Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1681/2022 27.12.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “21 noyabr 2022-ci il tarixli üzləşmə aktına əsasən ödənilməli olan 31669,90 manat pulun və 400 manat mediasiya xərcinin tutulması” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı “21 noyabr 2022-ci il tarixli üzləşmə aktına əsasən ödənilməli olan 60025,40 manat pulun və 400 manat mediasiya xərcinin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi xx.xx.2022-ci il tarixdə məhkəməyə “İddia tələbinin həcminin azaldılması barədə” ərizə ilə müraciət edərək “21 noyabr 2022-ci il tarixli üzləşmə aktına əsasən ödənilməli olan 31669,90 manat pulun və 400 manat mediasiya xərcinin tutulması” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli üzləşmə aktından görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2019-cu il tarixinə 60025,40 manat məbləğində nömrə borcu olduğu göstərilmiş və hər iki tərəfin imzası ilə borc təsdiq edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-cu il tarixli üzləşmə aktından görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2022-cu il tarixinə 31669,90 manat məbləğində nömrə borcu olduğu göstərilmiş və hər iki tərəfin imzası ilə borc təsdiq edilmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, təmsil etdiyi hüquqi şəxs "xxxx" MMC-nin rəsmi distribütorudur, Azərcell mobil telefon nömrələrini cavabdeh onlardan alıb, pərakəndə satışını həyata keçirmişdir. Cavabdeh ilə mobil telefon nömrələrin satışı ilə bağlı aralarında münasibətlər olmuş, bunun əvəzində cavabdehə müəyyən haqq ödəniləcəyi barədə razılığa gəlmişlər. Lakin cavabdeh nömrələri satmış və əldə etdiyi 31669,90 manat pulu təhvil verməyərək öhdəliklərini tam icra etməmişdir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin, məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasında iştirak etməməsinin üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsinin (bundan sonra mətndə-MPM) 185-ci maddəsinə əsasən mümkün hesab etmişdir. İddiaçı tərəfindən elektron qaydada materiallar məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: təhvil-təslim aktı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. (Azərbaycan Respublikası Mülki Məcəlləsi (bundan sonra mətndə MM) maddə - 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri) MM-in: 777.1-ci maddəsinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 778.2. Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. 778.3. Əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir. 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. 782.1. Vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, tərəflər arasında Cavabdeh tərəfindən iddiaçıya məxsus mobil telefon nömrələrinin başqa şəxslərə satılması öhdəliyini yaradan əvəzli şifahi tapşırıq müqaviləsindən irəli gələn münasibətlər mövcuddur. Belə ki, iddiaçının nümayəndəsi məhkəməyə verdiyi izahatında da bildirmişdir ki, tərəflər arasında iddiaçıya məxsus nömrələrin üçüncü şəxslərə satılması ilə bağlı münasibətlər mövcud olmuş, mövcud olmuş 60025,40 manat borcundan ödənişlər etmiş və xx.xx.2022-ci il tarixə 31669,90 manat borcu qalmışdır. Tərəflər öz imzaları ilə bunu təsdiq edərək üzləşmə aktı tərtib etmiş və hətta cavabdeh borcun məbləğinin yazıldığı qrafanın sağ tərəfindəki qrafada “Borcla razıyam” qeydi də etmişdir. Odur ki, məhkəmə tərəflər arasında müqavilə münasibətlərinin olduğunu müəyyən edir və üzləşmə aktı əsas sübut kimi qəbul edir. Məhkəmə qeyd edilənləri nəzərə alıb hesab edir ki, cavabdehin 31669,90 manat məbləğində iddiaçıya borcunun olması tam təsdiq olunur və bunun əksini təsdiqləyə bilən arqumentləri cavabdeh təqdim etməmiş, hər hansı bir etirazını bildirməmişdir. Məhkəmə işin hallarını nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki icraatda iddiaçının üzərinə iddia tələbini sübut etmək, qarşı tərəfin üzərinə isə etirazlarının əsaslarını sübut etmək vəzifəsi, məhkəmənin isə həmin hallara hüquqi qiymət vermək üçün müəyyən hədləri müəyyən etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Məhkəmə iş materiallarını keçirib hesab edir ki, təqdim edilən sübutlar cavabdehin borcunun mövcudluğunu təsdiqləyir. Odur ki, iddia tələbi təmin edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Hazırki müabhisə üzrə ödənilməli dövlət rüsumunun məbləği 185,01 manat olmalıdır ki, iddiaçı tərəf 400 manat mediasiya xərcini ödədiyindən dövlət rüsumu ödəməkdən azad olunur. Odur ki, 185,01 ödənilməmiş dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda iddiaçı 400 manat məbləğində mediasiya xərcini cavabdehdən tələb etdiyindən həmin mediasiya xərci də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 31669,90 manat məbləğində əsas borc və 400 manat mediasiya xərci tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Cavabdeh 185,01 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-1681/2022
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1681/2022
27.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver