Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-34/2024 15.01.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Əliyeva Mələk Rafail qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “Cavabdeh 10 206,96 manat əsas borc məbləği, gecikdirilmiş dövr üçün 85 manat, 210 manat ilkin mediasiya sessiyası üzrə və hüquqi xidmətin göstərilməsi üçün vəkilə ödənilmiş 300 manat məbləğ olmaqla, cəmi 10 801,96 manatın tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İddiaçı QSC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Cavabdeh 10 206,96 manat əsas borc məbləği, gecikdirilmiş dövr üçün 85 manat, 210 manat ilkin mediasiya sessiyası üzrə və hüquqi xidmətin göstərilməsi üçün vəkilə ödənilmiş 300 manat məbləğ olmaqla, cəmi 10801,96 manatın tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, İddiaçı QSC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə 7269 nömrəli diler müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən distribütor tərəflər arasında razılaşdırılmış satış şərtlərinə əsasən dilerə özünə məxsus olan malları verməyi, diler isə öz növbəsində həmin malların satışını həyata keçirməklə onların dəyərini distribütordan təhvil aldığı vaxtdan 30 gün ərzində distribütora ödəməyi öhdəsinə götürmüşdür. Satılan malın miqdarı, qiyməti malın üzərində təqdim olunan qaimələrdə öz əksini tapmışdır. xx.xx.2023-cü il tarixli üzləşmə aktından görünür ki, xx.xx.2023-cü il tarixə cavabdehin iddiaçı təşkilata 10206,96 manat borcu mövcuddur. İş materiallarına əlavə olunan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdeh tərəfindən edilən ödənişlərdən sonra Cavabdeh İddiaçı QSC-nə borcu 10206,96 manat təşkil edir. İddiaçı borcun ödənilməsi ilə bağlı pretenziya məktubu ilə cavabdehə müraciət etmiş, cavabdeh borcunu ödəmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh öhdəliklərini icra etmədiyindən ödənilməmiş borcu qalmışdır. İddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməmiş və nəticədə ödənilməmiş 10206,96 manat əsas borcu yaranmışdır ki, iddiaçı həmin borc məbləğinin və gecikdirilmiş dövr üçün 85 manat ödənilməsini tələb edir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara diler müqaviləsi, maliyyə arayışı, üzləşmə aktı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.
567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 597.1. Alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı QSC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə 7269 nömrəli diler müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən distribütor tərəflər arasında razılaşdırılmış satış şərtlərinə əsasən dilerə özünə məxsus olan malları verməyi, diler isə öz növbəsində həmin malların satışını həyata keçirməklə onların dəyərini distribütordan təhvil aldığı vaxtdan 30 gün ərzində distribütora ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli üzləşmə aktı və xx.xx.2023-cü il tarixə olan maliyyə arayışı ilə sübut olunur ki, xx.xx.2023-cü il tarixə cavabdehin iddiaçı təşkilata 10206,96 manat borcu mövcuddur. Həmin akt tərəflərin imzası ilə təsdiq olunmuşdur. Cavabdeh müqavilə üzrə öhdəliklərini tam yerinə yetirmədiyindən iddiaçı ödənilməmiş 10206,96 manat borc məbləğinin tutulmasını tələb etməkdə haqlıdır. İddia tələbinin “gecikdirilmiş dövr üçün 85 manat ödənilməsi”nə münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbi bu hissədə əsaslıdır və təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Göründüyü kimi, iddiaçı əgər digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb edə bilər. Hazırki iş üzrə iddiaçı tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edilmiş qaydada hər hansı faiz və ya cərimə (dəbbə pulu, penya) məbləği tələb etməmişdir ki, belə olan halda gecikdirilmiş vaxt üçün faiz tələb edə bilər. Belə ki, iddiaçı başqa əsasdan, yəni müqavilə əsasından çıxış edərək daha böyük məbləğ tələb edə bilməsə də, iddiaçı qeyd edilən məbləği tələb etdiyindən və məhkəmənin iddia tələbindən kənara çıxmaq hüququ olmadığından məhkəmə hesab edir ki, iddia tələbi qiymət verilən hissədə təmin edilməlidir. Belə ki, iddiaçı qeyd edilən faizin hesablanmasının başlanmasının cavabdehə pretenziyanın verildiy xx.xx.2023-cü il tarixdən, 2 ay üçün hesablanmasını xahiş etmişdir. Belə ki, illik 5 faiz olmaqla (10296,96*5)/12=85,05 manat təşkil edir. Bundan əlavə, iddiaçı hüquqi xidmətlərə görə 300 manat məbləğində vəsaitin cavabdehdən tutulmasını tələb edir. MPM-in 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, iddiaçının vəkili 2 dəfə məhkəmə iclasında iştirak etmişdir. Odur ki, hüquqi xidmətə görə 200 manat pul məbləğinin iddiaçının xeyrinə cavabdehdən tutulması qanuni və ədalətli qəbul edilməlidir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 120,87 manat olmalıdır ki, iddia tələbi təmin edildiyindən həmin dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Həmçinin iddiaçı tərəfindən tələb olunan 210 manat mediasiya xərcinə münasibətdə məhkəmə qeyd edir ki, “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”nin təsdiq edilməsi barədə” NKnin xx.xx.2019-cu il tarixli Qərarının 3.5-ci bəndinə əsasən, iddia qiyməti 10001 manatdan 50000 manatadək olduqda 200 manat mediasiya xərci ödənilməlidir. Odur ki, 200 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:
İddia təmin edilsin. Cavabdeh 10 206,96 manat əsas borc, gecikdirilmiş dövr üçün 85 manat, hüquqi xidmətə görə 200 manat və mediasiya xərci olaraq 200 manat pulun tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Ödənilməmiş 120,87 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Mübariz Hüseynov