Məhkəmə qərarları › İş №e-2-2(117)-592/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-592/2024

11.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-592/2024 11.06.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “Cavabdeh “X1 Cool-350P” soyuducusunun əvəzi olaraq 1200 manatın və 32 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə bağlanmış soyuducuların əvəzsiz isifadəyə verilməsi haqqında KOD-S 050/2020 nömrəli müqaviləyə əsasən istifadəyəverən satışını təşkil etdiyi spirtli və spirtsiz içkilərin istifadəçi tərəfindən üçüncü şəxslərə sərinləşdirilmiş şəkildə satılmasını, satışının həcminin artırılmasını və reklamını təşkil etmək üçün bu müqavilənin 2.1.1-ci bəndində göstərilmiş (istifadəyəverənin mülkiyyətində olan “X1 Cool-350P” markalı soyuducu) soyuducunu istifadəçiyə əvəzsiz istifadəyə verməyi, istifadəçi isə istifadəyəverənin tələbi ilə bu müqavilənin 2.1.1-ci bəndində göstərilmiş avadanlığı (dəyəri 600 manat olan “X1 Cool-350P” markalı soyuducunu) işlək vəziyyətdə geri qaytarmağı öhdəsinə götürmüşdür. 2.1.2-ci bəndinə əsasən soyuducunu istifadəçinin istifadə üçün yararlı vəziyyətdə, əmtəə görkəmli və heç bir xəsarəti olmayan formada istifadəçiyə 1 nömrəli Əlavədə göstərilmiş təhvil-təslim aktı vasitəsilə təhvil verir. 2.7-ci bəndinə əsasən müqaviləyə istənilən səbəbdən xitam verildikdə istifadəçi soyuducunu qəbul etdiyi vəziyyətdə onun normal köhnəlməsini nəzərə alaraq, 5 gün ərzində geri qaytarılmasını təmin edir. İstifadəçi soyuducunun göstərilən müddət ərzində təhvilini təmin etmədikdə, soyuducunun dəyərinin 2 misli həcmində istifadəyəverənə cərimə ödəməlidir. 2.9-cu bəndinə əsasən istifadəyəverən istifadəyə verilmiş soyuducunun istənilən vaxt geri qaytarılmasını tələb edə bilər. Belə tələb irəli sürdükdən sonra 5 gün ərzində istifadəçi tərəfindən soyuducu geri qaytarılmadıqda və ya bu müqavilənin 2.1.2-ci maddəsinin tələblərinə uyğun olmayan vəziyyətdə geri qaytardıqda istifadəyəverənin soyuducunun dəyərinin 2 misli həcmində cərimə tələb etmək hüququ yaranır. 3.1-ci bəndinə əsasən istifadəçi bu müqavilənin şərtlərindən hər hansı birini pozarsa, müqaviləyə dərhal xitam verilir və soyuducu istifadəyəverənə qaytarılır. Müqaviləyə 1 nömrəli Əlavədən görünür ki, İce Stream “Smart Cool-350P” markalı soyuducu Cavabdeh təhvil verilmiş və sonuncu bunu öz imzası ilə təsdiq etmişdir. İddiaçı tərəfindən cavabdehə soyuducunun 5 gün ərzində qaytarılması, əks təqdirdə dəyərinin 2 misli olan 1200 manat məbləğin tələb olunacağı barədə pretenziya məktubu göndərilməsinə baxmayaraq soyuducu bugünədək qaytarılmamışdır. Tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək “Cavabdeh “X1 Cool-350P” soyuducusunun əvəzi olaraq 1200 manatın və 32 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi” tələbinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən rəsmi qaydada məhkəmə bildirişi və sənədləri xx.xx.2024-cü il tarixdə cavabdehə göndərilmiş, eyni zamanda xx.xx.2024-cü il tarixdə cavabdehə ünvanı üzrə çatdırılması üçün ünvan 1liyə və sonuncunun vergi orqanında yaradılmış elektron kabinetinə yerləşdirilməsi üçün Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə təqdim edilmiş, lakin həmin sənədlər “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmış, vergi orqanından sənədin elektron kabinetə yerləşdirilməsi barədə məlumat verilməmişdir. xx.xx.2024-cü il tarixdə məhkəmə bildirişi və sənədləri cavabdehə çatdırılması üçün Ağsu Rayon İcra Hakimiyyətinə göndərilmişdir. Buna baxmayaraq cavabdeh iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147 və 284-5.3-cü maddələrinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Tərəflər arasında bağlanmış müqavilə, 1 nömrəli Əlavə, Pretenziya və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verib hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 732-ci maddəsinə əsasən əvəzsiz istifadə müqaviləsinə görə hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər. 736.1-ci maddəsinə əsasən kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanı müqavilədə müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra qaytarmağa borcludur. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi tərəflər arasında bağlanmış soyuducuların əvəzsiz isifadəyə verilməsi haqqında KOD-S 050/2020 nömrəli müqaviləyə əsasən istifadəyəverən satışını təşkil etdiyi spirtli və spirtsiz içkilərin istifadəçi tərəfindən üçüncü şəxslərə sərinləşdirilmiş şəkildə satılmasını, satışının həcminin artırılmasını və reklamını təşkil etmək üçün bu müqavilənin 2.1.1-ci bəndində göstərilmiş (istifadəyəverənin mülkiyyətində olan “X1 Cool-350P” markalı soyuducu) soyuducunu istifadəçiyə əvəzsiz istifadəyə verməyi, istifadəçi isə istifadəyəverənin tələbi ilə bu müqavilənin 2.1.1-ci bəndində göstərilmiş avadanlığı (dəyəri 600 manat olan “X1 Cool- 350P” markalı soyuducunu) işlək vəziyyətdə geri qaytarmağı öhdəsinə götürmüşdür. 2.1.2ci bəndinə əsasən soyuducunu istifadəçinin istifadə üçün yararlı vəziyyətdə, əmtəə görkəmli və heç bir xəsarəti olmayan formada istifadəçiyə 1 nömrəli Əlavədə göstərilmiş təhvil-təslim aktı vasitəsilə təhvil verir. 2.7-ci bəndinə əsasən müqaviləyə istənilən səbəbdən xitam verildikdə istifadəçi soyuducunu qəbul etdiyi vəziyyətdə onun normal köhnəlməsini nəzərə alaraq, 5 gün ərzində geri qaytarılmasını təmin edir. İstifadəçi soyuducunun göstərilən müddət ərzində təhvilini təmin etmədikdə, soyuducunun dəyərinin 2 misli həcmində istifadəyəverənə cərimə ödəməlidir. İddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirməklə müqaviləyə 1 nömrəli Əlavədən də göründüyü kimi dəyəri 600 manat olan “X1 Cool-350P” markalı soyuducu istifadəçinin (Cavabdeh) istifadəsinə vermiş, lakin sonuncu müqavilə üzrə öhdəliklərini yerinə yetirməyərək soyuducunu iddiaçıya qaytarmamış və nəticədə iddiaçının müqavilədə nəzərdə tutulduğu kimi soyuducunun dəyərinin (600 manat) 2 misli həcmində cərimə tələb etmək hüququ yaranmışdır. Bundan başqa iddiaçının təqdim etdiyi pretenziya məktubundan da göründüyü kimi Cavabdeh soyuducunun 5 gün ərzində qaytarılması, əks təqdirdə dəyərinin 2 misli olan 1200 manatın tələb ediləcəyi bildirilsə də, sonuncu istifadəyə götürdüyü “X1 Cool-350P” markalı soyuducunu qaytarmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı tələbində haqlıdır və qaytarılmamış soyuducunun dəyəri olan 600 manatın 2 misli həcmində, yəni 1200 manat cərimə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi Azərbaycan Respublikası Müki Məcəlləsinin 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tələbi baxımından hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 32 manat olmalıdır ki, iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənimiş 32 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh soyuducunun dəyərinin iki misli həcmində 1200 manat pul və 32 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar