Məhkəmə qərarları › İş №e-2-2(117)-1920/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1920/2025

28.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1920/2025 28.01.2026 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Cavabdeh qarşı “cavabdehdən 314.07 manat borcun və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra mətndə-iddiaçı) Cavabdeh (bundan sonra mətndəcavabdeh) qarşı iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, “cavabdehdən 314.07 manat borcun və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı rəsmi dövlət qeydiyyatına alınmış e-kassa operatorlarından biridir. İddiaçı vergi ödəyicilərinə elektron kassaların (hazırda istifadədə olan bütün kassalar “e-kassa” hesab olunur) satışını, proqram təminatının quraşdırılmasını, e-kassa aparatının funksionallığının təmin edilməsi üçün “token”-lərin (nəzarət mexanizm qurğusu) quraşdırılması, kassa aparatının zəruri qaydada işləməsi üçün texniki xidməti həyata keçirir. “Token” iddiaçının mülkiyyətidir və vergi ödəyicisi kassanın fəaliyyətini dayandırmaq və kassa aparatını qeydiyyatdan çıxarmaq istədikdə iddiaçının ünvanına yaxınlaşaraq bu işin icrasını iddiaçı vasitəsi ilə həyata keçirir və tokeni iddiaçıya qaytarır. Məhz bundan sonra kassa qeydiyyatdan çıxmış hesab olunur və iddiaçının xidməti dayanır. İddiaçı ilə cavabdeh arasında NBA-HPA-001 saylı 16 dekabr 2020-ci il tarixli müqavilə imzalanmışdır. Həmin tarixdə müqaviləyə uyğun olaraq iddiaçı tərəfindən cavabdehə müvafiq mallar satılmış, xidmətlər göstərilmişdir. İddiaçı tərəfindən göstərilən xidmətlərə müvafiq olaraq cavabdehin iddiaçıya ümumilikdə 1080.05 manat borcu mövcud olmuşdur. Cavahdeh həmin borc məbləğinin 765.98 manat hissəsini ödəmiş, lakin iddiaçı tərəfindən dəfələrlə edilən müraciətlərə baxmayaraq qalan məbləği ödəməkdən imtina etmişdir. Odur ki, cavabdehin hazırkı tarixədək iddiaçıya ümumilikdə 314.07 manat borcu qalmışdır. Məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 442-ci, 443-cü, 448-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddələri göstərilmişdir.

4. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(117)-1920/2025 nömrəli qərardadı ilə iddia ərizəsi icraata qəbul edilmişdir.

II. Tərəflərin mövqeləri:

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 284-5.1-ci maddəsinə əsasən məhkəmə bildirişi və sənədləri rəsmi qaydada poçt vasitəsilə xx.xx.2025-ci il tarixdə cavabdehin ünvanı üzrə çatdırılmasına baxmayaraq, cavabdeh iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişdir.

6. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır.

İİİ. Məhkəmə baxışının hədləri:

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

İV. Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikasının Konstitusiyası

M a d d ə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı

- İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. - İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. - İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. - İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

M a d d ə 1 2 5 . Məhkəmə hakimiyyətinin həyata keçirilməsi

- Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

Maddə 1 2 7 . Hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri

- İ. Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. - İİ. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. - İV. Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. - Vİİ. Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. - Vİİİ. Məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə hüququ təmin olunur.

9. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

- 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. - 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. - 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. - 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.

V. Sübutların tədqiqi:

10. İddiaçı (icraçı) ilə Cavabdeh (sifarişçi) arasında bağlanmış 16 dekabr 2020-ci il tarixli NBA-HPA-001 nömrəli xidmət müqaviləsinin 1.1-ci bəndinə əsasən, icraçı onlayn kassa qeydiyyatı, quraşdırılması, uçotdan çıxarılması, proqram kassa sisteminə vaxtıvaxtında texniki xidmət göstərilməsi, onlayn kassa təmiri və əvvəlki onlayn kassa yenidən istismara verildiyi ana qədər müvəqqəti onlayn kassa istifadə üçün təqdim olunması xidmətlərini göstərməyi, sifarişçi isə icraçı tərəfindən göstərilən xidmətlərin haqqını ödəməyi və onlayn kassa istifadəsini icraçının və Vergilər Nazirliyinin tələb etdiyi qaydada həyata keçirməyi öhdəsinə götürür.

11. Texniki xidmət müqaviləsi üçün 1 nömrəli qiymət razılaşdırılması protokolu (Əlavə № 1) ilə Fiscal Box+Token (1 ədəd) ƏDV daxil olmaqla qiymət 330.40 manat müəyyənləşdirilmişdir.

12. Texniki xidmət müqaviləsi üçün 2 nömrəli qiymət razılaşdırılması protokolu (Əlavə № 2) ilə NKA göstərilən aylıq servis xidmətinə görə ödəniş ƏDV daxil olmaqla 23.60 manat müəyyən edilmişdir.

13. xx.xx.2020-ci il tarixli təhvil-təslim aktından göründüyü kimi iddiaçı tərəfindən cavabdehə **********62 seriyalı NBA FiscalBox markalı kassa təhvil verilmişdir.

14. 17.12.2020-ci il tarixli (330.40 manat) elektron qaimə fakturadan göründüyü kimi Fiscal Box+Tokennin verilməsi, xx.xx.2021-ci (dekabr, 6.25 manat), xx.xx.2021-ci (yanvar, 23.60 manat), xx.xx.2021-ci (fevral, 23.60 manat), xx.xx.2021-ci (mart, 23.60 manat), xx.xx.2021-ci (aprel, 23.60 manat), xx.xx.2021-ci (may, 23.60 manat), xx.xx.2021-ci (iyun, 23.60 manat), xx.xx.2021-ci (iyul, 23.60 manat), xx.xx.2021-ci (avqust, 23.60 manat), xx.xx.2021-ci (sentyabr, 23.60 manat), xx.xx.2021-ci (oktyabr, 23.60 manat), xx.xx.2021-ci (noyabr, 23.60 manat), xx.xx.2022-ci (dekabr, 23.60 manat), xx.xx.2022-ci (yanvar, 23.60 manat), xx.xx.2022-ci (fevral, 23.60 manat), xx.xx.2022-ci (mart, 23.60 manat), xx.xx.2022-ci (aprel, 23.60 manat), xx.xx.2022-ci (may, 23.60 manat), xx.xx.2022-ci (iyun, 23.60 manat), xx.xx.2022-ci (iyul, 23.60 manat), xx.xx.2022-ci (avqust, 23.60 manat), xx.xx.2022-ci (sentyabr, 23.60 manat), xx.xx.2022-ci (oktyabr, 23.60 manat), xx.xx.2022-ci (noyabr, 23.60 manat), xx.xx.2023-cü (dekabr, 23.60 manat), xx.xx.2023-cü (yanvar, 23.60 manat), xx.xx.2023-cü (fevral, 23.60 manat), xx.xx.2023-cü (mart, 23.60), xx.xx.2023-cü (aprel, 23.60 manat), xx.xx.2023-cü (iyun, 23.60 manat), xx.xx.2023-cü il tarixli (may, 23.60 manat) elektron qaimə fakturalardan göründüyü kimi NKA üzrə xidmətlər göstərilməsi, xx.xx.2023-cü il tarixli (35.40 manat) elektron qaimə fakturadan göründüyü kimi kassanın qeydiyyatdan çıxarılması üzrə İddiaçı MMC tərəfindən Cavabdeh malların verilməsi və xidmətlərin göstərilməsi ilə bağlı ümumilikdə yaranmış 1080.05 manat borcla bağlı elektron qaimə göndərilmişdir.

15. xx.xx.2023-cü il tarixli qaytarılma aktından göründüyü kimi **********62 seriyalı NBA FiscalBox markalı kassa geri qaytarılmışdır. Həmin akta əsasən müştəri hər bir kassa aparatının ləğvi üçün müraciət etdikdə ləğv prosesi müştəri tokeni İcraçıya təhvil verdikdən və İcraçının bank hesabına 35.40 manat ödəniş etdikdən sonra rəsmiləşdirilir.

Vİ. Məhkəmənin mövqeyi:

16. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

17. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

18. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıdakı göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İlkin olaraq məhkəmə qeyd edir ki, tərəflər arasında işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə bağılı podrat müqaviləsindən əmələ gələn mübahisə mövcuddur.

19. İşin müəyyən olunmuş halları və iş materialları ilə təsdiqini tapmış mübahisələndirilməyən halları iddiaçı və cavabdeh arasında 16 dekabr 2020-ci il tarixdə NBA-HPA-001 nömrəli xidmət müqaviləsinin bağlanmasından, həmin müqaviləyə 1 və 2 nömrəli əlavələr imzalanaraq Fiscal Box+Tokenin (300.40 manat) və NKA göstərilən aylıq servis xidmətinin (23.60) qiymətlərinin razılaşdırılmasından ibarətdir.

20. İşin mübahisələndirilən halına isə həmin müqavilə əsasında cavabdehin iddiaçıya borcunun qalıb-qalmaması halı aiddir. Ona görə də məhkəmə əldə etdiyi əlaqəli sübutlara əsasən qeyd edilən mübahisəli hala aydınlıq gətirmişdir.

21. İş materiallarına əlavə edilmiş qiymətlərin razılaşdırılması protokollarından göründüyü kimi Fiscal Box +Tokenin (1 ədəd) dəyəri 300.40 manat və NKA göstərilən aylıq servis xidmətinə görə ödəniş isə 23.60 manat müəyyən edilmişdir. xx.xx.2020-ci il tarixdə cavabdehin obyektində Fiscal Box +Token quraşdırılaraq təhvil verilmiş (təhvil-təslim aktına əsasən), NKA göstərilən aylıq servis xidmətinə görə xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək cəmi 714.25 manat borc hesablanmış (elektron qaimə fakturalara əsasən), xx.xx.2023-cü il tarixdə **********62 seriyalı NBA FiscalBox markalı kassa iddiaçıya geri qaytarılmışdır (qaytarılma aktına əsasən). İş materiallarından göründüyü kimi cavabdehin iddiaçıya Fiscal Box+tokenin quraşdırılması, aylıq servis xidmətlərinin göstərilməsi və kassa aparatın geri qaytarılması zamanı ləğv prosesinin həyata keçirilməsi ilə bağlı ümumilikdə 1080.05 manat borcunun yaranmış olduğu müəyyənləşdirilir. İddiaçı cavahdehin həmin borc məbləğinin 765.98 manat hissəsini ödədiyini və hazırkı vaxta cavabdehin 314.07 manat borcunun qaldığını bildirmiş və həmin borcun cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir.

22. Məhkəməyə təqdim edilən elektron qaimələr sadəcə özlüyündə malın verilməsini və xidmətlərin göstərilməsini birbaşa təsdiq etməsə də, təhvil-təslim aktı, qaytarılma aktı və müqavilənin şərtləri birlikdə təhlil edildikdə tərəflər arasında müqavilə əsasında nəzərdə tutlmuş münasibətlərin yarandığı, müvafiq malın verildiyi və xidmətlərin göstərildiyi müəyyən edilir. Cavabdeh tərəf qeyd edilən halların əksini təsdiq edən sübutlarını və ya iddia tələbinə etiraz və ya mülahizəsini təqdim etməmişdir.

23. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Qərarında qeyd edilir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.

24. Belə ki, göründüyü kimi cavabdehin qeyd edilən müqavilə üzrə cəmi 314.07 manat məbləğində ödənilməmiş əsas borcunun qaldığı müəyyən edilir.

25. Həmçinin, iş üzrə cavabdeh tərəfindən qeyd edilən borc məbləği ilə razılaşmaması və ya artıq ödəniş etməsi, həmin borcun əsassızlığı ilə bağlı məhkəməyə vəsatət və ya müraciət ünvanlanmamış, məhkəmə tərəfindən iddiaçının tələbində olan məbləğlərin uyğunsuz və əsassızlığı ilə bağlı hallar müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə təqdim edilən sübutlar əsasında işə baxılaraq yekunlaşdırılması qərarına gəlmişdir.

26. Yekun olaraq Cavabdeh 314.07 manat əsas borc tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

27. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri).

Vİİ. Məhkəmə məsrəfləri:

28. Məhkəmə qeyd edir ki, AR Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsi üçün ödənilməli olan 30 manat dövlət rüsumu iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir. İddia təmin edildiyindən 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Vİİİ Nəticə:

29. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 314.07 manat əsas borc və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar