Məhkəmə qərarları › İş №e-2-2(117)-486/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-486/2024

11.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-486/2024 11.06.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Cavabdehnə qarşı “282 manat abunə borcu, 35 manat qeydiyyatdan çıxma aktı və 30 manat dövlət rüsumunun tutulması” tələbinə dair işə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Servis Texniki Xidmət Mərkəzinin (STXM) İddiaçı MMC ilə Cavabdeh arasında sonuncuya servis texniki xidmət göstərmək məqsədi ilə xx.xx.2020-ci il tarixli 928400 nömrəli müqavilə bağlamışdır. Həmin Müqavilənin 1-ci bəndinə əsasən istehlakçı Merkuri- 130F-01 tipli, 00221419 zavod nömrəli nəzarət kassa aparatına (NKA) istismar qaydalarına uyğun servis texniki xidmət göstərməyi tapşırmış, STXM isə həmin istismar qaydalarına uyğun tapşırığı öz üzərinə götürmüşdür. 3-cü bəndinə əsasən istehlakçının STXM-in hüquq və məsuliyyətləri Nazirlər Kabinetinin 266 saylı xx.xx.1995-ci il tarixli qərarının 9 və 10-cu bəndləri ilə tənzimlənir. 5-ci bəndinə əsasən mütəmadi və fasiləsiz xidmət göstərmək üçün istehlakçı tərəfindən STXM-ə hər ay 6 manat məbləğində vəsait ödənilir və həmin müddətdə NKA-ya göstərilən texniki xidmət və təmirin dəyəri STXM-in üzərinə düşür. Tərəflər arasında mübahisə həllini tapmadığından iddaçı məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin xüsusi icazəsi ilə Merkuri 115 F-01,150 F-01,1** MF ***F-01 markalı nəzarət kassa aparatlarına xidmət edir. Cəmiyyətin fəaliyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 1995-ci il tarixli 266 saylı Qərarı ilə tənzimlənir. Həmin qərarın 10.9.1-ci bəndinə əsasən Vergi ödəyicisi kassa aparatını qeydiyyata salan zaman xüsusi icazəsi olan STXM (servis texniki xidmət mərkəzi) ilə müqavilə bağlamalıdır. Belə ki, nəzarət kassa aparatı (NKA) vasitəsi ilə ödəyici (istehlakcı) pul əməliyyatlarını qeyd edir. Və NKA-da rüb ərzində vurulan bu pulların cəminə ( Zhesabatı) görə ödəyici vergini ödəyir. NKA-ya kənar müdaxilələr olmasın deyə xüsusi icazəsi olan STXM-bu kassanın fiskal yaddaşını blomblayır. Vergi ödəyicisi müqavilə bağladıqdan sonra STXM kassanı blomplayır və xüsusi Akt tərtib etməklə bu Aktı Vergilər Nazirliyinə yollayır. Və Vergilər Nazirliyi bu blomb Aktı əsasında bu kassanı qeydiyyata alır. (Blomb Aktı əlavə edilir.) Hər rüb Vergi ödəyicisi Vergiyə bəyannamə (online) təqdim edir. Və bu bəyannamədə rüb ərzində vurulan pulu qeyd edir. Bu məbləğ STXM-tərəfindən Zhesabatı çıxarılaraq VN-ə təqdim edilərək təsdiqlənir. Həmçinin, işlədiyi dövrdə STXMtərəfindən hər mövsümdə saat dəyişikliyi etmək və uyğun saatı düzəltmək, kassa aparatı xarab olarsa, onu təmir etməkdir. Bu qərara əsasən İddiaçı MMC ilə Cavabdeh (VÖEN: **********) arasında da xx.xx.2020-ci il tarixli 928400 nömrəli müqavilə imzalanmışdır və nəzarət kassa aparatı qeydiyyata alınaraq istifadəsinə icazə verilmişdir. Həmin müqaviləyə əsasən vergi ödəyiciləri hər ay üçün 6 manat xidmət pulu ödəməyi öhdəsinə götürür. Vergi ödəyici olan Cavabdeh həmin öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, Cavabdeh tərəfindən, 2020-ci ildən 10 ay, 2021-ci ildən 11 ay, 2022-ci ildən 12 ay, 2023-cü ildən 12 ay və 2024-cü ildən 2 ay xidmət pulu ödənilməmişdir. Toplamda cavabdehin 47 ay abunə borcu 282 manat və qeydiyyatdan çıxma aktı 35 manat pul məbləği ödənilməmişdir. Həmçinin, məhkəmənin keçirilməsi ilə bağlı 30 manat məbləğində məhkəmə xərci ödənilmişdir. Bu səbəbdən tələb olunan pulun cavabdehdən tutulmasını məhkəmədən xahiş etmişdir. İş materialları kimi məhkəməyə təqdim edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2020-ci ildən xx.xx.2024-cü ilədək 47 aylıq xidmət haqqı məbləği olan 282 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada məhkəmə bildirişi və sənədləri ünvanı üzrə şəxsən xx.xx.2024-cü il tarixdə təqdim olunmuş və Cavabdeh xx.xx.2024-cü il tarixində iddia tələbinə etirazla məhkəməyə müraciət etmişdir. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərlə tanış olmuşlar, tərəflər arasında bağlanmış müqavilədəki imza onlara məxsus deyildir, həmçinin Cavabdeh möhürü ilə möhürlənməmişdir. Şəki Kommersiya Məhkəməsinin xx.xx.20124-cü il tarixli qərardadına əsasən hazırkı iş üzrə iddia icraatına keçilmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, cavabdeh tərəfə kassa 2020-ci ildə quraşdırılmışdır, 3 il həmin kassadan istifadə olunmuşdur, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh tərəf məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, müraciəti əsasında kassa quraşdırılmış, lakin texnii xidmət haqqında müqavilə tələb etdiyi zaman müqavilə ona verilməmiş, iddiaçı ilə heç vaxt texniki servis xidməti haqqında müqavilə bağlamamış, hər ay 6 manat texniki ödəniş etməyi qəbul etməmiş, 2023-cü ildə isə rəhbəri olduğu müəsissədə yeni nəzarət kassa aparatı quraşdırmışdır. Cavabdehin nümayəndəsi hesab edir ki iddia tələbi əsassızdır. Belə ki, iddiaçı ilə hər hansı müqavilə bağlamamışdır. Eyni zamanda məhkəmə tərəfindən iddiaçının nümayəndəsinə ünvanlanmış müqavilənin əslinin məhkəməyə təqdim edilməsi ilə bağlı suala cavab olaraq iddiaçının nümayəndəsi bildirmişdir ki, müqavilənin əsli onlarda yoxdur, məhkəməyə təqdim edilmiş müqaviləni vergi orqanının elektron sistemindən əldə etmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə qeyd edilən şəxslərin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: xx.xx.2020ci il tarixli, 928400 nömrəli müqavilə, maliyyə arayışı, müraciətlər və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. Podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 752.1, 752.2,755) İlk öncə məhkəmə tərəflər arasında yaranmış hüquq münasibətlərinin xarakterinə münasibətdə qeyd edir ki, tərəflər arasında podrat münasibətlərindən əmələ gələn müqavilə bağlanmışdır. Belə ki, cavabdehin sifarişi əsasında onun nəzarət-kassa aparatına texniki servis xidməti göstərilmiş və bunun müqabilində cavabdeh muzd ödəməyi öhdəsinə götürmüşdür. İddianın hüquqi əsasına münasibətdə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Servis Texniki Xidmət Mərkəzinin (STXM) İddiaçı MMC ilə Cavabdeh arasında sonuncuya servis texniki xidmət göstərmək məqsədi ilə xx.xx.2020-ci il tarixli 928400 nömrəli müqavilə bağlamışdır. Həmin Müqavilənin 1-ci bəndinə əsasən istehlakçı Merkuri-130F-01 tipli, 00221419 zavod nömrəli nəzarət kassa aparatına (NKA) istismar qaydalarına uyğun servis texniki xidmət göstərməyi tapşırmış, STXM isə həmin istismar qaydalarına uyğun tapşırığı öz üzərinə götürmüşdür. 3-cü bəndinə əsasən istehlakçının STXM-in hüquq və məsuliyyətləri Nazirlər Kabinetinin 266 saylı xx.xx.1995-ci il tarixli qərarının 9 və 10-cu bəndləri ilə tənzimlənir. 5-ci bəndinə əsasən mütəmadi və fasiləsiz xidmət göstərmək üçün istehlakçı tərəfindən STXM-ə hər ay 6 manat məbləğində vəsait ödənilir və həmin müddətdə NKA-ya göstərilən texniki xidmət və təmirin dəyəri STXM-in üzərinə düşür. İddiaçı iddia ərizəsində Cavabdeh tərəfindən, 2020-ci ildən 10 ay, 2021-ci ildən 11 ay, 2022-ci ildən 12 ay, 2023-cü ildən 12 ay və 2024-cü ildən 2 ay olmaqla, cəmi 47 aylıq xidmət pulunun ödənilmədiyini iddia edir. Belə ki, tərəflər arasında hazırkı iş üzrə müqavilə bağlanan zaman qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 28 dekabr tarixli, 266 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında nəzarət-kassa aparatlarının satışı, istismarı, servis-texniki xidmət və təmiri qaydaları haqqında” Əsasnamənin 10.8-ci bəndində servis texniki xidmət mərkəzinin vəzifələri qeyd edilmişdir. Həmin əsasnamənin 10.8.4. STXM-lə müvafiq müqavilə bağlamış istehlakçıların dövlət reyestrinə daxil edilmiş NKA-ya texniki xidmət göstərmək STXM-in vəzifəsidir. Həmin Əsasnamənin 10.8.10-cu bəndində servis texniki xidmət mərkəzinin nəzarətkassa aparatı istismara verilən zaman NKA istehlakçılarını STXM-in səlahiyyətli nümayəndəsinin imzası və möhürü ilə təsdiq edilmiş texniki xidmət jurnalı və nəzarətkassa aparatı işləmədiyi dövrdə aparılan əməliyyatların uçotu kitabı ilə təmin etmək, NKA-nın istehlakçılarında saxlanılan nəzarət-kassa aparatlarının texniki xidmət jurnalında işlərin görülməsini qeydiyyata almaq iddiaçının vəzifəsidir. Bundan əlavə, Cavabdehnə xx.xx.2020-ci il tarixdə təhkim edilmiş müvafiq NKA Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 14 fevral tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmalı olan “Nəzarət-kassa aparatlarının tətbiqi Qrafiki”nin tələblərinə görə İsmayıllı şəhərində fəaliyyət göstərən bütün sahibkarlıq subyektlərində 2021-ci il 31 dekabr tarixədək tam olaraq yeni nəsil elektron NKA ilə təchiz edilməli idi. Göründüyü kimi, qeyd edilən qanunvericiliyin tələbinə əsasən hazırkı vəziyyətdə İsmayıllı şəhərində fəaliyyət göstərən müvafiq sahibkarlıq subyeklərində elektron NKA-nın quraşdırılması təmin edilir. İddiaçı bu faktı təkzib edən sübutlarını təqdim etməmişdir. Bundan başqa cavabdeh iddia tələbinə qarşı etirazını məhkəməyə təqdim etmiş və onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərlə tanış olmuş, tərəflər arasında bağlanmış müqavilədəki imza onlara məxsus deyil, həmçinin Cavabdeh möhürü ilə möhürlənməmişdir. Cavabdeh tərəfdən məhkəmə iclasında, işlə bağlı ekspertiza zərurəti yarnacağı halda təqdim olunacaq imza nümunələri götürülmüşdür. Məhkəmə tərəfindən iddiaçı və cavabdehdən tərəflər arasında bağlanmış müqavilənin əsli tələb olunsa da, tərəflər həmin sənədlərin olmadığını və təqdim edilmiş müqavilənin elektron vergi sistemindən əldə etdiklərini bildirmişdir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə müqavilənin əslinin məhkəməyə təqdim edilməsi zəruridir. Lakin iddiaçı, eyni zamanda cavabdeh tərəfindən tələb olunan sənədlər məhkəməyə təqdim edilməmişdir. Şərh olunanlara əsasən məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbini sübuta yetirə bilməmiş, NKA–ya müvafiq xidmətin göstərilməsi ilə bağlı sübutlarını və tərəflər arasında bağlanmış müqavilənin əslini məhkəməyə təqdim etmədiyindən və bu hal sübuta yetirilmədiyindən məhkəmə iddianın rədd edilməsi nəticəsinə gəlmişdir. Belə ki, iddiaçı mübahisəsiz formada cavabdehin öhdəliyini təsdiq edən sübutları təqdim edə bilməmiş, tərəflər arasında bağlanmış müqavilədəki imzanın cavabdeh müəsissənin rəhbəri tərəfindən imzalanıb-imzalanınb-imzalanmamasını və möhürün vurulmaması faktının araşdırılması üçün zəruri olan müqavilənin əsli təqdim edilmədiyindən bu dəlil sübut olunmamış arqument olaraq qəbul edilir. Müqavilə əsasında yaranmış öhdəlik təsdiq edilmiş sübutlarla əsaslandırılmalıdır. Hazırkı iddiada iddiaçı bu faktı sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM): 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir. 8.1. Mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 47.1. İşdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. Mülki Məcəllənin: 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 49.3. Hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Məhkəmə yekunda qeyd edir ki, yuxarıda qeyd edilən normalar mülki proses tərəflərinin iştirak etdiyi mübahisəyə ədalətlə, qərəzsiz və obyektiv baxmalı, məhkəmə qərarı tərəfin üzərinə əsassız olaraq öhdəlik qoyma məqsədi və ya onun ədalətsiz olaraq maliyyə yükü ilə yükləmək məqsədi daşımamalıdır. Məhkəmə işin faktiki hallarını və həmin hallara tətbiq edilən qanunvericilik normalarını, daxili inamı əsas tutaraq mübahisənin hallarını araşdırıb bu nəticəyə gəlir ki, hazırki vəziyyətdə iddiaçı iddia tələbində haqlı olduğunu sübuta yetirə bilmədiyindən iddia tələbi rədd edilməlidir. Məhkəmə işin hallarını nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki icraatda iddiaçının üzərinə iddia tələbini sübut etmək, qarşı tərəfin üzərinə isə etirazlarının əsaslarını sübut etmək vəzifəsi, məhkəmənin isə həmin hallara hüquqi qiymət vermək üçün müəyyən hədləri müəyyən etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdehnə qarşı “282 manat abunə borcu, 35 manat qeydiyyatdan çıxma aktı və 30 manat dövlət rüsumunun tutulması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar