Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-361/2024 03.05.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Cavabdeh qarşı “300 manat abunə borcu, 35 manat qeydiyyatdan çıxma aktı və 30 manat dövlət rüsumunun tutulması” tələbinə dair işə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Servis Texniki Xidmət Mərkəzinin (STXM) İddiaçı MMC (bundan sonra mətndə İddiaçı) ilə Cavabdeh (bundan sonra mətndə-Cavabdeh) arasında sonuncuya servis texniki xidmət göstərmək məqsədi ilə xx.xx.2019-cu il tarixli 500600 nömrəli müqavilə bağlamışdır. Həmin Müqavilənin 1-ci bəndinə əsasən istehlakçı Merkuri-130F-01 tipli, 00151228 zavod nömrəli nəzarət kassa aparatına (NKA) istismar qaydalarına uyğun servis texniki xidmət göstərməyi tapşırmış, STXM isə həmin istismar qaydalarına uyğun tapşırığı öz üzərinə götürmüşdür. 3-cü bəndinə əsasən istehlakçının STXM-in hüquq və məsuliyyətləri Nazirlər Kabinetinin 266 saylı xx.xx.1995-ci il tarixli qərarının 9 və 10-cu bəndləri ilə tənzimlənir. 5-ci bəndinə əsasən mütəmadi və fasiləsiz xidmət göstərmək üçün istehlakçı tərəfindən STXM-ə hər ay 6 manat məbləğində vəsait ödənilir və həmin müddətdə NKA-ya göstərilən texniki xidmət və təmirin dəyəri STXM-in üzərinə düşür. Tərəflər arasında mübahisə həllini tapmadığından iddaçı məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin xüsusi icazəsi ilə Merkuri 115 F-01,150 F-01,1** MF ***F-01 markalı nəzarət kassa aparatlarına xidmət edir. Cəmiyyətin fəaliyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 1995-ci il tarixli 266 saylı Qərarı ilə tənzimlənir. Həmin qərarın 10.9.1-ci bəndinə əsasən Vergi ödəyicisi kassa aparatını qeydiyyata salan zaman xüsusi icazəsi olan STXM (servis texniki xidmət mərkəzi) ilə müqavilə bağlamalıdır. Belə ki, nəzarət kassa aparatı (NKA) vasitəsi ilə ödəyici (istehlakcı) pul əməliyyatlarını qeyd edir. Və NKA-da rüb ərzində vurulan bu pulların cəminə ( Zhesabatı) görə ödəyici vergini ödəyir. NKA-ya kənar müdaxilələr olmasın deyə xüsusi icazəsi olan STXM-bu kassanın fiskal yaddaşını blomblayır. Vergi ödəyicisimüqavilə bağladıqdan sonra STXM kassanı blomplayır və xüsusi Akt tərtib etməklə bu Aktı Vergilər Nazirliyinə yollayır. Vergilər Nazirliyi bu blomb Aktı əsasında bu kassanı qeydiyyata alır. (Blomb Aktı əlavə edilir.) Hər rüb Vergi ödəyicisi Vergiyə bəyannamə (online) təqdim edir, bəyannamədə rüb ərzində vurulan pulu qeyd edir. Bu məbləğ STXM-tərəfindən Z-hesabatı çıxarılaraq VN-ə təqdim edilərək təsdiqlənir. Həmçini işlədiyi dövrdə STXM-tərəfindən hər mövsümdə saat dəyişikliyi etmək və uyğun saatı düzəltmək, kassa aparatı xarab olarsa, onu təmir etməkdir. Bu qərara əsasən İddiaçı MMC Cavabdeh (VÖEN: **********) arasında da xx.xx.2019-cu ildə 500600 nömrəli müqavilə imzalanmışdır və nəzarət kassa aparatı qeydiyyata alınaraq istifadəsinə icazə verilmişdir. Həmin müqaviləyə əsasən vergi ödəyiciləri hər ay üçün 6 manat xidmət pulu ödəməyi öhdəsinə götürür. Vergi ödəyici olan Cavabdeh həmin öhdəliyi yerinə yetirməmişdir. Beləliklə Cavabdeh tərəfindən, 2019-9ay, 2020-7ay, 2021-ci ildən 11 ay, 2022-ci ildən 12ay, 2023-cü ildən 11 ay xidmət pulu ödənilməmişdir. Toplamda cavabdehin 50 ay abunə borcu 300 manat və qeydiyyatdan çıxma aktı 35 manat pul məbləği ödənilməmişdir. Həmçinin məhkəmənin keçirilməsi ilə bağlı 30 manat məbləğində məhkəmə xərci ödənilmişdir. Bu səbəbdən tələb olunan pulun cavabdehdən tutulmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada məhkəmə bildirişi və sənədləri ünvanı üzrə şəxsən xx.xx.2024-cü il tarixdə təqdim olunmasına baxmayaraq iddia tələbinə qarşı əsaslandırılmış etirazını 10 iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: xx.xx.2019cu il tarixli, 500600 nömrəli müqavilə, cavabdehin təqdim edilən çıxarışlar, maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 752.1, 752.2) İlk öncə məhkəmə tərəflər arasında yaranmış hüquq münasibətlərinin xarakterinə münasibətdə qeyd edir ki, tərəflər arasında podrat münasibətlərindən əmələ gələn müqavilə bağlanmışdır. Belə ki, cavabdehin sifarişi əsasında onun nəzarət-kassa aparatına texniki servis xidməti göstərilmiş və bunun müqabilində cavabdeh muzd ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə iş materiallarını, tərəflər arasında bağlanmış müqavilə şərtlərini və bu münasibətlərə tətbiq edilən hüquq normalarını təhlil edərək müəyyən edir ki, tərəflər arasında bağlanmış müqavilə şərtləri ilə xidmətin göstərilməsini və həmin xidmətin qəbul edilməsini təsdiq edən sübutlar iş materiallarına əlavə edilməmişdir. Belə ki, tərəflər arasında hazırkı iş üzrə müqavilə bağlanan zaman qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 28 dekabr tarixli, 266 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında nəzarət-kassa aparatlarının satışı, istismarı, servis-texniki xidmət və təmiri qaydaları haqqında”Əsasnamənin 10.8-ci bəndində servis texniki xidmət mərkəzinin vəzifələri qeyd edilmişdir. Həmin Əsasnamənin 10.8.10-cu bəndində servis texniki xidmət mərkəzinin nəzarətkassa aparatı istismara verilən zaman NKA istehlakçılarını STXM-in səlahiyyətli nümayəndəsinin imzası və möhürü ilə təsdiq edilmiş texniki xidmət jurnalı və nəzarətkassa aparatı işləmədiyi dövrdə aparılan əməliyyatların uçotu kitabı ilə təmin etmək. NKA-nın istehlakçılarında saxlanılan nəzarət-kassa aparatlarının texniki xidmət jurnalında işlərin görülməsini qeydiyyata almaq. Eyni zamanda, Əsasnamənin 10.8.11-ci bəndinə əsasən servis texniki xidmət mərkəzinin NKA istismara verildikdə, həmçinin servis texniki xidməti və təmir aparılana qədər və ondan sonra sahələrarası ekspert komissiyası tərəfindən müəyyənləşdirilmiş cədvəllərdə STXM-in nümayəndəsinin imzası və ştampı ilə təsdiq olunmaq şərti ilə fiskal yaddaşın vəziyyətini qeydə almaq vəzifələri qeyd edilmişdir. İddiaçı tərəfindən qeyd edilən Əsasnamənin müddəalarına uyğun olan sənədlər təqdim edilməmişdir. Bundan əlavə, Cavabdeh xx.xx.2019-cu il tarixdə təhkim edilmiş müvafiq NKA Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 14 fevral tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmalı olan “Nəzarət-kassa aparatlarının tətbiqi Qrafiki”nin tələblərinə görə Şəki şəhərində fəaliyyət göstərən bütün sahibkarlıq subyektlərində 2021-ci il 1 oktyabr tarixədək tam olaraq yeni nəsil elektron NKA ilə təchiz edilməli idi. Həmin Qaydaların “Qeyd” hissəsində göstərilir ki, Bu Qrafik təsdiq edilənədək vergi uçotuna alınmış vergi ödəyiciləri tərəfindən istismar edilən nəzarət-kassa aparatları Qrafikdə müəyyən edilmiş müddətədək istifadə edilməli və qeyd edilən müddətdən sonra həmin nəzarət-kassa aparatları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi meyarlara cavab verən, Azərbaycan Respublikası Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulması nəzərdə tutulan nəzarət-kassa aparatları ilə əvəz edilməlidir. Bu Qrafik təsdiq edildikdən sonra yeni uçota alınan təsərrüfat subyektlərində (obyektlərində) Qrafikə uyğun olaraq, quraşdırılacaq nəzarətkassa aparatları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi meyarlara cavab verməli və Azərbaycan Respublikası Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşularaq istifadə edilməlidir. Göründüyü kimi, qeyd edilən qanunvericiliyin tələbinə əsasən hazırkı vəziyyətdə Şəki şəhərində fəaliyyət göstərən müvafiq sahibkarlıq subyeklərində ən azı 2022-ci ilin 01 yanvar tarixinə elektron NKA-nın quraşdırılması təmin edilir. İddiaçı bu faktı təkzib edən sübutlarını təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 755-ci maddəsinə əsasən podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. İddiaçı məhkəməyə təqdim etdiyi digər cavabdehlərə qarşı əksər iddia ərizələrində cavabdehin 2019-9ay, 2020-7ay, 2021-ci ildən 11 ay, 2022-ci ildən 12ay, 2023-cü ildən 11 ay xidmət pulu ödənilmədiyini qeyd edir. Bununla bağlı məhkəmənin icraatında olan e-2- 2(117)-428/2024, e-2-2(117)-429/2024 nömrəli və digər işləri qeyd etmək mümkündür. Qeyd edilən ödənilməyən vəsaitlərin eyniliyi məhkəmədə şübhə yaradır. Belə ki, iddiaçı cavabdehə 2023-cü ilin sonunadək xidmət göstərdiyini bildirsə də, halbuki, 2021-ci ildən qeyd edilən NKA-lar yeni nəsil elektron aparatlarla əvəz edilmiş, iddiaçı tərəfindən isə xidmətin göstərilməsini təsdiq edən sübutlar təqdim edilməmişdir. Şərh olunanlara əsasən məhkəmə qeyd edir ki, iddiaçı tələbini sübuta yetirə bilməmiş, NKA –ya müvafiq xidmətin göstərilməsi ilə bağlı sübutlarını məhkəməyə təqdim etmədiyindən və bu hal sübuta yetirilmədiyindən, eyni zamanda yeni nəsil elektron NKAlar tətbiq edildiyindən və hazırkı vaxta kimi qeyd edilən xidmətlərin haqqının tələb etməməsinin əsaslarını sübuta yetirə bilmədiyindən məhkəmə iddianın rədd edilməsi nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM): 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir. 8.1. Mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 47.1. İşdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. Mülki Məcəllənin: 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 49.3. Hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Məhkəmə yekunda qeyd edir ki, yuxarıda qeyd edilən normalar mülki proses tərəflərinin iştirak etdiyi mübahisəyə ədalətlə, qərəzsiz və obyektiv baxmalı, məhkəmə qərarı tərəfin üzərinə əsassız olaraq öhdəlik qoyma məqsədi və ya onun ədalətsiz olaraq maliyyə yükü ilə yükləmək məqsədi daşımamalıdır. Məhkəmə işin faktiki hallarını və həmin hallara tətbiq edilən qanunvericilik normalarını, daxili inamı əsas tutaraq mübahisənin hallarını araşdırıb bu nəticəyə gəlir ki, hazırki vəziyyətdə iddiaçı iddia tələbində haqlı olduğunu sübuta yetirə bilmədiyindən iddia tələbi rədd edilməlidir. Məhkəmə işin hallarını nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki icraatda iddiaçının üzərinə iddia tələbini sübut etmək, qarşı tərəfin üzərinə isə etirazlarının əsaslarını sübut etmək vəzifəsi, məhkəmənin isə həmin hallara hüquqi qiymət vermək üçün müəyyən hədləri müəyyən etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “300 manat abunə borcu, 35 manat qeydiyyatdan çıxma aktı və 30 manat dövlət rüsumunun tutulması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-361/2024
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-361/2024
03.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver