Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1904/2025 30.01.2026 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Cavabdehnə qarşı “cavabdehdən 121.22 manat borcun və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra mətndə-iddiaçı) Cavabdehnə (bundan sonra mətndəcavabdeh) qarşı iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, “cavabdehdən 121.22 manat borcun və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı rəsmi dövlət qeydiyyatına alınmış e-kassa operatorlarından biridir. İddiaçı vergi ödəyicilərinə elektron kassaların (hazırda istifadədə olan bütün kassalar “e-kassa” hesab olunur) satışını, proqram təminatının quraşdırılmasını, e-kassa aparatının funksionallığının təmin edilməsi üçün “token”-lərin (nəzarət mexanizm qurğusu) quraşdırılması, kassa aparatının zəruri qaydada işləməsi üçün texniki xidməti həyata keçirir. “Token” iddiaçının mülkiyyətidir və vergi ödəyicisi kassanın fəaliyyətini dayandırmaq və kassa aparatını qeydiyyatdan çıxarmaq istədikdə iddiaçının ünvanına yaxınlaşaraq bu işin icrasını iddiaçı vasitəsi ilə həyata keçirir və tokeni iddiaçıya qaytarır. Məhz bundan sonra kassa qeydiyyatdan çıxmış hesab olunur və iddiaçının xidməti dayanır. İddiaçı ilə cavabdeh arasında NBA-001 saylı dekabr 2021-ci il tarixli müqavilə imzalanmışdır. Həmin tarixdə müqaviləyə uyğun olaraq iddiaçı tərəfindən cavabdehə müvafiq xidmətlər göstərilmişdir. İddiaçı tərəfindən göstərilən xidmətlərə müvafiq olaraq cavabdehin iddiaçıya ümumilikdə 222.22 manat borcu mövcud olmuşdur. Cavahdeh həmin borc məbləğinin 101 manat hissəsini ödəmiş, lakin iddiaçı tərəfindən dəfələrlə edilən müraciətlərə baxmayaraq qalan xidmət haqqı məbləğini ödəməkdən imtina etmişdir. Odur ki, cavabdehin hazırkı tarixədək iddiaçıya ümumilikdə 121.22 manat borcu qalmışdır. Məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 442-ci, 443-cü, 448-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddələri göstərilmişdir.
4. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(117)-1904/2025 nömrəli qərardadı ilə iddia ərizəsi icraata qəbul edilmişdir.
II. Tərəflərin mövqeləri:
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 284-5.1-ci maddəsinə əsasən məhkəmə bildirişi və sənədləri rəsmi qaydada xx.xx.2025-ci il tarixdə cavabdehin Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetinə yerləşdirilərək ona çatdırılmasına baxmayaraq, cavabdeh iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişdir.
6. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır.
İİİ. Məhkəmə baxışının hədləri:
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
İV. Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikasının Konstitusiyası
M a d d ə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı
- İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. - İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. - İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. - İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
M a d d ə 1 2 5 . Məhkəmə hakimiyyətinin həyata keçirilməsi
- Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
Maddə 1 2 7 . Hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri
- İ. Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. - İİ. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. - İV. Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. - Vİİ. Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. - Vİİİ. Məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə hüququ təmin olunur.
9. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
- 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. - 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. - 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. - 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.
V. Sübutların tədqiqi:
10. İddiaçı (icraçı) ilə Cavabdeh (sifarişçi) arasında bağlanmış dekabr 2021-ci il tarixli NBA-001 nömrəli xidmət müqaviləsinin 1.1-ci bəndinə əsasən, icraçı onlayn kassa qeydiyyatı, quraşdırılması, uçotdan çıxarılması, proqram kassa sisteminə vaxtı-vaxtında texniki xidmət göstərilməsi, onlayn kassa təmiri və əvvəlki onlayn kassa yenidən istismara verildiyi ana qədər müvəqqəti onlayn kassa istifadə üçün təqdim olunması xidmətlərini göstərməyi, sifarişçi isə icraçı tərəfindən göstərilən xidmətlərin haqqını ödəməyi və onlayn kassa istifadəsini icraçının və Vergilər Nazirliyinin tələb etdiyi qaydada həyata keçirməyi öhdəsinə götürür.
11. Texniki xidmət müqaviləsi üçün 1 nömrəli qiymət razılaşdırılması protokolu (Əlavə № 1) ilə kassa qeydiyyatı+Token (1 ədəd) ƏDV daxil olmaqla qiymət 70.80 manat müəyyənləşdirilmişdir.
12. Texniki xidmət müqaviləsi üçün 2 nömrəli qiymət razılaşdırılması protokolu (Əlavə № 2) ilə NKA göstərilən aylıq servis xidmətinə görə ödəniş ƏDV daxil olmaqla 9.44 manat müəyyən edilmişdir.
13. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından göründüyü kimi cavabdehin obyektində V1E0603768 seriya nömrəli Verifone X990 markalı smart-kassa quraşdırılmış, istifadə qaydaları izah olunmuş, müştəriyə təhvil verilmişdir.
14. 05.05.2023-cü il tarixli, EBDE seriyalı 956977 nömrəli (70.80 manat) elektron qaimə fakturadan göründüyü kimi kassa qeydiyyatı+Tokenin verilməsi, xx.xx.2022-ci il tarixli EBBU seriyalı 080426 nömrəli (mart, 9.44 manat), xx.xx.2022-ci il tarixli EBBW seriyalı 044784 nömrəli (aprel, 9.44 manat), xx.xx.2022-ci il tarixli EBBX seriyalı 772389 nömrəli (may, 9.44 manat), xx.xx.2022-ci il tarixli EBBZ seriyalı 673619 nömrəli (iyun, 9.44 manat), xx.xx.2022-ci il tarixli EBCB seriyalı 141433 nömrəli (iyul, 9.44 manat), xx.xx.2022-ci il tarixli EBCD seriyalı 265994 nömrəli (avqust, 9.44 manat), xx.xx.2022-ci il tarixli EBCG seriyalı 807944 nömrəli (sentyabr, 9.44 manat), xx.xx.2022-ci il tarixli EBCİ seriyalı 917414 nömrəli (oktyabr, 9.44 manat), xx.xx.2022-ci il tarixli EBCK seriyalı 497589 nömrəli (noyabr, 9.44 manat), xx.xx.2023-cü il tarixli EBCM seriyalı 997031 nömrəli (dekabr, 9.44 manat), xx.xx.2023-cü il tarixli EBCP seriyalı 011782 nömrəli (yanvar, 9.44 manat), xx.xx.2023-cü il tarixli EBDA seriyalı 926830 nömrəli (fevral, 9.44 manat), xx.xx.2023-cü il tarixli EBDD seriyalı 489733 nömrəli (mart, 2.74 manat) elektron qaimə fakturalardan göründüyü kimi NKA üzrə xidmətlər göstərilməsi, xx.xx.2023-cü il tarixli EBDC seriyalı 290205 nömrəli (35.40 manat) elektron qaimə fakturadan göründüyü kimi kassanın qeydiyyatdan çıxarılması üzrə İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə malların verilməsi və xidmətlərin göstərilməsi ilə bağlı ümumilikdə yaranmış 222.22 manat borcla bağlı elektron qaimə göndərilmişdir.
15. xx.xx.2023-cü il tarixli qaytarılma aktından göründüyü kimi V1E0603768 seriya nömrəli X990 model smart-kassa geri qaytarılmışdır. Həmin akta əsasən müştəri hər bir kassa aparatının ləğvi üçün müraciət etdikdə ləğv prosesi müştəri tokeni İcraçıya təhvil verdikdən və İcraçının bank hesabına 35.40 manat ödəniş etdikdən sonra rəsmiləşdirilir.
Vİ. Məhkəmənin mövqeyi:
16. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
17. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
18. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıdakı göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İlkin olaraq məhkəmə qeyd edir ki, tərəflər arasında işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə bağılı podrat müqaviləsindən əmələ gələn mübahisə mövcuddur.
19. İşin müəyyən olunmuş halları və iş materialları ilə təsdiqini tapmış mübahisələndirilməyən halları iddiaçı və cavabdeh arasında dekabr 2021-ci il tarixdə NBA-001 nömrəli xidmət müqaviləsinin bağlanmasından, həmin müqaviləyə 1 və 2 nömrəli əlavələr imzalanaraq kassa qeydiyyatı+Tokenin (70.80 manat) və NKA göstərilən aylıq servis xidmətinin (9.40) qiymətlərinin razılaşdırılmasından ibarətdir.
20. İşin mübahisələndirilən halına isə həmin müqavilə əsasında cavabdehin iddiaçıya borcunun qalıb-qalmaması halı aiddir. Ona görə də məhkəmə əldə etdiyi əlaqəli sübutlara əsasən qeyd edilən mübahisəli hala aydınlıq gətirmişdir.
21. İş materiallarına əlavə edilmiş qiymətlərin razılaşdırılması protokollarından göründüyü kimi kassa qeydiyyatı+Tokenin (1 ədəd) dəyəri 70.80 manat və NKA göstərilən aylıq servis xidmətinə görə ödəniş isə 9.40 manat müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixdə cavabdehin obyektində V1E0603768 seriya nömrəli X990 model smart-kassa quraşdırılaraq təhvil verilmiş (təhvil-təslim aktına əsasən), NKA göstərilən aylıq servis xidmətinə görə xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək cəmi 116.02 manat borc hesablanmış (elektron qaimə fakturalara əsasən), xx.xx.2023-cü il tarixdə V1E0603768 seriya nömrəli X990 model smart-kassa iddiaçıya geri qaytarılmışdır (qaytarılma aktına əsasən). İş materiallarından göründüyü kimi cavabdehin iddiaçıya kassa qeydiyyatı+Tokenin quraşdırılması, aylıq servis xidmətlərinin göstərilməsi və kassa aparatın geri qaytarılması zamanı ləğv prosesinin həyata keçirilməsi ilə bağlı ümumilikdə 222.22 manat borcunun yaranmış olduğu müəyyənləşdirilir. İddiaçı cavahdehin həmin borc məbləğinin 101 manat hissəsini ödədiyini və hazırkı vaxta cavabdehin 121.22 manat borcunun qaldığını bildirmiş və həmin borcun cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir.
22. Məhkəməyə təqdim edilən elektron qaimələr sadəcə özlüyündə malın verilməsini və xidmətlərin göstərilməsini birbaşa təsdiq etməsə də, təhvil-təslim aktı, qaytarılma aktı və müqavilənin şərtləri birlikdə təhlil edildikdə tərəflər arasında müqavilə əsasında nəzərdə tutlmuş münasibətlərin yarandığı, müvafiq malın verildiyi və xidmətlərin göstərildiyi müəyyən edilir. Cavabdeh tərəf qeyd edilən halların əksini təsdiq edən sübutlarını və ya iddia tələbinə etiraz və ya mülahizəsini təqdim etməmişdir.
23. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Qərarında qeyd edilir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.
24. Belə ki, göründüyü kimi cavabdehin qeyd edilən müqavilə üzrə cəmi 121.22 manat məbləğində ödənilməmiş əsas borcunun qaldığı müəyyən edilir.
25. Həmçinin, iş üzrə cavabdeh tərəfindən qeyd edilən borc məbləği ilə razılaşmaması və ya artıq ödəniş etməsi, həmin borcun əsassızlığı ilə bağlı məhkəməyə vəsatət və ya müraciət ünvanlanmamış, məhkəmə tərəfindən iddiaçının tələbində olan məbləğlərin uyğunsuz və əsassızlığı ilə bağlı hallar müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə təqdim edilən sübutlar əsasında işə baxılaraq yekunlaşdırılması qərarına gəlmişdir.
26. Yekun olaraq Cavabdeh MMC-dən 121.22 manat əsas borc tutularaq İddiaçı MMCyə ödənilməlidir.
27. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri).
Vİİ. Məhkəmə məsrəfləri:
28. Məhkəmə qeyd edir ki, AR Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsi üçün ödənilməli olan 30 manat dövlət rüsumu iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir. İddia təmin edildiyindən 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Vİİİ Nəticə:
29. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 121.22 manat əsas borc və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Mübariz Hüseynov