Məhkəmə qərarları › İş №e-2-2(117)-62/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-62/2024

18.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-62/2024 18.01.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı cavabdeh X3 qarşı “276 manat abunə borcunun və 30 manat mediasiya xərcinin tutulması” tələbinə dair işə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh X3 (bundan sonra mətndə cavabdeh) qarşı “276 manat abunə borcunun və 30 manat mediasiya xərcinin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Servis Texniki Xidmət Mərkəzinin direktoru Bağırov Şahin və “İstehlakçı” adlanacaq abonentin nümayəndəsi X1 texniki xidmət göstərmək məqsədi ilə xx.xx.2018-ci il tarixli 83500 nömrəli müqavilə bağlamışdır. Həmin Müqavilənin 1-ci bəndinə əsasən, “İstehlakçı” Merkuri-130F tipli 00151239 nömrəli nəzarət kassa aparatına (NKA) istismar qaydalarına uyğun servis texniki xidmət (STXM) göstərməyi tapşırmış, STXM isə həmin istismar qaydalarına uyğun tapşırığı öz üzərinə götürmüşdür. Həmin Müqavilənin 2-ci bəndinə əsasən, “STXM” tərəfindən göstərilən texniki xidmət istismar qaydalarında göstərilən müddət ərzində NKA-nın fasiləsiz işləməsinə şərait yaradır. Həmin Müqavilənin 3-cü bəndinə əsasən, “İstehlakçı”nın “STXM”-nin hüquqi və məsuliyyətləri Nazirlər Kabinetinin 266 saylı xx.xx.1995-ci il tarixli qərarının 9 və 10-cu bəndləri ilə tənzimlənir. Həmin Müqavilənin 5-ci bəndinə əsasən, mütəmadi və fasiləsiz xidmət göstərmək üçün “İstehlakçı” tərəfindən “STXM”-ə hər ay 6 manat məbləğində vəsait ödənilir və həmin müddətdə NKA-ya göstərilən texniki xidmət və təmirin dəyəri “STXM”- nin üzərinə düşür. Həmin Müqavilənin 6-cı bəndinə əsasən, yuxarıda göstərilən şərtlər pozulduqda müqavilə Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq ləğv edilir və bu barədə Vergilər Nazirliyinə məlumat verilir. İddia tələbi onunla əsaslandırılmışdır ki, müəssisə Nazirlər Kabinetinin xüsusi icazəsi ilə Merkuri 130 F-01 markalı nəzarət kassa aparatlarına xidmət edir. Həmin Qərar əsasında X3 xx.xx.2018-ci il tarixli 83500 nömrəli müqavilə imzalanmışdır və nəzarət kassa aparatı qeydiyyata alınaraq istifadəsinə icazə verilmişdir. Lakin İ.Yusifov 2018-ci ildən 8 ayı, 2019-cu ildən 12 ay, 2020-ci ildən 12 ay, 2021-ci ildən 12 ay, 2022-ci ildən 12 ay, 2023-cü ildən 10 ay xidmət pulu ödəməmiş, toplamda 276 manat ödənilməmiş abunə haqqı qalmışdır. İddiaçı qalan borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, bildiriş geri qaytarılaraq “köçüb” qeyd edilmiş, 08.01.202-cü il tarixdə bildirişi cavabdehə çatdırmaq üçün Mingəçevir Şəhər İcra Hakimiyyətinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə- MPM) 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. 135.4. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Cavabdehin elektron kabinetində yerləşdirilmiş, lakin cavabdeh 10 gün ərzində iddia tələbinə qarşı etirazını məhkəməyə təqdim etməmişdir. Məhkəmə, MPM)-in 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Şəki Kommersiya Məhkəməsi tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixdə müraciət edilərək əlavə sənədlərin təqdim edilməsi xahiş edilmişdir. 11 saylı Ərazi Vergilər Baş İdarəsinin məktubundan görünür ki, İnqilab Yusifova məxsus **********-27001 nömrəli obyektdə yerləşdirilən Merkuri 130F-01 markalı 00151239 nömrəli NKA qeydiyyatdan çıxarılmışdır. **********733900 nömrəli “Nəzarət kassa aparatının qeydiyyatdan çıxarılması barədə” Aktdan görünür ki, Merkuri 130F-01 markalı 00219973 nömrəli NKA xx.xx.2018-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. 11 saylı Ərazi Vergilər Baş İdarəsinin arayışından görünür ki, İ.Yusifova məxsus sahibkarlıq fəaliyyəti xx.xx.2021-ci il tarixdə dayandırılmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara tərəflər arasında bağlanmış müqavilə, məktublar və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.

567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında podrat, xidmət və alqı-satqı münasibətlərindən əmələ gələn qarışıq müqavilə bağlanmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, Servis Texniki Xidmət Mərkəzinin direktoru Bağırov Şahin və “İstehlakçı” adlanacaq abonentin nümayəndəsi X1 texniki xidmət göstərmək məqsədi ilə xx.xx.2018-ci il tarixli 83500 nömrəli müqavilə bağlamışdır. Həmin Müqavilənin 1-ci bəndinə əsasən, “İstehlakçı” Merkuri-130F tipli 00151239 nömrəli nəzarət kassa aparatına (NKA) istismar qaydalarına uyğun servis texniki xidmət göstərməyi tapşırmış, “STXM” isə həmin istismar qaydalarına uyğun tapşırığı öz üzərinə götürmüşdür. Həmin Müqavilənin 2-ci bəndinə əsasən, “STXM” tərəfindən göstərilən texniki xidmət istismar qaydalarında göstərilən müddət ərzində NKAnın fasiləsiz işləməsinə şərait yaradır. Həmin Müqavilənin 3-cü bəndinə əsasən, “İstehlakçı”nın “STXM”-nin hüquqi və məsuliyyətləri Nazirlər Kabinetinin 266 saylı xx.xx.1995-ci il tarixli qərarının 9 və 10-cu bəndləri ilə tənzimlənir. Həmin Müqavilənin 5-ci bəndinə əsasən, mütəmadi və fasiləsiz xidmət göstərmək üçün “İstehlakçı” tərəfindən “STXM”-ə hər ay 6 manat məbləğində vəsait ödənilir və həmin müddətdə NKA-ya göstərilən texniki xidmət və təmirin dəyəri “STXM”-nin üzərinə düşür. Həmin Müqavilənin 6-cı bəndinə əsasən, yuxarıda göstərilən şərtlər pozulduqda müqavilə Nazirlər kabinetinin müvafiq qərarına uyğun olaraq ləğv edilir və bu barədə Vergilər Nazirliyinə məlumat verilir. İş materiallarını nəzərdən keçirərkən məhkəmə müəyyən etmişdir ki, cavabdehə məxsus obyektdə Merkuri-130F tipli 00151239 nömrəli nəzarət kassa aparatı quraşdırılmış və həmin NKA ən geci xx.xx.2018-ci il tarixədək istifadə edilmişdir. Belə ki, 11 saylı Ərazi Vergilər Baş İdarəsinin arayışına əsasən cavabdeh sahibkarlıq fəaliyyətini xx.xx.2021-ci il tarixdə dayandırsa da, **********733900 nömrəli “Nəzarət kassa aparatının qeydiyyatdan çıxarılması barədə” Aktdan görünür ki, Merkuri 130F-01 markalı 00151239 nömrəli NKA xx.xx.2018-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. İddia ərizəsindən məlum olur ki, iddiaçı tərəfindən tələb edilən 276 manat abunə haqqı 2018-ci ildən 8 ayı, 2019-cu ildən 12 ay, 2020-ci ildən 12 ay, 2021-ci ildən 12 ay, 2022-ci ildən 12 ay, 2023-cü ildən 10 ayı əhatə edir. Cavabdeh iddia tələbinə etirazını bildirməmiş, iddiaçı tərəfindən cavabdehə xidmət göstərilməsini təkzib edən hər hansı sübutları məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə, tərəflər arasında bağlanmış müqavilə şərtlərində NKA-nın saz vəziyyətdə olması və işləməsinin özü NKA-nın qeydiyyatdan çıxarılan tarixədək iddiaçı tərəfindən texniki servis xidmətlərinin göstərilməsini sübut edir. Lakin, iddiaçı tərəfindən təqdim edilən xx.xx.2023-cü il tarixli Elektron qaiməyə münasibətdə qeyd edilməlidir ki, ilkin olaraq həmin qaimə münasibətin yarandığı vaxtdan ən azı 5 il keçdikdən sonra təqdim edilmiş, həmçinin elektron qaimə xidmətlərin göstərilməsini təsdiq edən sənəldərlə birlikdə təqdim edildikdə məhkəmə tərəfindən qiymətləndirilə bilər. İddiaçı yalnız elektron qaimə təqdim etməklə xidmətin göstərilməsini sübut edə bilmir. Eyni zamanda, NKA-nın mövcud olmadığı dövrdə yəni qeydiyyatdan çıxarıldığı xx.xx.2018-ci il tarixdən sonra iddiaçı tərəfindən cavabdehə müvafiq xidmətin göstərilməsi də məntiqli görünmür. Odur ki, məhkəmə yuxarıda qeyd edilənləri təhlil edərək belə nəticəyə gəlir ki, iddiaçı 2018-ci ilin 8 ayı üçün borcu tələb etdiyindən və xx.xx.2018-ci il tarixdə NKA qeydiyyatdan çıxarıldığından 8 ay üçün 48 manat pulun ödənilməsini tələb etməkdə haqlıdır. Qalan hissədə iddia tələbi rədd edilməlidir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin hüquqi bazası kimi istinad olunan “Azərbaycan Respublikasının ərazisində nəzarət-kassa aparatlarının tətbiq olunması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 28 dekabr tarixli 266 nömrəli Qərarı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli 338 nömrəli Qərarı ilə ləğv edilsə də, qeyd edilən qərarla “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları” təsdiq edilmişdir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 30 manat olmalıdır ki, iddia tələbi qismən təmin edildiyindən 24,78 manat dövlət rüsumu iddiaçıdan, 5,22 manat dövlət rüsumu isə cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda iddiaçı tərəfindən 20 manat mediasiya xərci ödənildiyindən və iddiaçı mediasiya xərcini cavabdehdən tələb etdiyindən mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh X2 48 manat məbləğində pul və 20 mediasiya xərci tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh X2 5,22 manat, İddiaçındən 24,78 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada şikayət verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim : Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar