Məhkəmə qərarları › İş №e-2-2(117)-528/2025

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-528/2025

18.04.2025 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-528/2025 18.04.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızı, İddiaçı Cavabdehnə qarşı “torpaq sahəsinin torpaq müsabiqəsinin qalibi kimi iddiaçıya icarəyə verilmə öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “torpaq sahəsinin torpaq müsabiqəsinin qalibi kimi iddiaçıya icarəyə verilmə öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh üzərinə mülkiyyətində olan 25 ha və 5 ha (cəmi 30 ha) torpaq sahəsinin 11 may 2023-cü il tarixdə keçirilmiş torpaq müsabiqəsinin qalibi kimi iddiaçıya icarəyə verilməsi öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddiaçı tərəfindən iddia ərizəsi və ona əlavə sənədlər Cavabdehnə çatdırılmamışdır. Elektron Məhkəmə İnformasiyaları Sistemindən əldə olunan məlumatdan görünür ki, Cavabdeh Elektron Məhkəmə İnformasiyaları Sistemində yaradılmış “elekton kabineti” mövcuddur. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.2-ci maddəsinin tələblərinə riayət edilməklə cavabdehə çatdırılmalı idi. Lakin iddiaçı bunu təsdiq edən sübut məhkəməyə təqdim etməmişdir. Bu səbədən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilən sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 150.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 363-VİQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 22 yanvar tarixli 265 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 1403 nömrəli Fərmanına əsasən Mülki Prosessual Məcəllənin 150.2-ci maddəsində “orqanın (qurumun) informasiya sistemi” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemi nəzərdə tutulur. Məhkəmə qeyd edir ki, kommersiya mübahisələri üzrə pretenziya qaydasına riayət edilməsi, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin məhkəməyə müraciət etməzdən əvvəl qarşı tərəfə çatdırılmalı olması barədə qanunvericiliyin tələbləri formal xarakter daşımır. Çatdırılma və ya təqdim olunma dedikdə həmin sənədlərin rəsmi olaraq qarşı tərəfə verilməsi kimi başa düşülür. Belə təqdim olunmada qanunvericiliyin güddüyü əsas məqsəd qarşı tərəfin ona qarşı qaldırılmış iddiadan əvvəlcədən məlumatlı olması, müdafiəsini təşkil etməsinə imkan yaradılması və iddiaçının tələbinin hüquqi əsasını təşkil edən sənədlərlə məhkəmə iclasınadək tanış olmasıdır. İddiaçı tərəf hazırkı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin cavabdehə çatdırılması barədə sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi prinsiplərindən biri də çəkişmə prinsipidir ki, çəkişmə prinsipi təmin olunmadan ədalət mühakiməsinin həyata keçirilməsi yolverilməzdir. Nə qədər ki, iddiaçı tərəfindən cavabdehə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin çatdırılması təmin edilməyib sonuncu məhkəmə araşdırmasının gedişindən məlumatı olmayacaq və iddia ərizəsinin tərkib hissəsi hesab edilən cavabdehlərin ünvanı barədə rəsmi sənəd iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədən hazırki işə baxıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.4-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan başqa məhkəmə iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumuna münasibətdə qeyd edir ki, 100 manat dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Hazırki iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarıldığından məhkəmə hesab edir ki, iddiaçı tərəfindən işə baxılması ilə əlaqədar ödənilmiş 100 manat dövlət rüsumu geri qaytarılmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu qismən və ya tamailə geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. 5.3-cü maddəsinə əsasən düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumu dövlət rüsumunun ödəyicisinin ərizəsinə əsasən 20 gün müddətində ona qaytarılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2002-ci il tarixli 98 nömrəli Qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydaları” nın 3.1-ci bəndinə əsasən düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumu dövlət rüsumunun ödəyicisinin yazılı müraciətinə əsasən 20 gün müddətində qaytarılır. 3.2-ci bəndinə əsasən düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması üçün müəyyən edilmiş 20 günlük müddət dövlət rüsumunu tutan orqana bu barədə ərizə verildiyi gündən vəsaitin müvafiq dövlət xəzinədarlığının hesabından çıxdığı günədək olan dövrü əhatə edir. 4.1-ci bəndinə əsasən düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir. Ərizədə dövlət rüsumunun ödəyicisinin adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi, bu sənədi verən orqanın adı, düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun məbləği, onun yaranma tarixi və səbəbləri, habelə düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun qaytarılma üsulu (nağd və ya köçürmə yolu ilə) göstərilməlidir. Dövlət rüsumunun ödəyicisi vergi ödəyicisi kimi qeydiyyatda olduqda, ərizədə dövlət rüsumunun ödəyicisinin VÖEN-i göstərilməlidir. 4.2-ci bəndinə əsasən dövlət rüsumunu tutan orqan dövlət rüsumunun ödəyicisinin ərizəsi daxil olduğu gündən 7 gün müddətində dövlət rüsumunun düzgün tutulmamasını və ya artıq ödənilməsini araşdırmalı və dövlət rüsumunun ödəyicisinin ərizəsinin surəti əlavə edilməklə düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması barədə müvafiq arayışı qeydiyyatda olduğu vergi orqanına təqdim etməlidir. İddiaçının diqqətinə çatdırılır ki, yuxarıda qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada Mülki Prosessual Məcəllənin hazırda qüvvədə olan normalarının tələblərinə riayət edilməklə yenidən iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edə bilər. Qərardad rəsmi qaydada təqdim edildikdən sonra “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2002-ci il tarixli 98 nömrəli Qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydaları”na əsasən ödənilmiş Dövlət rüsumunun büdcədən qaytarılması üçün ərizə ilə dövlət rüsumunun ödənildiyi xəzinədarlıq orqanına müraciət edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı Cavabdehnə qarşı “torpaq sahəsinin torpaq müsabiqəsinin qalibi kimi iddiaçıya icarəyə verilmə öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzlə AsanPay vasitəsi ilə ödənilmiş 100 manat dövlət rüsumu ödəniş edən şəxs X4 dövlət büdcəsindən qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Elnarə Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar