Məhkəmə qərarları › İş №e-2-2(117)-1874/2025

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-1874/2025

12.12.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-1874/2025 12.12.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlu, iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 15 saylı X2 Mərkəzinin Cavabdeh qarşı "torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən azad edilməsi" tələbinə dair iddiası üzrə Qəbələ Rayon Məhkəməsindən daxil olmuş mülki iş materiallarına baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 15 saylı X2 Mərkəzinin Cavabdeh qarşı "torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən azad edilməsi" tələbinə dair ərizə ilə Qəbələ Rayon Məhkəməsinə müraciət edərək tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(025)-1489/2025 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilmişdir. Qəbələ Rayon Məhkəməsi işin aidiyyatı üzrə göndərilməsi barədə qərardadını onunla əsaslandırmışdır ki, iddiaçı AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 15 saylı X2 Mərkəzi Cavabdeh qarşı meşə fondu torpağının qanunsuz sahiblikdən azad edilməsi, istifadəsinə qadağa qoyulması və özbaşına tikililərin sökülərək ərazinin əvvəlki vəziyyətə gətirilməsi tələbi birgə həyata keçirilən sahibkarlıq fəaliyyəti ilə bağlı müqavilə münasibətlərindən yaranan tələblərə aid olduğundan mahiyyət etibarı ilə iqtisadi məzmunludur. Hazırkı iddia ümumi məhkəmənin deyil, kommersiya məhkəməsinin aidiyyətində olduğundan baxılması üçün aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir. Həmin qərardad ilə razılaşmayan məhkəmə qeyd edir ki, cavabdeh tərəf sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs, eyni zamanda iddiaçı sahibkarlıq münasibətinə daxil olan dövlət orqanı olsa da, tərəflər arasında müqavilə münasibətlərinə xitam verilmiş, hazırkı münasibət isə delikt münasibətlərə əsaslanır. Belə ki, iddiaçı bildirir ki, “həmin ərazidə 2.73 hektar dövlət meşə fondu torpağının Cavabdeh tərəfindən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan özbaşına zəbt edildiyi müəyyən edilmişdir. 15 saylı X2 Mərkəzinin (bundan sonra Mərkəz) və Meşələrin İnkişafı Xidmətinin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixində həmin əraziyə baxış keçirilmiş, baxış zamanı 2.0 (iki) hektar müqaviləli və 2.73 hektar qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan özbaşına zəbt edilmiş ərazidə əsaslı tikili - 7x4x2,5 m ölçüdə mişar daşından 1 ədəd otaq, 6x5x2,5 m ölçüdə mişar daşından 2 ədəd mətbəx, 20x7x2,5 m ölçüdə mişardaşından 1 ədəd yeməkxana binası, 60x20x4 m ölçüdə mişar daşından 1 ədəd şadlıq evi, 30x25x1,5 m ölçüdə süni göl, 6x6 m ölçüdə çay daşından 1 ədəd hovuz, 6x5x2,5 m ölçüdə mişar daşından 1 ədəd ayaqyolu, yüngül konstruksiyalı - 9x6x3 m ölçüdə taxtadan 10 ədəd otaq, 15x5x3 m ölçüdə dəmirdən 1 ədəd söhbətgah, 6x4x2,5 m ölçüdə 1 ədəd taxtadan otaq, 6x4x2,5 m ölçüdə dəmirdən söhbətgah, 5x3x2,5 m ölçüdə ağacdan 7 ədəd söhbətgah, 6x6x3 m ölçüdə 1 ədəd taxtadan söhbətgah, 5x3 m ölçüdə açıq meydança 2 ədəd, 15x3x2,5 m ölçüdə ağacdan 1 ədəd söhbətgah, 4x4x2,5 m ölçüdə dəmirdən 5 ədəd söhbətgah, 10x5x3 m ölçüdə dəmirdən 1 ədəd söhbətgah, 3x3x2,5 m ölçüdə dəmirdən 1 ədəd söhbətgah, 12x3x2,5 m ölçüdə ağacdan təndirxana müəyyən edilmişdir.” İlk öncə məhkəmə qeyd edir ki, kommersiya mübahisələri dedikdə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 25.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2-ci maddəsinə əsasən, kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Sahibkarlıq fəaliyyəti isə şəxsin müstəqil surətdə, həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir (Vergi Məcəlləsi maddə - 13.2.37). “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarının 12-ci bəndində məhkəmələrə izah olunur ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Həmin Qərarın 14-cü bəndində məhkəmələrə izah olunur ki, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. Həmin Qərarın 25-ci bəndində isə məhkəmələrə izah edilir ki, qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn tələblərinə kommersiya məhkəməsində baxılması üçün mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Mübahisə qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların sahibkarlıq fəaliyyətlərindən irəli gəlmədikdə isə, işə kommersiya məhkəmələrində baxılması imkanı, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda mümkün olacaqdır. Beləliklə, məhkəmələr nəzərə almalıdır ki, əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi üzrə tələblərdə və ya deliktdən irəli gələn tələblərdə mübahisənin məhz hər iki tərəfin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi məhkəmə aidiyyətini müəyyən edən həlledici meyardır. Dövlət və bələdiyyə orqanlarına münasibətdə isə qeyd edilməlidir ki, müqavilədən irəli gələn öhdəlik hüquqi münasibətlərdən fərqli olaraq, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə onların sahibkarlıq subyektləri ilə olan münasibətlərinin xarakteri mahiyyət etibarilə iqtisadi xarakterli olmadığından, bu mübahisələrə ümumi məhkəmələrdə baxılmalıdır. Göründüyü kimi, yuxarıda qeyd olunanlarla müəyyən olunur ki, dövlət orqanı olan iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı və Xidmətinin 15 saylı X2 Mərkəzinin cavabdeh X1 qarşı “özbaşına zəbt edilmiş torpaqdan istifadəyə qadağa qoyulması, tikililərin sökülməsi, ərazinin boşaldılıb əvvəlki vəziyyətinə qaytarılması” tələbi barədə iddia ərizəsi ümumi məhkəmədə baxılmalı olan mülki xarakterli əşya hüquqi münasibətlərdən irəli gələn mübahisədir. Belə ki, tərəflər arasında yaranan mübahisə sahibkarlıq fəaliyyəti ilə bağlı yaranmamış, bu səbəbdən də bu xarakterli işlərə kommersiya məhkəmələri tərəfindən deyil, ümumi məhkəmələrə tərəfindən baxılması qanunvericilikdə nəzərdə tutulmuşdur. Bu səbəbdən də məhkəmə aidiyyəti məsələsinin həll edilməsi üçün iş materialları Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməlidir. MPM-in: 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 32.7-ci maddəsinə əsasən, bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 15 saylı X2 Mərkəzinin Cavabdeh qarşı "torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən azad edilməsi" tələbinə dair iddiası üzrə məhkəmə aidiyyəti məsələsinin həll edilməsi üçün iş Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar