Məhkəmə qərarları › İş №e-2-2(117)-1808/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1808/2025

22.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1808/2025 22.01.2026 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Əzimova Rəna Sərvər qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “cavabdehdən 158.53 manat borcun və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Şəki Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra mətndə-iddiaçı) Cavabdeh (bundan sonra mətndəcavabdeh) qarşı iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, “cavabdehdən 158.53 manat borcun və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı rəsmi dövlət qeydiyyatına alınmış e-kassa operatorlarından biridir. İddiaçı vergi ödəyicilərinə elektron kassaların (hazırda istifadədə olan bütün kassalar “e-kassa” hesab olunur) satışını, proqram təminatının quraşdırılmasını, e-kassa aparatının funksionallığının təmin edilməsi üçün “token”-lərin (nəzarət mexanizm qurğusu) quraşdırılması, kassa aparatının zəruri qaydada işləməsi üçün texniki xidməti həyata keçirir. “Token” iddiaçının mülkiyyətidir və vergi ödəyicisi kassanın fəaliyyətini dayandırmaq və kassa aparatını qeydiyyatdan çıxarmaq istədikdə iddiaçının ünvanına yaxınlaşaraq bu işin icrasını iddiaçı vasitəsi ilə həyata keçirir və tokeni iddiaçıya qaytarır. Məhz bundan sonra kassa qeydiyyatdan çıxmış hesab olunur və iddiaçının xidməti dayanır. İddiaçı ilə cavabdeh arasında NBA-49490-001 saylı 13 oktyabr 2022-ci il tarixli müqavilə imzalanmışdır. Həmin müqaviləyə uyğun olaraq iddiaçı tərəfindən cavabdehə müvafiq xidmətlər göstərilmişdir. İddiaçı tərəfindən göstərilən xidmətlərə müvafiq olaraq cavabdehin iddiaçıya ümumilikdə 349.54 manat borcu mövcud olmuşdur. Cavahdeh həmin borc məbləğinin 191.01 manat hissəsini ödəmiş, lakin iddiaçı tərəfindən dəfələrlə edilən müraciətlərə baxmayaraq qalan xidmət haqqı məbləğini ödəməkdən imtina etmişdir. Odur ki, cavabdehin hazırkı tarixədək iddiaçıya ümumilikdə 158.53 manat borcu qalmışdır. Məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 442-ci, 443-cü, 448-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddələri göstərilmişdir.

4. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(117)-1808/2025 nömrəli qərardadı ilə iddia ərizəsi icraata qəbul edilmişdir.

II. Tərəflərin mövqeləri:

5. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə iştirakı olmadan baxılmasını xahiş etmiş, cavabdeh isə məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İİİ. Məhkəmə baxışının hədləri:

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

İV. Tətbiq edilən hüquq:

7. Azərbaycan Respublikasının Konstitusiyası

M a d d ə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı

- İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. - İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. - İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. - İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

M a d d ə 1 2 5 . Məhkəmə hakimiyyətinin həyata keçirilməsi

- Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

Maddə 1 2 7 . Hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri

- İ. Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. - İİ. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. - İV. Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. - Vİİ. Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. - Vİİİ. Məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə hüququ təmin olunur.

8. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

- 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. - 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. - 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. - 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.

V. Sübutların tədqiqi:

9. İddiaçı MMC (icraçı) ilə Cavabdeh (sifarişçi) arasında bağlanmış 13 oktyabr 2022-ci il tarixli NBA-49490-001 nömrəli xidmət müqaviləsinin 1.1-ci bəndinə əsasən, icraçı onlayn kassa qeydiyyatı, quraşdırılması, uçotdan çıxarılması, proqram kassa sisteminə vaxtıvaxtında texniki xidmət göstərilməsi, onlayn kassa təmiri və əvvəlki onlayn kassa yenidən istismara verildiyi ana qədər müvəqqəti onlayn kassa istifadə üçün təqdim olunması xidmətlərini göstərməyi, sifarişçi isə icraçı tərəfindən göstərilən xidmətlərin haqqını ödəməyi və onlayn kassa istifadəsini icraçının və Vergilər Nazirliyinin tələb etdiyi qaydada həyata keçirməyi öhdəsinə götürür.

10. Texniki xidmət müqaviləsi üçün 1 nömrəli qiymət razılaşdırılması protokolu (Əlavə № 1) ilə kassa qeydiyyatı+Token (1 ədəd) ƏDV daxil olmaqla qiymət 70.80 manat müəyyənləşdirilmişdir.

11. Texniki xidmət müqaviləsi üçün 2 nömrəli qiymət razılaşdırılması protokolu (Əlavə № 2) ilə NKA göstərilən aylıq servis xidmətinə görə ödəniş ƏDV daxil olmaqla 9.44 manat müəyyən edilmişdir.

12. xx.xx.2022-ci il tarixli quraşdırılma aktından göründüyü kimi cavabdehin obyektində V1E0495768 seriya nömrəli Verifone X990 markalı smart-kassa quraşdırılmış, istifadə qaydaları izah olunmuş, müştəriyə təhvil verilmişdir.

13. 18.11.2022-ci il tarixli EBCJ seriyalı 443527 nömrəli ( 70.80 manat) elektron qaimə fakturadan göründüyü kimi kassa qeydiyyatı+Tokenin verilməsi, xx.xx.2022-ci il tarixli EBCK seriyalı 526465 nömrəli (noyabr, 6.05 manat), xx.xx.2023-cü il tarixli EBCN seriyalı 019235 nömrəli (dekabr, 9.44 manat), xx.xx.2023-cü il tarixli EBCP seriyalı 011766 nömrəli (yanvar, 9.44 manat), xx.xx.2023-cü il tarixli EBDA seriyalı 948367 nömrəli (fevral, 9.44 manat), xx.xx.2023-cü il tarixli EBDD seriyalı 489718 nömrəli (mart, 9.44 manat), xx.xx.2023-cü il tarixli EBDF seriyalı 100295 nömrəli (aprel, 9.44 manat), xx.xx.2023-cü il tarixli EBDG seriyalı 856125 nömrəli (may, 9.44 manat), xx.xx.2023-cü il tarixli EBDİ seriyalı 774785 nömrəli (iyun, 9.44 manat), xx.xx.2023-cü il tarixli EBDK seriyalı 970949 nömrəli (iyul, 9.44 manat), xx.xx.2023-cü il tarixli EBDN seriyalı 205369 nömrəli (avqust, 9.44 manat), xx.xx.2023-cü il tarixli EBDP seriyalı 363825 nömrəli (sentyabr, 9.44 manat), xx.xx.2023-cü il tarixli EBDR seriyalı 546457 nömrəli (oktyabr, 9.44 manat), xx.xx.2023-cü il tarixli EBDT seriyalı 844311 nömrəli (noyabr, 9.44 manat), xx.xx.2023-cü il tarixli EBDW seriyalı 028827 nömrəli (dekabr, 9.44 manat), xx.xx.2024-cü il tarixli EBDX seriyalı 683483 nömrəli (yanvar, 9.44 manat), xx.xx.2024-cü il tarixli EBDZ seriyalı 450832 nömrəli (fevral, 9.44 manat), xx.xx.2024-cü il tarixli EBEA seriyalı 983886 nömrəli (mart, 9.44 manat), xx.xx.2024-cü il tarixli EBEC seriyalı 471755 nömrəli (aprel, 9.44 manat), xx.xx.2024-cü il tarixli EBED seriyalı 606507 nömrəli (may, 9.44 manat), xx.xx.2024-cü il tarixli MT2406 seriyalı 11388416 nömrəli (iyun, 9.44 manat), xx.xx.2024-cü il tarixli MT2407 seriyalı 11819742 nömrəli (iyul, 9.44 manat), xx.xx.2024-cü il tarixli MT2408 seriyalı 11782937 nömrəli (avqust, 9.44 manat), xx.xx.2024-cü il tarixli MT2409 seriyalı 11846672 nömrəli (sentyabr, 9.44 manat), xx.xx.2024-cü il tarixli MT2410 seriyalı 11849519 nömrəli (oktyabr, 13.0036 manat), xx.xx.2024-cü il tarixli MT2411 seriyalı 12516159 nömrəli (noyabr, 13.0036 manat), xx.xx.2024-cü il tarixli MT2412 seriyalı 11824286 nömrəli (dekabr, 13.0036 manat), xx.xx.2025-ci il tarixli MT2501 seriyalı 11772749 nömrəli (yanvar, 13.0036 manat), xx.xx.2025-ci il tarixli MT2502 seriyalı 11780714 nömrəli (fevral, 13.0036 manat) elektron qaimə fakturalardan göründüyü kimi NKA üzrə xidmətlər göstərilməsi üzrə İddiaçı MMC tərəfindən Cavabdeh malların verilməsi və xidmətlərin göstərilməsi ilə bağlı ümumilikdə yaranmış 349.548 manat borcla bağlı elektron qaimə göndərilmişdir.

Vİ. Məhkəmənin mövqeyi:

14. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

15. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

16. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıdakı göstərilənlərə əsasən iddia təmin olunmalıdır.

17. İşin müəyyən olunmuş halları və iş materialları ilə təsdiqini tapmış mübahisələndirilməyən halları iddiaçı və cavabdeh arasında 13 oktyabr 2022-ci il tarixli NBA-49490-001 nömrəli xidmət müqaviləsinin bağlanmasından, müqaviləyə əlavələrlə kassa qeydiyyatı+Tokenin (1 ədəd), NKA göstərilən aylıq servis xidmətinə görə ödənişin məbləğinin ƏDV daxil olmaqla razılaşdırılmasından, müqavilə əsasında xx.xx.2022-ci il tarixdə cavabdehin obyektində V1E0495768 seriya nömrəli Verifone X990 markalı smartkassanın quraşdırılmasından ibarətdir.

18. İşin mübahisələndirilən halına isə həmin müqavilə əsasında cavabdehin iddiaçıya borcunun qalıb-qalmaması halı aiddir. Ona görə də məhkəmə əldə etdiyi əlaqəli sübutlara əsasən qeyd edilən mübahisəli hala aydınlıq gətirmişdir.

19. Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə fakturalarla iddiaçı tərəfindən ümumilikdə 349.548 manat məbləğində malın verilməsi və xidmətlərin göstərilməsi ilə bağlı cavabdehin borcunun yarandığı öz əksini tapır. Həmin elektron qaimələr sadəcə özlüyündə malın verilməsini və xidmətlərin göstərilməsini birbaşa təsdiq etməsə də, quraşdırılma aktı və müqavilənin şərtləri ilə birlikdə təhlil edildikdə tərəflər arasında müqavilə əsasında nəzərdə tutlmuş münasibətlərin yarandığı, malın verildiyi və xidmətlərin göstərildiyi müəyyən edilir.

20. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Qərarında qeyd edilir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.

21. Qeyd olunanlardan əlavə olaraq iddiaçı cavabdeh tərəfindən borcundan 191.01 manat ödəniş edildiyini bildirmişdir. Belə ki, göründüyü kimi cavabdehin qeyd edilən müqavilələr üzrə cəmi 158.538 manat (349.548 manat – 191.01 manat = 158.538 manat) məbləğində ödənilməmiş əsas borcunun qaldığı müəyyən edilir.

22. Həmçinin, iş üzrə cavabdeh tərəfindən qeyd edilən borc məbləği ilə razılaşmaması və ya artıq ödəniş etməsi, həmin borcun əsassızlığı ilə bağlı məhkəməyə vəsatət və ya müraciət ünvanlanmamış, məhkəmə tərəfindən iddiaçının tələbində olan məbləğlərin uyğunsuz və əsassızlığı ilə bağlı hallar müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə təqdim edilən sübutlar əsasında işə baxılaraq yekunlaşdırılması qərarına gəlmişdir.

23. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri).

24. Yuxarıda qeyd olunanlara, əsasən, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və yekun olaraq iddia tələbinə uyğun olaraq 158.53 manat məbləğində əsas borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Vİİ. Məhkəmə məsrəfləri:

25. Məhkəmə qeyd edir ki, AR Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsi üçün ödənilməli olan 30 manat dövlət rüsumu iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir. İddia təmin edildiyindən 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Vİİİ Nəticə:

26. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 158.53 manat əsas borc və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar