Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1865/2025 13.01.2026 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “cavabdehdən 100.30 manat əsas borc, 5% illik gecikdirmə faizi üzrə 3.30 manat, 30 manat hüquqi xidmət haqqı və 30 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “cavabdehdən 100.30 manat əsas borc, 5% illik gecikdirmə faizi üzrə 3.30 manat, 30 manat hüquqi xidmət haqqı və 30 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında gömrük təmsilçilik xidmətinin göstərilməsi barədə xx.xx.2025-ci il tarixli müqavilə imzalanmışdır. Müqavilənin 2.1-ci bəndinə əsasən tərəflərindən sifarişçiyə broker xidmətinin göstərilməsini öhdələrinə götürmüşlər. Müqavilə üzrə öhdəliklərini yerinə yetirsələr də, sifarişçi müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. Halbuki, müqavilənin 2.2.1-ci bəndinə əsasən təmsilçinin göstərdiyi bütün xidmətlərin haqqını ödəmək sifarişçinin öhdəliyidir. Bundan başqa borc vaxtında ödənmədiyi üçün iddiaçı əlavə olaraq hüquqi xidmətin göstərilməsinə görə haqq ödəməli olmuşdur. Artıq uzun müddət keçsə də, borcun ödənilməsi barədə cavabdeh heç bir hərəkət etməmişdir. Gömrük təmsilçiliyinə dair xidməti müqaviləyə əsasən sifarişçi onun hesabına idxal, tranzit və digər gömrük prosedurları altında olan mallara və nəqliyyat vasitələrinə aid müqaviyət sənədlərində olan məlumatlar əsasında broker xidmətlərinin göstərilməsini sifariş verib təmsilçi ilə razılaşdırılıb xidmət haqqı ödəməyi, təmsilçi isə sifarişçinin tapşırığı ilə broker xidmətləri göstərməyi öz öhdəsinə götürür. İddiaçı tərəfindən göstərilən xidmətlərin adları, miqdarı və qiyməti hazırkı müqavilənin tərkib hissəsi sayılan qiymətlərin razılaşdırılması protokolu № 01-də göstərilir; idxal bəyannaməsi, elektron qısa bəyannamə və ya gömrük bəyannaməsinin tərkibi və gömrük rəsmiləşdirilməsi xidmətlərinin həyata keçirilməsi nəzərdə tutulmuş, qiymətlər müvafiq olaraq müəyyən edilmişdir. İddiaçı tərəfindən cavabdehə cəmi 100,30 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar xx.xx.2025-ci il tarixli, MT2502 seriyalı, 10075743 nömrəli elektron qaimə təqdim olunmuşdur. Mübahisənin məhkəmədən kənar həlli üçün pretenziya məktubu göndərilsə də, heç bir əməli tədbir görülməmiş, borc ödənilməmişdir. Həmçinin, hüquqi yardım üçün 30 manat xidmət haqqı ödənilmişdir. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385.1-ci, 386-cı, 442-ci, 443-cü, 445.1-ci, 449.1-ci, 787.1-ci, 787.2-ci, 788-ci, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 1-ci, 104-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci, 121.1-ci, 149- 150-ci, 216-220-ci maddələri göstərilmişdir.
4. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(117)-1865/2025 nömrəli qərardadı ilə iddia ərizəsi icraata qəbul edilmişdir.
İİ. Tərəflərin mövqeləri:
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 284-5.1-ci maddəsinə əsasən məhkəmə bildirişi və sənədləri rəsmi qaydada xx.xx.2025-ci il tarixdə cavabdehin Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetinə yerləşdirilərək çatdırılmasına baxmayaraq, cavabdeh iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişdir
6. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır.
İİİ. Məhkəmə baxışının hədləri:
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. - 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
İV. Tətbiq edilən hüquq:
13. Azərbaycan Respublikasının Konstitusiyası
M a d d ə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı
- İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. - İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. - İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. - İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. M a d d ə 1 2 5 . Məhkəmə hakimiyyətinin həyata keçirilməsi
- Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
Maddə 1 2 7 . Hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri
- İ. Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. - İİ. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. - İV. Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. - Vİİ. Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. - Vİİİ. Məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə hüququ təmin olunur.
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
- 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. - 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. - 787.1. Broker müqaviləsinə əsasən brokerə muzd müqabilində sifarişçiyə vasitəçilik xidmətləri göstərmək tapşırığı verilir. - 787.2. Əgər bu Məcəllənin bu fəslinin aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, broker müqaviləsinə tapşırıq müqaviləsi haqqında qaydalar tətbiq edilir. - 788.1. Brokerin öz vasitəçilik xidmətləri və ya köməyi nəticəsində müqavilə həyata keçirildikdən sonra muzd almaq hüququ vardır. Əgər müqavilə təxirəsalıcı şərtlə bağlanırsa, muzd yalnız həmin şərt baş verdikdə tələb edilə bilər.
V. Sübutların tədqiqi:
15. İddiaçı MMC (təmsilçi) və Cavabdeh ASC (sifarişçi) arasında bağlanmış xx.xx.2025-ci il tarixli gömrük təmsilçilik xidmətlərinin göstərilməsi üçün sifariş barədə müqavilənin 1.1-ci bəndinə əsasən, təmsilçi öz əsasnaməsinə uyğun olaraq sifarişçinin tapşırığı ilə onun hesabına idxal, ixrac, tranzit və digər gömrük prosedurları altında olan mallara və nəqliyyat vasitələrinə aid müşayiət sənədlərində olan məlumatlar əsasında xidmətlərini göstərir.
16. xx.xx.2025-ci il tarixli MT2502 seriyalı 10075743 nömrəli Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan göründüyü kimi İddiaçı MMC rəsmiləşmə, E-GB tərtibinin həyata keçirilməsi ilə bağlı olaraq yaranmış 100.3 manat borc üçün Cavabdeh ASC-yə elektron qaydada qaimə faktura göndərilmişdir.
17. xx.xx.2025-ci il tarixli gömrük bəyannamələri iş materiallarına əlavə edilmişdir.
Vİ. Məhkəmənin mövqeyi:
18. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
19. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
20. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıdakı göstərilənlərə əsasən iddia təmin olunmalıdır.
21. Məhkəmə müəyyən edir ki, müvafiq xidmətlərin göstərilməsinin təşkili və həyata keçirilməsi ilə bağlı iddiaçı və cavabdeh arasında xx.xx.2025-ci il tarixli müqavilə bağlanmışdır. Belə ki, müvafiq muzd müqabilində sifarişçinin icraçıya göstərdiyi xidmətlərin təşkili ilə bağlı hüquqi münasibət yaranmışdır. İşin müəyyən olunmuş halları və iş materialları ilə təsdiqini tapmış mübahisələndirilməyən halları iddiaçı və cavabdeh arasında gömrük təmsilçilik xidmətlərinin göstərilməsi barədə xidmət (brokerlik) müqaviləsinin bağlanmasından ibarətdir.
22. İşin mübahisələndirilən halına isə müqaviləyə əsasən icraçı tərəfindən işlərin görülüb-görülməməsi və sifarişçinin görülmüş işlərə görə borcunun qalıb-qalmaması halı aiddir. Ona görə də məhkəmə əldə etdiyi əlaqəli sübutlara əsasən qeyd edilən mübahisəli hallara aydınlıq gətirmişdir.
23. Belə ki, məhkəməyə təqdim edilmiş sübutlardan göründüyü kimi tərəflər arasında gömrük təmsilçilik xidmətlərinin göstərilməsi barədə brokerlik müqaviləsinin bağlanması öz təsdiqini tapır. Bundan başqa iddiaçı tərəfindən rəsmiləşmə, E-GB tərtibinin həyata keçirilməsi ilə bağlı cəmi 100.3 manat dəyərində xidmətlərin göstərilməsi barədə elektron qaimə-faktura (xx.xx.2025-ci il tarixli), eyni zamanda gömrük bəyannaməsi (xx.xx.2025-ci il tarixli) iş materiallarına əlavə edilmişdir. Həmin elektron qaimə-faktura sadəcə özlüyündə xidmətlərin göstərilməsini birbaşa təsdiq etməsə də, gömrük bəyannaməsi, həmçinin müqavilənin şərtləri ilə birlikdə təhlil edildikdə xidmətin göstərildiyi öz təsdiqini tapır.
24. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Qərarında qeyd edilir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.
25. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən 100.3 manat məbləğində əsas borcun tutulmasını tələb etməkdə haqlıdır.
26. Göründüyü kimi iddiaçı tərəf öz iddiasını əsaslandıraraq ilkin sübutlarını təqdim etmiş, lakin məhkəmə bildirişi və sənədləri rəsmi qaydada cavabdehin Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetinə yerləşdirilərək rəsmi qaydada ona çatdırılsa da, cavabdeh qeyd edilən halların əksini sübut edəcək hər hansısa sübutunu, etirazını məhkəməyə təqdim etməmiş və hazırkı işə heç bir münasibət bildirməmişdir. Məhkəmə tərəfindən də iddiaçının tələbində olan məbləğin uyğunsuz və əsassızlığı ilə bağlı hallar müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə iddiaçının tələbinin qeyd edilən hissədə əsaslı olduğu qənaətinə gəlmişdir.
27. Bundan başqa məhkəmə iddia tələbinin “5% illik gecikdirmə faizi üzrə 3.30 manat pulun cavabdehdən tutulması” hissəsinə münasibətdə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.
28. Məhkəmə hesab edir ki, iddiaçı AR Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faiz olaraq 3.30 manatın ödənilməsini tələb etməkdə haqlıdır. Belə ki, məhkəmə araşdırması zamanı tərəflərin müqavilə üzrə razılaşmalarına əsasən ödənişin xidmət göstərildikdən sonra hansı müddətə kimi edilməsi ilə bağlı konkret şərt müəyyən edilməmişdir. Lakin iş materiallarından da göründüyü kimi iddiaçı tərəfindən razılaşmaya uyğun olaraq xidmətlərin göstərilməsi, cavabdehin isə ödənişi gecikdirdiyi məlum olur. E-qaimə xx.xx.2025-ci il tarixində elektron qaydada cavabdehə göndərilmiş, lakin buna baxmayaraq cavabdeh tərəfindən iddiaçıya olan borcu hazırkı tarixə kimi ödənilməmişdir. Məhkəmə hesab edir ki, AR Mülki Məcəlləsinin 445-ci maddəsinə əsasən, iddiaçı xx.xx.2025-ci il tarixdən məhkəməyə müraciət edilən xx.xx.2025-ci il tarixə kimi olan 10 ay müddət üçün 3.30 manat (100.3 manat*5/100 = 5.015 manat – 1 il üçün, 5.015/12 ay = 0.42 manat – 1 ay üçün; 0.42*10 ay = 4.72 manat) məbləğində gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb etməkdə haqlıdır.
29. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən 100.3 manat xidmət haqqı borcu və 5% illik gecikdirmə faizi üzrə 3.30 manat pulun tutulmasını tələb etməkdə haqlıdır.
30. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri).
31. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli Qərarında qeyd etmişdir ki, Hüquq sistemlərində “həqiqət” anlayışına fərqli yanaşmalar mövcuddur. Anqlo-sakson hüquq sisteminə xas olan formal həqiqət xalis çəkişmədir və sübutetmə prosesində məhkəmənin passivliyini nəzərdə tutur: məhkəmə, tərəflərin sübut kimi təqdim etdiklərini dəyərləndirməklə kifayətlənən, qərəzsiz arbitr rolunda çıxış edir.
32. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar.
33. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir.
34. Məhkəmə qeyd edilən qanunvericiliyin hüquqi izahları baxımından məsələyə yanaşaraq qeyd edir ki, hazırkı iş üzrə iddiaçı tərəfin sübutlarını əsaslandırıb, irəli sürdüyü dəlillərinin izahını vermiş, cavabdeh tərəf isə qeyd edilən iddia tələbinin əksini sübut edən hər hansısa sübutunu və ya etirazını məhkəməyə təqdim etməyərək sübutetmə vəzifəsini icra etməmişdir.
35. Beləliklə yekun olaraq məhkəmə hesab edir ki, Cavabdeh ASC-dən 100.3 manat xidmət haqqı borcu və illik 5% gecikdirmə faizi üzrə 3.30 manat faiz borcu tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
Vİİ. Məhkəmə məsrəfləri:
36. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən və iddia tələbinə uyğun olaraq ödənilməli 30 manat dövlət rüsumu iddiaçı tərəfindən dövlət büdcəsinə ödənildiyindən həmin rüsum cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməlidir.
37. Hüquqi xidmətə görə ödənilmiş 30 manat pulun hazırkı işə sadələşdirilmiş qaydada baxılması, iddia ərizələrinin hazırlanması, həmçinin hüquqi xidmət (iddia ərizələrinin hazırlanması) ilə bağlı elektron qaimə-fakturanın iş materiallarına əlavə edilməsi halları nəzərə alınmaqla cavabdehdən tutulub iddiaçıya ödənilməlidir.
Vİİİ Nəticə:
38. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh ASC-dən 100.3 manat xidmət haqqı borcu, AR Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən 3.30 manat faiz borcu olmaqla, ümumilikdə 103.60 manat, 30 manat hüquqi yardımla bağlı xərc və 30 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Mübariz Hüseynov