Məhkəmə qərarları › İş №e-2-2(117)-532/2023

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-532/2023

28.07.2023 · Sair işlər - Korporativ mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-532/2023 28.07.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “cəmiyyətin səhmdarlarının xx.xx.2021-ci il tarixli növəbədənkənar ümumi yığıncağının protokolunun etibarsız hesab edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Şəki rayonu Qarasu kəndində yerləşən Cavabdeh ASC-nin səhmdarı olmaqla 1142 ədəd adi adlı səhmi vardır. xx.xx.2021-ci il tarixdə Cavabdeh ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilmiş, yığıncaqda gündəlikdə Asif Məmmədovun Cavabdeh ASC-nin idarə heyətinin sədri vəzifəsindən azad edilməsi və X2 Cavabdeh ASC-nin idarə heyətinin sədri vəzifəsinə təyin edilməsi olmaqla 2 məsələ olmuş və yığıncağın nəticəsinə dair səhmdarların növbədənkənar ümumi yığıncağının 1 nömrəli protokolu tərtib olunmuşdur. Protokolun məzmunundan görünür ki, səhmdarların növbədənkənar ümumi yığıncağının yekununda Cavabdeh ASC-nin idarə heyətinin sədri Asif Məmmədov vəzifəsindən azad olunaraq Mehman Mehmanov xx.xx.2021-ci il tarixdən Cavabdeh ASC-nin idarə heyətinin sədri vəzifəsinə təyin olunmuş və bununla əlaqədar sədrlər arasında təhvil-təslim aparılması ilə bağlı 1 nömrəli və 2 nömrəli protokol qərarları alınmışdır. İşdə olan Vergilər sosial-iqtisadi onlayn qəzetindən görünür ki, xx.xx.2021-ci il tarixdə saat 13:14-də onlayn qəzetdə xx.xx.2021-ci il tarixdə Cavabdeh ASC-nin idarə heyətinin dəyişməsi ilə əlaqədar olaraq səhmdarların iclasının keçirilməsi barədə elan yerləşdirilmişdir. İddiaçı sözügedən səhmdarların növbədənkənar yığıncağının protokolunu mübahisələndirməklə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmiş və iddiasını onunla əsaslandırmışdır ki, depo hesabından çıxarışa əsasən Cavabdeh ASC-nin səhmdarıdır. Cəmiyyətin səhmdarlarının 12 iyul 2021-ci il tarixli növbədənkənar ümumi yığıncağında Asif Məhəmmədovun cəmiyyətin idarə heyətinin sədri vəzifəsindən azad edilməsi məsələsi müzakirə olunmuş və gündəlikdə duran qeyd edilən məsələ barədə qərar qəbul edilmişdir. 28.06 2022-ci il tarixdə 11 saylıƏrazi Vergilər Baş İdarəsinə ərizə ilə müraciət edərək səhmdar cəmiyyətin qovluğunda olan sənədləri tələb etmiş, sonuncu tərəfindən xx.xx.2022-ci il tarixli cavab məktubunda cəmiyyətin 12 iyul 2021-ci il tarixli növbədənkənar ümumi yığıncağının protokolu və digər sənədlər ona təqdim edilmişdir. Cəmiyyətin səhmdarlarının 12 iyul 2021-ci il tarixli növbədənkənar ümumi yığıncağının protokolundan vergi idarəsinə müraciətindən sonra xəbər tutmuşdur. Cəmiyyətin səhmdarları belə bir növbədənkənar ümumi yığıncaq keçirməmiş və səhmdar olaraq ona bildiriş göndərilməmiş, kütləvi informasiya vasitələrində elan verilməmiş, ümumi yığıncağının gündəliyi üzrə materiallarla tanış olunma qaydası, onların əldə edilmə qaydası barədə səhmdar olaraq ona məlumat verilməmişdir. Belə olan halda hesab edir ki, ümumi yığıncaq keçirilərkən bir sıra pozuntulara yol verilmişdir, pozuntulardan ən başlıcası səhmdarların ümumi yığıncağının protokolunun saxtalaşdırılmasıdır. Belə ki, 09 avqust 2022-ci tarixli müraciətindən sonra 09 avqust 2022-ci il tarixdə yenidən 11 saylı ƏVBİ-nə müraciət edərək səhmdarlara göndərilməmiş bildiriş, kütləvi informasiya vasitələrində elan verilməsinə dair və digər sənədləri tələb etmiş, sonuncu 24 avqust 2022-ci il tarixdə tələb etdiyi sənədlərdən vergilər sosial-iqtisadi onlayn qəzetin xx.xx.2021-ci il tarixli dərcini ona göndərmişdir. Həmin dərcdə xx.xx.2021-ci il tarixdə cəmiyyətin idarə heyətinin dəyişməsi ilə əlaqədar olaraq səhmdarların iclasının keçiriləcəyi elanı verilmişdir. Yığıncağın keçiriləcəyi ünvan olaraq isə ünvan 1 2022-ci il tarixli bildiriş göndərərək cəmiyyətin səhmdarlarının 10 yanvar 2023-cü il tarixdə saat 12:00-da Bakı şəhəri Qaradağ rayonu Salyan şosesi 2 ünvanında ("xxxx" ASC-nin inzibati binası) növbədənkənar ümumi yığıncağının keçiriləcəyini bildirmişdir. Qeyd edilən bildirişdə gündəlikdə iki məsələ durmuşdur - X1 Cavabdeh ASC-nin idarə heyətinin sədri vəzifəsindən azad edilməsi və X2 Cavabdeh ASC-nin idarə heyətinin sədri vəzifəsinə təyin edilməsi. xx.xx.2021-ci il tarixdə Cavabdeh ASC-nin səhmdarlarının ümumi yığıncağında idarə heyətinin sədri dəyişmişdisə onda bu bildiriş nə üçün göndərilirdi. Buradan bir daha aydın olur ki, cəmiyyətin səhmdarlarının 12 iyul 2021-ci il tarixli növbədənkənar ümumi yığıncağının protokolu saxtadır və görünüş üçün tərtib edilmiş protokoldur. Qeyd edilən dəyişikliyin edilməsinə başlıca səbəb Şəki Rayon Məhkəməsinin 25 may 2017-ci il tarixli 2(075)-2975/2017 nömrəli qətnaməsinin icrasından yayınmaq olmuşdur. Belə ki, qeyd edilən qətnaməyə əsasən cəmiyyətə qarşı onun iddia tələbi təmin olunmuş və cəmiyyətdən nizamnaməsinin, reyestrinin, 2012, 2013, 2014 və 2015-ci illərin yekunlarına dair keçirilmiş ümumi yığıncaqların protokollarının, 2014-2015-ci illərin maliyyə nəticələri haqqında hesabatların, müəssisənin balansının mənfəət vergisinin bəyannamələrinin surətlərinin alınıb ona verilməsi qət edilmişdir. Cavabdehin məqsədi isə bilərəkdən rəhbər dəyişikliyi edərək müxtəlif üsullarla qətnamənin icrasından yayınmaqdır. Cavabdeh iddia tələbinə münasibət bildirməmiş və işin məhkəmə araşdırması zamanı keçirilən məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iddiaçı xx.xx.2023-cü il tarixdə teleqramla müraciət edərək üzürlü səbəbdən məhkəmə iclasına gələ bilməyəcəyini bildirmiş, cavabdeh bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Yığıncağın Protokolu, 11 saylı İVBİ-nə ünvanlanmış məktublar, Depo hesabıdan çıxarış, Vergilər sosial-iqtisadi onlayn qəzetindən çıxarış və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İlk öncə məhkəmə onu qeyd edir ki, mübahisə predmeti olan səhmdarların ümumi yığıncağı nəticəsində cəmiyyətin idarə heyətinin sədrinin vəzifəsindən azad edilməsi və yeni idarə heyəti sədri təyin edilməsi barədə 2 protokol qərarı qəbul edilmişdir. Qeyd olunan qərarlar müstəqil akt şəklində olmamaqla protokol qərarı kimi tərtib edildiyindən iddiaçı həmin protokolun etibarsız hesab edilməsi barədə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Yəni iddiaçının hüquqi marağı protokol qərarlarının etibarsız hesab edilməsindən ibarətdir. İddianın hüquqi əsasına münasibətdə məhkəmə qeyd edir ki, nizamnamə kapitalı müəyyən sayda səhmlərə bölünmüş cəmiyyət səhmdar cəmiyyəti sayılır. Səhmlər buraxmağa yalnız səhmdar cəmiyyətlərinin hüququ vardır. Səhmdar cəmiyyətinin əmlakı onun səhmlərinin yerləşdirilməsi, maliyyə-təsərrüfat fəaliyyəti nəticəsində, habelə qanunla qadağan edilməmiş digər mənbələr hesabına yaranır. Səhmdar cəmiyyətinin ali idarəetmə orqanı onun səhmdarlarının ümumi yığıncağıdır. Cəmiyyətin nizamnaməsini və nizamnamə kapitalının miqdarını dəyişdirmək, cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) və təftiş komissiyasının üzvlərini (müfəttişi) seçmək və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək, cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək, bir şərtlə ki, cəmiyyətin nizamnaməsində bu məsələlərin həlli direktorlar şurasının (müşahidə şurasının) səlahiyyətinə aid edilməsin, cəmiyyətin illik hesabatlarını, maliyyə hesabatlarını təsdiq etmək, mənfəətini və zərərini bölüşdürmək, cəmiyyətin yenidən təşkili və ya ləğvi haqqında qərar qəbul etmək səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. Səhmdarların ümumi yığıncağının çağırılmasına qırx beş gün qalmış yığıncağın çağırılması barədə media ilə məlumat verilməli (qapalı səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının çağırılması halları istisna olunmaqla), habelə səhmdarlara və ya nominal saxlayıcılara bu barədə yazılı bildiriş göndərilməlidir. Nominal saxlayıcı həmin bildirişin səhmdara çatdırılmasını təmin etməlidir. Səhmdar ümumi yığıncaqda iştirak hüququnu bilavasitə özü və ya nümayəndəsi vasitəsi ilə həyata keçirir. Bu zaman səhmdarın nümayəndəsi qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilmiş etibarnaməyə malik olmalıdır. Səhmdarların növbədənkənar ümumi yığıncağının çağırılması haqqında tələbin (təşəbbüsün) daxil olduğu gündən etibarən icra orqanı üç iş günü müddətində səhmdarların ümumi yığıncağının vaxtını və yerini təyin edib, qapalı səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının çağırılması halları istisna olunmaqla, bu barədə mediada elan verməlidir, beş iş günü müddətində səhmdarların ümumi yığıncağının çağırılması barədə bildirişləri səhmdarlara göndərməlidir və otuz gündən tez, qırx beş gündən gec olmayaraq səhmdarların ümumi yığıncağının keçirilməsini təmin etməlidir. Səhmdar cəmiyyətinin adi səhminin mülkiyyətçisinin qanunvericiliklə müəyyən edilmiş qaydada cəmiyyətin idarə edilməsində bu Məcəllə, digər qanunvericiliklə və cəmiyyətin nizamnaməsi ilə müəyyən edilmiş qaydada iştirak etmək, onun idarəetmə və icra orqanlarına seçmək və seçilmək, habelə cəmiyyətin səhmdarlarının ümumi yığıncağının gündəliyində dəyişikliklərin edilməsini və gündəliyə yeni müzakirə mövzularının əlavə olunmasını tələb etmək, cəmiyyətin səhmdarlarının ümumi yığıncağında səsvermə hüququ ilə iştirak etmək (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) və onun protokolunun surətini tələb etmək hüququ vardır (Azərbaycan Respublikası Mülki Məcəlləsi 98-ci maddənin 1 və 2 bəndləri, 106-1.3.1, 106-1.3.4, 106-1.3.5, 107, 107-1.3.4, 107-1.4, 107-1.8). Sadalanan qanunvericiliyin tələblərindən göründüyü kimi, səhmdar cəmiyyətin səhmdarlarının ümumi yığıncağının təşkil edilməsi qaydası və müddətləri qanunvericiliklə aydın şəkildə birbaşa tənzimlənmişdir. Hazırki işin məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, İddiaçı Şəki rayonu Qarasu kəndində yerləşən Cavabdeh ASC-nin səhmdarı olmaqla 1142 ədəd adi adlı səhmi vardır. xx.xx.2021-ci il tarixdə Cavabdeh ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilmiş, yığıncaqda gündəlikdə Asif Məmmədovun Cavabdeh ASC-nin idarə heyətinin sədri vəzifəsindən azad edilməsi və X2 Cavabdeh ASC-nin idarə heyətinin sədri vəzifəsinə təyin edilməsi olmaqla 2 məsələ olmuş və yığıncağın nəticəsinə dair səhmdarların növbədənkənar ümumi yığıncağının 1 nömrəli protokolu tərtib olunmuşdur. Protokolun məzmunundan görünür ki, səhmdarların növbədənkənar ümumi yığıncağının yekununda Cavabdeh ASC-nin idarə heyətinin sədri Asif Məmmədov vəzifəsindən azad olunaraq Mehman Mehmanov xx.xx.2021-ci il tarixdən Cavabdeh ASC-nin idarə heyətinin sədri vəzifəsinə təyin olunmuş və bununla əlaqədar sədrlər arasında təhvil-təslim aparılması ilə bağlı 1 nömrəli və 2 nömrəli protokol qərarları alınmışdır. Həmçinin işin məhkəmə araşdırması zamanı o da müəyyən edilmişdir ki, cəmiyyətin səhmdarlarının ümumi yığıncağının yeri və vaxtı barədə iddiaçıya bildiriş göndərilməmiş, xx.xx.2021-ci il tarixdə Cavabdeh ASC-nin idarə heyətinin dəyişməsi ilə əlaqədar olaraq səhmdarların iclasının keçirilməsi barədə elan isə Vergilər sosial-iqtisadi onlayn qəzetində xx.xx.2021-ci il tarixdə saat 13:14-də yerləşdirilmişdir. Göründüyü kimi, cavabdeh cəmiyyət tərəfindən xx.xx.2021-ci il tarixdə keçirilmiş ümumi yığıncaq qanunvericiliklə müəyyən edilmiş qaydada təşkil edilməmiş, səhmdar olan iddiaçıya yığıncağın yeri və vaxtı barədə rəsmi məlumat verilməmiş (verilmişdirsə bu faktı təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir), habelə qanunvericiliyin tələbi olan mediada məlumat verilməsi təmin edilməmişdir. Vergilər sosial-iqtisadi onlayn qəzetində verilmiş elana münasibətdə isə məhkəmə qeyd edir ki, yığıncağın keçiriləcəyi barədə elan yığıncaq keçirildikdən sonra onlayn qəzetə yerləşdiyildiyindən həmin elana münasibətdə məhkəmə cavabdehin mediada elan verməli olması ilə bağlı qanunvericiliyin tələbinə əməl etməsi kimi qiymətləndirmir və qəbul etmir. Göründüyü kimi, cavabdeh tərəfindən ümumi yığıncağın keçirilməsinin qaydalarının pozulması nəticəsində səhmdar olan iddiaçının cəmiyyətin idarə edilməsində Mülki Məcəllə, digər qanunvericiliklə və cəmiyyətin nizamnaməsi ilə müəyyən edilmiş qaydada iştirak etmək, onun idarəetmə və icra orqanlarına (cəmiyyətin icra orqanı kollegial (idarə heyəti, müdiriyyət) və ya təkbaşçı (direktor, baş direktor) ola bilər..... Mülki Məcəllə 107.4) seçmək və seçilmək hüquqları pozulmuşdur ki, sonuncu hazırki iddia tələbini irəli sürmək üün subyektiv hüququ vardır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək cavabdeh cəmiyyətin xx.xx.2021-ci il tarixdə keçirilmiş növbədənkənar ümumi yığıncağın protokulu etibarsız hesab edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. Dövlət rüsumu haqqında qanunun 8-ci maddəsinin tələbi baxımından qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilir ki, 50 manat iddiaçı tərəfindən ödənildiyindən və iddia tələbi təmin edildiyindən, iddiaçı ödədiyi rüsumu tələb etmədiyindən ödənilməmiş 50 manat dövlət rüsumu cavabdehdən dövlət gəlirinə tutulmalı, iddiaçı tərəfindən ödənilmiş 50 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh ASC-nin səhmdarlarının xx.xx.2021-ci il tarixli növbədənkənar ümumi yığıncağının protokolu etibarsız hesab edilsin. Ödənilmiş 50 manat dövlət rüsumu İddiaçı aid edilsin. Ödənilməmiş 50 manat dövlət rüsumu Cavabdeh ASC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar