Məhkəmə qərarları › İş №e-2-2(117)-478/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-478/2025

03.07.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-478/2025 03.07.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi, Musayeva Turan Haxverdi qızının katibliyi ilə, İddiaçı “X6” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qəbələ Rayon İcra Hakimiyyəti olmaqla "torpaq sahəsi üzərində qanunsuz inşa edilmiş tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılması" tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı “X6” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı "torpaq sahəsi üzərində qanunsuz inşa edilmiş tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" KB ASC-nin mülkiyyətində olan Qəbələ rayonu, Hacallı kəndində yerləşən 0.03 ha torpaq sahəsi (reyestr nömrəsi **********37) üzərində Cavabdeh tərəfindən inşa olunmuş özbaşına tikintinin sökülməsi və həmin torpaq sahəsinin boşaldılması və dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC hərrac vasitəsi ilə Cavabdeh məxsus Qəbələ rayonu, Hacallı kəndində yerləşən 0.03 ha torpaq sahəsini (reyestr nömrəsi **********37) almışdır. Bu barədə AR ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmış, ********** qeydiyyat nömrəli Çıxarışla iddiaçı "xxxx" KB ASC-nin mülkiyyət hüququ təsdiq edilmişdir. hazırda "xxxx" KB ASC-nin mülkiyyətində olan torpaq sahəsi üzərində keçmiş mülkiyətçi Cavabdeh tərəfindən qanunsuz inşa olunmuş özbaşına tikinti mövcuddur və hal-hazırda bankın mülkiyyətində olan torpaq sahəsi üzərində həmin qanunsuz inşa olunmuş tikilinin mövcud olması və cavabdeh tərəfindən həmin torpaq sahəsindən istifadə edilməsi bankın mülkiyyətçi kimi hüquqlarını pozur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgənin qanunsuz sahibliyindən özəmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsində qeyd olunur ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimisahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki qanunvericilikdə əmlaka sahiblik, istifadə və sərəncam hüququnun mahiyyəti açıqlanaraq, Mülki Məcəllənin 152-ci maddəsində qeyd edilmişdir ki, sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Nəzərə almaq lazımdır ki, hal-hazırda Qəbələ rayonu, Hacallı kəndində yerləşən 0.03 ha torpaq sahəsinin mülkiyyətçisi "xxxx" KB ASC-dir. Milli qanunvericilik və beynəlxalq normaların tələbləri baxımından mülkiyyət hüququ toxunulmazdır və mülkiyyətçinin həmin hüquqdan sərbəst istifadə etmək hüququ var. Beləliklə, mülki qanunvericiliyin tələblərinə görə əmlakın (əşyanın) hüquqi müqəddəratını (qanunvericilik tərəfindən müəyyən edilən istisnalar nəzərə alınmaqla) yalnız mülkiyyətçi təyin edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

İİ. Tərəflərin mövqeləri:

4. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, iddiaçının nümayəndəsi ərizə ilə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

5. Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qəbələ Rayon İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır.

III. Tədqiq olunan sübutlar:

6. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı “X6” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixli 37İSMLİ/14 saylı ipoteka müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən ipoteka qoyanlar müqavilənin 1.2-ci bəndinə nəzərdə tutulmuş Əsas kredit müqaviləsi üzrə və əsas kredit müqaviləsi ilə müəyyən edilmiş müddət və kredit limiti çərçivəsində bağlanacaq əlavə kredit müqavilələri üzrə borc alanın öhdəliklərinin təminatı olaraq Azərbaycan Respublikası ƏMDKY DƏDRX 9 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2014-cü il tarixində 88 nömrəli reyestr kitabında 58 nömrəli vərəqində, reyestr nömrəsi **********37, qeydiyyat nömrəsi **********, qeydiyyat aparılmış RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan və ipoteka kimi çıxış edən Qəbələ rayonu Hacallı kəndində yerləşən 0,03 ha torpaq sahəsi ipoteka saxlayana ipoteka qoyur. Qeyd olunan ipoteka müqaviləsi tərəflərin imza və möhürləri ilə təsdiq edilməklə imzalanmış və etibarsız olmamışdır. 7.Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi rərəfindən verilmiş Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Qəbələ rayonu Hacallı kəndində yerləşən 0,03 ha torpaq sahəsi xx.xx.2014-cü il tarixdə Cavabdeh adına dövlət qeydiyyatına alınmışdır.

8. Qəbələ Rayon Məhkəməsinin 2(025)-1636/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qətnaməsindən görünür ki, İddiaçı “X6” Açıq Səhmdar Cəmiyyəti cavabdehlər X3, Cavabdeh, X1, X2, X5 və X4 qarşı “ kredit borcunun tutulması və tutmanın ipoteka predmentinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət etmiş və iddia tələbi qismən təmin edilmiş, borcun tutulması və tutmanın Cavabdeh məxsus olan və ipoteka kimi çıxış edən Qəbələ rayonu Hacallı kəndində yerləşən 0,03 ha torpaq sahəsinə yönəldilməsi, torpaq sahəsinin açıq hərracda satılması və əldə olunan vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnamə qanuni qüvvəsini almışdır.

9. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, 32 nömrəli Hərrac təşkilatının hərracın yekunları barədə protokolundan görünür ki, Cavabdeh məxsus olan və ipoteka predmeti olan Qəbələ rayonu Hacallı kəndində yerləşən 0,03 ha torpaq sahəsinin satış qiyməti 11156,25 manat müəyyən edilməklə “X6” Açıq Səhmdar Cəmiyyətinə satılmışdır. Qeyd olunan protokol hərrac sifarişçisi və hərracın təşkilatçısı tərəfindən imzalanmışdır.

10. İş materiallarında olan xx.xx.2018-ci il tarixli Həracın yekunları üzrə əmlakın alqısatıqısı barədə müqavilədən görünür ki, Cavabdeh məxsus olan və ipoteka kimi çıxış edən Qəbələ rayonu Hacallı kəndində yerləşən 0,03 ha torpaq sahəsi satış qiyməti 11156, 25 manat müəyyən edilməklə “X6” Açıq Səhmdar Cəmiyyətinə satılmışdır.

11. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmalın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Çıxarışdan görünür ki, Qəbələ rayonu Hacallı kəndində yerləşən 0,03 ha torpaq sahəsi “X6” Açıq Səhmdar Cəmiyyətinin mülkiyyəti kimi xx.xx.2018-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır.

12. İş materiallarında olan Qəbələ rayon İcra Hakiyyətinin Başçısı tərəfindən verilmiş 101 nömrəli xx.xx.2014-cü il tarixli Sərəncamdan görünür ki, fiziki şəxs Cavabdeh ərizəsi nəzərə alınaraq və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı ərazi İdarəsi tərəfindən torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən ******* saylı RX seriyalı çıxarışla ünvan 1i ünvanında sifarişçinin mülkiyyətinə verilmiş 0,03 ha torpaq sahəsində, Mingəçevir şəhər "xxxx" MMC (lisenziya № 022637, qeydiyyat №-si 11-002,xx.xx.2011) tərəfindən işlənmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiololgiya Mərkəzinin xx.xx.2014-cü il tarixli, 04-22/7-3358 nömrəli, Ekelogiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin xx.xx.2014-cü il tarixli, 15/3821 nömrəli, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin xx.xx.2014-cü il tarixli YTNƏŞ-2014 nömrəli rəyləri ilə razılaşdırılmış tikinti layihəsi əsasında ticarət obyektinin tikintisinə icazə verilmişdir.

13. Qəbələ rayon İcra Hakiyyəti Memarlıq və Tikinti şöbəsinin “tikinti işlərinə başlanılması üçün əsas olan” xx.xx.2014-cü il tarixli Xüsusi Nişandan görünür ki, Cavabdeh ünvan 1ində qeyri-yaşayış (ticarət) obyektinin tikintisinə razılıq verilmişdir.

14. Azərbaycan Respublikası Dövlət Şəhərsalam və Arxitektura Komitəsi tərəfindən verilmiş “Tikintilərin Dövlət Reyestri tikinti obyektlərinə verilən koda dair” AZE 00072 nömrəli Şəhadətnamədən görünür ki, ünvan 1ində Cavabdeh 08 aprel 2015-ci il tarixdə ticarət obyektinə dövlət reyestrində qeydə alınması barədə nömrə verilmişdir.

V. Tətbiq edilən hüquq:

15. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur.

323. Daşınmaz əşya elə yüklü edilə bilər ki, xeyrinə yüklülük müəyyənləşdirilən şəxsə torpaq sahəsi üzrə müəyyən vaxtaşırı öhdəliklər icra edilməli olar.

16. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu: 51.1. İpoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, torpaq sahəsinin ipotekası zamanı ipoteka hüququ ipoteka qoyanın həmin sahədə yerləşən və ya tikilən binalarına, tikililərinə və qurğularına şamil edilmir. 51.2. Torpaq sahəsində yerləşən və ya tikilən binanın, tikilinin, qurğunun eyni ipoteka saxlayana ipoteka qoyulmasını nəzərdə tutan şərt müqavilədə öz əksini tapmadıqda torpaq sahəsinə tutma yönəldildiyi halda ipoteka qoyan həmin bina, tikili və ya qurğuya öz hüququnu saxlayır və təyinatına uyğun olaraq onlardan istifadə edilməsi üçün zəruri olan sahənin bir hissəsindən məhdud istifadə hüququ (servitut) əldə edir. Sahənin həmin hissəsindən istifadə şərtləri ipoteka qoyanla ipoteka saxlayanın sazişinə əsasən müəyyən edilir, mübahisələr isə məhkəmə qaydasında həll olunur. 51.3. İpoteka qoyanın ipoteka qoyulan torpaq sahəsində yerləşən və ya tikilən binası, tikilisi və ya qurğusu eyni ipoteka saxlayana ipoteka qoyulursa, həmin bina, tikili və ya qurğu barədə ipoteka qoyanın hüquqları, onların başqa şəxslərə keçməsinin şərtləri və nəticələri bu Qanunla müəyyən edilir.

52. İpoteka qoyan ipoteka müqaviləsi üzrə girov qoyulmuş üzərində tikinti olmayan torpaq sahəsində ipoteka saxlayanın razılığı olmadan qanunvericiliklə müəyyən edilmiş qaydada bina, tikili və ya qurğuları tikdirmək hüququna malikdir. Bu halda ipoteka hüququ həmin bina, tikili və qurğulara şamil edilir və ipoteka qoyan ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, onlar barəsində ipoteka saxlayanın razılığı olmadan sərəncam vermək hüququna malik deyildir.

17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu M a d d ə 1 0 . Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd.

18. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi: 47.4.5. Tikinti obyektinin sifarişçisi müvafiq icra hakimiyyəti orqanından (yerli icra hakimiyyəti orqanları) və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan (reklam qurğularının tikintisi zamanı isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan) tikintiyə icazə alır; 75.1. Barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Reklam qurğularının tikintisinə icazənin verilməsi qaydası bu Məcəllənin 81-ci maddəsi ilə müəyyən edilir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. 75.2. Sifarişçi tikintiyə icazə almaq üçün müraciət etməzdən əvvəl tikinti aparmaq istədiyi ərazidə aparılacaq tikintinin icazə verilən parametrlərini (ərazinin tikinti əmsalı, ərazinin tikinti sıxlığı əmsalı, tikinti obyektlərinin hündürlüyü və s.) öyrənmək məqsədi ilə obyektin təyinatını göstərməklə, müvafiq icra hakimiyyəti orqanına (quruma) sorğu ilə müraciət edə bilər. Həmin müraciətə 10 gün müddətində əsaslandırılmış cavab verilməlidir.

Vl. Məhkəmənin mövqeyi:

19. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı “X6” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 37İSMLİ/14 saylı ipoteka müqaviləsi kredit müqavilələri üzrə borc alanın öhdəliklərinin təminatı olaraq Azərbaycan Respublikası ƏMDKY DƏDRX 9 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2014-cü il tarixində verilmiş RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan və ipoteka kimi çıxış edən Qəbələ rayonu Hacallı kəndində yerləşən 0,03 ha torpaq sahəsini ipoteka ilə yüklü edilmişdir. Qəbələ Rayon Məhkəməsinin 2(025)- 1636/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qətnaməsinin icrası ilə əlaqədar həmin torpaq sahəsi hərrac vasitəsilə satılmış, iddiaçı "xxxx" KB ASC hərrac vasitəsi ilə Cavabdeh məxsus Qəbələ rayonu, Hacallı kəndində yerləşən 0.03 ha torpaq sahəsini (reyestr nömrəsi **********37) xx.xx.2018-ci il tarixdə almışdır. Bu barədə AR ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmış, ********** qeydiyyat nömrəli Çıxarışla Qəbələ rayonu, Hacallı kəndində yerləşən 0.03 ha torpaq sahəsi (reyestr nömrəsi **********37) iddiaçı "xxxx" KB ASC-nin mülkiyyətinə keçmişdir. Qəbələ rayon İcra Hakiyyətinin Başçısı tərəfindən 101 nömrəli xx.xx.2014-cü il tarixli Sərəncama əsasən Cavabdeh mülkiyyətində olan 0,03 ha torpaq sahəsində ticarət obyektinin tikintisinə icazə verilmişdir. Azərbaycan Respublikası Dövlət Şəhərsalam və Arxitektura Komitəsi tərəfindən ünvan 1ində Cavabdeh 08 aprel 2015-ci il tarixdə ticarət obyektinə dövlət reyestrində qeydə alınması barədə “Tikintilərin Dövlət Reysetri tikinti obyektlərinə verilən koda dair” AZE 00072 nömrəli Şəhadətnamə verilmişdir. Göründüyü kimi, Qəbələ rayonu Hacallı kəndində yerləşən 0,03 ha torpaq sahəsi hərrac vasitəsilə satılıb xx.xx.2018-ci il tarixdə "xxxx" KB ASC-nin mülkiyyətinə keçdikdə həmin torpaq sahəsində tikintisinə icazə verilmiş ticarət obyekti artıq mövcud olmuşdur. "xxxx" KB ASC-yə qeyd edilən torpaq sahəsinin mülkiyyətinə dair Çıxarış verildikdə orada tikilmiş ticarət obyektinin olmasından xəbərsiz olması qeyri-mümkündür. Belə ki, hüquqların dövlət qeydiyyatı qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Həmin ərizəyə torpaq sahəsinin planı və ölçüsü; torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi əlavə edilir. Bununla da məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı "xxxx" KB ASC Qəbələ rayonu Hacallı kəndində yerləşən 0,03 ha torpaq sahəsində tikilmiş mübahisə predmeti olan tikili barədə riskin olduğunu bilmiş və ya bilməli olmuşdur.

20. Məhkəmə qeyd edir ki, torpaq sahəsində yerləşən və ya tikilən binanın, tikilinin, qurğunun eyni ipoteka saxlayana ipoteka qoyulmasını nəzərdə tutan şərt müqavilədə öz əksini tapmadıqda torpaq sahəsinə tutma yönəldildiyi halda ipoteka qoyan həmin bina, tikili və ya qurğuya öz hüququnu saxlayır və təyinatına uyğun olaraq onlardan istifadə edilməsi üçün zəruri olan sahənin bir hissəsindən məhdud istifadə hüququ (servitut) əldə edir. Sahənin həmin hissəsindən istifadə şərtləri ipoteka qoyanla ipoteka saxlayanın sazişinə əsasən müəyyən edilir, mübahisələr isə məhkəmə qaydasında həll olunur. (İpoteka Haqqında AR Qanununun 51.2. m)

21. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin Qəbələ rayonu Hacallı kəndində yerləşən 0,03 ha torpaq sahəsində tikdiyi qeyri-yaşayış obyekti müvafiq icra hakimiyyəti orqanında razılaşdırılmaqla tikildiyindən, onun tikilməsi ilə bağlı aidiyyəti dövlət orqanları, eləcə də ipotekasaxlayan "xxxx" KB ASC tərəfindən həmin şəxsə hər hansı irad və narazılıqlar bildirilmədiyindən, bununla da tikili qanunsuz və özbaşına tikinti sayılmadığından həmin qeyri-yaşayış obyektinin dəyəri qanunla müəyyən edilmiş qaydada ödənilmədən tikintinin sökülüb, torpaq sahəsinin boşaldılması barədə qərar qəbul edilə bilməz. Əks halda, cavabdeh əvvəl mülkiyyətində olmuş torpaq sahəsində qanuni əsasla tikdiyi tikintinin boşaldılaraq sökülməsi, cavabdehin qanuni müdafiəsi altına düşən mülkiyyət hüquqlarının kobud pozuntusu ilə nəticələnmiş olar.

22. Məhkəmə habelə qeyd edir ki, Qəbələ rayonu Hacallı kəndində yerləşən 0,03 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış obyektinin sökülməsi hüquqi baxımdan məqsədəuyğun deyil və tərəflərin hüquqlarının balanslı qorunması məqsədilə tikilinin saxlanılması, tərəflər arasında istifadəyə dair münasibətlərin (kompensasiya, servitut və ya digər qaydalarla) müəyyən olunması zəruridir.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında da göstərmişdir ki, ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.

24. Sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

25. Məhkəmə hansı halların sübuta yetirilməli olduğunu təsbit etdikdən sonra həmin halların sübut edilməsi yükünün kimin üzərinə düşdüyünü müəyyən etməlidir. Nəzərə alınmalıdır ki, sübutetmə yükü qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcudluğuna (baş verməsinə) bağlanan hüquqi nəticədən xeyir görən tərəfə aidir. Qayda olaraq sübutetmə yükü əvvəlcə iddiaçının üzərinə düşür. Lakin bu ümumi qaydanın bəzi istisnaları vardır. Əgər sübutetmə yükü qanunla başqa tərəfin üzərinə qoyulubsa, yaxud şəxs qanuni və ya faktiki prezumpsiyaya, yaxud normal bir vəziyyətin əksi olan hala istinad edirsə ümumi qayda işləmir və bu zaman iddiaçının əksi olan hala istinad edən şəxs həmin halları sübut etməlidir.

26. Qeyd olunan normaların tələblərini və yuxarıda göstərilənləri rəhbər tutaraq məhkəmə hesab edir ki, iddiaçı “X6” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "torpaq sahəsi üzərində qanunsuz inşa edilmiş tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılması" tələbinə dair iddiası rədd edilməlidir.

27. Bundan başqa məhkəmə qeyd edir ki, iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmləlidir. IV. Məhkəmə baxışının hədləri:

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

Vİ. Nəticə:

29. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

İddiaçı “X6” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "torpaq sahəsi üzərində qanunsuz inşa edilmiş tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılması" tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Tərəflərə Qəbələ rayonu, Hacallı kəndində yerləşən 0,03 ha torpaq sahəsindən (reyestr nömrəsi **********37) istifadə hüququ, kompensasiya və ya digər hüquqi münasibətlərin tənzimlənməsi üçün ayrıca iddia qaldırmaq hüququ izah edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən : Elnarə Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar