Məhkəmə qərarları › İş №e-2-2(117)-290/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-290/2025

03.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-290/2025 03.04.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “1675 manat məbləğində dəymiş zərərin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı Maraqlı şəxs QSC BOKT-dan yaşıl tütün becərmək üçün götürdüyü 3350 manat kredit borcunun 50%-i olan 1675 manatın zaminlik müqaviləsi əsasında ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bundan sonra iddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə iddia tələbinin dəyişdirilməsi ilə bağlı ərizəsini təqdim etmiş və iddia tələbinin “1675 manat məbləğində dəymiş zərərin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” kimi nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Belə ki, iddiaçı bildirmişdir ki, 1911 manat məbləğində məhsul cavabdehə təhvil verilsə də, 1675 manat məbləğində məhsulun təhvil alınmaması nəticəsində ona zərər dəymişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixində “X11 Kompleksi” MMC ilə aralarında “Yaşıl tütünün alqı-satqısına dair” B-2021-25 saylı müqavilə bağlanmışdır. Bundan sonra xx.xx.2021-ci il tarixində "xxxx" MMC, "xxxx" MMCnin tabeliyində fəaliyyət göstərən X10 və Emalı Məntəqəsi və iddiaçı onun istifadəsində olan torpaq sahəsində yaşıl tütün tədarük edib təhvil vermək üçün lazım olan pul vəsaitini təmin etmək məqsədilə Maraqlı şəxs QSC BOKT-un Şəki filialı ilə TM-418/21 saylı, çoxtərəfli kredit müqaviləsi bağlamışlar. Eyni zamanda həmin vaxt ərazidə fəaliyyət göstərən digər fermerlər də "xxxx" MMC və Maraqlı şəxs QSC BOKT ilə eyni məzmunlu müqavilələr bağlamışdırlar. Müqavilə bağladıqları zaman “Azərtütün ASK MMC öz təqsirinə görə onlara, yəni fermerlərə hər hansı zərər dəyəcəyi halında həmin zərəri özü ödəyəcəyi barədə əvvəlcədən öhdəlik götürmüşdür. Həmçinin, kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməsini təmin etmək məqsədilə "xxxx" MMC ilə Maraqlı şəxs QSC BOKT Şəki filialı arasında 2019-cu il üçün 50%-lik, 2021-ci il üçün isə 100%-lik zaminlik müqaviləsi bağlanılmışdır. 2021-ci il mövsüm ilində digər fermerlərlə birlikdə “Azərtütün ASK MMC” ona ünvanladıqları, tütünün sahələrdə tələf olması səbəbinə görə komissiya təşkil olunması və tələf olmuş tütün məhsulunun yerində aktlaşdırılaraq dəymiş zərərin müəyyən olunması barədə müraciətləri nəzərə almayaraq özünün müqavilə üzrə öhdəliklərini pozmuşdur. Buna görə də, dəymiş zərərə yerində aydınlıq gətirilməsi məqsədilə sahibkarlardan ibarət komissiya təşkil edilərək xx.xx.2021-ci il tarixli Akt tərtib edilmişdir. Həmçinin 2021-ci il mövsüm ilində “Azərtütün ASK MMC” yertişdirilmiş yaşıl tütünü qəbul etməkdən imtina etmiş və müqavilə şərtlərinə əsasən fermerlər məhsulu üçüncü şəxlərə sata bilmədiklərinə görə məhsul sahələrdə tələf olmuşdur. Borcverən Maraqlı şəxs QSC Bank Olmayan Kredit Təşkilatı ilə Borcalan İddiaçı, Alıcı "xxxx" MMC və Tədarükçü "xxxx" MMC-nin X10 və Emalı Məntəqəsi arasında tütün əkini üçün xx.xx.2022-ci il tarixədək TM-418/21 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsi ilə iddiaçı cavabdehə illik 8,5 faizlə əsas və faiz borcları xx.xx.2022-ci il tarixədək tam ödənilmək şərtilə 3350 manat kredit verilmişdir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən bu müqavilənin şərtləri daxilində borcalan özünəməxsus olan və ya icarəyə götürdüyü (notarial qaydada və yaxud yerli icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş icarə müqaviləsi əsasında) Balakən rayonu, Hənifə kəndi ərazisində 2 ha torpaq sahəsində borcverəndən kredit şəklində aldığı pul vəsaiti ilə tütün istehsal etməyi, lazımi aqrotexniki tədbirləri yerinə yetirməyi və əldə edilmiş yaşıl tütün yarpağını bu müqavilə ilə müəyyən edilmiş qiymətlə, mövcud standartlara və texniki tələblərə uyğun olaraq yalnız tədarükçüyə təhvil verməyi, tədarükçü məhsulu qəbul etməyi, alıcı isə məhsulun dəyərini borcalana ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.3.1-ci bəndinə əsasən Tədarükçünün öhdəliklərinə: Borcalanın yaşıl tütünü digər fiziki və hüquqi şəxslərə satılmasını və ya təhvil verilməsini aşkar etdikdə bu barədə Alıcıya məlumat vermək; Borcalanaın təqdim etdiyi yaşıl tütünü alqı-satqı müqaviləsində qeyd edilən keyfiyyət göstəricilərinin tələblərinə uyğun şəkildə qəbul etmək və onun dəyərini müqavilədə müəyyən edilmiş qiymətlərlə ödənilməsi üçün sənədləri Alıcıya təqdim etmək; Məhsul yığımından əvvəl tərəflərin nümayəndələrinin və Borcalanın iştirakı ilə tütünün bioloji məhsuldarlığını müəyyən etmək və müvafiq akt tərtib etmək; Mövcud standartlara, alqı-satqı müqaviləsində qeyd edilən keyfiyyət göstəricilərinə uyğun tütünü qəbul etmək, yararsız tütünü qəbul etməmək və bunu müvafiq qaydada aktlaşdırmaq və digərləri daxildir. Müqavilənin 2.4.2-ci bəndinə əsasən Alıcının öhdəliklərinə : Tədarükçü tərəfindən qəbul edilmiş yaşıl tütün yarpağının dəyərini Borcalan tərəfindən müvafiq qaimə qəbul edilən tarixdən 10 gündən gec olmayaraq Borcalanın Borcverəndə olan Hesabına ödəmək daxildir. İddiaçı və "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixli B-2021-25 nömrəli yaşıl tütünün alqı-satqısına dair müqavilənin: 1.1-ci maddəsinə əsasən, fermer öz mülkiyyətində, istifadəsində və ya icarəsində olan 6 ha torpaq əkin sahəsinin 70% həcmində NC-291 və 30% həcmində CC-143 “Vircinya” tipli tütün toxumunun və ştilinin müvafiq aqrotexniki qaydalara uyğun olaraq alınan yarpaqları qarışdırmamaq şərtilə) alıcıya satmağı, alıcı isə fermerin istehsal etdiyi yaşıl tütünü texniki şərtlərə və növlərə uyğun qəbul etməyi və onun dəyərini bu müqavilə üzrə nəzərdə tutulmuş qaydada müəyyənləşdirməyi, alıcı isə qəbul edilmiş yaşıl tütünün müəyyənləşdirilmiş dəyərini fermerə ödəməyi öhdəsinə götürür. 3.1.2-ci bəndinə əsasən, fermer, mülkiyyətində olan və ya icarə (istifadə) müqaviləsi əsasında istifadə etdiyi 6 ha torpaq sahəsində öz işçi qüvvəsi ilə müvafiq aqrotexniki tələblərə əməl etməklə tütün əkinini və becərilməsini həyata keçirir və hər hektardan NC- 291 növdən 10 ton, CC-143 növlü tütündən isə 10 tondan az olmamaq şərtilə becərilən yaşıl tütünü tam həcmdə istehsal edib alıcıya təhvil vermək öhdəliyini götürmüşdür. 4.1-ci bəndinə əsasən Alıcı tütün sahələrində görülən əkin, becərmə və yığım proseslərinə daim nəzarət edir, öhdəliyin icrası zamanı aqrotexniki tələblərlə əlaqədar müvafiq qaydada yazılı və şifahi tövsiyələr verir və hesabatlar hazırlayır, 4.2-ci bəndə əsasən Fermerin gətirdiyi yaşıl tütünü bu Müqavilənin 3.1.3-cü bəndinə qeyd edilən şərtlərin tələblərinə uyğun qəbul edir və onun dəyərini bu Müqaviləyə müvafiq olaraq ödənilməsi üçün sənədləri təqdim edir. 7.1-ci bəndinə əsasən, alıcı sinifinə görə qüvvədə olan təlimat və standartlara əsasən yaşıl tütünü fermerden 1-ci sinif (növ) üzrə 0.27 manat/kq, 2-ci sinif (növ) üzrə 0.18 manat/kq, 3-cü sinif (növ) üzrə 0.10 manat/kq olaraq qəbul edir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixdə Balakən rayonunda iddiaçı və digər fermerlər tərəfindən tərtib edilmiş aktda qeyd edilmişdir ki, Azərtütün məhsulu qəbul etmədiyinə görə yığıma yetişən məhsul ağacın üzərində yararsız hala düşdüyündən ümumilikdə 50% yaşıl tütün yarpağı ağacın üzərində quruyaraq tələf olmuşdur. Dəymiş zərəri yerində müəyyən etmək üçün Balakən rayon Kənd Təsərrüfatı İdarəsinə müraciət olunaraq mütəxəssis dəvət olunsa da, həmin idarədən mütəxəssisin verilməsindən imtina edilmişdir. Həmin akt iddiaçı və digər fermerlər tərəfindən imzalanaraq təsdiqlənmişdir. AR Kənd Təsərrüfatı Nazirliyinin X13 İnkişaf Mərkəzi fərdi qaydada hüquqi xidmət göstərən Mustafa Dibirovun xx.xx.2021-ci il tarixli müraciətinə cavab olaraq xx.xx.2021-ci il tarixli 87 nömrəli məktubla bildirmişdir ki, tütünçülərin qeyd etdikləri tütün sahələrinə mütəxəssisin göndərilməsi ilə bağlı müraciətlərinə əsasən, baxış keçirilmişdir. Həmin sahələrin bir hissəsində tütün bitkisinin yarpaqlarının qırıldığı, bir hissəsində isə qırılmadığı, bəzi yerlərdə isə bitkinin alaq otlarının içində olduğu müşahidə edilmişdir. İş materiallarına əlavə edilmiş AR X1 Müraciətləri ilə İş Şöbəsinin AR Kənd Təsərrüfatı Nazirliyinə ünvanladığı xx.xx.2020-ci il tarixli 22/Kol-104-035 nömrəli, AR Kənd Təsərrüfatı Nazirliyinin AR Kiçik və X12 Agentliyə ünvanladığı xx.xx.2020-ci tarixli 03/13- 08-14-143 nömrəli, AR Kiçik və X12 Agentliyinin vətəndaş Mirvari Qardaşovaya ünvanladığı xx.xx.2020-ci il tarixli KOB-X/O-780/2020 nömrəli, AR Baş Prokurorluğunun Azərbaycan Sənayə Korporasiyasına ünvanladığı xx.xx.2023-cü il tarixli, 23-17-xx-xx- 012340 nömrəli, Azərbaycan Sənayə Korporasiyasının "xxxx" MMC-yə ünvanladığı xx.xx.2023-cü il tarixli 13-5/2-0315/2023 nömrəli məktublardan göründüyü kimi vətəndaşların müxtəlif tarixlərdə tütün məhsulu ilə bağlı kollektiv şikayətləri müvafiq qurumlara daxil olmuşdur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli sərəncamına əsasən, “X11 Kompleksi” MMC özəlləşdirilməyə açıq elan edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisinin xx.xx.2021-ci il tarixli sərəncamına əsasən, “X11 Kompleksi” MMC özəlləşməyə açıq elan edilmiş, "xxxx" ASC “X11 Kompleksi” MMC-nin əmlakının qorunub saxlanılmasını təmin etməsi qərara alınmışdır. “X11 Kompleksi” MMC ilə "xxxx" MMC arasında imzalanmış xx.xx.2021-ci il tarixli Təhvil-təslim aktına əsasən “X11 Kompleksi” MMC-nin hüquqi varisi "xxxx" MMC olmuşdur. Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsi Şəki Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli sorğusuna cavab olaraq xx.xx.2025-ci il tarixli 3-21-2- 17/2-43705/2025 nömrəli məktubla bildirmişdir ki, "xxxx" MMC-nin təsisçisinin xx.xx.2024cü il tarixli qərarına əsasən Cavabdeh MMC-yə qoşularaq fəaliyyətinə xitam verilməsi qərara alınmış və xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-nin fəaliyyətinə xitam verilməsi haqqında qeyd hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş, nəticədə Cavabdeh MMC "xxxx" MMC-nin ona qoşulması yolu ilə yenidən təşkil edilmişdir. Hazırda Cavabdeh MMCnin fəaliyyəti aktivdir. AR Kənd Təsərrüfatı Nazirliyi Şəki Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli sorğusuna cavab olaraq xx.xx.2025-ci il tarixli 3-22/2-892/2025 nömrəli məktubla bildirmişdir ki, tütün bitkisinin “NC-291” (NG-291) hibridi “AR ərazisində kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadəsinə icazə verilmiş və mühafizə olunan seleksiya nailiyyətlərinin Dövlət Reyestri”ndə 2020-ci ildə qeydiyyata alınmışdır. Tütün bitkisinin qeyd olunan “GL-939”, Brazilya mənşəli “PVH-2310” sortları isə Dövlət Reyestrində qeydiyyatda deyildir. İş materiallarına iddiaçılar X3, X7, X8, X9 və X2 cavabdeh "xxxx" MMC-yə qarşı iş üzrə AR Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-2(102)- 412/2024 nömrəli qərarı əlavə edilmişdir. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(117)-384/2024 nömrəli qətnaməsinə əsasən iddiaçı Maraqlı şəxs QSC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər İddiaçı və X4 qarşı “1438,94 manat əsas borc, 218,83 manat faiz borcu, müqavilə müddəti bitdikdən sonra illik 5%-lə hesablanmış 122,11 manat faiz borcu, 84,76 manat məbləğində cərimə borcunun və 38,64 manat dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilərək cavabdeh İddiaçı 1438,94 manat əsas borc, 218,83 manat faiz borcu, müqavilə müddəti bitdikdən sonra illik 5%-lə hesablanmış 122,11 manat faiz borcu, 50 manat cərimə borcu və ödənilmiş 38,64 manat dövlət rüsumu tutularaq Maraqlı şəxs QSC Bank Olmayan Kredit Təşkilatına ödənilməsi qət edilmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, cavabdehlə aralarında müqavilə olsa da, cavabdeh tütünü qəbul etməmiş və tütün sahədə qalaraq batmışdır. Ona görə də banka olan borcunu qaytara bilməmişdir. Cavabdeh tərəf məhkəmə iclasına gəlməyərək bilərəkdən yayınır. O, tütün əkdiyi sahədən 20 ton tütün təhvil verməli idi. Tütün 3 sortda olur: 1-ci sort 27 qəpik, 2-ci sort 18 qəpik, 3-cü sort 10 qəpik olmaqla hesablanırdı. Lakin cavabdeh tərəf tütünü qəbul etmədi. Tütünün bir hissəsi əkin sahəsində qalaraq batdı, qalan hissəsini isə çaylaq adlanan sahəyə boşaltdılar. Ərizəsində düzəlişlər etmişdir. Həmin ərizənin də nəzərə alınaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, Cavabdeh MMC və üçüncü şəxs Maraqlı şəxs QSC BOKT məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxsin iştirakı olmadan baxmışdır İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: xx.xx.2021-ci il tarixli B-2021-25 nömrəli yaşıl tütütnün alqı-satqısına dair müqavilə, xx.xx.2021-ci il tarixli TM-418/21 kredit müqaviləsi, akt, məktublar və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır; 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.4. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 443.3. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. 443.4. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 448.3. Borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır. 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. İddianın hüquqi əsasına münasibətdə məhkəmə qeyd edir ki, tərəflər arasında xx.xx.2021-ci il tarixli B-2021-25 nömrəli yaşıl tütünün alqı-satqısına dair müqavilə bağlanmış, İddiaçı 6 ha torpaq sahəsində tütün yetişdirməyi və əldə edilmiş yaşıl tütünü alıcıya ("xxxx" MMC) verməyi öhdəsinə götürmüşdür. Eyni zamanda tərəflər arasında çoxtərəfli kredit müqaviləsi bağlanmış, həmin müqavilədə Borcverənin, Borcalanın, Tədarükçünün və Alıcının hüquq və öhdəlikləri müəyyən edilmişdir. Hazırkı iş üzrə Tədarükçü cavabdehin tabeliyində olan təşkilat olduğundan və müstəqil hüquqi şəxs olmadığından məhkəmə tərəfindən icraata cəlb edilməmişdir. Məhkəmə tərəflər arasında bağlanmış müqavilələrdə olan öhdəlikəri nəzərdən keçirib müəyyən edir ki, hazırkı iş üzrə iddiaçı Borcverəndən kredit götürərək ona məxsus torpaq sahəsində tütünü yetişdirib, standartlara uyğun tütün yarpaqlarını Tədarükçüyə təhvil verməli, sonuncu həmin məhsulu Alıcıya təhvil verməli və dəyərini ilkin olaraq Borcalanın Borcverənə olan borcunu ödənildikdən sonra qalan vəsait Borclana ödənilməli idi. Borcalan qeyd edilən tütün məhsulunu başqa şəxslərə satmaq hüququ yoxdur. Eyni zamanda, cavabdeh olaraq Alıcı və Tədarükçü əkilmiş tütün məhsuluna baxış keçirməli, tövsiyə və tapşırıqlarını verməli, tütünün yığılması və daşınmasına Alıcı və Tədarükçü tərəfindən şərait yaradılmalı, standartlara cavab verən tütün məhsulunu qəbul etməli, yararsız tütünü isə qəbul etməməli və bunu müvafiq qaydada aktlaşdırmalıdır. Tərəflər arasında bağlanmış hər iki müqavilənin bəndlərində tərəflər arasında mövcud olan bütün anlaşılmazlıq və mübahisə müvafiq qaydada sənədləşdirmək vəzifəsi cavabdeh tərəfin üzərinə öhdəlik olaraq qoyulmuşdur. Məhkəmə işin hallarının və müqavilə öhdəliklərinin aidliyi baxımından müəyyən edir ki, cavabdeh (hüquqi varis Cavabdeh MMC) iddiaçının yetişdirdiyi tütün məhsulunu vaxtında təhvil alması, həmin tütün məhsulunun yığılması ilə bağlı tövsiyələrini verməməsi, yararsız tütün məhsulunun qəbul edilməməsi ilə bağlı müvafiq qaydada aktlaşdırması ilə bağlı hərəkətsizlik etmişdir. Halbuki, tərəflər arasında bağlanmış hər iki müqavilədə cavabdehin və onun tabeliyində fəaliyyət göstərən şəxsin vəzifəsi idi ki, qeyd edilən hərəkətləri etsin. Cavabdeh isə məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməməklə bərabər qeyd edilən sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçının təqdim etdiyi sübutlar, yəni müvafiq aktlar və müraciətlər məhz tütün məhsulunun cavabdeh tərəfindən hərəkətsizlik edilərək qəbul edilməməsi ilə bağlı dəlillərini daha da inandırıcı edir. İddiaçının məhkəmə iclasında bildirdiyi faktları yəni, yük maşını ilə cavabdehə təhvil verməsinə baxmayaraq cavabdeh tərəfindən tütün məhsulunun qəbul edilməməsi və sürücünün işdən azad edilməsi, tütün məhsulunun vaxtında yığılmaması nəticəsində sahədə qalaraq məhv olması dəlilərini məhkəmə əhəmiyyətsiz sübut olaraq dəyərləndirməyə bilməz. Yaşıl tütünün alqı-satqısına dair müqavilənin 3.1.2-ci və 7.1-ci bəndlərindən göründüyü kimi tərəflər hər hektardan NC-291 növdən 10 ton, CC-143 növlü tütündən isə 10 tondan az olmamaq şərtilə becərilən yaşıl tütünün tam həcmdə istehsal edilərək alıcıya təhvil verilməsini, alıcı tərəfindən yaşıl tütünün fermerden 1-ci sinif (növ) üzrə 0.27 manat/kq, 2-ci sinif (növ) üzrə 0.18 manat/kq, 3-cü sinif (növ) üzrə 0.10 manat/kq kimi qəbul edilməsini razılaşdırmışlar. Məhkəmə ilkin olaraq tütün məhsulunun təhvil alınmaması səbəbindən iddiaçıya dəymiş zərərə münasibətdə qeyd edir ki, xx.xx.2021-ci il tarixli aktdan və AR Kənd Təsərrüfatı Nazirliyinin X13 İnkişaf Mərkəzi fərdi qaydada hüquqi xidmət göstərən Mustafa Dibirova ünvanlanmış xx.xx.2021-ci il tarixli 87 nömrəli məktubundan görünür ki, tütün sahəsinə baxış keçirildikdə həmin sahədəki məhsulların müəyyən hissədə tələf olduğu müəyyən edilmişdir. Bundan başqa iş materiallarından da aydın olduğu kimi cavabdeh iddia tələbinə heç bir münasibətini bildirməmiş, iddia tələbini təkzib edən hər hansısa sübut təqdim etməmiş, eyni zamanda iş materiallarına əlavə edilmiş kollektiv şikayətlərdən göründüyü kimi müxtəlif fermerlər tərəfindən tütün məhsulunun yararsız olması, təhvil alınmaması kimi müxtəlif səbəblərdən müvafiq qurumlara şikayət daxil olmuşdur. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-2(102)-412/2024 nömrəli qərarında müəyyən edilmiş halların hazırkı hüquq münasibəti ilə oxşar hüquqi münasibət üzrə vahid hüquqi yanaşma baxımından tətbiq edilməsi məqsədəuyğun hesab edilmişdir. Belə ki, qanunvericiliyin tələbinə görə Ali Məhkəmə tərəfindən oxşar istiqamət üzrə nümayiş etdirilmiş mövqelərin əsas tutularaq mübahisələrin həll edilməsi hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab edilir və imperativliyi müəyyən edilir. Qeyd edilən müvafiq qərardad müəyyən edilən hallarla bağlı məhkəmə qənaətə gəlir ki, hazırkı iş üzrə iddiaçıya dəymiş zərərin məbləği hesablanarkən iddiaçının müqavilə əsasında təhvil verməli olduğu tütün miqdarı ilə cavabdehin təhvil aldığı tütünün miqdarı arasındakı fərq nəzərə alınmalıdır. Bu məhsulun dəyərinin hesablanaması ilə bağlı məhkəmədə konkret hansı standarta uyğun tütün məhsulunun qəbul edilməməsi faktı olmadığından, məhkəmə yalnız ortaq, nə aşağı, nə də ki, yüksək sort məhsula görə yox, 2-ci sinif (növ) məhsula görə əldə ediləcək gəlirə münasibətdə zərərin hesablanmasını qanuni və ədalətli hesab edir. Belə ki, müqavilənin şərtlərindən göründüyü kimi iddiaçı tərəfindən orta hesabla 1800 manat (10 ton x 0.18 manat) məbləğində NC-291 növlü tütün, 1800 manat (10 ton*0.18 manat) məbləğində CC-143 növlü tütün istehsal edilərək cavabdehə təhvil verilməsi barədə tərəflər razılaşmışlar. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(117)-384/2024 nömrəli qətnaməsinə əsasən müəyyən edilir ki, kredit üzrə xx.xx.2024-cü il tarixə əsas və faiz borcunun ödənilməsi barədə məlumatdan görünür ki, 3350 manat kredit ayrılmış, əsas borcdan 1911,06 manat, faiz borcundan isə 65,92 manat ödənilmiş, 1438,94 manat əsas borcu, 218,83 manat faiz borcu, müqavilə müddəti bitdikdən sonra illik 5%-lə hesablanmış 122,11 manat faiz borcu və 84,76 manat məbləğində cərimə borcu qalmışdır. Eyni zamanda, iddiaçının xx.xx.2025-ci il tarixli ərizəsindən göründüyü kimi cavabdehin ondan ümumilikdə 1911 manat məbləğində tütün məhsulu təhvil aldığını bildirmişdir. Cavabdehin bu halın əksini sübut edən dəlillərini təqdim etməməsi və etirazını bildirməməsi səbəbindən cavabdeh tərəfindən 1911 manat məbləğində məhsulun təhvil alındığı əsas götürülərsə, orta hesabla ümumilikdə 3600 manat (1800 manat x 2) məbləğində məhsul təhvil alınmalı olduğu halda cavabdeh 1689 manat (3600 manat - 1911 manat) məbləğində məhsulu təhvil almamış və bu hal iddiaçıya maddi ziyan vurmuşdur. Eyni zamanda iddiaçı 1675 manat məbləğində dəymiş zərərin ödənilməsini tələb etdiyindən, məhkəmə iddia tələbindən kənara çıxa bilmədiyindən iddia 1675 manat məbləğində tam təmin edilməldir. Məhkəmə onu qeyd edir iddiaçı tərəf ilkin dəlillərini ortaya qoysa da, cavabdeh tərəf məhkəmə iclaslarından məlumatlı olsa da, iddiaya münasibətdə hər hansı bir etiraz və ya münasibət bildirməmiş, sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM): 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir. 8.1. Mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 47.1. İşdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli Qərarında qeyd etmişdir ki, Hüquq sistemlərində “həqiqət” anlayışına fərqli yanaşmalar mövcuddur. Anqlo-sakson hüquq sisteminə xas olan formal həqiqət xalis çəkişmədir və sübutetmə prosesində məhkəmənin passivliyini nəzərdə tutur: məhkəmə, tərəflərin sübut kimi təqdim etdiklərini dəyərləndirməklə kifayətlənən, qərəzsiz arbitr rolunda çıxış edir. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Məhkəmənin qeyd edilən qanunvericiliyin hüquqi izahları baxımından məsələyə yanaşaraq qeyd edir ki, hazırkı iş üzrə iddiaçı tərəfin sübutlarını əsaslandırıb, irəli sürdüyü dəlillərinin izahını verməyinə baxmayaraq, cavabdeh tərəfin isə məhkəmə iclasında iştirak etməməsi, hazırkı işə hər hansısa münasibət bildirməməsi onun tərəfindən üzərinə düşən sübutetmə vəzifəsini icra etmədiyi və iddia tələbini qəbul etdiyi kimi qiymətləndirilməsinə əsas vermişdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, 1675 manat məbləğində dəymiş zərər cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi üzrə ödənilməli dövlət rüsumu 36.60 manat olmalıdır ki, iddia təmin edildiyindən ödənilmiş 36.60 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehndən 1675 manat məbləğində dəymiş zərər və ödənilmiş 36.60 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar