Məhkəmə qərarları › İş №e-2-2(117)-31/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-31/2024

23.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-31/2024 23.01.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı “cavabdehdən 21471,24 manat debitor borcu, 826,42 manat dəbbə pulu və mediasiya xərcləri üçün ödənilmiş 200 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı QSC (komitent) ilə Cavabdeh (komisyonçu) arasında xx.xx.2022-ci il tarixli komissiya müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən komitent özünün mallarının öz hesabına, lakin komisyonçunun adından satılması barədə müqavilələrin bağlanmasını komisyonçuya tapşırır və əvəzində razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür, komisyonçu isə bu müqavilədə nəzərdə tuutlmuş qaydada muzd müqabilində tapşırığın yerinə yetirilməsini öhdəsinə götürür. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən komisyonçuya verilən malların dəqiq adları, qiymətləri, ümumi siyahısı, çeşidi, təsviri, spesifikasiyaları, miqdarı və digər göstəriciləri bu müqavilənin Əlavələrində göstərilmişdir. 3.4-cü bəndinə əsasən komisyonçu alıcılarla bağladığı müqavilələrin icrasına görə komitenet qarşısında zəmanət verir və məsuliyyət daşıyır. 3.5-ci bəndinə əsasən komisyonçunun başqa alıcılarla bağladığı əqd(lər) üzrə hüquqları komisyonçu əldə edir və mükəlləfiyyətli olur. 3.9-cu bəndinə əsasən komisyonçu komissiya müqaviləsinin icrasından əldə etdiklərinin hamısını komitentə verməyə borcludur. 6.2-ci bəndinə əsasən tərəflər bu müqavilədə nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirməməyə görə tam maddi məsuliyyət daşımağı və penyanın məbləğindən asılı olmayaraq digər tərəfin faktiki çəkdiyi, gələcəkdə çəkilməli labüd olan bütün xərcləri, eləcə də, məbləğindən asılı olmayaraq bütün məhkəmə və hüquqi xidmət xərclərini, habelə əldən çıxmış faydanı digər tərəfə tam həcmdə ödəməyə borclu olduqlarını bəyan etmişlər. 8.2-ci maddəsinin “a” yarımbəndinə əsasən müqaviləyə müqavilə öhdəlikləri pozulduğu və ya tam icra edilmədiyi halda komitent tərəfindən 1 ay qabaqcadan müvafiq xəbərdarlıq edildikdən sonra birtərəfli qaydada xitam verilə bilər. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli komissiya müqaviləsinə əlavədən görünür ki, 20 ton həcmində ammonium nitrat, 20 ton həcmində ammofos euroxim, 20 ton həcmində ammofos fosagro, 20 ton həcmində kükürdlü ammofos, 20 ton həcmində nitroamafoska, 20 ton həcmində karbomid, 20 ton həcmində karbomid (socar), bonus məbləği satış qiymətinin 16,5 %-ni təşkil edən suda həll olan gübrələr, bonus məbləği satış qiymətinin 16,5 %-ni təşkil edən pestisidlər satılması və yayılması üçün komisyonçuya verilmişdir. 2 nömrəli və 3 nömrəli Əlavələrə əsasən 20 ton həcmində NP(5)20+20+14 satış qiyməti 27000 manat, 20 ton həcmində ammofos fosagronun satış qiyməti 40000 manat, 10000 kq həcmində Alekseyeviç R1 toxumun satış qiyməti 9500 manat, 9990 kq həcmində İosif R1 toxumun satış qiyməti 8491,5 manat razılaşdırılmışdır. İddiaçı QSC tərəfindən müqavilə üzrə üzərinə düşən öhdəliklər yerinə yetirilərək xx.xx.2022-ci il tarixli malların təhvil-təslim aktı ilə dəyəri 8491,5 manat olan 9990 kq həcmində İosif (arpa), xx.xx.2022-ci il tarixli malların təhvil-təslim aktı ilə dəyəri 9500 manat olan 10 ton həcmində Alekseyeviç (buğda) R1, xx.xx.2022-ci il malların təhvil-təslim aktı ilə dəyəri 40000 manat olan 20 ton həcmində Amofos 12-52 (gübrə), dəyəri 27000 manat olan 20 ton həcmində Amafos 20-20-14 (gübrə), xx.xx.2022-ci il tarixli malların təhvil-təslim aktı ilə dəyəri 56000 manat olan 40 ton həcmində NPK-15-15-15-10 (gübrə) cavabdehə təhvil verilmişdir. Tərəflər arasında hər iki tərəfin imzaları ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli üzləşmə aktı tərtib edilmiş və akt tərtib edildiyi tarixə yekun debitor borc 26150,24 manat təşkil etmişdir. Cavabdeh bank hesabı vasitəsi ilə iddiaçıya xx.xx.2023-cü il tarixdə 3420 manat və xx.xx.2023-cü il tarixdə 1259 manat olmaqla ümumilikdə 4679 manat ödəniş etmiş və sonuncuya 21471,24 manat ödənilməmiş borcu qalmışdır. Tərəflər arasında yaranmış mübahisə həllini tapmadığından iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti arasında 34 nömmrəli 10 may 2022-ci il tarixli komissiya müqaviləsi bağlanmışdır. Müqavilədə iddiaçı Komitent, cavabdeh isə Komisyonçu tərəf olaraq çıxış edir. Müqavilənin 3.1-ci bəndinə əsasən iddiaçı özünün mallarının öz hesabına lakin cavabdehin adından satılması barədə müqavilələrin bağlanmasını cavabdehə tapşırır və əvəzində razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Cavabdeh isə bu müqavilədə nəzərdə tutulmuş qaydada muzd müqabilində tapşırığın yerinə yetirilməsini öhdəsinə götürür. Müqaviləyə əsasən 14 may 2022-ci il tarixli təhvil-təslim aktı ilə 56 00 manat, 22 iyun 2022-ci il tarixli təhvil-təslim aktına əsasən 67000 manat, 15 sentyabr 2022-ci il tarixli təhvil-təslim aktına əsasən 9500 manat, 13 oktyabr 2022-ci il tarixli təhvil-təslim aktına əsasən isə 8491.5 manat olmaqla ümumilikdə 140991.5 manat dəyərində mallar cavabdehə təhvil verilmişdir. Cavabdeh tərəfindən iddiaçıya ödənməli olan 140991.5 tam şəkildə iddiaçıya ödənməmişdir, belə ki cavabdeh həmin məbləğdən 26150.24 manat məbləği iddiaçıya ödəməmişdir. Hər iki tərəfin də imzaladığı 24 yanvar 2023-cü tarixli üzləşmə aktından da göründüyü kimi cavabdeh iddiaçıya 26150.24 manat debitor borcu olduğunu etiraf etmişdir. Öhdəliyini icra etməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə 98-23/QSC nömrəli 04 avqust 2023cü il tarixində cavabdehə pretenziya məktubu göndərilsə də, cavabdeh hərəkətsizlik göstərərək pozuntuya davam etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə “iddia tələbinin həcminin azaldırlması” barədə ərizə ilə məhkəməyə müraciət etmiş və bildirmişdir ki, cavabdeh tərəfindən edilmiş ödənişlərə dair bankdan çıxarışlardan göründüyü kimi cavabdeh tərəfindən 4679 manat (3420+1259) pul ödənilmişdir. Buna görə də cavabdeh tələb olunan debitor borcun məbləği 4679,00 manat, həmçinin dəbbə pulunun məbləği də azaldılmışdır və bu səbəbdən cavabdehdən 21471,24 manat debitor borcu, 826,42 manat dəbbə pulu və mediasiya xərcləri üçün ödənilmiş 200 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, iddiaçı ilə aralarında bağlanmış müqaviləyə əsasən toxum, gübrə və s. kənd təsərrüfatı məhsulları almışdır. Ümumilikdə 40000 manata yaxın mal-material götürmüşdür. xx.xx.2023-cü ildə qarşılıqlı üzləşmə aktı bağlanmış və 26150 manat borcunun olması həmin aktla təsdiq edilmişdir. Lakin həmin üzləşmə aktı bağlandıqdan sonra fermerlər tərəfindən ona ödənişlər olmuş, o isə pulu iddiaçıya ödəmişdir. Eyni zamanda mal qalığını da iddiaçı tərəfə bildirmişdir. Cavabdehin nümayəndəsi hazırki tarixdə keçirilən məhkəmə iclasında verdiyi izahatında 21471,24 manat borcu qəbul etdiklərini və subsidiyalar verildikdən sonra borcu ödəyəcəklərini bildirmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasının nümayəndəsinin iştirakını təmin etməmiş, ərizə ilə məhkəməyə müraciət edəərk işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: komissiya müqaviləsi, müqaviləyə 1,2 və 3 nömrəli Əlavələr, təhvil-təslim aktları, üzləşmə aktı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Komissiya müqaviləsinə görə bir tərəf (komisyonçu) digər tərəfin (komitentin) tapşırığı ilə muzd müqabilində öz adından, lakin komitentin hesabına bir və ya bir neçə əqd bağlamağı öhdəsinə götürür. Komisyonçunun üçüncü şəxslə bağladığı əqd üzrə hüquqları, əqddə komitent adlandırılmış olduqda və ya əqdin icrası üzrə üçüncü şəxslə bilavasitə münasibətlərə girdikdə belə, komisyonçu əldə edir və komisyonçu mükəlləfiyyətli olur. Komissiya müqaviləsi müəyyən müddətə və ya qüvvədə olma müddəti göstərilmədən, icra ərazisi göstərilməklə və ya göstərilmədən, komitentin onun mənafeləri üçün və onun hesabına bağlamağı komisyonçuya tapşırdığı əqdləri bağlamaq hüququnu üçüncü şəxslərə verməmək öhdəliyi nəzərdə tutulmaqla və ya nəzərdə tutulmadan, komissiya predmeti olan malların çeşidi barəsində şərtlər qoyulmaqla və ya qoyulmadan bağlana bilər. Komisyonçu öz adından və sifarişçinin hesabına hərəkətlərin yerinə yetirilməsi haqqında üçüncü şəxslər ilə əqd üzrə kreditor və borcludur. Komisyonçu komissiya müqaviləsinin icrasından əldə etdiklərinin hamısını komitentə verməyə borcludur (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 445.7 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 808.1 və 808.3, 819-cu maddənin 1-ci və 2ci bəndləri). Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, İddiaçı QSC (komitent) ilə Cavabdeh (komisyonçu) arasında bağlanmış xx.xx.2022-ci il tarixli komissiya müqaviləsinə əsasən komitent özünün mallarının öz hesabına, lakin komisyonçunun adından satılması barədə müqavilələrin bağlanmasını komisyonçuya tapşırır və əvəzində razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür, komisyonçu isə bu müqavilədə nəzərdə tuutlmuş qaydada muzd müqabilində tapşırığın yerinə yetirilməsini öhdəsinə götürür. Həmin müqaviləyə əlavədən görünür ki, 20 ton həcmində ammonium nitrat, 20 ton həcmində ammofos euroxim, 20 ton həcmində ammofos fosagro, 20 ton həcmində kükürdlü ammofos, 20 ton həcmində nitroamafoska, 20 ton həcmində karbomid, 20 ton həcmində karbomid (socar), bonus məbləği satış qiymətinin 16,5 %-ni təşkil edən suda həll olan gübrələr, bonus məbləği satış qiymətinin 16,5 %-ni təşkil edən pestisidlər satılması və yayılması üçün komisyonçuya verilmişdir. Həmin müqaviləyə 2 nömrəli və 3 nömrəli Əlavələrə əsasən 20 ton həcmində NP(5)20+20+14 satış qiyməti 27000 manat, 20 ton həcmində ammofos fosagronun satış qiyməti 40000 manat, 10000 kq həcmində Alekseyeviç R1 toxumun satış qiyməti 9500 manat, 9990 kq həcmində İosif R1 toxumun satış qiyməti 8491,5 manat razılaşdırılmışdır. İddiaçı tərəfindən müqavilə üzrə üzərinə düşən öhdəliklər yerinə yetirilərək xx.xx.2022-ci il tarixli malların təhvil-təslim aktı ilə dəyəri 8491,5 manat olan 9990 kq həcmində İosif (arpa), xx.xx.2022-ci il tarixli malların təhvil-təslim aktı ilə dəyəri 9500 manat olan 10 ton həcmində Alekseyeviç (buğda) R1, xx.xx.2022-ci il malların təhvil-təslim aktı ilə dəyəri 40000 manat olan 20 ton həcmində Amofos 12-52 (gübrə), dəyəri 27000 manat olan 20 ton həcmində Amafos 20-20-14 (gübrə), xx.xx.2022-ci il tarixli malların təhvil-təslim aktı ilə dəyəri 56000 manat olan 40 ton həcmində NPK-15-15-15-10 (gübrə) cavabdehə təhvil verilmişdir. Tərəflər arasında hər iki tərəfin imzaları ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli üzləşmə aktı tərtib edilmiş və akt tərtib edildiyi tarixə yekun debitor borc 26150,24 manat təşkil etmişdir. Cavabdeh bank hesabı vasitəsi ilə iddiaçıya xx.xx.2023-cü il tarixdə 3420 manat və xx.xx.2023-cü il tarixdə 1259 manat olmaqla ümumilikdə 4679 manat ödəniş etmiş və sonuncuya 21471,24 manat ödənilməmiş borcu qalmışdır ki, cavabdehin nümayəndəsi məhkəmə iclasında 21471,24 manat məbləğində borcun olduğunu qəbul etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, 21471,24 manat əsas borc məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə 826,42 manat dəbbə pulunun tutulmasına münasibətdə hesab edir ki, iddia tələbi bu hissədə qismən əsaslıdır və qismən təmin edilməlidir. İlk növbədə qeyd edilməlidir ki, iddiaçı 826,42 manat borc məbləğini dəbbə pulu olaraq tələb edir və iddia ərizəsində tələbinin maddi hüquqi əsas kimi Mülki Məcəllənin 21.2 və 445.7 və 449.1-ci maddələrinə istinad edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Tərəflər arasında bağlanmış müqavilənin 6.2-ci bəndinə əsasən tərəflər bu müqavilədə nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirməməyə görə tam maddi məsuliyyət daşımağı və penyanın məbləğindən asılı olmayaraq digər tərəfin faktiki çəkdiyi, gələcəkdə çəkilməli labüd olan bütün xərcləri, eləcə də, məbləğindən asılı olmayaraq bütün məhkəmə və hüquqi xidmət xərclərini, habelə əldən çıxmış faydanı digər tərəfə tam həcmdə ödəməyə borclu olduqlarını bəyan etmişlər. Göründüyü kimi, tərəfərin razılaşması birinin digərinə vurğuğu zərərə görə tam məsuliyyətdən söhbət gedir ki, tərəflər arasında bağlanmış müqavilədə cavabdeh tərəfindən pulun ödənilməməsi halında ona dəbbə pulunun hesablanmasına dair razılıqları mövcud deyildir ki, iddiaçı tələb etdiyi pulu dəbbə pulu olaraq cavabdehdən tələb edə bilməz. Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İddiaçı iddia ərizəsində qeyd olunan maddi hüquq normasına istinad etsə də ərizədə zərərin nədə ifadə olunması və ya əldən çıxmış faydanın nə qədər təşkil etməsini əsaslandırmamış və bununla bağlı məhkəməyə sübut təqdim etməmişdir ki, məhkəmənin qənaətinə görə iddiaçının Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər tələb etməsi əsaslı deyildir. Bunlardan başqa Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Göründüyü kimi, borclunun pul məbləğinin ödənilməsinin gecikdirilməsi kreditorun gecikdirilmiş məbləğə və müddətə görə illik beş faizin ödənilməsi tələb etmək hüququ mövcuddur ki, məhkəmə cavabdehdən istinad olunan maddi hüquqi əsasa görə faizin tutulmasını qanuni hesab edir. İddiaçı ərizəsində dəbbə pulunun ödənilməsini üzləşmə aktının tərtib olunduğu xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan 281 gün üçün ödənilməli olduğunu iddia edir. Əvvəla məhkəmə həmin üzləşmə aktına münasibətdə qeyd edir ki, üzləşmə aktında sadəcə yekun borc göstərilmişdir, ödəniş edilməsi müddəti müəyyən olunmamışdır. Bundan sonra cavabdeh tərəfindən ödənişlər edilmişdir. Cavabdeh tərəfindən ödənişin edidiyi sonuncu xx.xx.2023-cü il tarixdən sonra iddiaçı borcun ödənilməsi tələbini irəli sürməmişdir. Sonrakı xx.xx.2023-cü il tarixdə pretenziya ilə müraciət edilərək borcun ödənilməsi tələb edilmişdir ki, həmin tarixdən iddia ərizəsinin məhkəməyə daxil olduğu xx.xx.2023-cü il tarixədək 2 aylıq müddət üçün faiz hesablanması məqsədəmüvafiqdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən cavabdehdən faiz tutulmalı və bu tutulmanın müddətinin başlanğıcı iddiaçının cavabdeh tərəfindən ödəniş edildiyi sonuncu xx.xx.2023-cü il tarixdən sonrakı dövrlərdə cavabdehdən borcun tələb edilməsi ilə bağlı ilk müraciətinin tarixindən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.2-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. İddiaçı xx.xx.2023-cü il tarixli pretenziya məktubu ilə cavabdehdən borcun ödənilməsi tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə ona xəbərdarlıq etmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, faiz borcu iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi tələbini irəli sürdüyü və bununla bağlı ona məktub ünvanladığı xx.xx.2023-cü il tarixdən iddia ərizəsinin məhkəməyə daxil olduğu xx.xx.2023-cü il tarixədək iki ay müddətində hesablanmlıdır. Belə ki, iş materiallarında xx.xx.2023-cü il tarixdən əvvələ (xx.xx.2023-cü il tarixdən sonrakı müddət) aid cavabdehə müraciəti təsdiq edən sübut mövcud deyildir. Beləliklə, məhkəmə tərəfindən adi hesablama qaydasında 2 ay üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən illik 5 faiz hesabı ilə cavabdehdə tutulmalı olan məbləğ 178,92 manat (21471,24 x 5 %= 1073,56 manat illik, 1073,56 manat / 12 aya = 89,46 manat bir aylıq müddət üçün, 89,46 manat x 2 ay = 178,92 manat 2 aya münasibətdə hesablanan faiz məbləği) təşkil edir. Bu səbəbdən cavabdehdən 178,92 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa Azərbaycan Republikası Mülki Məcəlləsinin 449.1-ci özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarına əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.3cü və 449.4-cü maddələrinin müvafiq olaraq “pul vəsaitindən qanunsuz istifadə” və “özgə vəsaitindən istifadə” müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. Bu baxımdan, MM-in 449.1-ci maddəsinə əsasən faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülkihüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə yalnız borc məbləğinə hesablanır və bu halda, həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır. Göründüyü kimi, 449.1-ci maddənin tələbi baxımından pulun tutulmasının başlıca əsası özgəsinin pul vəsaitinin qanunusuz saxlanılması nəticəsində faydalanmanın sübut olunmasıdır ki, iddiaçı tərəf bununla bağlı məhkəmə sübut təqdim etməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdehdən qeyd olunan maddənin tələbi baxımından pul tutula bilməz. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehdən 21471,24 manat əsas borc, 178,92 manat faiz borcu tutularaq iddiçıya ödənilməli, tələb qalan hissədə rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 112.1.10-cu maddəsinə əsasən bir neçə müstəqil tələbdən ibarət olan iddialarda iddianın qiyməti bütün tələblərin ümumi məbləği ilə müəyyən edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tələbi baxımından hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 156,89 manat olmalıdır ki, iddiaçı mediasiya prosesinin keçiriməsi ilə bağlı 200 manat mediasiya xərci ödədiyindən rüsum ödəmədən məhkəməyə müraciət etmək imkanını əldə etmişdir. İddia tələbi qismən təmin edilsə də, məhkəmə sadəcə iddiaçının faiz borcu kimi tələb etdiyi 826,42 manat borcun hesablanması ilə razılaşmamış və tutulmalı olan məbləğin məbləğini azaltmışdır. Odur ki, 156,89 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda iddiaçı tərəfindən 200 manat mediasiya xərci ödənildiyindən və iddiaçı həmin məbləği cavabdehdən tələb etdiyindən ödənilmiş 200 manat mediasiya xərci də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabeh Cavabdeh 21471,24 manat əsas borc, 178,92 manat faiz, 200 manat mediasiya xərci tutularaq İddiaçı QSC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilməmiş 156,89 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar