Məhkəmə qərarları › İş №e-2-2(117)-621/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-621/2024

22.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-621/2024 22.05.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Cavabdeh qarşı “300 manat abunə borcu, 35 manat qeydiyyatdan çıxma aktı və 30 manat dövlət rüsumunun tutulması” tələbinə dair işə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Servis Texniki Xidmət Mərkəzinin (STXM) İddiaçı MMC ilə Cavabdeh arasında sonuncuya servis texniki xidmət göstərmək məqsədi ilə xx.xx.2019-cu il tarixli 9300 nömrəli müqavilə bağlamışdır. Həmin Müqavilənin 1-ci bəndinə əsasən istehlakçı Merkuri- 130F-01 tipli, 00213581 zavod nömrəli nəzarət kassa aparatına (NKA) istismar qaydalarına uyğun servis texniki xidmət göstərməyi tapşırmış, STXM isə həmin istismar qaydalarına uyğun tapşırığı öz üzərinə götürmüşdür. 3-cü bəndinə əsasən istehlakçının STXM-in hüquq və məsuliyyətləri Nazirlər Kabinetinin 266 saylı xx.xx.1995-ci il tarixli qərarının 9 və 10-cu bəndləri ilə tənzimlənir. 5-ci bəndinə əsasən mütəmadi və fasiləsiz xidmət göstərmək üçün istehlakçı tərəfindən STXM-ə hər ay 6 manat məbləğində vəsait ödənilir və həmin müddətdə NKA-ya göstərilən texniki xidmət və təmirin dəyəri STXM-in üzərinə düşür. Tərəflər arasında mübahisə həllini tapmadığından iddaçı məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin xüsusi icazəsi ilə Merkuri 115 F-01,150 F-01,1** MF ***F-01 markalı nəzarət kassa aparatlarına xidmət edir. Cəmiyyətin fəaliyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 1995-ci il tarixli 266 saylı Qərarı ilə tənzimlənir. Həmin qərarın 10.9.1-ci bəndinə əsasən Vergi ödəyicisi kassa aparatını qeydiyyata salan zaman xüsusi icazəsi olan STXM (servis texniki xidmət mərkəzi) ilə müqavilə bağlamalıdır. Belə ki, nəzarət kassa aparatı (NKA) vasitəsi ilə ödəyici (istehlakcı) pul əməliyyatlarını qeyd edir. Və NKA-da rüb ərzində vurulan bu pulların cəminə ( Zhesabatı) görə ödəyici vergini ödəyir. NKA-ya kənar müdaxilələr olmasın deyə xüsusi icazəsi olan STXM-bu kassanın fiskal yaddaşını blomblayır. Vergi ödəyicisi müqavilə bağladıqdan sonra STXM kassanı blomplayır və xüsusi Akt tərtib etməklə bu Aktı Vergilər Nazirliyinə yollayır. Və Vergilər Nazirliyi bu blomb Aktı əsasında bu kassanı qeydiyyata alır. (Blomb Aktı əlavə edilir.) Hər rüb Vergi ödəyicisi Vergiyə bəyannamə (online) təqdim edir. Və bu bəyannamədə rüb ərzində vurulan pulu qeyd edir. Bu məbləğ STXM-tərəfindən Zhesabatı çıxarılaraq VN-ə təqdim edilərək təsdiqlənir. Həmçinin, işlədiyi dövrdə STXMtərəfindən hər mövsümdə saat dəyişikliyi etmək və uyğun saatı düzəltmək, kassa aparatı xarab olarsa, onu təmir etməkdir. Bu qərara əsasən İddiaçı MMC Cavabdeh oğlu (VÖEN: **********) arasında da xx.xx.2019-cu il tarixli 9300 nömrəli müqavilə imzalanmışdır və nəzarət kassa aparatı qeydiyyata alınaraq istifadəsinə icazə verilmişdir. Həmin müqaviləyə əsasən vergi ödəyiciləri hər ay üçün 6 manat xidmət pulu ödəməyi öhdəsinə götürür. Vergi ödəyici olan Cavabdeh oğlu həmin öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, Cavabdeh oğlu tərəfindən, 2019-9 ay, 2020-7 ay, 2021-ci ildən 11 ay, 2022-ci ildən 12 ay, 2023-cü ildən 11 ay xidmət pulu ödənilməmişdir. Toplamda cavabdehin 50 ay abunə borcu 300 manat və qeydiyyatdan çıxma aktı 35 manat pul məbləği ödənilməmişdir. Həmçinin, məhkəmənin keçirilməsi ilə bağlı 30 manat məbləğində məhkəmə xərci ödənilmişdir. Bu səbəbdən tələb olunan pulun cavabdehdən tutulmasını məhkəmədən xahiş etmişdir. İş materialları kimi məhkəməyə təqdim edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2019-cu ildən xx.xx.2023-cü ilədək 50 aylıq xidmət haqqı məbləği olan 300 manat borcu vardır. Eyni zamanda 8 Saylı Ərazi Vergilər İdarəsinin məktubundan görünür ki, təsərrüfat subyektinə quraşdırılmış Merkuri-130F-01 tipli, 00213581 zavod nömrəli nəzarət kassa aparatı xx.xx.2022-ci il tarixində qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada məhkəmə bildirişi və sənədləri ünvanı üzrə şəxsən xx.xx.2024-cü il tarixdə təqdim olunmuşdur. Cavabdeh xx.xx.2024-cü il tarixində ərizə ilə məhkəməyə müraciət etmiş və bildirmişdir ki, ona məxsus olan təsərrüfat subyektinə quraşdırılmış nəzarət kassa aparatı xx.xx.2022-ci il tarixində qeydiyyatdan çıxarılmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: xx.xx.2019cu il tarixli 9300 nömrəli müqavilə, 8 saylı Ərazi Vergilər İdarəsindən təqdim edilən məlumat, maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 752.1, 752.2) İlk öncə məhkəmə tərəflər arasında yaranmış hüquq münasibətlərinin xarakterinə münasibətdə qeyd edir ki, tərəflər arasında podrat münasibətlərindən əmələ gələn müqavilə bağlanmışdır. Belə ki, cavabdehin sifarişi əsasında onun nəzarət-kassa aparatına texniki servis xidməti göstərilmiş və bunun müqabilində cavabdeh muzd ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda tərəflər arasında bağlanmış müqavilə etibarsız olmamış, tərəflərin iradə ifadəsini əks etdirməklə həqiqi hüquqi nəticələr yaratmışdır. İddianın hüquqi əsasına münasibətdə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Servis Texniki Xidmət Mərkəzinin (STXM) İddiaçı MMC ilə Cavabdeh oğlu arasında sonuncuya servis texniki xidmət göstərmək məqsədi ilə xx.xx.2019-cu il tarixli 9300 nömrəli müqavilə bağlamışdır. Həmin Müqavilənin 1-ci bəndinə əsasən istehlakçı Merkuri-130F-01 tipli, 00213581 zavod nömrəli nəzarət kassa aparatına (NKA) istismar qaydalarına uyğun servis texniki xidmət göstərməyi tapşırmış, STXM isə həmin istismar qaydalarına uyğun tapşırığı öz üzərinə götürmüşdür. 3-cü bəndinə əsasən istehlakçının STXM-in hüquq və məsuliyyətləri Nazirlər Kabinetinin 266 saylı xx.xx.1995-ci il tarixli qərarının 9 və 10-cu bəndləri ilə tənzimlənir. 5-ci bəndinə əsasən mütəmadi və fasiləsiz xidmət göstərmək üçün istehlakçı tərəfindən STXM-ə hər ay 6 manat məbləğində vəsait ödənilir və həmin müddətdə NKA-ya göstərilən texniki xidmət və təmirin dəyəri STXM-in üzərinə düşür. İddiaçı iddia ərizəsində tələb edilən abunə borcunun ödənilməsi müddətlərinin 2019- 9 ay, 2020-7 ay, 2021-ci ildən 11 ay, 2022-ci ildən 12 ay, 2023-cü ildən 11 ayı əhatə etdiyini iddia edir. Eyni zamanda 8 Saylı Ərazi Vergilər İdarəsinin məktubundan görünür ki, təsərrüfat subyektinə quraşdırılmış Merkuri-130F-01 tipli, 00213581 zavod nömrəli nəzarət kassa aparatı xx.xx.2022-ci il tarixində qeydiyyatdan çıxarılmışdır. Göründüyü kimi, cavabdeh özünə məxsus təsərrüfat obyektində Merkuri 130F-01 markalı 00201855 zavod nömrəli nəzarət kassa aparatını ərizəsinə əsasən xx.xx.2022-ci il tarixində qeydiyyatdan çıxartmışdır. Beləliklə də, cavabdeh Merkuri 130F-01 markalı 00213581 zavod nömrəli nəzarət kassa aparatından xx.xx.2019-cu ildən xx.xx.2022-ci il tarixinədək istifadə etmişdir. İddiaçı tərəf isə 2019-cu il tarixindən 2023-cü il tarixinə qədər borcun tutulmasını tələb edir. Buradan belə nəticəyə gəlinir ki, iddiaçı tərəf yalnız 2019-cu ildən 2022-ci ilin iyun ayına qədər yaranmış borcu tələb etməkdə haqlıdır. Göstərilənlər nəzərə alındıqda cavabdehin Merkuri-130F-01 tipli, 00213581 zavod nömrəli NKA-dan istifadə müddəti 2019-9 ay, 2020-7 ay, 2021-ci ildən 11 ay, 2022-ci ildən isə 5 ay olmaqla, ümumilikdə 32 ayı təşkil edir. xx.xx.2022-ci il tarixdən NKA qeydiyyatdan çıxarıldığından həmin dövrdən sonra Merkuri-130F-01 tipli, 00213581 zavod nömrəli NKA-ya görə borc hesablanması əsassız olmuşdur. Bu səbəbdən kassa aparatı qeydiyyatdan çıxarıldığı tarixədək cavabdehə Merkuri- 130F-01 tipli kassa aparatının xidmət göstərdiyi dövrlər 32 ay təşkil edir ki, aylıq 6 manatla hesablandıqda ödənilməli borc məbləği 192 manat (32 ay*6= 192) təşkil edir. Eyni zamanda, məhkəmə iddia tələbinin “qeydiyyatdan çıxma aktı ilə bağlı 35 manat pulun tutulması” hissəsinə münasibətdə bildirir ki, 8 saylı Ərazi Vergilər İdarəsindən təqdim edilmiş məlumatdan göründüyü kimi Merkuri-130F-01 tipli, 00213581 zavod nömrəli NKA xx.xx.2022-ci il tarixdə qeydiyyatdan çıxarılsa da, onun qeydiyyatdan çıxarılması ilə bağlı ödənilmiş 35 manat məbləğində xərci təsdiqləyəcək hər hansısa sənəd məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən də iddiaçı tərəf qeydiyyatdan çıxma aktı ilə bağlı 35 manat pulun tutulmasını tələb etməkdə haqsızdır. Şərh olunanlara əsasən məhkəmə qeyd edir ki, iddia tələbi cavabdehdən 192 manat xidmət haqqı borcunun tutulması hissəsində təmin edilməli, qalan hissələrdə rədd edilməlidir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 30 manat olmalıdır ki, iddia tələbi qismən təmin edildiyindən 30 manat dövlət rüsumunun 10.80 manatı iddiaçıdan, 19.20 manatı isə cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Lakin iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir ki, həmin rüsumdan iddiaçı tərəfindən ödənilməli 10.80 manat dövlət rüsumu çıxılaraq qalan 19.20 manat iddiaçı tərəfindən tələb edildiyindən cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 192 manat məbləğində abunə borcu və 19.20 manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar