Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-487/2025 14.11.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi, Musayeva Turan Haxverdi qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 oğlunun iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Şəki Şəhər İcra Hakimiyyəti cəlb edilməklə “mülkiyyətində olan torpaq sahəsinin üzərindən keçən qaz borusunun cavabdeh tərəfindən sökülərək götürülməsi və mülkiyyətində olan torpaq sahəsindən istifadəsinə maneəçiliyin törədilməsinin cavabdehə qadağan edilməsi” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan və Şəki şəhəri Heydər Əliyev prospekti 120 F ünvanında yerləşən qeyri-yaşayış binasının 0.6 metrliyindən keçən aşağı təzyiqli qaz borusunun Cavabdeh öz hesabına sökülərək götürülməsi və mülkiyyətində olan əmlakından istifadəyə maneəçiliyin törədilməsinin Cavabdehnə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şəki şəhəri Heydər Əliyev prospekti 120 F ünvanında yerləşən özünə məxsus obyektin 0.6 metrliyindən keçən aşağı təzyiqli qaz xətti 2012-ci ildə abadlıq işləri aparılarkən Cavabdeh İB tərəfindən səkinin altına salınaraq obyektinin mühafizə zonasına salınmışdır. Bir müddət əvvəl obyektdəki rekonstruksiya işlərindən sonra çıxarış almaq üçün FHN-nə müraciət edərkən hüquqlarının pozulduğunu öyrənib. Həm qaz sızıntısı, partlayış təhlükəsi olduğu üçün, həm də çıxarış almağına maneə olmaması üçün qaz xəttinin olduğu yerdən çıxarılması, mühafizə zonasindan kənarlaşdırılması üçün lazımi işlərin aparılmasını aidiyyatı zərurudir. Bütün bunlar öz mülkiyyətində olan torpaq sahəsindən istifadə hüquqlarını məhdudlaşdırılır. Həmin qaz borusunun yerinin dəyişdirilməsi ilə bağlı tərəfindən Cavabdehnə müraciət edilsə də, müraciəti cavabsiz qalmışdır. Nəzərə almaq lazımdır ki, mülkiyyət hüququ hər bir cəmiyyətin demokratik, stabil və dinamik inkişafını,eləcə də onun dayanıqlı və etibarlı olmasını şərtləndirən ən mühüm dəyərlərdən biridir. Mülkiyyət hüququ istifadə hüququna münasibətdə daha üstün hüquqdur və bu hüquqların kolliziyası (toqquşması) halında hər bir halda mülkiyyət hüququna üstünlük verilməlidir. Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarının 2-ci maddəsinə əsasən xarici qaz kəməri-binadan kənarda çəkilmiş, binanın xarici divarının konstruksiyasına qədər olan yeraltı, yerüstü və ya yer səthindən yuxarı çəkilən qaz kəməri başa düşülür. Həmin Qaydaların 6.3-cü maddəsinə əsasən məskunlaşmış ərazilərdə çəkilən xarici qaz kəmərləri, bir qayda olaraq, AzDTN 2.6 -1 normativ sənədinin tələblərinə uyğun olaraq yeraltı nəzərdə tutulmalıdırlar. Xarici qaz kəmərlərinin yerüstü dayaqlarda və yerüstü çəkilməsinə yaşayış məhəllələri və həyətlərinin daxilində, həmçinin trassaların ayrı-ayrı sahələrində yol verilir. Həmin Qaydaların 6.28-ci maddəsinə əsasən yer səthindən yuxarı çəkilən qaz kəmərlərinin hündürlüyü normativ sənədinin tələblərinə uyğun olaraq qəbul edilməlidir. Nəqliyyat keçməyən və adamların gediş-gəlişi olmayan boş ərazilərdə qaz kəmərlərinin alçaq dayaqlar üzərində, torpağın səthindən borunun altına qədər 0,35 m-dən az olmayan hündürlükdə çəkilməsinə yol verilir. Ümumiyyətlə, həmin qaz borusu heç bir layihə sənədləri olmadan həmin ərazidən keçirilmiş və həmin qaz xətti layihəyə uyğun deyildir. Göründüyü kimi qeyd edilən torpaq sahəsinin mülkiyyətçisidir və öz əmlakından öz istədiyi kimi istifadə etmək hüququ vardır. Lakin, qeyd edilən qaz borusu Az DTN 2.9-2 “X5 Layihələndirmə Normaları”nın və “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələbləri pozulmaqla çəkildiyindən mülkiyyətində olan torpaq sahəsindən istifadə etməyilə ilə bağlı müəyyən çətinliklər yaradır. Cavabdeh məlum olmayan səbəblərdən həmin qaz borusunun yerini dəyişməkdən yayınır. Nəticədə isə qanunvericiliklə müəyyən edilmiş hüquqları pozulur. Halbuki, qeyd edilən qaz borusunun özünün torpaq sahəsindən istifadəsinə maneəçilik törətməməsi üçün həmin qaz borusunun hazırda olduğu yerdən götürülüb digər ünvandan aparılması texniki cəhətdən mümkündür. Göstərilən səbəblərdən hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməli olub. İİ. Tərəflərin mövqeləri: İddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak edərək iddia ərizəsinin məzmununa əlavə olaraq bildirdi ki, o, torpaq sahəsini alanda qaz xəttinin hardan çəkildiyini bilməmişdir. Ona məxsus obyektin 0.6 metirliyindən qaz xətti keçir. Həmin qaz xətti onun obyektinə çıxarış almağına maneəçilik törədir. İcra hakimiyyətinə də gedib müraciət edib, lakin razılıq verilməyib. İcra başçısının müavininin qəbulunda da olub. Həmçinin ərizə və sxemi də verib, sxemi dəyiş deyiblər dəyişmişdir. Lakin müsbət bir nəticə əldə etməmişdir. Qaz xəttini üç-dörd obyekt aralıqda olan qəssabla razılaşıb çıxartmaq istəmişlər. Lakin İcra hakimiyyətinin ona icazə verməmişlər. Həmin qəssab ondan 20 metr aralıda yerləşən obyektinin yanından keçən qaz xəttini çıxartmış, həmin qaz xətti yerin üstü ilə çəkilmişdir. Lakin ona icazə verilməmiş və qaz xəttinin Cavabdeh İb-nin özü çıxartmalı olduğunu bildirilmişdir. Onun həyatı təhlükədədir, işlədiyi obyektin 0,6 metrliyindən səkinin altından keçən qaz xəttində hər an partlayış ola bilər. İddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iştirak edərək bildirmişdir ki, 2012-ci ildən əvvəl dəmir boru ilə qaz xətti yer üstündə olmuşdur. 2012-ci ildən sonra abadlıq işləri ilə əlaqadar yer altı qaz xətti çəkilmişdir. Qaz xəttinin çəkildiyi ərazi İcra Hakimiyyətinin ərazisidir. Layihə əsasında icazə verilmişdir. X1 xəttinin çıxarılması barədə ilkin layihə sənədlərini hazırlamışdır. Lakin Şəki rayon İcra Hakimiyyəti tərəfindən qaz xəttinin yerin altından çıxarılmasına icazə verilməmişdir. Həmçinin Cavabdeh tərəfindən qaz xəttinin həmin ərazidən çıxarılıb yerin üstü ilə çəkilməsinə etirazı yoxdur. Şəki rayon İcra Hakimiyyəti qaz xəttinin çıxarılmasına icazə versə, qaz xəttinin çıxarılmasına etiraz etmir, lakin qaz xətti Azəriqazın hesabına yox iddiaçının öz hesabına çıxarılmalıdır. İddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Şəki Şəhər İcra Hakimiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmiş, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxmışdır. III. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. IV. Tədqiq olunan sübutlar: İş materiallarında olan Cavabdeh xx.xx.2024-cü il tarixli 14-2-2-7/2-C-4xx-xx/2024 nömrəli məktubundan görünür ki, İddiaçı qeyd olunan müraciətinə birlik tərəfindən cavab olaraq bildirilmişdir ki, iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin qarşısından keçən PE-63 mm-lik aşağı təzyiqli qaz xəttinin yerinin yeraltı dəyişdirilməsi üçün tərtib edilmiş sxem müvafiq qurumlarla razılaşdırıldıqdan sonra, iddiaçı tərəfindən təkrar müraciət edildiyi təqdirdə yenidən baxılacaqdır. Əlavə olaraq məktubda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”-ına uyğun olaraq iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin oda davamlıq dərəcəsi barədə müvafiq rəy təqdim edildiyi təqdirdə qaz xəttinin Tikinti Norma və Qaydalarına uyğun surətdə yerüstü çəkilməsi mümkündür. İş materiallarında olan plandan görünür ki, Şəki şəhəri Heydər Əliyev prospekti ünvanında İddiaçı məxsus torpaq sahəsinin qarşısından keçən PE 63 mm-lik aşağı təzyiqli yeraltı qaz xəttinin, yerinin dəyişdirilməsinin sxematik planı tərtib edilmişdir. Həmin plan xx.xx.2024-cü il tarixdə Cavabdeh Zaqatala X6 İdarəsi tərəfindən təsdiq edilmişdir. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilən **********74-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Şəki şəhəri Heydər Əliyev prospekti 120 F ünvanında yerləşən torpaq sahəsi ilə birlikdə qeyri-yaşayış binası İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən, İddiaçı mülkiyyətində olan Şəki şəhəri Heydər Əliyev prospekti 120 F ünvanında yerləşən torpaq sahəsi ilə birlikdə qeyri-yaşayış binasına verilən 1468 inventar nömrəli texniki pasportda, qeyd olunan ərazidə olan əsas, köməkçi tikili və qurğuların təyinatı və texniki göstəriciləri, torpaq sahəsinin planı, əsas tikililərin texniki təsviri və vəziyyəti, obyektin mərtəbə üzrə planının ekspliksiyası, həyət tikililəri və qurğuların texniki təsviri və vəziyyəti öz əksini tapmışdır. İş materiallarında olan “X8” MMC şirkəti tərəfindən verilən layihədən görünür ki, İddiaçı mülkiyyətində olan Şəki şəhəri Heydər Əliyev prospekti 120 F ünvanında yerləşən qeyriyaşayış binasın memarlıq planlaşdırma həlli üçün layihəsi tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli 5-7/2-938/2025 nömrəli məktubda qeyd olunmuşdur ki, Azərbaycanın ən qədim və turizm şəhərlərindən olan Şəki şəhərinin əsas giriş yerlərindən biri olan və şəhərin turizm zonasına gedən marşrut üzərində yerləşən şəhərin Heydər Əliyev prospektində su və kanalizasiya sistemlərinin tikintisi işləri başa çatdırıldığından Şəki Şəhər İcra Hakimiyyətinin müraciəti əsasında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə vəsait ayrılaraq prospektin əsaslı təmir işləri aparılmışdır. Lakin, prospektdə təmir işlərinə başlanılmamışdan xeyli müddət əvvəl həmin ərazidə yaşayan vətəndaşlara və sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə dəfələrlə şifahi olaraq bu barədə bildirilərək su və kanalizasiya şəbəkəsinə vaxtında qoşulmaları tövsiyə olunmuş və əks halda təmir işləri başa çatdırıldıqdan sonra prospektdə hər-hansı qazıntı işlərinin aparılmasına icazə verilməyəcəyi barədə xəbərdarlıq edilmişdir. Şəki şəhərinin Heydər Əliyev prospektində səkinlərin və asfalt örtüyünün tikintisi işləri yekunlaşdırıldıqdan sonra İddiaçı müraciəti əsasında Cavabdeh tərəfindən onun sahibi olduğu qeyri-yaşayış binasının qarşısından keçən aşağı təzyiqli yeraltı qaz borusunun yerinin dəyişdirilməsi üçün Heydər Əliyev prospektində və piyadalar üçün nəzərdə tutulmuş səkidə qazıntı işləri aparılması ilə bağlı sxem hazırlanmış və təsdiq edilməsi üçün vətəndaş tərəfindən Şəki Şəhər İcra Hakimiyyətinə təqdim edilmişdir. Şəki şəhərinin əsas giriş yerlərindən biri olan və şəhərin turizm istirahət zonasına gedən marşrut üzərində yerləşən prospektdə və piyada səkisində yeni aparılmış əsaslı təmir işlərindən sonra asfalt örtüyünün və piyadalar üçün nəzərdə tutulmuş səkinin qazılacağı təqdirdə prospektin görünüşünə xələl gələcəyi, eləcə də prospektin təmiri üçün xəclənmiş dövlət vəsaitini nəzərə alaraq, qazıntı işlərinin aparılması məqsədəmüvafiq olmadığı səbəbli vətəndaşın təqdim etdiyi sxem təsdiq edilmədən geri qaytarılmışdır. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı məxsus Şəki şəhəri Heydər Əliyev prospekti 120 F ünvanında yerləşən qeyri-yaşayış binasının 0.6 metrliyindən keçən aşağı təzyiqli qaz borusu iddiaçının mülkiyyətində olan əmlakından istifadəsinə maneəçilik törədib-törətməməsi və həmin qeyri-yaşayış binasının 0.6 metrliyindən keçən aşağı təzyiqli qaz borusunun sökülərək götürülməsi və yerin üstü ilə çəkilməsi mümkün olub-olmamasının müəyyən edilməsi məqəsdi ilə məhkəmə mühəndistexniki ekspertizası təyin edilmiş və qərardad icra edilməsi üçün iş materialları ilə birlikdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən qeyd olunan məsələ üzrə ekspertizanın aparılmasından xx.xx.2025-ci il tarixli məktubla imtina edilmiş və məktubda qərardadda ekspert qarşısında qoyulmuş sual bilik tələb etməməklə hərhansı təqdiqat metodu ilə həll edilmədiyi və tikinti-texniki obyektlərin tədqiqi ekspertizanın həll etdiyi məsələlər dairəsinə aid olmadığı bildirilmişdir. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı üzrə ekspert qarşısında qoyulmuş sualların cavablandırılması məqsədi ilə, xx.xx.2025-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə sorğu verilmiş və qərardadda qoyulan suallara uyğun mütəxəssis rəyinin məhkəməyə təqdim edilməsi xahiş edilmişdir. Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli məktubla mütəxəssis rəyinin verilməsinin mümkün olmaması bildirilmişdir. Məktubda qeyd edilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsinə əsasən qeydiyyat orqanı-daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. İddiaçı məxsus Şəki şəhəri Heydər Əliyev prospekti 120 F ünvanında yerləşən qeyri-yaşayış binasının 0.6 metrliyindən keçən qaz borusunun iddiaçının mülkiyyətində olan əmlakdan istifadəsinə maneəçilik törədib-törətməməsi, həmçinin qaz borusunun sökülərək götürülməsi ilə bağlı məsələlərin həlli ərazi idarəsinin səlahiyyətlərinə aid deyildir. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, MB-18/1689 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, Şəki şəhəri, Heydər Əliyev prospekti 120F ünvanında yerləşən qeyriyaşayış binasının 0.6 metrliyindən keçən aşağı təzyiqli qaz borusunun əmlakdan istifadəyə maneəçilik törədib-törətmədiyinin təsirləri qiymətləndirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, aşağı təzyiqli qaz borusu obyektlərin ön hissəsindən keçdiyi sahədə yeraltı ilə aparılmışdır. Yeraltı keçid piyadaların, girişlərin, vitrinlərin qarşısını kəsmir. Mağazaların və obyektlərin fəaliyyətinə görünən fiziki maneə yoxdur. Obyektə giriş-çıxışa, sahədən istifadə imkanlarına faktiki müdaxilə etmir. Tikili və sərnişin hərəkətində təhlükə yaratmır. Borunun yeraltı keçidi iddiaçının mülkiyyətində olan əmlakdan istifadəsinə hər hansı fiziki və funksional maneəçilik yaratmır. Qaz borusu yeraltı keçdiyindən iddiaçının əmlakından istifadəsinə real maneəçilik yoxdur. Qaz xəttinin sökülərək yeraltından çıxarılması və yenidən yerüstü ilə çəkilməsi mümkündür, amma bu yalnız müəyyən şərtlərlə və qaz idarəsinin (Azəriqazın) rəsmi icazəsi ilə həyata keçirilə bilər. Ekspert rəyində xidmət haqqı 300 manat müəyyən edilmişdir. V. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin:
22. Sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır. Əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. 47.3. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin- küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfat daxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidro texniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir;
“Qaz təhcizatı haqqında” Azərbaycan Respublikası Qanunun: 19-cu maddəsinin 2-ci hissəsinə əsasən qaz kəmərlərinin mühafizə zonası dairəsində tikinti işlərinin aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. 22-ci maddəsinə görə bu qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.7-ci bəndində əsasın boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir. 2.13-cü maddəsinə əsasən boru kəmərlərinin mühafizə zonalarında onların normal istismarını pozan və yaxud boru kəmərlərinin zədələnməsinə gətirib çıxara bilən bütün növ işlərin görülməsinə yol verilmir. 3.21-ci maddəsinə əsasən yeraltı qaz kəmərində, açıcı mexanizmlər qurulmuş quyular tikinti xəttindən, binanın divarından, sənaye, yaxud kommunal müəssisənin hasarından 2 metrdən az olmayan məsafədə, habelə ona xidmət etmək üçün əlçatan yerdə yerləşdirilməlidir. Çöl şəraitində quyuların ağzı yerin səthindən 0,4—0,5 metr hündürdə olmalı və asanlıqla açılan, qıfıllı qapaqla örtülməlidir. 2.11. Boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan aşağıda göstərilən işlərin aparılması qadağandır: a) hər hansı tikinti və ya quraşdırma işləri; b) bütün növ kol və ağacların basdırılması, yem məhsullarının, gübrə və materialların yığılması, ot və samanların taya vurulması, heyvan saxlamaq, balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarını tutmaq, bitkiləri yığmaq, buz sındırılması və yığılması; c) boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması; 2.17. Boru kəmərlərinin mühafizə zonaları, dəmir yollarının, avtomobil yollarının, (Elektrik ötürücü xətlərin) EÖX və başqa obyektlərin mühafizə zonaları ilə üst-üstə düşürsə, bu obyektlərin istismarı ilə əlaqədar aparılan işlər maraqlı olan tərəflər arasında razılaşdırılır. 2.27. Bu Qaydaların tələblərinin pozulmasında təqsirkar olan vəzifəli şəxslər və vətəndaşlar Respublikanın qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyətə cəlb olunurlar. 3.4. Şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin ərazisində qaz kəmərləri, bir qayda olaraq, torpağa basdırılır, sənaye və kommunal müəssisələri ərazisində isə yerin üstü ilə çəkilir. 3.21. Yeraltı qaz kəmərində, açıcı mexanizmlər qurulmuş quyular tikinti xəttindən, binanın divarından, sənaye, yaxud kommunal müəssisənin hasarından 2 metrdən az olmayan məsafədə, habelə ona xidmət etmək üçün əlçatan yerdə yerləşdirilməlidir. 3.49. Bütün təzyiqli qaz kəmərlərinin çaydan, kanaldan və başqa su maneələrindən, həmçinin dərələrdən, dəmir yolu xətlərindən, avtomobil yollarından və s. sualtı (dukerlərdən), keçidli yeraltı və yaxud yerüstü (suüstü) ola bilər. 7.30. Yeraltı qaz kəmərləri xətlərini yoxlayan zaman qaz kəmərlərindəki qurğuların saz olması, həmçinin qaz qurğularında və qaz kəmərindən hər iki tərəfə 15 metrədək məsafədə yerləşən başqa kommunikasiyaların (kanalizasiyanın, istilik trassasının, su kəmərinin, telefon və s.) quyularında, binaların zirzəmilərində, kollektorlarda, körpü dayaqları şaxtalarında, nəzarət borularında qazın olub-olmaması yoxlanılmalıdır. Yeraltı qaz kəmərləri xətlərini yoxlamaq üçün müəyyən nömrələri olan marşrut kartları tərtib olunmalı və bunlar yoxlayıcı şəxslərə verilməlidir. Hər bir marşrut kartında qaz kəmərləri xəttinin sxemi və uzunluğu, həmçinin kəmərdən hər iki tərəfə 15 metr radiusda yerləşən bütün yeraltı kommunikasiyaların quyuları və binaların zirzəmiləri göstərilməlidir. 7.31. Qaz kəmərinin yaxınlığındakı bu Qaydaların 7.30 bəndində göstərilən qurğuların hər hansında qazın olması aşkar edildikdə, bu barədə QYX-ni xəbərdar etmək və eyni zamanda qurğuların və zirzəmilərin havasını dəyişmək üçün tədbirlər görmək lazımdır. Bu halda əlavə olaraq, qaz kəmərindən 50 metr radiusda yerləşən binaların zirzəmiləri və başqa yeraltı qurğular yoxlanılmalıdır. 7.39. Yeraltı qaz kəməri zonasında tikinti işlərinin aparılması (binaların, qurğuların, yeraltı kommunikasiyaların sökülməsi, yaxud tikilməsi) zamanı kəmərin zədələnməsi ehtimalı varsa, belə işlərə qaz kəmərini istismar edən təşkilatın yazılı göstərişləri və icazəsi əsasında yol verilə bilər. İstismar təşkilatının icazəsində qaz kəməri zonasında işlərin aparılması şərtləri və qaydası qeyd edilməli, həm də qaz kəmərinin əlaqələri ilə birlikdə sxemi verilməlidir. Ərazisində iş aparılan qaz kəməri trassası hər gün yoxlanılmalıdır. “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 nömrəli qərarına edilmiş 2 və 5 nömrəli əlavələrə əsasən orta təzyiqli yeraltı qaz kəmərinin mühafizə zonası 4 metr, yerüstü qaz kəmərinin mühafizə zonası 5 metr, aşağı təzyiqli qaz kəmərinin mühafizə zonası isə 2 metr müəyyən edilmişdir.
Vl. Məhkəmənin mövqeyi:
Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan Şəki şəhəri Heydər Əliyev prospekti 120 F ünvanında yerləşən obyektin 0.6 metrliyindən keçən aşağı təzyiqli qaz xətti 2012-ci ildə abadlıq işləri aparılarkən Cavabdeh İB tərəfindən səkinin altından çəkilərək obyektinin qaz xəttindən mühafizə zonasına salınmışdır. İddiaçı sənədləşmə işlərinin aparılması üçün FHN-nə müraciət edərkən hüquqlarının pozulduğunu öyrənib. Həm qaz sızıntısı, partlayış təhlükəsi olduğu üçün, həm də sahibliyində olan qeyri-yaşayış sahəsinə çıxarış almağına maneə yarandığı üçün qaz xəttinin ona məxsus obyektin 0.6 metrliyindən çıxarılması, mühafizə zonasının bərpa edilməsi barədə Cavabdeh İB-nə müraciət etmişdir. Cavabdeh Zaqatala X6 İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə Şəki şəhəri Heydər Əliyev prospekti ünvanında İddiaçı məxsus torpaq sahəsinin qarşısından keçən PE 63 mm-lik aşağı təzyiqli yeraltı qaz xəttinin yerinin dəyişdirilməsinin sxematik planı tərtib edilmişdir. İşin göstərilən halları (işin mübahisəsiz halıdır.) cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Lakin həmin ünvanda əsaslı təmir işləri aparıldığından Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən aşağı təzyiqli yeraltı qaz xəttinin yerinin dəyişdirilməsinə icazə verilməmişdir. Həmçinin cavabdeh tərəfindən mübahisələndirilən hal ondan ibarətdir ki, cavabdeh iddia tələbinin qaz borusunun cavabdeh tərəfindən öz hesabına sökülərək götürülməsi hissəsi ilə razılaşmır. Cavabdehin nümayəndəsi qeyd edir ki, göstərilən ünvanda qaz borusunun sökülərək götürülməsi iddiaçının vəsaiti hesabına mümkündür. Məhkəmə qeyd edir ki, “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydaları”nın 3.4-cü bəndinə əsasən “Şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin ərazisində qaz kəmərləri, bir qayda olaraq, torpağa basdırılır, sənaye və kommunal müəssisələri ərazisində isə yerin üstü ilə çəkilir. Məhəllələrarası (həyətlərarası) qaz kəmərlərinin çəkilməsi həm yeraltı, həm də yerüstü aparıla bilər (dayaqlar üzəri ilə, yaxud yaşayış və ictimai binaların xarici divar boyu ilə). Hal-hazırkı mübahisədə isə iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin 0,6 metrliyindən keçən qaz xəttinin yolkənarı səkinin altından çəkilərək üzərinin asfaltlanması, qaz xəttinə texniki baxış və profilaktik xidmət işlərinin həyata keçirilməsini də qeyri-mümkün hala gətirmişdir. Bu da qaz kəmərində baş verə biləcək hər hansı sızma və ya zədələnmə anında və ya kəmərin korroziyaya uğrayaraq yararsız hala düşməsi nəticəsində təbii qazın havaya sovrulması, həyat üçün təhlükəli olan partalayışa səbəb olması, həmçinin kəmərə operativ şəkildə müdaxilə edilərək xidmət göstərilə bilməsinin qarşısını alır. İddiaçının iddia tələbinin mahiyyətindən görünür ki, iddiaçı mükiyyətində olan qeyri-yaşayış binasının 0,6 metrlyindən keçən qaz xəttinin yerin (səkinin) altından çıxarılıb yerinüstü ilə çəkilməsini tələb edir ki, gələcəkdə baş verə biləcək hər hansı bir hadisə zamanı təcili müdaxilə etmək mümkün olsun. Bununla da qaz borsununun zədələnməsi və ya qaz sızmasının baş verməsinin partlayışa, yanğına və insan tələfatı ilə nəticələnə bilən digər bədbəxt hadisənin, iddiaçının həyatı və əmlakı üçün yaranmış təhlükənin qarşısı alınmış olsun. Məhkəmə həmçinin qeyd edir ki, "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, MB-18/1689 nömrəli ekspert rəyinə əsasən qaz xəttinin sökülərək yeraltından çıxarılması və yenidən yerüstü ilə çəkilməsi mümkündür, amma bu yalnız müəyyən şərtlərlə və qaz idarəsinin (Azəriqazın) rəsmi icazəsi ilə həyata keçirilə bilər. İşdə olan ekspert rəyinə hüquqi qiymət verilərək həmin rəy sübut növü kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Bu səbəbdən məhkəmə ekspert rəyini tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşaraq belə nəticəyə gəlir ki, hazırkı iş üzrə ekspert rəyi sübut kimi qəbul edilməlidir. Məhkəmə qeyd edir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. Məhkəmə ekspertizanın verdiyi rəyi hazırki real vəziyyəti əks etdirdiyi üçün sübut növü kimi qəbul edərək, onunla razılaşmışdır. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə qeyd edir ki, iddiaçıya məxsus qeyri-yaşayış obyektinin 0,6 metrliyindən keçən aşağı təzyiqli qaz borsununun zədələnməsi və ya qaz sızmasının baş verməsi partlayışa, yanğına və insan tələfatı ilə nəticələnə bilən digər bədbəxt hadisələrə səbəb ola biləcəyindən qaz kəmərinin üzərinin örtülməsi, eləcə də qanunvericilikdə nəzərdə tutulmuş 2 metr mühafizə zonası şərtinin cavabdeh tərəfindən pozulması kəmərin texniki istismarına və təmirinə ciddi maneələr törətməklə yanaşı, həmin ətrafda yaşayan insanların həyatı və əmlakı üçün ciddi təhlükə yaradır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 nömrəli qərarına edilmiş 2 və 5 nömrəli əlavələrə əsasən orta təzyiqli yeraltı qaz kəmərinin mühafizə zonası 4 metr, yerüstü qaz kəmərinin mühafizə zonası 5 metr, aşağı təzyiqli qaz kəmərinin mühafizə zonası isə 2 metr müəyyən edilmişdir. Nəticə etibarilə, Cavabdeh İB tərəfindən “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nda göstərilmiş mühafizə zonası və təhlükəsizlik tədbirləri qaydaları pozulmuşdur. Nəzərə alınmalıdır ki, «Qaz təchizatı haqqında» Qanunun 19-cu maddəsinə əsasən, sənaye qurğularını, digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorumaq, habelə insanların həyatını, sağlamlığını və əmlakını müdafiə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanı mühafizə zonası və tədbirləri ilə bağlı qaydalar tətbiq edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.7-ci bəndində əsasın boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir. Göründüyü kimi mühafizə zonalarının müəyyən olunmasında qanunvericinin məqsədlərindən biri qaz kəmərlərinin istismarına normal şərait yaratmaq, zədələnmə hallarının qarşısını almaqdan ibarətdir. Məhkəmə habelə qeyd edir ki, iddiaçının mülkiyyətində olan Şəki şəhəri Heydər Əliyev prospekti 120 F ünvanında yerləşən qeyri-yaşayış binasının 0.6 metrliyindən aşağı təzyiqli qaz xəttinin keçməsi onun mülkiyyətindən istifadəyə maneəçilik törədir. Belə ki, iddiaçı mülkiyyətində olan obyektdən təyinatına uyğun qanuni əsasla istifadə etmək üçün müvafiq qurumlara müraciət etsə də, həmin qeyri-yaşayış binasının 0.6 metrliyindən aşağı təzyiqli qaz xəttinin keçməsi səbəbindən sənədləşmə işləri apara bilməmişdir. Nəticədə Şəki şəhəri Heydər Əliyev prospekti 120 F ünvanında yerləşən qeyri-yaşayış binasında təyinatına uyğun istifadə etməsi mümkün olmamışdır. Nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh tərəfindən “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nda göstərilmiş mühafizə zonası və təhlükəsizlik tədbirləri qaydaları pozulduğundan iddiaçıya məxsus qeyri-yaşayış binasının 0,6 metriliyindən keçən aşağı təzyiqli qaz borusu cavabdehin vəsaiti hesabına və onun tərəfindən sökülərək yerin üstü ilə çəkilməli, iddiaçının mülkiyyətindən istifadəsinə maneəçiliyin törədilməsi Cavabdehnə qadağan edilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, iddia təmin edildiyindən dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Aparılmış tədqiqatın dəyəri olan 300 manat məbləğdə pul Cavabdehndən tutularaq, "xxxx" MMC-nin hesabına ödənilməlidir.
Vlİ. Nəticə:
Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan Şəki şəhəri, Heydər Əliyev prospekti 120 F ünvanında yerləşən qeyri-yaşayış binasının 0,6 metriliyindən keçən aşağı təzyiqli qaz borusu Cavabdeh hesabına sökülərək yeri dəyişdirilsin və onun mülkiyyətindən istifadəsinə maneəçiliyin törədilməsi Cavabdehnə qadağan edilsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutulub iddiaçıya ödənilsin. Aparılmış tədqiqatın dəyəri olan 300 manat məbləğdə pul Cavabdehndən tutularaq, "xxxx" MMC-nin (VÖEN:**********) "xxxx" ASC-nin Yasamal filialında olan bank hesabına(H\h AZ59AllB********************, müxbir hesabı: AZ37NABZ******************** S.W.İ.F.T BİK: AllBAZ2X ) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən : Elnarə Hüseynova