Məhkəmə qərarları › İş №e-2-2(117)-448/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-448/2025

18.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-448/2025 18.04.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair işə Şəki Kommersiya Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İ. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən satılmış kassa aparatına görə 117 manat, 4 kassa aparatına 33 ay göstərilmiş və dəyəri ödənilməmiş xidmət haqqında görə 1777.95 manat ümumilikdə 1895.08 manat məbləğində borcun və ödənilmiş 39 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, NBA Technologies İnternational MMC rəsmi dövlət qeydiyyatına alınmış e-kassa operatorlarından biridir. Şirkət vergi ödəyicilərinə elektron kassaların (hazırda istifadədə olan bütün kassalar “e-kassa” hesab olunur) satışını, proqram təminatının quraşdırılmasını, e-kassa aparatının funksionallığının təmin edilməsi üçün "xxxx"-lərin (nəzarət mexanizm qurğusu) quraşdırılması, kassa aparatının zəruri qaydada işləməsi üçün texniki xidməti həyata keçirir. "xxxx" NBA Technologies İnternatiol MMC-nin mülkiyyətidir və vergi ödəyicisi kassanın fəaliyyətini dayandırmaq və kassa aparatını qeydiyyatdan çıxarmaq istədikdə şirkətimizə yaxınlaşaraq bu işin icrasını bizim vasitəmizlə həyata keçirir və Tokeni bizə qaytarır. Məhz bundasn sonra kassa qeydiyyatdan çıxmış hesab olunur və bizim xidmətimiz dayanır. Cavabdehlə 03 fevral 2020-ci il tarixdə NBA-XL-001 saylı müqavilə imzalanmış və ona PAX 620 tipli 2 ədəd ekassa aparatı satılmışdır. 25.02.221-ci il tarixdə cavabdehə daha iki ədəd “Fiskal Box” tipli, hər birinin dəyəri 280 (iki yüz səksən) manat olan cihaz satılmışdır. Bu məbləğin əksər hissəsi ödənilsə də 117 (yüz on yeddi) manat dəyərində qalıq borc bu günədək ödənilməyib. Bundan əlavə kassa aparatına aylıq xidmət xərci hər bir aparat üçün ƏDV xaric 10 (on) manat (Fiscal Box cıhazına görə xx.xx.2021-ci il tarixdən 14 (on dörd) manat) müəyyən edilmişdir ki, dörd cihaza görə bu xidmət aylıq ƏDV daxil 56.64 (əlli altı manat altmış dörd qəpik) manat təşkil etmişdir. Cavabdeh 2021-ci ilin fevral ayından xidmət haqqı məbləğlərini ödəməmiş, "xxxx"i qaytarmamış və kassa cihazını qeydiyyatdan çıxarmamışdır. Tərəflər arasında imzalanmış xidmət müqaviləsinin 5.4-cü bəndində qeyd olunmuşdur ki, müqaviləyə yalnız online kassa cihazı qeydiyyatdan çıxarıldıqdan sonra xitam verilir.

İİ. Tərəflərin mövqeləri:

3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.

İİİ. Məhkəmə baxışının hədləri:

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür. 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. 284-6.2-ci maddəsinə əsasən Məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

İV. Tətbiq edilən hüquq:

5. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 567.Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

V. Məhkəmənin mövqeyi:

6. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, “icraçı” İddiaçı MMC ilə cavabdeh “sifarişçi” Cavabdeh arasında xx.xx.2020-ci il tarixli NBA-XL-001 nömrəli müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən icraçı (İddiaçı MMC) sifarişçinin (Cavabdeh) sifarişinə müvafiq miqdarda, keyfiyyətdə, çeşiddə və müvafiq şərtlərlə sifarişçiyə POS Terminallar, onlara aid olan ehtiyyat hissələrini, proqram təminatını tədim etməyini, təmir xidmətini göstərməyini, sifarişçi isə icraçı tərəfindən onun sifarişinə əsssən tədim olunmuş mallara və göstərilmiş xidmətlərə görə bu müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada həmin malların, xidmətlərin dəyərini ödəniləmsini öhdəsinə götürmüşdür.

7. Bundan sonra tərəflər arasında xx.xx.2020-ci il tarixlli NBA-XL-002 nömrəli və xx.xx.2021-ci il tarixli NBA-ƏCƏ-001 nömrəli xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilələrə əsasən icraçı (İddiaçı MMC) onlayn kassa qeydiyyatı, quraşdırılması, uçotdan çıxarılması, proqram kassa sisteminə vaxtı-vaxtında texniki xidmət göstərməsi, onlayn kassa təmiri və əvvəlki onlayn kassa yenidən istismara verildiyi ana qədər müvəqqəti onlayn kassa istifadə üçün təqdim olunması xidmətlərin haqqını ödəməyi və onlayn kassa istifadəsini içraçının və Vergilər Nazirliyi tələb etdiyi qaydada həyata keçirməyi, sifarişçi (Cavabdeh) öhdəsinə götürmüşdür.

8. Məhkəmə tərəflər arasında bağlanmış alqı-satqı və xidmət müqavilələrinin həqiqiliyinə qiymət verərək qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilələr hər iki tərəfin imza və möhürləri ilə rəsmiləşdirilmiş, tərəflərin həqiqi hüquqi iradə ifadələrini əks etdirməklə etibarsız olmamışdır.

9. İddiaçı MMC və Cavabdeh tərəfindən imzalanan xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli müqavilələrə 1 saylı əlavə olan qiymətlərin razılaşdırılma protokolundan görünür ki, iddiaçı tərəfindən cavabdehə təhvil verilən 2 ədəd “PAX A620” markalı kassa aparatlarının hər birinin qiyməti 350 manat və 2 ədəd “X1” markalı kassa aparatlarının hər birinin qiyməti 280 manat müəyyən edilmişdir.

10. İddiaçı MMC və Cavabdeh tərəfindən imzalanan texniki xidmət müqaviləsi üçün qiymətlərin razılaşdırılma protokollarına 1 saylı əlavə üzrə texniki xidmətlərin aylıq dəyəri 23.60 manat və 2 saylı əlavə üzrə texniki xidmətlərin aylıq dəyəri 47.20 manat olduğu göstərilmişdir.

11. İş materiallarında olan xx.xx.2021-ci il tarixli və xx.xx.2020-ci il tarixli təhvil təslim aktlarından görünür ki, qeyd olunan müqavilə üzrə “PAX A620” markalı ********** və ********** seriya nömrəli 2 ədəd və “X1” markalı **********98 və **********99 seriya nömrəli 2 ədəd kassa aparatları iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir.

12. İş materiallarına əlavə edilmiş iddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-ci il tarixli, xx.xx.2023-ci il tarixli, xx.xx.2023-ci il tarixli, xx.xx.2023-ci il tarixli, xx.xx.2023-ci il tarixli, xx.xx.2023-ci il tarixli, xx.xx.2023-ci il tarixli, xx.xx.2023-ci il tarixli, xx.xx.2023-ci il tarixli elektron qaimələrdə də iddiaçının cavabdehə verdiyi kassa aparatlarına və göstərdiyi xidmətlərə görə qeyd olunan borc məbləği öz əksini tapmışdır.

13. NBA Technologies İnternational” Məhdud Məsuliyyətli Cəmiyyətinin 05 fevral 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh kassa aparatlarına görə 117,3 manat və göstərilmiş xidmətlərə görə 1777,95 manat borcu yaranmışdır.

14. İddiaçı xx.xx.2025-ci il tarixli pretenziya məktubuna əsasən Cavabdeh borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir.

15. Məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış alqı-satqı və xidmət müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı öz üzərinə düşən öhdəliyi lazımınca icra etmiş, cavabdehə alqı-satqı müqaviləsi üzrə malları təhvil vermiş və xidmət müqaviləsindən irəli gələn xidmətlər göstərmişdir. Cavabeh isə öz üzərinə düşən öhdəliyi lazımınca icra etməmiş və bunun əksinin təsdiq edəcək sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

16. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehdən ona satılmış kassa aparatına görə 117 manat və xidmət haqqına görə 1777.95 manat olmaqla ümumilikdə 1895.08 manat borc tutularaq iddiaçıya ödənilməlidir.

17. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddianın qiymətinə uyğun olaraq 39 manat dövlət rüsumu ödənilmiş, bu barədə iddiaçı tərəfindən iş materiallarına qəbz əlavə edilmişdir. İddia tələbi təmin edildiyindən ödənilmiş 39 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

18. Beləliklə, iddianın təmin ediləməsi barədə qətnamə qəbul edilməlidir.

Vİ. Nəticə:

19. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh kassa aparatına görə 117 manat və xidmət haqqına görə 1777.95 manat olmaqla ümumilikdə 1895.08 manat borc və 39 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim : Elnarə Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar