Məhkəmə qərarları › İş №e-2-2(117)-2/2022

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-2/2022

08.06.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-2/2022 08.06.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, iddiaçı "xxxx" MMC-nin vəkili Vəkil, cavabdeh X2 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh X3 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Şəki şəhər İcra Hakimiyyəti) qarşı “Şəki şəhər İHB-nin xx.xx.1997-ci il tarixli 97 nömrəli sərəncamına əsasən cəmiyyətin uzunmüddətli istifadəsinə verilmiş 0,96 ha torpaq sahəsində aparılan qanunsuz tikinti işlərinin dayandırılması, tikintinin cavabdehin öz vəsaiti hesabına sökülərək götürülməsi, torpaqdan səmərəli istifadə etmək imkanını məhdudlaşdırdığına görə 10000 manat maddi və 5000 manat mənəvi zərərin və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Şəki şəhər İHB-nin xx.xx.1997-ci il tarixli 97 nömrəli sərəncamına əsasən 0,96 ha torpaq sahəsi sahibkarlıq məqsədilə "xxxx" MMC-nin uzunmüddətli icarəsinə verilmiş, sonuncunun istifadə hüquqları xx.xx.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatından çıxarış və A seriyalı 201307 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi hazırlanmışdır. Eyni zamanda Şəki şəhəri İHB-nin xx.xx.2014-cü il tarixli 1/27 nömrəli sərəncamı ilə ünvan 1 küçəsinin qərbində, "xxxx" MMC-nin qarşısında yerləşən 26,85 kv.m torpaq sahəsi 20 il müddətinə sahibkarlıq məqsədilə X2 istifadəsinə verilmiş, həmin torpaq sahəsində sahiblarlıq fəaliyyəti ilə məşğul olması üçün qeyri-yaşayış obyektinin tikintisinin layihələndirilməsinə icazə verilmiş və tərəflər arasında xx.xx.2014-cü il tarixdə torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə imzalanmışdır. "xxxx" MMC icarəsinə verilmiş torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz tikinti işlərinin aparılmasını əsas gətirərək hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şəki şəhər İHB-nin xx.xx.1997-ci il tarixli 97 nömrəli sərəncamına əsasən 0.96 ha torpaq sahəsi sahibkarlıq məqsədilə uzunmüddətli istifadəyə verilmiş və hüququları Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qeydiyyata alınmışdır. Həmin torpaq sahəsində uzun illərdir cavabdeh tərəfindən qanunsuz tikinti işləri aparılır. Dəfələrlə onlar tərəfindən müvafiq qurumlara, o cümlədən, Şəki şəhər İcra Hakimiyyətinə müraciət olunaraq X1in qanunsuz tikinti işləri aparılması bildirilmiş və köməklik göstərilməsi xahiş olunmuşdur. Müraciətlərdən sonra müvəqqəti olaraq tikinti işləri dayandırıılsa da, V.Beydullayev hazırda yenidən MMC-nin qanuni istifadəsində olan ərazidə qanunsuz olaraq tikinti işlərini davam etdirir. Cavabdeh qanunsuztikinti işləri apardığı üçün dəfələrlə barəsində inzibati tənbeh tədbirləri tətbiq edilmişdir. Eyni zamanda sözügedən ərazi 110 kv-luq elektrik hava xətlərinin mühafizə zonasında yerləşir. Dövlət Şəhərsalma və Arxitextura Komitəsi Fövqəladə Hallar Nazirliyi Tikintidə X6 Agentliyinə ünvanladığı xx.xx.2014-cü il tarixli məktubunda Vüqar Pirməmmədovun elektrik və magistral qaz xətlərinin mühafizə zolağında tikinti işləri apardığını bildirərək müvafiq tədbirlər görülməsini xahiş etmişdir. MMC-nin müraciətinə Şəki şəhər İHB Aparatının xx.xx.2015-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, X1in 108 m sahədə özbaşına tikinti işləri apardığı müəyyən olunmuş, müvafiq akt tərtib olunaraq tikilinin sökülüb götürülməsi məqsədəmüvafiq bilinmişdir. Eyni zamanda Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının iştirakı ilə də əraziyə baxış keçirilmiş və həmin torpaq sahəsi 110 kv-luq yüksək gərginlikli elektrik xətlərinin mühafizə zonasında yerləşdiyindən tikinti işlərinin aparılmasının qeyri mümkün olduğu qeyd edilmişdir. Fövqəladə Hallar Nazirliyi Tikintidə X6 Agentliyi mübahisəli əraziyə baxış keçirərək tikinti işlərinin dayandırılması barədə xx.xx.2020-ci il tarixli 0597 saylı qərar qəbul etmişdir. X8 bu qərarın tələbinə əməl etməmiş və tikinti işlərini dayandırmamışdır. Nəhayət xx.xx.2021ci il tarixdə Şəki Şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin Baş memarı, Şimal-Qərb Regional Tikinti MüfəHişliyininin baş məsləhətçisi və Şəki Şəhər Rayon Polis Şöbəsinin 5 nömrəli inzibati ərazisinin sahə rəisinin iştirakı ilə yenidən əraziyə baxış keçirilərək tikinti işlərini dayandırmayacağı halda qanunamüvafiq tədbirlər görüləcəyi izah edilmiş və müvafiq akt tərtib olunmuşdur. Qeyd olunanlardan aşkar görünür ki, cavabdeh qanunvericliyin tələblərini kobud surətdə pozur, tətbiq edilən cəzalardan nəticə çıxarmır, əksinə öz qanunsuz əməllərini davam etdirməklə digər şəxslərin qanunla qorunan mənafelərinə mühüm zərər vurur. Belə ki, MMC mövcud problemlərə görə öz sahibkarlıq fəaliyyətini sərbəst şəkildə həyata keçirə bilmir. Bu isə həm MMC-yə, həm də dövlət büdcəsinin mənfəətinə mane olur. Ona görə də MMC-nin pozulan hüquqlarının bərpa edilməsi və eyni zamanda cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması barədə müvafiq qərar qəbul edilməsi zəruridir. İddiaçının vəkili məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, ona ayrılan torpaq sahəsi ona məxsusdur, iddiaçı heç bir aidiyyatı yoxdur. Onun tikilisi iddiaçının icarəsinə verilmiş torpaq sahəsində yerləşmir. Ekspert onun iştirakı olmadan araşdırma aparıb, gəlib onun obyektinin şəklini çəkib və gedib. Ekspert düzgün rəy verməyib, onun yeri orda deyil. Şəhər rəhbərliyi tərəfindən ona şifahi və yazılı xəbərdarlıqlar olunması isə doğru deyildir. İşin məhkəmə araşdırması zamanı Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş mütəxəssis rəyi, habelə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 10/197 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, X4 tərəfindən Şəki şəhəri Salman Mümtaz küçəsinin qərbində yerləşən torpaq sahəsində inşa edilən tikili Şəki şəhər İHB-nin xx.xx.1997-ci il tarixli 97 nömrəli sərəncamına əsasən "xxxx" MMC-nin uzunmüddətli istifadəsinə verilmiş, RX seriyalı ******* nömrəli hüquqlarının Dövlət qeydiyyatından çıxarışda və A seriyalı ******** nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan 0,96 ha torpaq sahəsində yerləşir və üst-üstə düşür. Mübahisə predmeti olan ərazidə tikinti işləri getmir, faktiki olaraq qapı-pəncərə sexi kimi istifadə edilir. Şəki şəhər İHB Aparatının xx.xx.2021-ci il tarixli 2/274 nörməli məktubu ilə müəyyən edilir ki, Şəki şəhər İH tərəfindən V.Beydullayevə icazəsiz apardığı tikinti işlərini dayandırması tövsiyə olunmuş, aşkar olunmuş pozuntular barədə tədbir görülməsi üçün Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhslükəsizliyə Nəzarət Dövlət Agentiliyinə müraciət olunmuşdur. Həmçinin icazəsiz apardığı tikinti işlərini dayandırması barədə dəfələrlə xəbərdarlıq edilməsinə, qanunamüvafiq qaydada iki dəfə inzibati məsuliyyətə cəlb olunaraq cərimə edilməsinə baxmayaraq tikinti işlərini davam etdirdiyindən onun haqqında daha ciddi tədbirlərin görülməsi üçün Şəki şəhər rayon Polis şöbəsinə müraciət edilmişdir. Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhslükəsizliyə Nəzarət Dövlət Agentiliyinin xx.xx.2020-ci il tarixli 0597 nömrəli qərarı ilə V.Beydullayev tərəfindən 0,10 m hündürlük səviyyəsində mişarlanmış əhəng daşı ilə hörgü işlərinin aparılması, tikintiyə icazəsinin olmaması müəyyən edilərək tikinti işlərinin dayandırılması qərara alınmışdır. Şəki şəhər İcra Hakimiyyətinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Şəki şəhər İH-nin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Şəki şəhər İHB-nin sərəncamları, Rəylər, Sxemlər, İcarə müqaviləsi, Çıxarış, Torpaq sahəsinin planı və ölçüsü, Mütəxəssis və ekspert rəyləri və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə iddia tələbinin tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Göründüyü kimi, iddiaçı mübahisə predmeti olan torpaq sahəsinin mülkiyyətçi olmasa da qanuni əsaslarla, yəni icarə əsasında mübahisə predmeti olan torpaq sahəsinə sahiblik edir və onun mülkiyyətçi olmasa da sahibliyində olan torpaq sahəsində başqası tərəfindən qanunsuz olaraq tikilmiş tikilinin sökülməsini tələb edir və bununla da hazırki iddianı irəli sürmək üçün subyektiv hüququ vardır. İddianın hüquqi əsasına gəldikdə isə işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəki şəhər İHB-nin xx.xx.1997-ci il tarixli 97 nömrəli sərəncamına əsasən 0,96 ha torpaq sahəsi sahibkarlıq məqsədilə "xxxx" MMC-nin uzunmüddətli icarəsinə verilmiş, sonuncunun istifadə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədi hazırlanmışdır. Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş mütəxəssis rəyi, habelə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 10/197 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, X4 tərəfindən Şəki şəhəri Salman Mümtaz küçəsinin qərbində yerləşən torpaq sahəsində inşa edilən tikili Şəki şəhər İHB-nin xx.xx.1997-ci il tarixli 97 nömrəli sərəncamına əsasən "xxxx" MMC-nin uzunmüddətli istifadəsinə verilmiş, RX seriyalı ******* nömrəli hüquqlarının Dövlət qeydiyyatından çıxarışda və A seriyalı ******** nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan 0,96 ha torpaq sahəsində yerləşir və üst-üstə düşür. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən tikilmiş tikili iddiaçının qanuni istifadəsinə verilmiş torpaq sahəsində yerləşdiyindən, bununla da iddiaçının qanunla müəyyən edilmiş istifadə hüquqları pozulduğundan məhkəmə hesab edir ki, cavabdeh tərəfindən tikilmiş mübahisə predmeti olan tikili cavabdehin öz vəsaiti hesabına sökülməlidir. Eyni zamanda məhkəmə cavabdehin məhkəmə iclasında verdiyi izahatına münasibətdə də qeyd edir ki, Şəki şəhəri İHB-nin xx.xx.2014-cü il tarixli 1/27 nömrəli sərəncamı ilə ona 20 il müddətinə verilmiş 26,85 kv.m torpaq sahəsi məhz ünvan 1 küçəsinin qərbində, "xxxx" MMC-nin qarşısında yerləşir. Hazırki vəziyyətdə cavabdehin icarə hüquqları daşınmaz əmlakın dövlət reystrində qeydiyyata alınmadığından onun icarəsinə verilmiş torpaq sahəsinin koordinatlarını müəyyən etmək mümkün deyildir. Lakin məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən tikilmiş tikilinin özünün icarəsinə verilmiş torpaq sahəsində deyil, iddiaçının qanuni istifadəsinə verilmiş torpaq sahəsində yerləşməsi öz təsdiqini tapmışdır. Bundan başqa cavabdeh məhkəmə iclasında qanunsuz tikilinin sökülməsi ilə bağlı ona xəbərdarlıq edilmədiyini bildirsə də, iş materiallarından görünür ki, Şəki şəhər İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən cavabdeh tərəfindən tikilmiş tikilinin özbaşına olması ilə bağlı ilə bağlı məktublar göndərilmiş, ayrı-ayrı vaxtlarda tikilinin dayandırılması ilə bağlı aktlar tərtib edilmiş və Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhslükəsizliyə Nəzarət Dövlət Agentiliyi tərəfindən qanunsuz tikinti işlərinin dayandırılması barədə qərar qəbul edilmişdir. Məhkəmə iddia tələbinin tikilinin dayandırılması ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Belə ki, işin məhkəmə araşdırması zamanı Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 10/197 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, mübahisə predmeti olan ərazidə tikinti işləri getmir, faktiki olaraq qapı-pəncərə sexi kimi istifadə edilir. Göründüyü kimi, məhkəmə araşdırması zamanı ərazidə hazırda tikinti işlərinin davam etdirilməsi, habelə tikinti işləri aparılması öz təsdiqini tapmamışdır. Bu səbəbdən mövcud olmayan tikinti işi dayandırıla bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qiymət verilən hissədə rədd edilməlidir. Bundan əlavə məhkəmə iddia tələbinin torpaqdan səmərəli istifadə etmək imkanını məhdudlaşdırdığına görə 10000 manat maddi zərərin ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə də rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsaən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Hazırki iş üzrə iddiaçı torpaqdan səmərəli istifadə etmək imkanını məhdudlaşdırdığına görə 10000 manat maddi zərərin ödənilməsini tələb etsə də, iddiasının hüquqi əsasını təşkil edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, cavabdehin mübahisə predmeti olan torpaq sahəsindən səmərəli istifadə etmək imkanının hansı vaxtdan məhdudlaşdırılması, torpaq sahəsindən səmərəli istifadə etməklə nə qədər gəlir əldə edəcəyi, həmçinin bunun nəticəsində iddiaçıya məhz 10000 manat dəyərində maddi zərərin dəyməsinə dair hər hansı sübut təqdim edilmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi qiymət verilən hissədə rədd edilməlidir. 5000 manat mənəvi zərərin ödənilməsinə münasibətdə məhkəmə qeyd edi ki, iş üzrə iddiaçı hüquqi şəxsdir. Hüquqi şəxsə münasibətdə isə mənəvi zərərin vurulmasında söhbət gedə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. 23.6-cı maddəsinə əsasən, bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Göründüyü kimi şərəf və ləyaqət fiziki şəxsin şəxsiyyətinin ayrılmaz hissəsi kimi qəbul edilir və onları ləkələyən məlumatların yayılması fiziki şəxsə mənəvi sarsıntı və iztirab verə bilər ki, hüquqi şəxs yalnız işgüzar nüfuzunun müdadfisəinə dair iddia irəli sürə bilər. Hazırki iş üzrə iddaçı hüquqi şəxs mənəvi zərərin tutulmasını tələb edir ki, buna da qanunla yol verilmir. Bu səbəbdən də iddia qiymət verilən hissədə də əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı ödədiyi dövlət rüsumunu tələb etdiyindən və iddia qismən təmin edildiyindən 30 manat dövlət rüsumu cavabdeh X1 tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 116.2-ci maddəsinə əsasən, məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir. 117.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəmənin təşəbbüsü ilə aparılmış məhkəmə ekspertizası üzrə 50 manat ekspertiza xərcinin 25 manat hissəsi iddiaçı "xxxx" MMC-dən, 25 manat hissəsi isə cavabdeh X1 tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Şəki şəhər İHB-nin xx.xx.1997-ci il tarixli 97 nömrəli sərəncamına əsasən "xxxx" MMC-nin uzunmüddətli istifadəsinə verilmiş 0,96 ha torpaq sahəsində cavabdeh X4 tərəfindən inşa edilmiş tikili cavabdehin öz vəsaiti hesabına sökülsün. İddia qalan hissələrdə rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh X1 tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İş üzrə təyin edilmiş məhkəmə ekspertizası üzrə 50 manat ekspertiza xərcinin 25 manat hissəsi iddiaçı "xxxx" MMC-dən, 25 manat hissəsi cavabdeh X1 tutularaq dövlət büdcəsinə (keçiriləcək hesab: Büdcə təsnifatının kodu:142319, Büdcə səviyyəsinin kodu:3, SAP (XİİS) hesabı-X5, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE********************) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar