Məhkəmə qərarları › İş №e-2-2(117)-367/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-367/2025

23.01.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-367/2025 23.01.2026 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi, Musayeva Turan Haxverdi qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx"Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidmətinin nümayəndəsi X2 iştirakları ilə İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidməti və "xxxx" Açıq Səhmdar Cəmiyyəti cəlb edilməklə “torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilələrin ləğv olunması, cavabdehin torpaq sahəsindən çıxarılması və icarə haqqı” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki Bələdiyyəsi ilə "xxxx"Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 25,17 hektar torpaq sahəsinin 40 il müddətinə icarəyə verilməsi haqqında 26 ilyul 2005-ci il tarixli 38 nömrəli və 40 hektar torpaq sahəsinin 40 il müddətinə icarəyə verilməsi haqqında 27 iyul 2005-ci il tarixli 39 nömrəli “torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilələrin, 26 iyul 2005-ci il tarixli 38 və 27 iyul 2005-ci il tarixli 39 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilələrə 06 mart 2012-ci il tarixli “əlavə”lərin ləğv edilməsi, "xxxx"ASC-nin 26 iyul 2005-ci il tarixli 38 nömrəli müqavilə ilə icarəsinə verilmiş 25,17 hektar və 27 iyul 2005-ci il tarixli 39 nömrəli icarə müqaviləsi ilə icarəsinə verilmiş 40 hektar torpaq sahələrindən çıxarılması, torpaq sahələrinin Şəki bələdiyyəsinə qaytarılması, ödənilməmiş 22809,50 manat icarə haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şəki Bələdiyyəsinin 26 iyul 2005-ci il tarixli 07 saylı iclasının 37 saylı qərarında göstərilir ki, tut tingi bağlarının salınması məqsəd ilə "xxxx" ASC-nə bələdiyyənin şəhərin perspektiv inkişafı üçün nəzərdə tutulan torpaq sahəsindən “Finski” evlərin yanından 25,17 ha torpaq sahəsi uzun müddətli (40 il) icarə qaydasında icarəyə verilməsi məqsdə müvafiq hesab edilsin və bu haqda bağlanılan müqavilə təsdiq edilsin. Tut tingi bağlarının salınması məqsəd ilə "xxxx" ASC-nə bələdiyyənin şəhərin perspektiv inkişafı üçün nəzərdə tutulan torpaq sahəsindən “salıncaq” adlanan sahədən 40 ha torpaq sahəsi uzun müddətli (40 il) icarə qaydasında icarəyə verilməsi məqsədə müvafiq hesab edilsin və bu haqda bağlanılan müqavilə təsdiq edilsin. Həmin qərarlar əsasında Şəki bələdiyyəsi ilə "xxxx" ASC arasında 25,17 hektar torpaq sahəsinin 40 il müddətinə hər il üçün 3.775.500 manat icarə haqqı ödənilməklə 26 iyul 2005-ci il tarixdə “torpaq sahəsinin icarəyə veirlməsi haqqında” 38 nömrəli, 27 iyul 2005-ci il tarixdə 40 hektar torpaq sahəsinin 40 il müddətinə hər il üçün 6.000.000 manat (1200 manat, hər hektar üçün 30 manat) icarə haqqı ödənilməklə “torpaq sahəsinin icarəyə veirlməsi haqqında” 39 nöməli müqavilələr bağlanmışdır. Həmin müqavilələr qanunsuz və əsassız olduğuna görə ləğv edilməlidir. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 11.5.-ci maddəsində göstərilir ki, bələdiyyələrin ehtiyat fondundan yaşayış məntəqələrinin perspektiv inkişafı üçün ayrılan torpaqlar hüquqi və fiziki şəxslərin icarəsinə yalnız qısa müddətə verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 50-ci maddəsinə əsasən qısamüddətli istifadə 15 ilədək müəyyən edilir. Torpaqların icarəyə verilməsi haqqında yuxarıda qeyd olunan müqaviləlırin bağlandığı vaxtdan isə 19 il keçmişdir. Şəki bələdiyyəsi ilə "xxxx" ASC arasında bağlanmış müqavilələr həmin vaxt dövlət qeydiyyatına alınma funksiyasını həyata keçirən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon şöbəsində qeydiyyata alınmamış və icarə hüquqları dövlət qeydiyyatını həyata keçirən daşınmaz əmlakın dövlət reyestri orqanlarında qedydiyyatdan keçməmişdir. Halbuki, Azəryacan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinə və “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 12- ci maddəsinə əsasən torpaq sahəsi üzərində müddəti on bir aydan çox olan icarə hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır. Torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Yuxarıda qeyd olunduğu kimi sözügedən müqavilələrin 2.4-cü maddələrinə əsasən icarə haqqı bir ildə hər bir hektar üçün 30 AZN müəyyən edilmişdir. Şəki bələdiyyəsinin və "xxxx" ASC-nin nümayəndələrinin imzaları və müvafiq möhürlərlə təsdiq edilmiş 06 mart 2012-ci il tarixli “Əlavə”lərlə 26 iyul 2005-ci il tarixli 38 və 27 iyul 2005-ci il tarixli 39 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilələrin 2.4.-cü maddələrində düzəlişlər edilərək bir illik icarə haqqı 38 nömrəli müqavilə üzrə 1258 (bir min iki yüz əlli səkkiz) manat, 39 nömrəli müqavilə üzrə 2000 (iki min) manat (hər hektar üçün 50 manat) müəyyən edilmişdir. Müəyyən edilən icarə haqqı üzrə axırıncı dəfə 03 mart 2015-ci il tarixdə 3258 manat ödənilmişdir. Həmin müddətdən sonra ödənilməmiş icarə haqqı 22809.50 manat təşkil edir ki, ödənilməmiş icarə haqqı Şəki bələdiyyəsinin bank hesabına "xxxx" ASC tərəfindən ödənilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 8-ci maddəsinıə əsasən bələdiyyə torpaqlarının istifadəçilərindən torpaq sahələrinin icarəsinə görə haqq alınması bələdiyyələrin səlahiyyətlərinə daxildir.

3. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx"Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi iddia müddətinin tətbiqi barədə ərizə ilə müraciət edərək bildirmişdir ki, iddia ərizəsində qeyd olunanlardan görünür ki, iddiaçı cavabdeh tərəfindən bağlanmış icarə müqavilələri üzrə sonuncu dəfə 03 mart 2015-ci ildə ödənişin edildiyini, qeyd olunan tarixdən bugünədək icarə müqaviləsi qüvvədə olmasına baxmayaraq hər-hansı ödənişlərin edilmədiyi bildirilmişdir. Tərəflər arasında bağlanmış icarə müqaviləsinin 2.8-ci bəndinə görünür ki, icarə haqqı hər rübün axırıncı ayının 25-dən gec olmayaraq ödənilməmildir. Bu isə o deməkdir ki, hər rübün sonuncu ayının 25-nə qədər cavabdeh icarə haqqı borcunu ödəməmişdirsə, həmin tarixdən etibarən iddia müddətinin axımı başlamışdır. Çünki icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İddia ərizəsində qeyd olunanlara əsasən iddiaçının müqavilə üzrə sonuncu ödənişi marta ayında olması nəzərə alınarsa, iddiaçının müqavilənin 2.8-ci bəndinə uyğun olaraq tələb etmə hüququ 2015-ci ilin iyun ayının 25-dən yarandığından, qanunvericiliyə uyğun iddia müddətinin axımı 2015-ci ilin 25 iyun tarixindən hesablanmalıdır. Hazırki iş üzrə isə iddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. Eyni zamanda qeyd olunur ki, iddiaçı tərəfindən iki müqavilə əsasında 22809,50 manat icarə haqqı borcunun ödənilməsi tələb olunsada qeyd olunana borcun mövcudluğunu təsdiq edən hərhansı sənəd (müvafiq maliyyə sənədi və.s) məhkəməyə təqdim olunmamışdır. Qeyd olunanlara əsasən iddia müddətini tədbiq etməklə iddia tələbinin rədd edilməsi xahiş edilmişdir.

II. Tərəflərin mövqeləri:

4. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iştirak edərək izahatında bildirmişdir ki, Şəki Bələdiyyəsinin 26 iyul 2005-ci il tarixli 07 saylı iclasının 37 saylı qərarında göstərilir ki, tut tingi bağlarının salınması məqsəd ilə "xxxx" ASC-nə bələdiyyənin şəhərin perspektiv inkişafı üçün nəzərdə tutulan torpaq sahəsindən “Finski” evlərin yanından 25,17 ha torpaq sahəsi uzun müddətli 40 il icarə qaydasında icarəyə verilməsi məqsədə müvafiq hesab edilmiş və bu haqda bağlanılan müqavilə təsdiq edilmişdir. Tut tingi bağlarının salınması məqsəd ilə "xxxx" ASC-nə bələdiyyənin şəhərin perspektiv inkişafı üçün nəzərdə tutulan torpaq sahəsindən salıncaq adlanan sahədən 40 ha torpaq sahəsi uzun müddətli 40 il icarə qaydasında icarəyə verilməsi məqsədə müvafiq hesab edilərək və bu haqda bağlanılan müqavilə təsdiq edilmişdir. Həmin qərarlar əsasında Şəki bələdiyyəsi ilə "xxxx" ASC arasında 25,17 hektar torpaq sahəsinin 40 il müddətinə hər il üçün 3.775.500 manat yəni 755,1 manat, hər hektar üçün 30 manat olmaqla icarə haqqı ödənilməklə 26 iyul 2005-ci il tarixdə “torpaq sahəsinin icarəyə veirlməsi haqqında” 38 nömrəli, 27 iyul 2005-ci il tarixdə 40 hektar torpaq sahəsinin 40 il müddətinə hər il üçün 6.000.000 manat yəni 1200 manat, hər hektar üçün isə 30 manat icarə haqqı ödənilməklə “torpaq sahəsinin icarəyə verilməsi haqqında” 39 nöməli müqavilələr bağlanmışdır. Həmin müqavilələr qanunsuz və əsassız olduğuna görə ləğv edilməlidir. Belə ki, Şəki Bələdiyyəsi ilə "xxxx" ASC arasında bağlanmış müqavilələr həmin vaxt dövlət qeydiyyatına alınma funksiyasını həyata keçirən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritə çəkmə Komitəsinin Şəki rayon şöbəsində qeydiyyata alınmamış və icarə hüquqları dövlət qeydiyyatını həyata keçirən daşınmaz əmlakın dövlət reyestri orqanlarında qedydiyyatdan keçməmişdir. Şəki Bələdiyyəsi ilə X3 Cəmiyyəti arasında bağlanmış 25,17 hektar torpaq sahəsinin 40 il müddtəinə icarəyə verilməsi haqqında 26 ilyul 2005-ci il tarixli 38 nömrəli və 40 hektar torpaq sahəsinin 40 il müddətinə icarəyə verilməsi haqqında 27 iyul 2005-ci il tarixli 39 nömrəli “torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilələrin, 26 iyul 2005-ci il tarixli 38 və 27 iyul 2005-ci il tarixli 39 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilələrə 06 mart 2012-ci il tarixli əlavələrin ləğv edilməsi, Şəki-İpək ASC-nin 26 ilyul 2005-ci il tarixli 38 nömrəli müqavilə ilə icarəsinə verilmiş 25,17 hektar və 27 iyul 2005-ci il tarixli 39 nömrəli icarə müqaviləsi ilə icarəsinə verilmiş 40 hektar torpaq sahələrindən çıxarılması, torpaq sahələrinin Şəki Bələdiyyəsinə qaytarılması, ödənilməmiş 22809,50 manat iyirmi iki min səkkiz yüz doqquz manat 50 qəpik icarə haqqının ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etdi.

5. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasında iştirak edərək izahatında bildirmişdir ki, həqiqətən Cavabdeh ASC ilə Şəki Bələdiyyəsi arasında icarə müqaviləsi bağlanmış və Cavabdeh ASC-nin həmin müqavilədən irəli gələn ödənilməmiş borcu vardır. Lakin əvvəllər Şəki İnzibati-İqtisadi Məhkəməsinin qərarına əsasən Cavabdeh ASC-nin 37550000 manat dəyərində olan əmlakı siyahıya alınmış və həmin əmlakların Ararkredit BOKT QSC-yə verilməsi qərara alınmışdır. Çünki müəssisə Ararkredit BOKT QSC-dən müəyyən məbləğdə kredit götürmüş və borcu var idi. Bundan sonra Cavabdeh ASC Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə Azərbaycan Sənaye Korporasiyasının tərkibinə verilmişdir. Bundan sonra Əmlak Məsələləri Dövlət xidmətinin əməkdaşları müəssisənin ərazisinə gələrək, bütün əmlakı yenidən siyahıya alaraq, həmçinin bələdiyyədən icarəyə götürülən torpaq sahəsinə də baxış keçirərək, oradakı tut ağaclarını siyahıya aldılar. Həmin icarəyə verilən torpaq sahəsinin kimə məxsus olmasına dair məlumatı yoxdur, icarə müqaviləsi bağlayan zamanda bu barədə məlumatı olmamışdır. Mübahisə predmeti olan torpaq sahələrində salınmış tut tinglərinin həmin müəssisənin balansında olmaqla, pulla qiymətləndirilən əmlak kimi cəmiyyətin nizamnamə kapitalının bir hissəsini təşkil etdiyini, həmin torpaq sahəsinə böyük miqdarda investisiya qoyulduğunu və hazırda qeyd olunan tut tinglərinin "xxxx" ASC-nin barama istehsalının təmin edilməsində mühüm əhəmiyyətə malik olduğunu, eləcə də iddia predmeti olan torpaq sahəsinin hazırda faktiki olaraq "xxxx" ASC-nin istifadəsində olduğunu bildirmişdir. Hazırda Cavabdeh ASC-nin heç bir əmlakı və müəyyən məbləğdə vəsaiti yoxdur. Bu səbəbdən qeyd edilən icarə borcunun ödəmə qabiliyyəti də olmayacaqdır. İddia müddətinin tətbiqi barədə ərizəni müdafiə edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi.

6. Məhkəmənin iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidmətinin nümayəndəsi izahat verərək bildirmişdi ki, məhkəmə tərəfindən reyestr idarəsinə sorğu göndərilmişdir ki, həmin əraziyə baxış keçirilsin və rəy verilsin. Əminliklə deyə bilər ki, həmin əraziyə baxış keçirilməmişdir. Reyestr idarəsinə sorğu göndərilmiş və bələdiyyənin nümayəndəsini çağırmışlar ki, onlara həmin ərazini göstərsinlər birlikdə baxış keçirsinlər. Lakin bələdiyyənin nümayəndəsi isə həmin ərazini tanımadığını bildirmişdir. Birinci və ikinci dəfə ekspertiza keçirilən zaman həmin əraziyə bələdiyyə getməmişdir. Çünki iddaçının özü o ərazini tanımır. İş materiallarında olan rəy düzgün rəy deyildir və düzgün tərtib edilməmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

IV. Tədqiq olunan sübutlar:

8. İddiaçı ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında İddiaçı xx.xx.2005-ci il tarixli 37 saylı qərarı əsasında xx.xx.2005-ci il tarixli 38 nömrəli “torpaq icarə müqaviləsi” bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən İddiaçı mülkiyyətində olan 25,17 ha torpaq sahəsini, plantasiya üsulu ilə tut bağı salmaq məqsədi ilə 40 il müddətinə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin icarəsinə verməyi, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti isə öz növbəsində həmin torpaq sahəsindən təyinatı üzrə istifadə edib, müəyyən edilmiş icarə haqqını iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.4-cü bəndinə əsasən qeyd olunan torpaq sahəsi üzrə illik icarə haqqı ******* manat müəyyən edilmişdir. 2.8-ci bəndinə əsasən icarə haqqı hər rübün axırıncı ayının 25-dən gec olmayaraq ödənilməlidir. Qeyd olunan müqavilə iddiaçı və cavabdeh tərəfin imza və möhürləri təsdiq edilməklə imzalanmış və etibarsız olmamışdır.

9. İddiaçı il Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2005-ci il tarixli 38 nömrəli “torpaq icarə” müqaviləsinə xx.xx.2012-ci il tarixli əlavə imzalanmışdır. Həmin əlavədə xx.xx.2005-ci il tarixli 38 nömrəli “torpaq icarə” müqaviləsinə dəyişiklik edilmiş və dəyişikliyə əsasən illik icarə haqqı 1258,5 manat müəyyən edilmişdir. Həmin əlavə iddiaçı və cavabdeh tərəfin imza və möhürləri təsdiq edilməklə imzalanmış və etibarsız olmamışdır.

10. İddiaçı il Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında İddiaçı xx.xx.2005-ci il tarixli 37 saylı qərarı əsasında xx.xx.2005-ci il tarixli 39 nömrəli “torpaq icarə müqaviləsi” bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən İddiaçı mülkiyyətində olan 40 ha torpaq sahəsini, plantasiya üsulu ilə tut bağı salmaq məqsədi ilə 40 il müddətinə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin icarəsinə verməyi, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti isə öz növbəsində həmin torpaq sahəsindən təyinatı üzrə istifadə edib, müəyyən edilmiş icarə haqqını iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.4-cü bəndinə əsasən qeyd olunan torpaq sahəsi üzrə illik icarə haqqı ******* manat müəyyən edilmişdir. 2.8-ci bəndinə əsasən icarə haqqı hər rübün axırıncı ayının 25-dən gec olmayaraq ödənilməlidir. Qeyd olunan müqavilə iddiaçı və cavabdeh tərəfin imza və möhürləri təsdiq edilməklə imzalanmış və etibarsız olmamışdır.

11. İddiaçı il Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2005-ci il tarixli 39 nömrəli “torpaq icarə” müqaviləsinə xx.xx.2012-ci il tarixli əlavə imzalanmışdır. Həmin əlavədə xx.xx.2005-ci il tarixli 39 nömrəli “torpaq icarə” müqaviləsinə dəyişiklik edilmiş və dəyişikliyə əsasən illik icarə haqqı 2000 manat müəyyən edilmişdir. Həmin əlavə iddiaçı və cavabdeh tərəfin imza və möhürləri təsdiq edilməklə imzalanmış və etibarsız olmamışdır.

12. İddiaçı ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış icarə müqavilələri əsasında aparılmış qarşılıqlı hesablaşmalardan çıxarışda tərəflər arasında müqavilə bağlanan 2005-ci il tarixdən 2017-ci il tarixədək icarə haqqı üzrə hesablanan məbləğ və ödənişlər öz əksini tapmışdır. Həmin çıxarışdan görünür ki, cavabdeh tərəfindən sonuncu dəfə xx.xx.2015-ci il tarixdə 3258,50 manat icarə haqqı ödənilmişdir.

13. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 15 nömrəli sərəncamdan görünür ki, "xxxx" ASC-nin tabeliyində olmuş "xxxx" MMC "xxxx" ASC-yə çevrilmiş və "xxxx" ASC-nin hüquqi ünvanı Şəki şəhəri, X6 küçəsi 1 müəyyən edilmişdir.

14. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilən xx.xx.2025-ci il tarixli çıxarışdan görünür ki, "xxxx" ASC vergi orqanı tərəfindən qeydiyyata alınmış və hüquqi ünvanı Şəki şəhəri, X6 küçəsi 1 müəyyən edilmişdir. "xxxx" ASC-nin səhmlərinin 100%-nin Azərbaycan Respublikasına mənsub olması çıxarışda qeyd olunmuşdur.

15. İş materiallarında olan Bələdiyyə torpaqlarının təhvil verilməsi haqqında xx.xx.2000-ci il tarixli, Dövlət Yerqruluşu Layihə İnstitutunun, Rayon rorpaq şöbəsinin, İcra Hakimiyyətinin və Bələdiyyənin nümayəndəsinin iştirakı ilə tərtib edilmiş protokoldan görünür ki, “Bələdiyyə ərazilərinin və torpaqları haqqında” Azərbaycan Respublikası qanununun 2-ci maddəsinə əsasən torpaq islahatı zamanı müxtəlif kateqoriyalar üzrə, ümumilikdə cəmi 1677 hektar torpaq sahəsi İddiaçınə təhvil verilmişdir. Həmin protokol Dövlət Yerqruluşu Layihə İnstitutunun, Rayon rorpaq şöbəsinin, İcra Hakimiyyətinin və Bələdiyyənin nümayəndəsi tərəfindən imzalanmış və möhürlə təsdiq edilmişdir.

16. İş materiallarında olan xx.xx.2018-ci il tarixli "xxxx" MMC-nin təsisçisinin qərarından görünür ki, nizamnamə kapitalı, hər birinin nominal dəyəri 10 manat olan 10 paydan ibarət, 100 manat müəyyən edilməklə, yeni "xxxx" MMC yaradılmış və nizamnaməsinin təsdiq edilməsi qərara alınmışdır.

17. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı əsasında verilən Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyində qeyd olunmuşdur ki, iddia olunan xx.xx.2005-ci il tarixli 38 nömrəli “torpaq icarə müqaviləsi” əsasında icarəyə verilən torpaq sahəsi naturada 20 ha olub yerləşmə vəziyyəti, döngə nöqtələri və kordinatları tərtib edilmiş yerqruluşu planında göstərilmişdir. İddia olunan 20 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir və Şəki Bələdiyyəsinin bildirdiyinə görə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin istifadəsindədir. Sözü gedən xx.xx.2005-ci il tarixli 39 nömrəli “torpaq icarə müqaviləsi” əsasında icarəyə verilən 40 ha torpaq sahəsi yerləşmə vəziyyəti döngə nöqtələri və koordinatları tərtib edilmiş yerqruluşu planında göstərilmişdir. Həmçinin qeyd olunan yerquruluşu planı və sxem həmin rəyə əlavə edilmişdir. Həmin sxemdə qeyd olunan torpaq sahəsinin kordinatları öz əksini tapmışdır.

18. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı əsasında verilən Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyində qeyd olunmuşdur ki, iddia olunan torpaq sahəsi naturada 25,17 ha olub yerləşmə vəziyyəti, döngə nöqtələri və kordinatları tərtib edilmiş yerqruluşu planında göstərilmişdir. İddia olunan 25,17 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir və Şəki Bələdiyyəsinin bildirdiyinə görə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin istifadəsindədir. Həmçinin qeyd olunan yerquruluşu planı və sxem həmin rəyə əlavə edilmişdir. Həmin sxemdə qeyd olunan torpaq sahəsinin kordinatları öz əksini tapmışdır. 19."xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 4 dekabr 2017-ci il 1704 nömrəli Fərmanı: 2. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının (bundan sonra – "xxxx" QSC) "xxxx" Açıq Səhmdar Cəmiyyətindən aldığı, problemli aktivlərin (borcların) əvəzində əldə etdiyi, Azərbaycan Respublikasının ərazisində yerləşən və onun mülkiyyətində (balansında) olan əmlak, o cümlədən bu Fərmanın əlavəsində göstərilən hüquqi şəxslərə məxsus olmuş dövlət əmlakı, habelə alınacaq aktivlər üzrə tələb hüququ "xxxx" Açıq Səhmdar Cəmiyyətindən "xxxx" QSC-yə ötürülmüş X1 “Fujairah” azad iqtisadi zonasında yerləşən pambıq iplik istehsalı üzrə “United Textiles FZE” müəssisəsinin maşın və avadanlıqları "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – "xxxx" ASC) mülkiyyətinə (balansına) verilsin.

20. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin bəzi müəssisələrinin və balansında olan obyektlərin özəlləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 29 oktyabr 2021-ci il tarixli, 2979 nömrəli Sərəncamına əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əmlakı özəlləşdirilməyə açıq elan edilmişdir.

21. "xxxx" ASC-nin rəsmi internet səhifəsindən əldə olunan məlumatda qeyd olunmuşdur ki, “Hal-hazırda fəaliyyət göstərən "xxxx" MMC 1931-ci ildə təməli qoyulmuş fabrikin nəzdində fəaliyyət göstərir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 2017-ci il tarixli № 1665 saylı fərmanına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Baş direktoru Kamran Nəbizadənin 13 aprel 2018-ci il tarixli fərmanı ilə "xxxx" MMC yaradılmışdır.”

22. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin rəsmi internet səhifəsindən əldə olunan məlumatda qeyd olunmuşdur ki, "xxxx" MMC 2018-ci ildə yaradılıb. Cəmiyyətin tərkibində olan istehsal sahələrinə baramadan xam ipəyi açan istehsalat, toxucu istehsalatı, boyaqbəzək istehsalatı, pambıq əyirici istehsalatı, burucu sex daxildir. Qeyri-istehsal sahələri isə idarə binası, mexanika, energetika, avtonəqliyyat və xammal sahələrindən ibarətdir. V. Tətbiq edilən hüquq:

23. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 700.1-ci maddəsinə əsasən İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3-cü maddəsinə əsasən Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 706.1-ci maddəsinə əsasən Torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. 706.2-ci maddəsinə əsasən Torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər. 706.3-cü maddəsinə əsasən Torpaq icarəsi müqaviləsində icarəyə verilən torpaq sahəsinin ölçüsü, keyfiyyət kateqoriyası, təyinatı, icarənin müddəti, icarə haqqı, ödənilmə qaydaları, torpaqların istifadəsi, mühafizəsi və keyfiyyətinin yaxşılaşdırılması şərtləri, habelə torpaq qanunvericiliyi ilə və bu Məcəllə ilə müəyyənləşdirilmiş digər şərtlər nəzərdə tutula bilər. 719.7-ci maddəsinə əsasən bu məcəllənin 677.1.4, 685.1 və 686-cı maddələrində nəzərdə tutulmuş hallarda xəbərdarlıq müddətləri gözlənilmədən müqavilənin ləğv edilməsinə yol verilir. İcarəçi icarə haqqını və ya onun mühüm hissəsini ödəməyi üç aydan çox gecikdirdikdə də, icarəyə verən müqaviləni dərhal ləğv edə bilər. Əgər icarə haqqı bir ildən az müddət üçün tutulursa, müqavilənin ləğvinə yalnız icarəçinin iki ardıcıl müddət üçün icarə haqqını və ya onun mühüm hissəsini ödəmədiyi halda yol verilir. Əgər həmin müddət çatanadək icarəyə verən təmin edilərsə, müqavilənin ləğvi istisna olunur. Əgər icarəçi borcu qarşılıqlı əvəzləşdirmə çərçivəsində ödəyərək ondan azad olursa və ləğvetməyə dair bildirişdən dərhal sonra bu barədə məlumat verirsə, ləğvetmənin qüvvəsi yoxdur. 719.8-ci maddəsinə əsasən ləğvetməyə dair bildiriş yazılı formada tərtib edilməlidir. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 377.3-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. 24.“Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1. Torpaq icarəsi müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. Maddə 3. Torpaq üzərində icarə münasibətləri İcarəyəverənlə icarəçi arasında yaranan hüquqi və iqtisadi əlaqələr torpaq üzərində icarə münasibətləridir. Maddə 4. Torpaq üzərində icarə münasibətlərinin obyektləri dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardır. Azərbaycan Respublikasında bu Qanunla müəyyənləşdirilən icarə münasibətlərinin obyektləri olan dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə, qanunvericiliklə müəyyən edilmiş qaydada, icarə əsasında verilir. Torpağın istifadəsi haqqında sənədlərdə nəzərdə tutulduğu hallarda torpağın istifadəçisi onu icarəyə verə bilər. Maddə 11. İcarəyəverənlə icarəçinin münasibətləri torpaq icarəsi müqaviləsi ilə tənzimlənir. Torpaq icarəsi müqaviləsi Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun tərtib olunmalıdır. İcarə müqaviləsində aşağıdakılar nəzərdə tutulmalıdır: icarəyəverən və icarəçinin adları, hüquqi ünvanları, digər rekvizitləri, onların hüquq və vəzifələri; torpaq sahəsinin ölçüsü, keyfiyyət kateqoriyası, sərhədləri və təyinatı barədə məlumatlar; icarənin müddəti, icarə haqqı, ona yenidən baxılması şərtləri və ödənilmə qaydaları; torpaqların istifadəsi, mühafizəsi və keyfiyyətinin yaxşılaşdırılması şərtləri; müqavilənin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı qaydası; fors-major halları baş verdikdə torpağın geri alınması şərtləri; müqavilənin şərtlərinin pozulması ilə bağlı tərəflərin məsuliyyəti və mübahisəli məsələlərin həlli qaydası. Torpaq icarəsi müqaviləsində torpağın subicarəyə verilməsi, satın alınması, torpaq və mülki qanunvericiliklə müəyyən edilmiş digər şərtlər də nəzərdə tutula bilər.

25. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 33.3. Qanuna uyğun olaraq bələdiyyələr bələdiyyə mülkiyyəti obyektlərini fiziki və hüquqi şəxslərin müvəqqəti və ya daimi istifadəsinə, icarəsinə verə bilər, qanunla müəyyənləşdirilmiş qaydada özgəninkiləşdirə bilər, habelə bələdiyyə mülkiyyətində olan əmlak barəsində başqa əqdlər bağlaya bilər, özgəninkiləşdirilən və ya istifadəyə verilən obyektlərdən istifadə şərtlərini müqavilə və sazişlərdə müəyyənləşdirə bilərlər.

VI. Məhkəmənin mövqeyi:

26. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır.

27. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.

28. Məhkəmə tərəfindən müəyyən edildi ki, tərəflər arasında olan mübahisə aralarında bağlanan icarə müqaviləsinin ləğv edilməsi, həmin müqavilə əsasında icarəyə verilən torpaq sahəsinin iddiaçının mülkiyyətinə qaytarılması və həmin ərazidə törədilən maneələrin cavabdeh tərəfindən aradan qaldırılması və icarə müqaviləsi üzrə ödənilməmiş icarə haqqı tələbindən irəli gələn mübahisədir.

29. Məhkəmə ilk öncə iddia tələbinin “iddiaçı Şəki Bələdiyyəsi ilə "xxxx"Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 25,17 hektar torpaq sahəsinin 40 il müddətinə icarəyə verilməsi haqqında xx.xx.2005-ci il tarixli 38 nömrəli və 40 hektar torpaq sahəsinin 40 il müddətinə icarəyə verilməsi haqqında xx.xx.2005-ci il tarixli 39 nömrəli “torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilələrin və həmin müqavilələrə xx.xx.2012-ci il tarixli “əlavə”nin ləğv edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə təmin edilməlidir.

30. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 719.7-ci maddəsinə əsasən bu məcəllənin 677.1.4, 685.1 və 686-cı maddələrində nəzərdə tutulmuş hallarda xəbərdarlıq müddətləri gözlənilmədən müqavilənin ləğv edilməsinə yol verilir. İcarəçi icarə haqqını və ya onun mühüm hissəsini ödəməyi üç aydan çox gecikdirdikdə də, icarəyə verən müqaviləni dərhal ləğv edə bilər.

31. İşin hallarından da göründüyü kimi tərəflər arasında bağlanmış icarə müqaviləsi üzrə icarə haqqı cavabdeh tərəfindən 3 aydan uzun bir müddət olmaqla ödənilməmiş və bu hal iş materiallarında olan sənədlərlə öz təsdiqini tapmış, həmçinin cavabdeh tərəfindən də mübahisələndirmir. Belə olduğu halda iddiaçı tərəfindən Mülki Məcəllənin yuxarıda qeyd olunan normasının tələbinə əsasən müqaviləni ləğv etmək hüququ yaranmış və nəticədə iddiaçı icarə müqaviləsinin və ona imzalanmış əlavənin ləğv edilməsini tələb etməkdə haqlı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi qeyd olunan hissədə təmin edilməlidir.

32. Məhkəmə tələbin "xxxx" ASC-nin xx.xx.2005-ci il tarixli 38 nömrəli və xx.xx.2005ci il tarixli 39 nömrəli müqavilələr əsasında icarəsinə verilmiş 40 ha və 25,17 ha torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin Şəki Bələdiyyəsinə qaytarılması” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə də təmin edilməlidir.

33. Belə ki, hazırki tələbdə mübahisə predmenti olan 40 ha və 25,17 ha torpaq sahələri tərəflər arasında bağlanmış xx.xx.2005-ci il tarixli 38 nömrəli və xx.xx.2005-ci il tarixli 39 nömrəli müqavilələr ilə cavabdehin icarəsinə verilmiş torpaq sahələridir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsi ləğv edildiyindən, həmin müqavilə əsasında yaranmış hüquqlar da ləğv edilməlidir. Yəni icarə müqaviləsinin qüvvədə olduğu müddət ərzində, cavabdeh icarə predmenti olan torpaq sahəsindən müqavilə şərtləri çərçivəsində istifadə etmək hüququ vardırsa, lakin müqavilənin ləğvindən sonra cavabdeh tərəfindən bu hüquq itirilmiş olur. Belə olduğu halda cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsindən onun icazəsi olmadan istifadə etmək və iddiaçıya həmin torpaq sahəsindən istifadəyə hər-hansı maneə yaratmaq hüququ yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının gələcəkdə pozulmaq ehtimalı olan hüquqlarının müdafiəsi məqsədi ilə, iddia tələbi bu hissədə təmin edilməli və "xxxx" ASC xx.xx.2005-ci il tarixli 38 nömrəli və xx.xx.2005-ci il tarixli 39 nömrəli müqavilələr ilə icarəsinə verilmiş 40 və 25,17 hektar torpaq sahəsindən çıxarılmalı, torpaq sahəsi Şəki Bələdiyyəsinə qaytarılmalıdır.

34. Bundan başqa məhkəmə tələbin “ödənilməmiş 22809,50 manat icarə haqqının cavabdehdən alınaraq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə iddia müddətinin keçməsi səbəbindən qismən təmin edilməlidir.

35. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya yaranmış icarə haqqı borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış qeyd olunan icarə müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı müqavilə üzrə öz üzərinə düşən öhdəliyi lazımınca icra etmiş icarə müqaviləsi üzrə göstərilən torpaq sahəsini cavabdehin istifadəsinə vermişdir. Cavabdeh isə öz növbəsində icarə haqqını 2015-ci ildən ödəməmişdir. Cavabdeh bu halın əksini təsdiq edəcək sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

36. Məhkəmə qeyd edir ki, iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Mülki qanunverciliyə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. "xxxx"Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasında mübahisə predmeti olan torpaq sahələrində salınmış tut tinglərinin həmin müəssisənin balansında olmaqla, pulla qiymətləndirilən əmlak kimi cəmiyyətin nizamnamə kapitalının bir hissəsini təşkil etdiyini, həmin torpaq sahəsinə böyük miqdarda investisiya qoyulduğunu və hazırda qeyd olunan tut tinglərinin "xxxx" ASC-nin barama istehsalının təmin edilməsində mühüm əhəmiyyətə malik olduğunu, eləcə də iddia predmeti olan torpaq sahəsinin hazırda faktiki olaraq "xxxx" ASC-nin istifadəsində olduğunu bildirmiş və bu hal iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Həmçinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli sərəncamına əsasən "xxxx" ASC-nin tabeliyində olmuş "xxxx" MMC "xxxx" ASC-yə çevrilmiş və "xxxx" ASC-nin hüquqi ünvanı Şəki şəhəri, X6 küçəsi 1 müəyyən edilmişdir. Bu səbəbdən məhkəmə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx"Açıq Səhmdar Cəmiyyətinin iddia müddətinin tətbiqi barədə ərizəsi ürzə araşdırma aparmışdır.

37. Tərəflər arasında bağlamış xx.xx.2005-ci il tarixli 38 nömrəli və xx.xx.2005-ci il tarixli 39 nömrəli icarə müqavilələrinin 2.8-ci bəndində qeyd olunmuşdur ki, icarə haqqı hər rübün axırıncı ayının 25-dən gec olmayaraq ödənilməlidir. Qeyd olunan müqavilələrin məzmunundan görünür ki, həmin müqavilələrdən irəli gələn öhdəlik icra müddəti müəyyənləşdirilmiş öhdəlik hesab olunur. Çünki icra müddəti müqavilələrdə konkret olaraq göstərilmişdir. Mülki Məcəllənin yuxarıda qeyd olunan müddəasından da göründüyü kimi icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Hazırki müqavilələr üzrə iddia müddətinin axımı 2015-ci ildən başlamış, lakin hər il üzrə yeni icarə haqqı ödənilməli olduğundan və müqavilədə icra müddəti konkret göstərildiyindən ilin sonuncu ayının 25-dən etibarən yen iddia müddətinin axımı başlamışdır. Nəticədə 2015-ci ildən başlayan iddia müddətinin axımı müqavilə öhdəlikləri üzrə nəzərdə tutulmuş 3 illik müddət nəzərə alınmaqla, hər ilin sonuncu ayının 25-dən başlamış, son 3 ilin iddia müddəti isə ötürülməmiş hesab olunur.

38. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, icarə müqavilələri üzrə hər ilin sonunda yenidən iddia müddətinin axımı başladığından son 3 ili əhatə edən icarə haqqı ödənişlərinin tələb edilməsi üzrə iddia müddəti ötürülmədiyindən həmin dövrü əhatə edən cəmi 9774 (3 il x 3258) manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissədə isə iddia müddəti keçdiyindən rədd edilməlidir.

39. Bundan başqa məhkəmə qeyd edir ki, hazırkı halda iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğunu, məhkəmə hesab edir ki, ərizənin verilməsinə görə ödənilməli olan 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

40. Beləliklə, qeyd olunan normaların tələblərini və göstərilənləri rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ilə "xxxx"Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 25,17 hektar torpaq sahəsinin icarəyə verilməsi haqqında 26 iyul 2005-ci il tarixli 38 nömrəli və 40 hektar torpaq sahəsinin icarəyə verilməsi haqqında 27 iyul 2005-ci il tarixli 39 nömrəli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilələr və həmin müqavilələrə 06 mart 2012-ci il tarixli “Əlavə”lər ləğv edilməli, "xxxx"ASC 26 iyul 2005-ci il tarixli 38 nömrəli müqavilə ilə icarəsinə verilmiş 25,17 hektar və 27 iyul 2005-ci il tarixli 39 nömrəli icarə müqaviləsi ilə icarəsinə verilmiş 40 hektar torpaq sahələrindən çıxarılmalı, həmin torpaq sahələri İddiaçınə qaytarılmalı, cavabdeh "xxxx"Açıq Səhmdar Cəmiyyətindən 9774 manat məbləğində icarə haqqına görə pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə rədd edilməli, iş üzrə ödənilməmiş 100 manat dövlət rüsumu cavabdeh "xxxx"Açıq Səhmdar Cəmiyyətindən tutulub dövlət büdcəsinə ödənilməlidir. Vİl. Nəticə:

41. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. İddiaçı ilə "xxxx"Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 25,17 hektar torpaq sahəsinin icarəyə verilməsi haqqında 26 iyul 2005-ci il tarixli 38 nömrəli və 40 hektar torpaq sahəsinin icarəyə verilməsi haqqında 27 iyul 2005-ci il tarixli 39 nömrəli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilələr və həmin müqavilələrə 06 mart 2012-ci il tarixli “Əlavə”lər ləğv edilsin. "xxxx"ASC 26 iyul 2005-ci il tarixli 38 nömrəli müqavilə ilə icarəsinə verilmiş 25,17 hektar və 27 iyul 2005-ci il tarixli 39 nömrəli icarə müqaviləsi ilə icarəsinə verilmiş 40 hektar torpaq sahələrindən çıxarılsın, həmin torpaq sahələri İddiaçınə qaytarılsın. Cavabdeh "xxxx"Açıq Səhmdar Cəmiyyətindən 9774 manat məbləğində icarə haqqına görə pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. İş üzrə ödənilməmiş 100 manat dövlət rüsumu cavabdeh "xxxx"Açıq Səhmdar Cəmiyyətindən tutulub dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən : Elnarə Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar