Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-63/2022 21.07.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, X1 katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cavabdehin Qəbələ rayonu, Qaş ərazisində yerləşən, ümumi sahəsi 102 ha olan torpaq sahəsinə girişinə və ondan istifadəyə qadağa qoyulması, ümumiyyətlə cavabdeh tərəfindən iddiaçının sahibliyində olan torpaq sahəsinə münasibətdə istənilən müdaxiləsinə son qoyulması” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdehin Qəbələ rayonu, Qaş ərazisində yerləşən, ümumi sahəsi 102 ha olan torpaq sahəsinə girişinə və ondan istifadəyə qadağa qoyulması, ümumiyyətlə cavabdeh tərəfindən iddiaçının sahibliyində olan torpaq sahəsinə münasibətdə istənilən müdaxiləsinə son qoyulması” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qəbələ rayonu, Qaş ərazisində yerləşən, ümumi sahəsi 102 ha olan torpaq sahəsi Qəbələ rayon İcra Hakimiyyətinin xx.xx.2006-cı il tarixli 379 saylı qərarı ilə İddiaçı MMC-yə icarəyə verilmişdir. Məhkəmə tərəfindən təyin olunmuş mütəxəssis rəyinin nəticəsinə əsasən müəyyən olunmuşdur ki, həmin ərazi iddiaçıya məxsusdur. Cavabdehlə əlaqə yaradılmış, hətta ona şirkət tərəfindən çəkdiyi əziyyətin qarşılığının verilməsi belə təklif olunmuşdur. Lakin iddiaçı bundan imtina etmiş və iddiaçıya məxsus torpaq sahəsindən çıxmamışdır. Bu isə iddiaçının hüquqlarını pozmuşdur. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, iddiaçı hüquqi şəxs həmin torpaq sahəsində əklmiş taxılın bir hissəsini (40 ha) biçmiş, daha sonra müvafiq orqanların nümayəndələri gəlib həmin torpaq sahəsinə daxil olub hər hansı iş aparmağı hər iki tərəfə qadağan etmişlər. Sonradan isə bütün sahəsni biçib aparmışdlr. Onların istifadə etdikləri torpaq sahəsinin iddiaçıya aidiyyəti yoxdur. İddiaçıya məxsus 174 hektar üzüm sahəsi verilib, həmin yerdə də üzüm əkmişlər və hazırda da becərilir. Onun istifadə etdiyi torpaq isə həmin torpaq sahəsindən aralıda yerləşir. Həmin torpaq sahəsi yaşadığı kəndin ümumi sahəsi olmuşdur. İddiaçının həmin ərazidə torpaq sahəsinin olmadığı qeyd etdi. İddiaçının onların istifadəsində olan torpaq sahəsinə dair hər hansı əsaslı sənədi yoxdur. Odur ki, qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə rəsmi məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, iddiaçının nümayəndəsi ərizə ilə müraciət edərək işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM)185.5-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmışdır. Qəbələ Rayon İcra Hakimiyyətinin xx.xx.2006-cı il tarixli 145 nömrəli sərəncamı ilə İddiaçı MMC-yə üzümçülüyü inkişaf etdirmək məqsədi ilə Qaş ərazisində olan X2 174 hektar uzunmüddətli icarəyə torpaq sahəsinin ayrılması qərara alınmışdır. “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” xx.xx.2006-cı il tarixli 379 nömrəli müqavilədən görünür ki, Qəbələ Rayon İcra Hakimiyyəti və İddiaçı MMC xx.xx.2006-cı il tarixli 145 saylı sərəncam əsasında müqavilə bağlamış, 174 ha torpaq sahəsini üzüm əkmək məqsədilə 90 il müddətinə İddiaçı MMC-nin icarəsinə vermişdir. MH seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Qəbələ rayonu, Qaş ərazisində yerləşən 102 ha torpaq sahəsi 90 il müddətinə İddiaçı MMC-nin icarəsində olmasına dair hüququ dövlət qeydiyyatına alınmışdır. DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixdə təqdim etdiyi mütəxəssis rəyindən görünür ki, İddiaçı MMC-nin icarəsində olan 94,9820 ha torpaq sahəsinin 56,4516 ha hissəsi Cavabdeh faktiki istifadəsindədir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara cəmiyyətin nizamnaməsi, xx.xx.2017-ci il tarixli üzləşdirmə aktı, xx.xx.2022-ci il tarixli maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.3. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 706.1. Torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. 707.1. İcarə müqaviləsi üzrə hüquq münasibətlərinə girməzdən əvvəl icarəyə verən və icarəçi icarəyə verilən torpağın təsvirini birlikdə tərtib etməlidirlər. Təsvirdə torpağın həcmi, habelə verildiyi an olduğu vəziyyət göstərilir. Təsvir hüquq münasibətlərinə xitam verildikdə də tərtib edilir. Təsvirə onun tərtib olunduğu günün tarixi qoyulmalı və müqavilənin hər iki iştirakçısı imza atmalıdır. 707.2. Müqavilə iştirakçılarından biri təsvirin tərtibində iştirakdan imtina etdikdə və ya tərtib zamanı mühüm ixtilaflar yarandıqda müqavilənin istənilən iştirakçısı tələb edə bilər ki, təsvir ekspert tərəfindən tərtib edilsin, amma torpağın icarəyə verildiyi vaxtdan doqquz aydan çox və ya icarə hüquq münasibətlərinə xitam verildiyi vaxtdan üç aydan çox keçdiyi hallar istisna təşkil edir. Belə hallarda tərəflərdən birinin iddiası üzrə ekspert məhkəmənin qərarı ilə məcburi qaydada təyin edilə bilər. Bununla əlaqədar əmələ gələn xərcləri müqavilənin hər iki iştirakçısı yarıbayarı çəkir. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, Qəbələ Rayon İcra Hakimiyyətinin xx.xx.2006-cı il tarixli 145 nömrəli sərəncamı ilə İddiaçı MMC-yə üzümçülüyü inkişaf etdirmək məqsədi ilə Qaş ərazisində uzunmüddətli icarəyə 174 hektar torpaq sahəsinin ayrılması qərara alınmış və tərəflər arasında xx.xx.2006-cı il tarixli 379 nömrəli müqavilə bağlanaraq Qəbələ Rayon İcra Hakimiyyəti və İddiaçı MMC xx.xx.2006cı il tarixli 145 saylı sərəncam əsasında müqavilə bağlamış, 174 ha torpaq sahəsini üzüm əkmək məqsədilə 90 il müddətinə İddiaçı MMC-nin icarəsinə vermişdir. Həmin icarə hüququ MH seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışla dövlət qeydiyyatına alınmışdır. Məhkəmə tərəfindən əldə edilmiş DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixdə təqdim etdiyi mütəxəssis rəyindən görünür ki, İddiaçı MMC-nin icarəsində olan 94,9820 ha torpaq sahəsinin 56,4516 ha hissəsi Cavabdeh faktiki istifadəsindədir. Məhkəmə işin faktiki hallarını və həmin hallara tətbiq ediməli olan qanunvericiliyin tələblərini nəzərdən keçirib müəyyən edir ki, mübahisəli torpaq sahəsi iddiaçıya qanuni əsaslarla verilib və həmin torpaq sahəsi üzərindəki hüququ dövlət qeydiyyatına alınmışdır. Cavabdeh mübahisəli torpaq sahəsinin iddiaçıya məxsus olmadığını bildirsə də, həmin torpaq sahəsinin iddiaçıya və digər şəxslərə məxsusluğu, cavabdehin mülkiyyətinə və ya icarəsinə verilməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmənin yalnız hüquqları və qanuni maraqları qorumaq vəzifəsi olduğundan, iddiaçının hüquqlarını dövlət tanıdığından və cavabdehin mübahisəli torpaq sahəsi ilə bağlı rəsmi sənədi olmadığından iddiaçının tələbi ümumilikdə haqlı hesab edilir. Lakin iş üzrə mütəxəssis rəyi ilə iddiaçının cavabdehin qanunsuz istifadəsidə olduğunu iddia etdiyi 102 ha torpaq sahəsinin yalnız 56,4516 ha hissəsinin cavabdehin qeyri-qanuni istifadəsində olduğu təsdiqləndiyindən, iddia həmin hissədə təmin edilməli, qalan hissədə rədd edilməlidir. Məhkəmə iddiaçının tələbini əsaslandıran işin hallarını nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki icraatın tərəfləri üzərinə iddia tələbini sübut etmək, qarşı tərəfin isə etirazlarının əsaslarını sübut etmək vəzifələri müəyyən etmiş, həmin məhkəmənin həmin hallara hüquqi qiymət vermək üçün müəyyən hədlər müəyyən etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tələbi qismən təmin edilsə də, iddiaçı tərəfindən tələb edilmədiyindən dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: İddia qismən təmin edilsin. Cavabdeh Qəbələ rayonu, Qaş ərazisində yerləşən İddiaçınə məxsus torpaq sahəsinin 56,4516 ha hissəsinə girişinə və ondan istifadəsinə qadağa qoyulsun və həmin torpaq sahəsinə münasibətdə istənilən müdaxiləsinə son qoyulsun. Ödənilmiş dövlət rüsumu iddiaçının hesabına aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinetdən istifadə etməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-63/2022
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-63/2022
21.07.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver