Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-27/2025 15.07.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh-nin Azərbaycan Respublikasındakı Filialına qarşı “cavabdehin Azərbaycan Respublikasının Daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən verilmiş MH seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla İddiaçı MMC-nin mülkiyyətində olan Ağdaş rayonu, Güvəkənd kəndində yerləşən 7.0 ha torpaq sahəsindən öz hesabına özünə aid əşyaları, o cümlədən texnikaları, tikinti-inşaat materialları və digər əşyaları ilə birlikdə çıxarılması” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra mətndə iddiaçı) Cavabdeh-nin Azərbaycan Respublikasındakı Filialına (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehin İddiaçı MMC-nin mülkiyyətində olan (AR Daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən verilmiş MH seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən) Ağdaş rayonu, Güvəkənd kəndində yerləşən 7.0 ha torpaq sahəsindən özünə aid əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bundan sonra iddiaçı tələbinin dəqiqləşdirilməsi (artırılması) barədə ərizə təqdim edərək, cavabdehin İddiaçı MMC-nin mülkiyyətində olan (AR Daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən verilmiş MH seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən) Ağdaş rayonu, Güvəkənd kəndində yerləşən 7.0 ha torpaq sahəsindən öz hesabına özünə aid əşyaları, o cümlədən texnikaları, tikinti-inşaat materialları və digər əşyaları ilə birlikdə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh uzun müddətdir ki, İddiaçı MMC-nin mülkiyyətində olan Ağdaş rayonu, Güvəkənd kəndində yerləşən 7.0 ha torpaq sahəsindən qanunsuz istifadə edir və tələblərinə baxmayaraq torpaq sahəsini tərk etmir. Dəfələrlə cavabdehə pretenziya məktubu yazmışlar və hətta mediasiyaya da dəvət etmişlər. Lakin heç bir nəticəsi olmamışdır. Cavabdehlə aralarında hər hansı mülki hüquq münasibətini təsbit edəcək kirayə və ya icarə müqaviləsi bağlanmamışdır. Məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
4. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 152.1-ci, 157.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci, 39.1-ci və 149-150-ci maddələri göstərilmişdir.
5. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(117)-1327/2024 nömrəli qərardadı ilə iddia ərizəsi icraata qəbul edilmişdir.
6. Cavabdeh-nin Azərbaycan Respublikasındakı Filialı xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə etiraz təqdim edərək bildirmişdir ki, qarşılıqlı razılaşmaya əsasən mübahisələndirilən torpaq sahəsində tərəflərindən ofis binaları, anbar və yardımçı binalar inşa edilmişdir. Qarşılıqlı razılaşmaya əsasən həmin torpaq sahəsinin filiallarına satılması nəzərdə tutulmuşdur. Bu məqsədlə tikinti quraşdırma işlərinin aparılmasına tərəflərindən xeyli vəsait sərf edilmişdir. Bundan əlavə olaraq mübahisələndirilən torpaq sahəsi 7 ha deyil, 10 ha-dır. Şirkətləri sözü gedən torpaq sahəsinin naturada həmin əraziyə yaxın olan torpaq sahəsi ilə əvəzləşdirilməsini və ya torpağı satın almağı qarşı tərəfə təklif etmişdir. Lakin qarşı tərəf bununla bağlı nə müsbət, nə də mənfi məlumat verməmişdir. İddia ərizəsinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
7. İddiaçının nümayəndəsi cavabdehin etiraz ərizəsinə münasibətdə ərizəylə məhkəməyə müraciət edərək bildirmişdir ki, cavabdehin verdiyi etiraz qanunsuz və əsassızdır. Cavabdehin nümayəndəsi qanuni deyil, belə ki, hüquqi şəxsin işçisi olan şəxsə hüquqi şəxsin rəhbəri etibarnamə verə bilər, lakin həmin şəxsin əmək müqaviləsi sistemdə görünmür. Eyni zamanda səlahiyyət verilən müddət əvvəlkindən uzundur. Torpaq iddiaçınındır, aralarında heç bir razılaşma yoxdur. Lakin cavabdeh etirazında özü də etiraf edir ki, torpaq iddiaçınındır, onu almaq istəyirlər, oradan qanunsuz istifadə edirlər. Eyni zamanda iddiaya etiraz baxış iclası təyin olunanda deyil, birinci hazırlıq ərəfəsində 20 günlük müddətdə təqdim edilir, cavabdeh MPM-nin tələblərini pozmuşdur. Cavabdehin etirazının nəzərə alınmamasının və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
İİ. Tərəflərin mövqeləri:
8. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında rəylərlə razı olduqlarını və tərəflərindən bütün sübutların təqdim edildiyini bildirdi. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.
9. Nümayəndə2 özünü Cavabdeh-nin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi kimi təqdim etsə də, sənədlərində uyğunsuzluq olduğundan, yəni qeyd edilən şəxs cavabdehin qeydə alınmış işçisi olması barədə müvafiq elektron informasiya sistemindən məlumat olmadığından həmin şəxs qanunvericiliyin tələbinə əsasən nümayəndə kimi qəbul edilməmişdir.
İİİ. Məhkəmə baxışının hədləri:
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
İV. Tətbiq edilən hüquq:
11. Azərbaycan Respublikasının Konstitusiyası M a d d ə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı
- İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. - İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. - İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. - İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
M a d d ə 1 2 5 . Məhkəmə hakimiyyətinin həyata keçirilməsi
- Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
Maddə 1 2 7 . Hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri
- İ. Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. - İİ. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. - İV. Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. - Vİİ. Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. - Vİİİ. Məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə hüququ təmin olunur.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
- 2.2. Mülki qanunvericilik mülki hüquq münasibətləri subyektlərinin hüquqi vəziyyətini, mülkiyyət hüququnun və başqa əmlak hüquqlarının əmələ gəlməsi əsaslarını və həyata keçirilməsi qaydasını müəyyənləşdirir, müqavilə və digər öhdəlik münasibətlərini, habelə sair əmlak münasibətlərini və onlarla bağlı olan şəxsi qeyriəmlak münasibətlərini tənzimləyir. - 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. - 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. - 239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (bundan sonra mətndə MPM): - 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. - 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir. - 8.1. Mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. - 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. - 47.1. İşdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. - 117.1. Şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. - 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
V. Sübutların tədqiqi:
12. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən təqdim edilmiş MH ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən göründüyü kimi Ağdaş rayonu, Küvəkənd kəndində yerləşən 7.0 ha torpaq sahəsi İddiaçı MMC-nin mülkiyyətindədir.
13. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən təqdim edilmiş 17 fevral 2025-ci il tarixli, 3-21-3-35/2- 517/2025 nömrəli mütəxəssis rəyi və onun əsasında AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 21 may 2025-ci il tarixli, 10/1667 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı MMC-nin mülkiyyətində olan AR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda olunmuş Ağdaş rayonu, Güvəkənd kəndində yerləşən 7.0 ha torpaq sahəsi tam olaraq naturada Cavabdeh-nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən istifadə edilir.
Vİ. Məhkəmənin mövqeyi:
12. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
13. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır. Məhkəmə ilkin olaraq qeyd edir ki, cavabdeh tərəf xarici hüquqi şəxsin Azərbaycan respublikasındakı filialı olduğundan Azərbaycan məhkəmələrinin qeyd edilən mübahisəyə baxmaq səlahiyyəti vardır. Belə ki, MPM-in 443.0.2-ci maddəsinə əsaəsn Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan həmçinin aşağıdakı işlərə baxmağa haqlıdır (……….) 443.0.2. xarici şəxslərin idarəçilik orqanı, filialı və ya nümayəndəliyi Azərbaycan Respublikasının ərazisində olduqda.
14. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıdakı göstərilənlərə əsasən iddia təmin olunmalıdır.
15. İşin müəyyən olunmuş halları və iş materialları, o cümlədən iddiaçı tərəfin izahatı ilə təsdiqini tapmış mübahisələndirilməyən halı ondan ibarətdir ki, Ağdaş rayonu, Küvəkənd kəndində yerləşən 7.0 ha torpaq sahəsi (AR Daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən verilmiş MH seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən) İddiaçı MMC-nin mülkiyyətindədir.
16. İşin mübahisələndirilən halına isə cavabdeh tərəfindən həmin torpaq sahəsinin qanunsuz olaraq zəbt edilib-edilməməsi halı aiddir. Ona görə də məhkəmə əldə etdiyi əlaqəli sübutlara əsasən qeyd edilən mübahisəli hala aydınlıq gətirmişdir.
17. Belə ki, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 21 may 2025ci il tarixli, 10/1667 nömrəli ekspert rəyi ilə iddiaçıya məxsus torpaq sahəsinin Cavabdehnin Azərbaycan Respublikasındakı Filialı tərəfindən tam olaraq naturada istifadə edildiyi öz təsdiqini tapmışdır.
18. Göründüyü kimi məhkəmə araşdırması zamanı Ağdaş rayonu, Küvəkənd kəndində yerləşən 7.0 ha torpaq sahəsinin iddiaçının mülkiyyətində olduğu və buna baxmayaraq həmin torpaq sahəsinin qanunsuz olaraq cavabdeh tərəfindən istifadə edildiyi müəyyən edilmişdir. Bu səbəbdən İddiaçı MMC Cavabdeh-nin Azərbaycan Respublikasındakı Filialının həmin torpaq sahəsindən öz hesabına özünə aid əşyaları, o cümlədən texnikaları, tikinti-inşaat materialları və digər əşyaları ilə birlikdə çıxarılmasını tələb etməkdə haqlıdır.
19. Cavabdeh tərəf qeyd edilən torpaq sahəsinin icarəyə və ya istifadəyə verilməsi ilə bağlı tərəflər arasında bağlanmış müqavilə və ya digər sənədlə bağlı hər hansı bir sübut təqdim etməmişdir. Qeyd edilən müqavilə əsası olan torpaq icarə (istifadə) müqavilələrində icarəçinin apardığı tikinti və yaxşılaşdırmalarla bağlı müddəalar nəzərdə tutula bilər. Bu mənada hazırkı qətnamə qəbul edildikdən sonra cavabdeh qeyd edilən torpaq sahəsindən müqavilə əsasında istifadə etməsi ilə bağlı sübutlar əldə etdiyi təqdirdə vurulmuş ziyanın ödənilməsi və digər tələblərlə çıxış etmək üçün hüquqi imkanları vardır.
20. Məhkəmə hazırkı iddia tələbini təmin edərkən iddiaçının beynəlxalq və milli qanunvericilik səviyyəsində qorunan mülkiyyət hüquqlarına əsaslanmışdır. Belə ki, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli Qərarında qeyd etmişdir ki, Hüquq sistemlərində “həqiqət” anlayışına fərqli yanaşmalar mövcuddur. Anqlo-sakson hüquq sisteminə xas olan formal həqiqət xalis çəkişmədir və sübutetmə prosesində məhkəmənin passivliyini nəzərdə tutur: məhkəmə, tərəflərin sübut kimi təqdim etdiklərini dəyərləndirməklə kifayətlənən, qərəzsiz arbitr rolunda çıxış edir.
21. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar.
22. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir.
23. Məhkəmənin qeyd edilən qanunvericiliyin hüquqi izahları baxımından məsələyə yanaşaraq qeyd edir ki, hazırkı iş üzrə iddiaçı tərəfin sübutlarını əsaslandırıb, irəli sürdüyü dəlillərinin izahını verməyinə baxmayaraq, cavabdeh tərəfin isə konkret dəlillər və arqumentlərdən yayınması onun tərəfindən üzərinə düşən sübutetmə vəzifəsini icra etmədiyi kimi qiymətləndirməsinə əsas vermişdir.
24. Məhkəmə iddia tələbini əsaslandıran halları nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki məhkəmə icraatında iddiaçının üzərinə iddia tələbini sübut etmək, cavabdehin üzərinə etirazlarının əsasını sübut etmək, məhkəmənin isə həmin hallara hüquqi qiymət verməklə bağlı vəzifələr qoymuşdur. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri).
Vİİ. Məhkəmə məsrəfləri:
25. İddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh-nin Azərbaycan Respublikasındakı Filialından iddiaçının xeyrinə tutulmalıdır.
26. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən təqdim edilən 21 may 2025-ci il tarixli, 10/1667 nömrəli ekspertiza xərcinə dair bildirişə əsasən, aparılmış tədqiqatın dəyərini təşkil edən 100 manat pul Cavabdeh-nin Azərbaycan Respublikasındakı Filialından tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.
Vİİİ Nəticə:
27. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh-nin Azərbaycan Respublikasındakı Filialı İddiaçı MMC-nin mülkiyyətində olan (MH seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla) Ağdaş rayonu, Güvəkənd kəndində yerləşən 7.0 ha torpaq sahəsindən öz hesabına özünə aid əşyaları, o cümlədən texnikaları, tikinti-inşaat materialları və digər əşyaları ilə birlikdə çıxarılsın. Ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi Cavabdeh-nin Azərbaycan Respublikasındakı Filialından tutularaq İddiaçınə ödənilsin. Aparılmış tədqiqatın dəyəri olan 100 manat Cavabdeh-nin Azərbaycan Respublikasındakı Filialından tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, sfift bik: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, Vöen: **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Mübariz Hüseynov