanılan sahibkar yoxlamanın nəticələrindən razı qalmadıqda inzibati və məhkəmə qaydasında şikayət verə bilər. Göründüyü kimi, cavabdeh tərəfindən aparılmış yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmalıdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.1-ci bəndinə əsasən bu Əsasnamə “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. Həmin Əsasnamənin 1.4, 1.5 və 1.6-cı bəndlərinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Qeyd edilən qanunvericiliyin tələbinə görə cavabdehin apardığı yoxlama və ya baxış qaz sayğacına olan aylıq baxış olmamaqla müvafiq qanunvericiliyin təsir dairəsinə düşür və həmin orqanının hərəkətlərinin qanuniliyi qeyd edilən normalara uyğun fəaliyyət nəticəsində mümkün ola bilər. Bundan əlavə məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçı barədə akt tərtib edilərkən “X2” pozulması faktlarına əsaslanmış, qeyd olunan pozuntunun istehlakçının təqsiri ucbatından baş verdiyi əsası ilə iddiaçıya itirilmiş qaz sərfiyyatı müəyyənləşdirilərək borc hesablanmışdır. Məhkəmə qeyd edir ki, sayğacda pozuntular müəyyən edildiyi halda itirilmiş qazın dəyərinin ödənilməsi cavabdehə o halda hüquq verir ki, müəyyən olunmuş pozuntuda istehlakçının təqsiri olmuş olsun. Belə ki, Tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli 0xx-xx-2017-ci il tarixli, həmçinin “X3” ilə təsdiq edilmiş Nümunəvi müqavilənin 2.2.5ci bəndinə əsasən, istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək paylayıcının hüquqlarına aid edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh nümayəndələri tərəfindən fiziki şəxs İddiaçı İddiaçı istifadəsində olan, ünvan 1 küçəsində yerləşən qeyriyaşayış sahəsində quraşdırılmış uçot dəstində yoxlama aparılmış, bununla bağlı ******* nömrəli akt tərtib edilmişdir. İtirilmiş qazın miqdarı 21487 m3 müəyyən edilmiş və əmsal 1,01 qəbul edilməklə hesablanmış məbləğin ödənilməsi tələb olunmuş və İddiaçı dəymiş ziyanın bərpasına dair xx.xx.2021-ci il tarixli tələbnamə göndərilmişdir. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2021-ci il 16 oktyabr tarixli 13 nömrəli qərarı ilə təsdiq edilmişdir “Təbii qazın ölkədaxili tarifləri”nə əsasən illik istehlak həcminin 2500 m3 -dən çox olan hissəsi üçün hər min kubmetr üçün 250 manat müəyyən edilmişdir. Odur ki, 21702 kub.m x 1,01 (əmsal) *0,25 manat=5425,50 manat. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X3”nın Həmin Qaydaların 4.7. bəndinə görə sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8. bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmçinin həmin Qaydaların 6.7. bəndinə görə qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Beləliklə, işin müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh nümayəndələri tərəfindən fiziki şəxs (fərdi sahibkar) İddiaçı istifadəsində olan, ünvan 1 küçəsində yerləşən qeyri-yaşayış sahəsində quraşdırılmış uçot dəstində yoxlama aparılmış, bununla bağlı ******* nömrəli akt tərtib edilmişdir. Lakin cavabdeh tərəfindən qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsini təsdiq edən sübutlar təqdim edilməmiş, eyni zamanda yuxaıda qeyd edilən normların tələbləri baxımından həmin sayğacın saz vəziyyətdə saxlanması cavabdehliyi qaz paylayıcısı daşıyır. Cavabdehin nümyəndələrinin tərtib etdiyi aktda pozuntunun nədən ibarət olmasını ümumiyyətlə müəyyən etmək mümkün deyildir, əksinə sayğacın labaratoriya yoxlamasında xətaların normalara uyğun olduğu və batereya və implus ötürücüsünün istismar müddətinə az qaldığından dəyişdirilməsi tələb edilir. Bunula bağlı cavabdehə rəsmi müraciət edilərək sualların cavablandırılması və iddia tələbinə münasibətini bildirməsi xahiş edilmişdir. Lakin cavabdeh təşkilat müraciətə cavab verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsi, həm də qeyd olunan Qaydaların 4.9-cu bəndinin 2-ci cümləsinə görə bu halı sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Həmin Məcəllənin 77.2-ci maddəsinin tələblərinə görə cavabdeh üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmiş və iddiaçı tərəfindən sayğaca müdaxilə edilməsini təsdiq edən sübutları təqdim etməmişdir. Beləliklə, şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən hesablanmış borcun yaranmasının əsasları olmadığından, pozuntunun nədən ibarət olmasını müəyyən etmək mümkün olmadığından və hər hansı pozuntunun iddiaçının (istehslakçının) təqsiri ucbatından baş verməsi faktı cavabdeh tərəfindən sübuta yetirilmədiyindən həmin akt əsasında hesablanmış 5425,50 manat borc məbləği silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında Qanunun” 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 74,26 manat olmalıdır ki, iddiaçı 100 manat mediasiya xərcini cavabdehdən həmin pul tutularaq iddiaçıya ödənilməli, ödənilməmiş dövlət rüsumu cavabdehdən tutulub dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: İddia təmin edilsin. Cavabdeh İB tərəfindən xx.xx.2021-ci il tarixli ******* nömrəli akt əsasında itirilmiş qazın sərfiyyatı kimi hesablanmış 5425,50 manat borc İddiaçı **********00000 nömrəli abonent hesabından silinsin. Cavabdehndən 100 manat mediasiya xərci tutularaq İddiaçı ödənilsin. Cavabdehndən 74,26 manat dövlət rüsumu tutulub dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar