Məhkəmə qərarları › İş №e-2-2(117)-428/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-428/2024

29.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-428/2024 29.03.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı cavabdeh xxxx Firmasına qarşı “624 manat abunə borcunun, 35 manat qeydiyyatdan çıxma aktının və 30 manat məhkəmə xərclərinin tutulması” tələbinə dair işə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh xxxx Firmasına (bundan sonra mətndə cavabdeh) qarşı “624 manat abunə borcunun, 35 manat qeydiyyatdan çıxma aktının və 30 manat məhkəmə xərclərinin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Servis Texniki Xidmət Mərkəzinin direktoru Bağırov Şahin və "xxxx" adlanacaq xxxx Firması ilə servis texniki xidmət göstərmək məqsədi ilə xx.xx.2007-ci il tarixli 02974 nömrəli müqavilə bağlamışdır. Həmin Müqavilənin 1-ci bəndinə əsasən, "xxxx" Merkuri-150 F-01 tipli ******* nömrəli nəzarət kassa aparatına (NKA) istismar qaydalarına uyğun servis texniki xidmət göstərməyi tapşırmış, “STXM” isə həmin istismar qaydalarına uyğun tapşırığı öz üzərinə götürmüşdür. Həmin Müqavilənin 2-ci bəndinə əsasən, “STXM” tərəfindən göstərilən texniki xidmət istismar qaydalarında göstərilən müddət ərzində NKA-nın fasiləsiz işləməsinə imkan yaradır. Həmin Müqavilənin 3-cü bəndinə əsasən, "xxxx"nın “STXM”-nin hüquqi və məsuliyyətləri Nazirlər Kabinetinin 266 saylı xx.xx.1995-ci il tarixli qərarının 9 və 10-cu bəndləri ilə tənzimlənir. Həmin Müqavilənin 5-ci bəndinə əsasən, mütəmadi və fasiləsiz xidmət göstərmək üçün "xxxx" tərəfindən “STXM”-ə hər ay 6 manat məbləğində vəsait ödənilir və həmin müddətdə NKA-ya göstərilən texniki xidmət və təmirin dəyəri “STXM”- nin üzərinə düşür. Həmin Müqavilənin 6-cı bəndinə əsasən, yuxarıda göstərilən şərtlər pozulduqda müqavilə Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq ləğv edilir və bu barədə Vergilər Nazirliyinə məlumat verilir. İddia tələbi onunla əsaslandırılmışdır ki, müəssisə Nazirlər Kabinetinin xüsusi icazəsi ilə Merkuri 115 F-01, 130 F-01, 150 F-01,111MF markalı nəzarət kassa aparatlarına xidmət edir. Həmin Qərar əsasında cavabdeh xxxx Firması ilə xx.xx.2007-ci il tarixli 02974 nömrəli müqavilə imzalanmışdır və nəzarət kassa aparatı qeydiyyata alınaraq istifadəsinə icazə verilmişdir. Lakin cavabdeh xxxx Firması 2015-ci ildən 12 ay, 2016-cı ildən 12 ay, 2017-ci ildən 12 ay, 2018-ci ildən 12 ay, 2019-cu ildən 12 ay, 2020-ci ildən 7 ay, 2021-ci ildən 11 ay, 2022-ci ildən 12 ay, 2023-cü ildən 12 ay, 2024-cü ildən 2 ay xidmət pulu ödəməmiş, toplamda 624 manat ödənilməmiş abunə haqqı və qeydiyyatdan çıxma aktı ilə bağlı 35 manat borcu qalmışdır. İddiaçı qalan borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, bildiriş xx.xx.2024-cü il tarixdə cavabdehə təqdim edilmiş, cavabdeh yazılı məlumatı məhkəməyə təqdim etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə təqdim etdiyi məlumatda bildirmişdir ki, ünvanına göndərilmiş bildirişi onun qardaşı alıb. Hal-hazırda xəstəliyi ilə əlaqədar sağ gözünün tamamilə görməməsi, sol gözünün isə zəif görməsi səbəbindən X1 köməyi ilə müalicə alır və tezlikdə əməliyyat olunacaq. Heç vaxt tanımadığı Billur MMC istər şifahi, istər yazılı şəkildə ona müraciət etməyib. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə- MPM) 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli məktubdan və əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, xxxx Firmasına məxsus **********-33001 nömrəli obyektdə yerləşdirilən Merkuri 150 F-01 markalı 00090104 nömrəli NKA xx.xx.2007-ci il tarixdə qeydiyyata alınmışdır. Eyni zamanda 9 saylı Ərazi Vergilər İdarəsinin məktundan müəyyən edilir ki,********** nömrəli VÖEN olan xxxx Firması xx.xx.2013-cü il tarixdən xx.xx.2018-ci il tarixədək, xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2073-cü il tarixədək sahibkarlıq fəaliyyətini dayandırmışdır. Onun, yalnız xx.xx.2007-ci il tarixdən xx.xx.2013-cü il tarixədək fəaliyyəti aktiv olmuşdur. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara tərəflər arasında bağlanmış müqavilə, məktublar və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM): 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.

567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında podrat, xidmət və alqı-satqı münasibətlərindən əmələ gələn qarışıq müqavilə bağlanmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, Servis Texniki Xidmət Mərkəzinin direktoru Bağırov Şahin və "xxxx" adlanacaq xxxx Firması ilə servis texniki xidmət göstərmək məqsədi ilə xx.xx.2007-ci il tarixli 02974 nömrəli müqavilə bağlamışdır. Müqaviləyə əsasən, "xxxx" Merkuri-150 F-01 markalı 00090104 nömrəli nəzarət kassa aparatına (NKA) istismar qaydalarına uyğun servis texniki xidmət göstərməyi tapşırmış, “STXM” isə həmin istismar qaydalarına uyğun tapşırığı öz üzərinə götürmüşdür.Müqaviləyə əsasən, əsasən, mütəmadi və fasiləsiz xidmət göstərmək üçün "xxxx" tərəfindən “STXM”-ə hər ay 6 manat məbləğində vəsait ödənilir və həmin müddətdə NKA-ya göstərilən texniki xidmət və təmirin dəyəri “STXM”- nin üzərinə düşür. Müqavilənin 6-cı bəndinə əsasən, yuxarıda göstərilən şərtlər pozulduqda müqavilə Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq ləğv edilir və bu barədə Vergilər Nazirliyinə məlumat verilir. İddia tələbi onunla əsaslandırılmışdır ki, müəssisə Nazirlər Kabinetinin xüsusi icazəsi ilə Merkuri 115 F-01, 130 F-01, 150 F-01,111MF markalı nəzarət kassa aparatlarına xidmət edir. Həmin Qərar əsasında cavabdeh xxxx Firması ilə xx.xx.2007-ci il tarixli 02974 nömrəli nömrəli müqavilə imzalanmışdır və nəzarət kassa aparatı qeydiyyata alınaraq istifadəsinə icazə verilmişdir. İddia ərizəsindən məlum olur ki, iddiaçı tərəfindən tələb edilən 624 manat abunə haqqı 2015-ci ildən 12 ay, 2016-cı ildən 12 ay, 2017-ci ildən 12 ay, 2018-ci ildən 12 ay, 2019-cu ildən 12 ay, 2020-ci ildən 7 ay, 2021-ci ildən 11 ay, 2022-ci ildən 12 ay, 2023-cü ildən 12 ay, 2024-cü ildən 2 ayı əhatə edir. Cavabdeh iddia tələbinə yazılı məlumatla etirazını bildirərək ünvanına göndərilmiş bildirişi onun qardaşının aldığını, hal-hazırda xəstəliyi ilə əlaqədar sağ gözünün tamamilə görməməsi, sol gözünün isə zəif görməsi səbəbindən X1 köməyi ilə müalicə aldığını və tezlikdə əməliyyat olunacağını, heç vaxt tanımadığı Billur MMC istər şifahi, istər yazılı şəkildə ona müraciət etməyini bildirmişdir. Eyni zamanda 9 saylı Ərazi Vergilər İdarəsinin məktundan müəyyən edilir ki,********** nömrəli VÖEN olan xxxx Firmasına xx.xx.2013-cü il tarixdən xx.xx.2018-ci il tarixədək, xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2073-cü il tarixədək sahibkarlıq fəaliyyətini dayandırmışdır. İddia tələbində olan borc 2015-ci il tarixindən sonrakı aylar üçün hesablanmış borcdur. Onun, yalnız xx.xx.2007-ci il tarixdən xx.xx.2013-cü il tarixədək fəaliyyəti aktiv olmuşdur. Hazırki iddia tələbində isə xx.xx.2007ci il tarixdən xx.xx.2013-cü il tarixədək heç bir borc tələb olunmur. İddia tələbində olan borc 2015-ci il tarixindən sonrakı aylar üçün hesablanmış borcdur. Odur ki, məhkəmə yuxarıda qeyd edilənləri təhlil edərək belə nəticəyə gəlir ki, iddiaçı yalnız xx.xx.2007-ci il tarixdən xx.xx.2013-cü il tarixədək olan borcun ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır. Hazırki iddia tələbində isə bu dövr üçün heç bir borc yoxdur. Bundan əlavə məhkəmə iddiaçıya sorğu ünvanlayaraq cavabdehin sahibkarlıq fəaliyyətinin dayandırdığı dövrdə ona müvafiq kassa aparatı ilə bağlı texniki servs xidmətlərinin göstərilməsini təsdiq edən sənəldəri, kassa əməliyyatlarının aparılması barədə çıxarışları, “Z”hesabından çıxarışları, xidmətin göstərilməsini təsdiq edən digər sübutların təqdim edilməsi təklif edilmiş, cavabdeh hər hansı bir sübut təqdim etməmişdir. Hər hansı bir hüquqi şəxsin sahibkarlıq fəaliyyətinin dayandırıldığı dövrdə ona hər hansı bir nƏzarət Kassa Aparatı ilə bağlı texniki servis xidmətinin göstərilməsi qanuni və əsaslı olmamaqla, həm də adi məntiqə uyğun gəlmir. Bu səbəbdən iddia tələbi rədd edilməlidir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin hüquqi bazası kimi istinad olunan “Azərbaycan Respublikasının ərazisində nəzarət-kassa aparatlarının tətbiq olunması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 28 dekabr tarixli 266 nömrəli Qərarı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli 338 nömrəli Qərarı ilə ləğv edilsə də, qeyd edilən qərarla “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları” təsdiq edilmişdir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddia tələbi rədd edildiyindən iddiaçınıın ödədiyi 30 manat dövlət rüsumu onun hesabına aid edilməlidir.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh xxxx Firmasına qarşı “624 manat abunə borcunun, 35 manat qeydiyyatdan çıxma aktının və 30 manat məhkəmə xərclərinin tutulması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, rəsmi qaydada şikayət verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim : Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar