Məhkəmə qərarları › İş №e-2-2(117)-589/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-589/2024

16.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-589/2024 16.05.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı MMC-nin Cavabdehnə qarşı “xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 708 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması” tələbi üzrə mübahisəyə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı MMC Cavabdehnə qarşı “xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 708 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflər arasında xx.xx.2023-cü il tarixdə 084/05-23 nömrəli “konsultasiya xidmətlərinin göstərilməsi ilə bağlı xidmət müqaviləsi” bağlanmışdır. Müqavilənin 2.1.2-ci bəndinə əsasən müqavilə ilə şərtləndirilmiş qaydada və müddətdə xidmətin dəyərini ödəmək sifarişçinin öhdəliyidir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən yerinə yetirilən işin dəyəri əvvəlcədən sifarişçinin bank hesabına və ya nağd qaydada ödənilməlidir. İş materiallarına əlavə edilmiş qiymətin razılaşdırılma protokolundan görünür ki, “yanacaq çəninin texniki təhlükəsizlik sertifikatının alınması üçün vizual baxışın keçirilməsi, parametrlərinin yoxlanılması, istismarının normativ sənədlərə uyğunluğunun müəyyənləşdirilməsi haqqında ekspert rəyinin verilməsi ilə bağlı xidmətlərin görülməsi üçün ƏDV daxil 708 manat qiymət cavabdehlə razılaşdırılmışdır. Bununla yanaşı xidmətlərin təhvil-qəbul aktı sənədindən göründüyü kimi, İddiaçı MMC tərəfindən 708 manatlıq xidmət göstərilmiş və həmin xidmət Cavabdeh MMC-nin direktoru X2 tərəfindən iddiaçıdan təhvil alınmışdır. Təhvil-qəbul aktı hər iki tərəfin imzası ilə təsdiq edilmişdir. İddiaçı borcun ödənilməsi ilə bağlı dəfələrlə cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən məhkəmə bildirişi xx.xx.2024-cü il tarixdə cavabdehin ünvanına poçt vasitəsilə rəsmi qaydada çatdırılmış, cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixində məhkəməyə iddia tələbinə etirazla müraciət edilmişdir. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilə və xidmətin təhvil-qəbul aktı Cavabdeh MMC-nin direktoru Əliyev Bəhrəm tərəfindən imzalanmamış və xidmətin göstərilməsi ilə bağlı iddiaçıya heç bir sifariş verilməmişdir. Sənədlərdəki imza ona aid deyildir. Bu səbəbdən də məhkəməxəttşünaslıq ekspertizasının keçirilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixində məhkəmə tərəfindən Cavabdeh MMC-yə “müqavilə, müqaviləyə əlavə və xidmətlərin təhvil-qəbul aktında Cavabdeh MMC-yə məxsus möhürün olması faktına aydınlıq gətirilməsi” barədə sorğu ünvanlanmışdır. Lakin cavabdeh tərəfindən sorğuya cavab verilməmiş və hər hansısa bir sübut məhkəməyə təqdim olunmamışdır. Məhkəmənin sorğusuna əsasən təqdim edilən tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixdə 084/05-23 nömrəli müqavilənin icrası ilə bağlı Cavabdeh MMC-nin balansında olan 2 (iki) ədəd yanacaq saxlama çəninin texniki təhlükəsizlik üzrə qüvvədə olan normativ sənədlərin tələblərinə uyğunluğu barədə ekspertiza rəyi təqdim edilmişdir. Məhkəmə tərəfindən əldə edilmiş sənədlərdən müəyyən edilir ki, iddiaçı hüquqi şəxs olan İddiaçı MMC-yə xx.xx.2021-ci il tarixdə təhlükə potensiallı obyektlərdə istismar olunan avadanlığın və texniki qurğuların diaqnostikası və digər texniki yoxlamaların keçirilməsi fəaliyyəti üzrə Azərbaycan Respublikası İqtisaddiyyat Nazirliyi tərəfindən EL-14/2021 nömrəli lisenziya verilmişdir. Eyni zamanda, xx.xx.2022-ci il tarixdə “Azərbaycan Akkreditasiya Mərkəzi” Publik Hüquqi şəxsi tərəfindən AZ 05.0647.01.22 nömrəli Akreditasiya Attestatı verilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: xidmət müqaviləsi, təhvil-qəbul aktı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, Tərəflər arasında xx.xx.2023-cü il tarixdə 084/05-23 nömrəli “konsultasiya xidmətlərinin göstərilməsi ilə bağlı xidmət müqaviləsi” bağlanmışdır. Müqavilənin 2.1.2-ci bəndinə əsasən müqavilə ilə şərtləndirilmiş qaydada və müddətdə xidmətin dəyərini ödəmək sifarişçinin öhdəliyidir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən yerinə yetirilən işin dəyəri əvvəlcədən sifarişçinin bank hesabına və ya nağd qaydada ödənilməlidir. Müqaviləyə əlavə edilmiş qiymətin razılaşdırılma protokolundan görünür ki, “yanacaq çəninin texniki təhlükəsizlik sertifikatının alınması üçün vizual baxışın keçirilməsi, parametrlərinin yoxlanılması, istismarının normativ sənədlərə uyğunluğunun müəyyənləşdirilməsi haqqında ekspert rəyinin verilməsi ilə bağlı xidmətlərin görülməsi üçün ƏDV daxil 708 manat qiymət cavabdehlə razılaşdırılmışdır. Bununla yanaşı xidmətlərin təhvil-qəbul aktı sənədindən göründüyü kimi, İddiaçı MMC tərəfindən 708 manatlıq xidmət göstərilmiş və həmin xidmət Cavabdeh MMC-nin direktoru X2 tərəfindən iddiaçıdan təhvil alınmışdır. Təhvil qəbul aktı hər iki tərəfin imzası ilə təsdiq edilmişdir. Cavabdehin etirazına münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh qeyd edilən sənədlərdəki imzanın ona məxsus olmadığını bildirsə də, lakin xx.xx.2024-cü il tarixdə məhkəmənin Cavabdeh MMC-yə ünvanladığı məktuba “müqavilə, müqaviləyə əlavə və xidmətlərin təhvil-qəbul aktında Cavabdeh MMC-yə məxsus möhürün olması faktına aydınlıq gətirə bilməmiş, müvafiq sorğuya cavab verilməmiş və hər hansısa bir sübut məhkəməyə təqdim olunmamışdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2023cü il tarixdə 084/05-23 nömrəli müqavilənin icrası ilə bağlı Cavabdeh MMC-nin balansında olan 2 (iki) ədəd yanacaq saxlama çəninin texniki təhlükəsizlik üzrə qüvvədə olan normativ sənədlərin tələblərinə uyğunluğu barədə ekspertiza rəyi təqdim edilmiş və iddiaçı hüquqi şəxs müqavilə öhdəlikləri icra edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfə ünvanlanmış sorğuya cavab verilmədiyindən və sənədlərdəki möhürün olması faktı ilə bağlı hər hansı sübut təqdim edilmədiyindən hazırki iş üzrə iddia icraatına keçilməsinə və nəticədə məhkəməxətşünaslıq ekspertizasının keçirilməsinə zərurəti yoxdur. Məhkəmə yuxarıda qeyd edilən işin faktiki hallarına əsasən belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış podrat müqaviləsindən əmələ gələn öhdəliklər iddiaçı tərəfindən icra edisə də, cavabdeh tərəfindən icra edilməyərək görülmüş işin və ya göstərilmiş xidmətin dəyəri ödənilmədiyindən, iddia tələbi təmin edilməli və cavabdehdən 708 manat pul tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən iddiaçının ödədiyi 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 708 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar