Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-170/2025 07.02.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “cavabdehdən 1098 manat əsas borc məbləği, gecikdirilmiş dövr üçün 4 manat, hüquqi xidmət üçün 300 manat xərc və məhkəməyə ödənilən 35 manat dövlət rüsumu olmaqla, cəmi 1437 manat pulun tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “cavabdehdən 1098 manat əsas borc məbləği, gecikdirilmiş dövr üçün 4 manat, hüquqi xidmət üçün 300 manat xərc və məhkəməyə ödənilən 35 manat dövlət rüsumu olmaqla, cəmi 1437 manat pulun tutularaq iddiaçıya ödənilməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə Cavabdeh arasında distribütora məxsus malların Diler tərəfindən satışını həyata keçirən və satış şərtlərini əks etdirən xx.xx.2022-ci il tarixli № 1580 saylı diler müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən distribütor tərəflər arasında razılaşdırılmış satış şərtlərinə əsasən dilerə, özünə məxsus olan malları təklif edir. Bunun əsasında, diler tərəfindən tərəflərin müqaviləyə və Distribütora məxsus olan malların satışını, realizə olunmasını tənzimləyən digər sənədlərdə razılaşdırdıqları şərtlərə uyğun olaraq həmin mallar üzrə satış həyata keçirilir. Satılan malın miqdarı, qiyməti malın üzərində təqdim olunan qaimələrdə öz əksini tapmışdır. Lakin, Dilerin Distribütordan aldığı mala görə borcu yaranmışdır. Belə ki, xx.xx.2023-cü il tarixdə tərəflər arasında imzalanmış üzləşdirmə aktının məzmunundan görünür ki, xx.xx.2023-ci il tarixinə Cavabdeh İddiaçı QSC-ə borcu 3268 manat təşkil edir. Lakin borcdan edilən sonuncu ödənişdən sonra cavabdeh tərəfə pretenziya məktubu ünvanlanan zaman Cavabdeh İnteqral QSC-yə olan borcu 1098 manat təşkil edib. Həmçinin xx.xx.2024-cü il tarixli maliyyə arayışının da məzmunundan aydın olur ki, Cavabdeh həmin tarixə İnteqral QSC-yə olan borcu 1098 manat məbləğindədir. Həmçinin, AR Mülki Məcəllənin 377.3-cü maddəsinə əsasən icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, həmçinin kreditorun borcunu tələb etmək hüququ və borclunun borcunu geri qaytarmaq vəzifəsi də həmin andan başlanır. Borclunun borcunu geri qaytarmaq vəzifəsi ilk yazılı tələbin göndərildiyi andan başlanır, belə ki, kreditor olaraq İddiaçı QSC tərəfindən xx.xx.2024-cü il tarixində Cavabdeh ilk yazılı pretenziya göndərilmişdir. Lakin heç bir nəticəsi olmamışdır. Həmçinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Ödəmə üçün pretenziyada müəyyən olunmuş müddəti də nəzərə alsaq, borclunun öhdəliyi icra etmək vəzifəsi xx.xx.2024-cü il tarixindən başlanmalıdır. İddianın xx.xx.2024-cü il tarixində göndərildiyini nəzərə alsaq iddianın gecikdirilməsi üzrə məbləğ 1 ay əsasında ((1098*5%)/12)*1=4.58 manat hesablanmalıdır. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli 1580/23M nömrəli Diler müqaviləsinin: 1.1-ci bəndinin tələbinə görə bu müqaviləyə əsasən distribütor tərəflər arasında razılaşdırılmış satış şərtlərinə əsasən dilerə özünə məxsus olan malları təklif edir. Diler öz növbəsində tərəflərin bu müqaviləyə və onun tərkib hissəsi olan digər sənədlərə əsasən bu malların satışını həyata keçirir. Tərəflər arasında satışın həyata keçirilməsini tənzimləyən əlavələr müqavilənin ayrılmaz tərkib hissəsi olacaq. Satılan malın miqdarı, qiyməti malın üzərində təqdim olunan qaimələrdə öz əksini tapacaq. Malın satışı zamanı malların keyfiyyət, uyğunluq və lazım olan digər sertifikatlarını distribüter təqdim edəcək, həmçinin malın dilerə çatdırılmasını distribütor öz hesabına həyata keçirəcək. Malların dilerə çatdırılmasını tərəflərin səlahiyyətli nümayəndələrinin imzaları ilə təsdiq olunacaq qaimədə öz əksini tapacaq. 1.2-ci bəndinin tələbinə görə diler bu müqavilə üzrə öz öhdəliklərini yerinə yetirərkən distribütorun agenti və ya salahiyyətli nümayəndəsi kimi yox, məhz malların satışı üzrə müstəqil diler kimi fəaliyyət göstərəcək və bu müqavilədən əmələ gələn öhdəliklərə görə hər hansı üçüncü tərəflər qarşısında məsuliyyət daşıyacaq. 2.4.7-ci bəndinin tələbinə görə diler, distribütordan aldığı mala görə ödənişi öncədən həyata keçirmək öhdəliyini üzərinə götürmüşdür. Bu bəndlə müəyyən edilmiş ödəniş şərtlərindən fərqlənən hər hansı digər ödəmə şərtləri tərəflər arasında ayrıca razılaşdırılaraq müqaviləyə əlavə olunacaq. 3.1-ci bəndinin tələbinə görə bu müqavilə tərəflərin imza və möhürləri ilə təsdiq olunduğu gündən qüvvəyə minir və 1 il müddətinə qüvvədə qalır. Müqavilə müddətinin bitməsinə bir həftə qalmış tərəflərdən hər hansı biri müqavilə müddətinin uzadılmasına etiraz etmirsə, müqavil bir il/illər müddətinə uzadılmış hesab edilir. Distribütor dilleri bir həftə qabaq məlumat verməklə müqaviləni birtərəfli qaydada xitam edə bilər. Müqavilənin müddətinin bitməsi tərəfləri müqavilədə qüvvədə olarkən üzərlərinə götürdükləri öhdəliklərin yerinə yetirilməsindən azad etmir. xx.xx.2023-cü il tarixli üzləşmə aktından göründüyü kimi Cavabdeh İddiaçı QSC-yə həmin tarixə ümumilikdə 3268 manat məbləğində borcu mövcuddur. Həmin aktın doğruluğu Cavabdeh və İddiaçı QSC-nin nümayəndələrinin imzaları, eyni zamanda tərəflərin möhürləri ilə təqdilənmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından göründüyü kimi cavabdehin xx.xx.2023-cü il tarixli üzləşmə aktına əsasən 3268 manat borcu olmuş, bundan sonra cavabdeh borc məbləğindən qismən ödəniş etmiş və onun arayışın tərtib edildiyi tarixə 1098 manat borcu qalmışdır. Cavabdeh tərəf üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmiş və nəticədə onun ödənilməmiş 1098 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdeh xx.xx.2025-ci il tarixdə rəsmi qaydada bildirişi qəbul etməsinə baxmayaraq, iddia tələbinə qarşı cavabdeh əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara diler müqaviləsi, üzləşmə aktı, maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 445.3. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. İcraya qədər öhdəlik ləğv edildikdə, əgər icra müddəti təyin edilmişsə və onu ləğvetmə anından təqvim üzrə hesablamaq mümkündürsə, eyni qayda qüvvədə olur. 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 789.1. Ticarət nümayəndəsi haqqında müqaviləyə görə, sənətkarlıq şəklində müstəqil fəaliyyətlə məşğul olan şəxsə (ticarət agentinə) alğı-satqı müqavilələrinin, habelə xidmətlər yaradılmasına dair müqavilələrin (ticarət əqdlərinin) bağlanmasında hər hansı istehsalçının, sənayeçinin və ya tacirin (tapşıranın) adından və hesabına vasitəçilik xidmətləri göstərmək və (və ya) bunları bağlamaq barəsində uzunmüddətli tapşırıq verilir. 789.2. Həm fiziki, həm də hüquqi şəxslər ticarət agenti ola bilərlər. Aşağıdakılar ticarət agentləri deyildirlər: 789.2.1. vasitəçilik fəaliyyəti və ya əqdlərin bağlanması ilə təsadüfdən-təsadüfə məşğul olan şəxslər; 789.2.2. ticarət və xammal birjalarında işləyən şəxslər; 789.2.3. tapşıranla əmək müqaviləsi bağlamış şəxslər. 789.3. Ticarət nümayəndəsi haqqında müqavilə yazılı formada bağlanır. 789.4. Müqavilə ilə tənzimlənməyən öhdəliklərə bu Məcəllə və əlavə olaraq, ticarət nümayəndəsinin olduğu yerdə ticarət sahəsindəki işgüzar adətlər tətbiq edilir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2022ci il tarixli 1580/23M nömrəli Diler müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinin tələbinə görə bu müqaviləyə əsasən distribütor tərəflər arasında razılaşdırılmış satış şərtlərinə əsasən dilerə özünə məxsus olan malları təklif edir. Diler öz növbəsində tərəflərin bu müqaviləyə və onun tərkib hissəsi olan digər sənədlərə əsasən bu malların satışını həyata keçirir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, diler müqaviləsi üzrə yaranmış 1098 manat borc cavabdehdən tutulmalıdır. Belə ki, iş materiallarından göründüyü kimi xx.xx.2023-cü il tarixli üzləşmə aktı ilə hazırkı iş üzrə Cavabdeh 3268 manat məbləğində borcu olduğunu etiraf etmiş, daha sonra iddiaçı təqdim etdiyi maliyyə arayışı ilə cavabdehin qismən ödəniş etdiyini və xx.xx.2024-cü il tarixinə 1098 manat məbləğində borcu qaldığını bildirmişdir. Bundan başqa cavabdeh xx.xx.2025-ci il tarixdə rəsmi qaydada məhkəmə bildirişini və sənədlərini qəbul etsə də, buna münasibət bildirməmiş, məhkəməyə hazırkı işlə bağlı etirazını və iddia tələbinin əksini sübut edəcək hər hansısa dəlil təqdim etməmişdir.
Gecikdirilmiş vaxt üçün illik 5 %-lə hesablanmış 4 manat faiz borcuna münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbi bu hissədə də təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. İddiaçı tərəf gecikdirilmiş vaxt üçün illik beş faizlə faiz borcunu hesablayarkən cavabdehə pretenziyanın verildiyi tarixdən iddia ərizəsinin həmin şəxsə göndərildiyi tarixədək, yəni xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövrü əsas götürmüşdür. Həmin tarixlər aralığındakı müddət olan 50 gün üçün illik 5%-lə ödənilməli faiz məbləği 7,625 manat təşkil edir. Belə ki, adi hesablama aparıldıqda müəyyən olunduğu kimi qeyd edilən tarix aralığı üçün illik 5 %-lə hesablanmış faiz məbləği (1098 * 5% = 54,9 manat – 1 il üçün, 54,9 / 12 = 4,575 manat – aylıq faiz, 4,575 / 30 =0,1525 manat – 1 gün üçün, 0,1525 * 50 gün = 7,6 manat) təşkil edir. İddiaçı isə 4 manat tələb edir ki, məhkəmə həmin məbləğin cavabdehdən tutularaq ödənilməsini qanuni və ədalətli hesab edir. Məhkəmə iddiaçının tələbini işin hallarını nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki icraatda iddiaçının üzərinə iddia tələbini sübut etmək, qarşı tərəfin üzərinə isə etirazlarının əsaslarını sübut etmək vəzifəsi, məhkəmənin isə həmin hallara hüquqi qiymət vermək üçün müəyyən hədləri müəyyən etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Eyni zamanda, məhkəmə prosessual xərc olaraq “hüquqi yardımla bağlı ödənilmiş 300 manat pulun tutularaq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə hesab edir ki, MPM-in 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə göstərilmiş hüquqi yardımla bağlı vəkilə ödənilmiş məbləği təsdiq edən ödəniş tapşırığının, nəzərdə tutulan işlə bağlı tərəfə hüquqi yardım göstərilməsi ilə bağlı elektron vəkil orderinin iş materiallarına əlavə edilməsi, işə sadələşdirilmiş icraat qaydasında baxılmasını, sənədlərin ilkin olaraq hazırlanması və vəkilin nəzərdə tutulan işdə fəallığı hallarını nəzərə alaraq hesab edir ki, hüquqi yardımla bağlı 100 manat pulun tutulması əsaslı, ədalətli və qanunidir. Yuxarıda qeyd olunanlara, əsasən, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən 35 manat məbləğində dövlət rüsumu ödənilsə də, iddia tələbinə uyğun olaraq ödənilməli olan dövlət rüsumunun məbləği 31.02 manat təşkil edir. İddia əsas məbləğə nisbətən tam təmin edildiyindən, məhkəmə hesab edir ki, 31.02 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, artıq ödənilmiş 3.98 manat məbləğində rüsum iddiaçıya aid edilməlidir.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1098 manat əsas borc, gecikdirilmiş dövr üçün 4 manat, hüquqi xidmət üçün 100 manat xərc və 31.02 manat dövlət rüsumu tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Hakim : Mübariz Hüseynov